Yaradıcı iqtisadiyyatın digər məsələlərlə yanaşı, elmə əsaslanan iqtisadi fəaliyyəti, insan yaradıcılığı, ideyaları, bilik, texnologiya, mədəni irs və digər fərdi və kollektiv yaradıcılıq ifadələri arasında qarşılıqlı əlaqəni əhatə etdiyini qəbul edərək, BMT Baş Assambleyasının 74-cü sessiyasında 2021