Super User

Super User

 

Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimov Xalq artisti, “Şöhrət”, “İstiqlal”, “Şərəf” ordenli xanəndə Əlibaba Məmmədovu evində ziyarət edib.

 

Nazirlikdən bildirilir ki, görüş zamanı Azərbaycan muğam sənətinin görkəmli nümayəndəsi Əlibaba Məmmədovu doğum günü münasibətilə təbrik edən Anar Kərimov, ifaçının yaradıcılığının Azərbaycan incəsənətində xüsusi rolundan söhbət açıb. Sənətkarın mahnılarının dillər əzbəri olduğunu qeyd edib.

Nazir, həmçinin onu da qeyd edib ki, Əlibaba Məmmədovun yetişdirdiyi tələbələr bu gün Azərbaycan muğam sənətinin gələcək nəsillərə ötürülməsində birbaşa iştirak edir.

Sonda isə Anar Kərimov ifaçıya möhkəm cansağlığı, xoşbəxtlik və yeni-yeni uğurlar diləyib.

 

Bu şeir Tural Turanın oğlu Meteyə yazdığı ilk şeirdir. Doğulan gün qələmə alıb. 2021-ci ilin noyabrında. Hansı ölkədə doğulduğunu qanlı-qadalı müharibə ovqatlı günlərdə övladına ağlaya-ağlaya bu şeirlə izah etməyə çalışıb. 

Tural Turanın “Bu Vətənə ayaqqabı almışam” adlı şeirini oxucularımıza təqdim edirik:

 

Bu Vətənin ovucları üşüyür,

Əlcəyi yox, qış ortası yalındı.

Sinəsinə yağış güllə döşəyir,

Su keçirmir, sırıqlısı qalındı.

 

Bu Vətənin baxışları üşüyür,

Atıb gedib sevdiyi qız özgəyə.

Bu Vətənin alğışları üşüyür,

Çıxa bilmir nə buluda, nə göyə...

 

Bu Vətənin inancları üşüyür,

Tanrısından and kitabı almışam.

Bu Vətənin ayaqları üşüyür, 

Bu Vətənə ayaqqabı almışam.

 

Yaradıcı iqtisadiyyatın digər məsələlərlə yanaşı, elmə əsaslanan iqtisadi fəaliyyəti, insan yaradıcılığı, ideyaları, bilik, texnologiya, mədəni irs və digər fərdi və kollektiv yaradıcılıq ifadələri arasında qarşılıqlı əlaqəni əhatə etdiyini qəbul edərək, BMT Baş Assambleyasının 74-cü sessiyasında 2021-ci il “Dayanıqlı İnkişaf üçün Beynəlxalq Yaradıcı İqtisadiyyat ili” elan edilmişdir.

 

AzərTAC xəbər verir ki, bu fikirləri ölkəmizin UNESCO yanında daimi nümayəndəsi Elman Abdullayev qurumun Mədəni Özünüifadə Müxtəlifliyinin Qorunması və Təşviqi üzrə 2005-ci il Konvensiyası üzrə Hökumətlərarası Komitənin 15-ci iclasındakı çıxışında deyib.

“Davamlı İnkişaf üçün Beynəlxalq Yaradıcı İqtisadiyyat İli”nin COVID-19 pandemiyasının yaradıcı iqtisadiyyatı iflic etdiyi vaxta təsadüf etdiyini bildirən daimi nümayəndə səhiyyə böhranının bütün dünyada mədəniyyət sektorunda mövcud zəiflikləri üzə çıxardığını qeyd edib. Bildirib ki, sanitar böhran yaradıcılığın hər kəs üçün, xüsusən də rifahımız üçün nə qədər vacib olduğunu bir daha təsdiqlədi.

Azərbaycan yaradıcı sektoruna COVID-19 pandemiyasının təsirindən söz açaraq, Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 2021-ci ildə elan edilmiş “Azərbaycan 2030: Sosial-İqtisadi İnkişafın Milli Prioritetləri” çərçivəsində ölkədə yaradıcı sənayeni dəstəkləmək və bu sahədə iqtisadi artımı təmin etmək üçün “İqtisadi artım” prioriteti çərçivəsində “Mədəniyyətin və yaradıcı sənayenin (Kİİ) dinamik inkişafı və bu sahədə ixrac potensialının gücləndirilməsi”nə dair məqsədlərin müəyyən edildiyini qeyd edib.

Mədəniyyət Nazirliyinin dəstəyi ilə Azərbaycan Yaradıcı Sənayelər Federasiyasının yaradıldığı qeyd edilərək, bu Federasiyanın ölkəmizdə Yaradıcılıq və Mədəniyyət Sənayesinin inkişafı üçün zəruri olan münbit ekosistemi dəstəkləməklə, maarifləndirmə tədbirləri həyata keçirdiyi, yaradıcı məhsul və xidmətlərin istehsalı və ixracını təşviq etdiyi, yaradıcılıq sənayesi sahəsində ictimai təşkilatlara, habelə 2019-cu il “Kreativ Azərbaycan” portalında yaradılmış müxtəlif fəaliyyətləri idarə etdiyi diqqətə çatdırılıb.

Azərbaycanın qastronomik paytaxtı Lənkəran şəhərinin UNESCO-nun Yaradıcı Şəhərlər Şəbəkəsinə daxil edilməsinin Azərbaycan, eləcə də UNESCO üçün regionumuzun zəngin mədəniyyətinin və mətbəxinin kəşf edilməsində növbəti uğur və tarixi nailiyyət olduğu bildirilib.

Vurğulanıb ki, “Xarıbülbül” musiqi festivalı Azərbaycanın mədəniyyət paytaxtı Şuşanın işğaldan azad edilməsindən sonra ilk möhtəşəm tədbir olaraq istedadlı musiqiçilərin tanınmasına töhfə verib. Festivalın ölkəmizdə yaşayan müxtəlif xalqların musiqi kollektivlərini Cıdır düzündə bir araya gətirməsindən, Azərbaycan mədəni müxtəlifliyinin əsl mahiyyətini əks etdirən xalq və klassik musiqi proqramı təqdim etməsindən danışılıb.

2021-ci ilin oktyabr ayında Bakı Ekspo Mərkəzində “Qarabağın bərpası, yenidən qurulması və inkişafı – Qarabağı yenidən qur” adlı beynəlxalq sərgidən, onun müxtəlif mövzulara- “İşğal olunmuş ərazilərdə iqtisadi, investisiya və turizm potensialı və “Rəqəmsal iqtisadiyyat”a, Qarabağda həyata keçirilməsi təklif olunan layihələrə, Azərbaycanda “yaşıl enerji”nin inkişafı imkanlarına həsr olunduğu qeyd edilib. Bu sərgi çərçivəsində “Mədəniyyət üçün sülh” (Peace4Culture) qlobal kampaniyasına həsr olunmuş panel sessiyasının keçirilməsindən söz açılıb.

Sessiya iştirakçılarına Azərbaycan Prezidentinin “Ağıllı şəhər” və “Ağıllı kənd” Konsepsiyasının hazırlanması ilə bağlı sərəncamı haqqında məlumat verilib.

Çıxışın sonunda Azərbaycan və UNESCO əlaqələrinə toxunularaq, bu il bu əlaqələrin 30 illiyinin tamam olduğu bildirilib. Bu illər ərzində UNESCO-ya möhkəm və davamlı tərəfdaşlıq və qurumun səlahiyyətlərinin müxtəlif sahələrdə dəstəklənməsinin ölkəmiz üçün prioritet olduğu söylənilib.

Azərbaycanın qurumun bir çox mühüm tədbirlərinə ev sahibliyi etdiyi, Afrika Prioriteti, gender bərabərliyi və təhsil kimi sektorlarda mədəni müxtəliflik və mədəniyyətlərarası dialoq üzrə müxtəlif layihələr həyata keçirdiyi bildirilib.

Çərşənbə, 09 Fevral 2022 10:22

"Oskar"nominantları elan olunub - YENİLƏNİB

Amerika kino sənəti Akademiyası 94-cü dəfə "Oskar" mükafatlarını martın 27-də təqdim edəcək. Bu dəfə də mərasim ənənəvi olaraq Los-Ancelesdəki Dolby Teatrında keçiriləcək. Halbuki ötən il onun əsas hissəsi pandemiyanın fonunda tətbiq edilən məhdudiyyətlərlə əlaqədar olaraq Union Station dəmiryol vağzalının amfiteatrında kamera formatında baş tutmuşdu.

 

“Ədəbiyyat və incəsənət” portalı XXL dərgisinə istinadən xəbər verir ki, dünən axşam “Oskar” nominantlarının adları elan edilib. Qeyd edək ki, kino tənqidçilərinin gözləntiləri özünü doğruldub. Kimlər əsas namizəd hesab edilirdisə, hamısı siyahıdadır.

Nominantların siyahısını təqdim edirik:

 

Ən yaxşı film

 

"Dyuna" (Dune: Part One, 2021) Denis Vilnev;

"İt hakimiyyəti" (The Power of the Dog, 2021) Jane Campion;

"Vestsayd hekayəsi" (West Side Story, 2021) Stephen Spielberg;

"Belfast" (Belfast, 2021) Kenneth Brana;

"Mənim avtomobilimin sükanı arxasında otur" (Doraibu mai ka, 2021) Rusuke Hamaguchi;

"CODA: kar valideynlərin uşağı" (CODA, 2020) Siana heder;

"Yuxarı baxmayın "(Don't Look Up, 2021) Adam Makkeyin;

"Lakrimal pizza" (Licorice Pizza, 2021) Pol Tomas Anderson;

"Qarabasmalar xiyabanı" (Nightmare Alley, 2021) Guillermo Del Toro;

"Kral Riçard" (King Richard) Reynaldo Markus Green.

 

Ən yaxşı animasiya filmi

 

"Encanto" (Encanto, 2021) Disney studiyası;

"Mitçellər maşınların əleyhinə" (The Mitchells vs Machines, 2020) Michael Rianda;

"Qaçış" (Flugt, 2021) Yonas Şair Rasmussen;

"Rayia və son əjdaha" (Raya and the Last Dragon, 2021) Disney studiyası. Don Hall, Carlos Lopez Estrada, John Rips;

"Luka" (Luca, 2021) Enriko Kasaros.

 

Ən yaxşı qısametrajlı cizgi filmi

 

"Boksbalet" (Boksbalet 2019) Anton Dyakova;

"İncəsənət işləri" (Affairs of the Art, 2020) Joanna Quinn;

"Bestia" (Bestia, 2021) Hugo Kovarrubias;

"Robin" (Robin Robin, 2021) Dena Ojari və Michael Pliza;

"Şüşə Təmizləyici" (Küləkli Silecek, 2021) Alberto Myelgo

 

Ən yaxşı xarici bədii film

 

"Qaçış" (Flugt, 2021) Yonas Şair Rasmussen;

"Allahın əli" (È stata la mano di Dio, 2021) Paolo Sorrentino;

"Lunana: sinif otağında Yak" (Lunana: A Yak in the Classroom, 2019) Pavo Choyning Dorges;

"Dünyanın ən pis adamı" (Verdens verste menneske, 2021) Joaquima Triera.

"Mənim avtomobilimin sükanı arxasında otur" (Doraibu mai ka, 2021) Rusuke Hamaguchi.

 

Ən yaxşı aktrisa

 

Nikol Kidman ("Ricardo olmaq" / Being the Ricardos, 2021);

Penelopa Kruz ("Paralel analar" / Madres paralelas, 2021);

Olivia Coleman ("Tanımadığı qızı" / The Lost Daughter, 2020);

Jessica Chestain ("Temmy Fayenin gözləri " / tTe Eyes of Tammy Faye, 2021);

Kristen Stuart ("Spenser" / Spencer, 2021).

 

Ən yaxşı aktyor

 

Javier Bardem ("Rikardo olmaq"/ Being the Ricardos, 2021);

Benedikt Kamberbetç ("İt hakimiyyəti / The Power of the Dog, 2021);

Uill Smit ("Kral Riçard" / King Richard, 2021);

Denzel Vaşinqton ("Makbet faciəsi" / The Tragedy of Macbeth, 2021) ;

Endryu Qarfield ("Tik-belə ... bumu!" / Tick, tick… BOOM!, 2021).

 

Ən yaxşı rejissor

 

Stiven Spilberq ("Vestsayd əhvalatı"  / West Side Story);

Jane Campion ("İt hakimiyyəti"  / The Power of the Dog);

Rusuke Hamaguchi ("Mənim avtomobilimin sükanı arxasında əyləş" /  Doraibu mai ka);

Pol Tomas Anderson ("Lakrimal pizza" /  Licorice Pizza;

Kennet Brana ("Belfast" / Belfast).

 

Martın 27-sində “Oskar” kimlərə qismət olacaq? 

Ən yaxşı film nominasiyasında Denis Vilnevin "Dyuna" (Dune: Part One, 2021) filminin qalib gələcəyi şübhə doğurmur. Ən yaxşı rejissor isə yəqin dünyaşöhrətli Stiven Spilberq olacaq. Necə deyərlər, “saqqala hörmət etmək lazımdır”.

 

 

Günün fotosu:

Vatikanın Birləşmiş Ərəb Əmirliyində səfirlik açması dünyanın diqqət mərkəzindədir

 

Foto: Euronews

Çərşənbə axşamı, 08 Fevral 2022 13:30

“Danışır Şuşa” radiolayihəsinə start veriləcək

 

Fevralın 19-da Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, nazirliyin yanında Mədəni İrsin Qorunması, Bərpası və İnkişafı üzrə Dövlət Xidməti, "AzerNyuMedia" şirkəti və "Avto FM"in birgə “Danışır Şuşa” radiolayihəsi start götürəcək.

 

Layihə Azərbaycanın mədəniyyət paytaxtı – Şuşanın tarixinə, mədəniyyətinə, adət-ənənələrinə, mətbəxinə, bu şəhərdə dünyaya göz açmış və onunla əbədi bağlılığı olan şəxsiyyətlərə həsr olunacaq.

Layihədə əsas xətti təşkil edəcək cəhətlərdən biri Mədəniyyət Nazirliyinin yanında Mədəni İrsin Qorunması, Bərpası və İnkişafı üzrə Dövlət Xidmətinin Qarabağda, xüsusilə Şuşada apardığı mədəni monitorinqlər barədə məlumatların təqdim edilməsidir.

"Danışır Şuşa" layihəsinin hər buraxılışı beş bölmədən: "Şuşa kimi tarix", "Şuşa tərzi", “Qafqaz mirvarisi”, "Zəfər yolu", "Unutma" rubrikalarından ibarətdir.

Radiolayihə hər həftənin cümə günü efirdə olacaq. Layihənin rəhbəri Kamran Qasımov, aparıcısı RJ Yaqut, səs supervayzeri Yaşar Baxış, məsləhətçisi, tarixçi Elçin Əhmədovdur.

 

Mədəniyyət naziri Anar Kərimov Türkiyənin “Daily Sabah” qəzetinə müsahibə verib. “Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən məlumat verir ki, müsahibəsində nazir mədəniyyət sahəsində gerçəkləşdirilən bir sıra mühüm layihə və yeniliklərdən bəhs edib.

 

A. Kərimov tarixi ərazimiz Qarabağın işğaldan azad olunmasından sonra tarixi abidələrin bərpa işləri barədə də danışıb.

Prezident İlham Əliyevin 2022-ci ili Şuşa ili elan etməsinin əhəmiyyətini xüsusi vurğulayan A. Kərimov mədəniyyət nazirliyinin üzərinə düşən şərəfli və vacib öhdəliklərdən söz açıb. 

Azərbaycan mədəniyyətinin incisi sayılan Şuşanın həmçinin səfalı iqlimi, füsunkar təbiəti ilə də tanındığını qeyd edib. Bu il 270 yaşını qeyd edən qədim və gözəl Şuşanın tarixi keçmişi haqda geniş məlumat verib.

Nazir həmçinin həm 44 günlük Vətən müharibəsi, həm də tarixi Zəfərimizdən sonra qardaş Türkiyənin siyasi və mənəvi dəstəyinin önəmindən danışıb. Azərbaycan və Türkiyə dövlət başçılarının Şuşa şəhərində imzaladıqları bəyannamənin ölkələrimiz arasında münasibətlərin möhkəmləndirilməsində əvəzsiz tövhə olduğunu bildirib.

 

“Şuşanın bütün mənalarda çox böyük rəmzi əhəmiyyəti var. Şuşa şairləri, bəstəkarları, sənət adamları ilə Azərbaycanın mədəniyyətini təmsil edir. 2022-ci ilin “Şuşa İli” elan olunması mühüm hadisədir.”

 

Bu fikirləri AzərTAC-a açıqlamasında Türkiyədə fəaliyyət göstərən Avrasiya Yazıçılar Birliyinin (AYB) sədri, yazıçı-publisist Yaqub Öməroğlu ifadə edib.

Hazırda Türk Dövlətləri Təşkilatı adı ilə fəaliyyət göstərən qurumun 2009-cu ildə Naxçıvanda təsis edilməsini və uğurlu inkişaf yolu keçdiyini diqqətə çatdıran Yaqub Öməroğlu bu prosesin davamı olaraq 2021-ci il iyunun 15-də Azərbaycan ilə Türkiyə arasında imzalanan müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsinin tarixi əhəmiyyətini şərh edərək deyib: “Ümid edirik ki, Şuşa gələn il türk dünyasının mədəniyyət paytaxtı seçiləcək. Bütün türk dünyası Şuşanın gözəlliyini, Qarabağda yaşananları görəcək. Eyni zamanda, oradakı mədəniyyət və sənətlə bərabər, ermənilərin həyata keçirdiyi vandalizm aktlarının da şahidi olacaqlar”.

 

Moskvadakı Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin “Azərbaycan” pavilyonunda Qara Qarayevin anadan olmasının 104-cü ildönümünə həsr olunmuş konsert təşkil edilib.

 

AzərTAC xəbər verir ki, konsertdə “Legend of fire” triosunun ifasında Qara Qarayev, Fikrət Əmirov, Dmitri Şostakoviç, Niyazi, Arif Məlikov və Vasif Adıgözəlovun əsərləri səslənib. Trionun üzvləri - Azərbaycanın Əməkdar artisti Ceyla Seyidova, Zəhra Bədəlbəyli və Arslan Növrəslinin ifaları dinləyicilər tərəfindən hərarətlə qarşılanıb.

Görkəmli Azərbaycan bəstəkarının doğum günü münasibətilə “Azərbaycan” pavilyonunun Moskvanın iki radiosu ilə əməkdaşlığı çərçivəsində “Relax FM” və “Radio Romantika”nın efirində Qara Qarayevin musiqiləri səsləndirilir. Pavilyonun direktoru Səadat Kadırova bildirib ki, adı çəkilən radiolarla əməkdaşlıq böyük əhəmiyyətə malikdir: “Bu radioların geniş auditoriyası var. Düşünürəm ki, Azərbaycan bəstəkarı Qara Qarayevin əsərlərinin bu radiolarda milyonlar üçün səslənməsi çox dəyərli və qiymətlidir”.

Çərşənbə axşamı, 08 Fevral 2022 11:30

“Şuşanın dağları başı dumanlı…”

 

Mədəniyyət Nazirliyinin həyata keçirdiyi “Şuşa mədəniyyətinin inciləri” layihəsi “Azərbaycan musiqisinin məbədi – Şuşa” bölməsi üzrə “Şuşanın dağları” mahnısına həsr olunub.

 

Şuşada musiqi onun hər daşına, qalasına, ab-havasına hopub. Qarabağın baş tacı, Prezident İlham Əliyev tərəfindən Azərbaycanın mədəniyyət paytaxtı elan edilən Şuşa şəhəri haqqında ilk mahnı məhz Xan Şuşinski tərəfindən bəstələnib.

Mahnı XX əsrin 30-cu illərində meydana gəlib və musiqi və mətn müəllifi xanəndənin özünə məxsusdur. “Şuşanın dağları” mahnısı muğam üçlüyü – xanəndə (qaval), tar və kamança ifaçıları üçün nəzərdə tutulub. Tez bir zamanda sevilən və xalq mahnısı kimi qəbul edilən “Şuşanın dağları” bəstəkar Səid Rüstəmov tərəfindən nota alınaraq “Azərbaycan xalq mahnıları” toplusunda (1967) çap olunub.

Mahnı iki dəfə – 1946-cı ildə muğam üçlüyü, 1962-ci ildə isə xalq çalğı alətləri ansamblının müşayiəti ilə lentə alınıb. Bu mahnıya Xan Şuşinskidən sonra da onlarla ifaçı müraciət edib. Sevindirici haldır ki, müasir dövrümüzdə müğənnilər tərəfindən ifa olunan “Şuşanın dağları” mahnısı ilkin variantda dinləyicilərə təqdim edilir. Mahnı bəstəkar Adilə Yusifova tərəfindən xor üçün işlənilərək çap olunub. Musiqi əsəri həmçinin muğam triosunun ifasında “Dərviş Parisi partladır” (1976) bədii filmində səslənir. Ekran əsərində hadisələr elə Qarabağda baş verir.

Son bir il ərzində qala-şəhərimizdə keçirilən musiqi və ədəbiyyat bayramlarında yenidən Xanın səsində “Şuşanın dağları başı dumanlı” sədaları havalandı. Cıdır düzündə Xanın səsinin havalanması ilə Üzeyir bəyin, Xan qızı Natəvanın, Bülbül və başqa Şuşa ünvanlı sənətkarların da ruhu rahatlıq tapdı.

Şuşanın dağları başı dumanlı,

Qırmızı qoftalı, yaşıl tumanlı,

Dərdindən ölməyə çoxdur gümanım.

Ay qız, bu nə qaş-göz, bu nə tel,

Ölərəm dərdindən, onu bil,

Danışmasan da, balam, barı gül...

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.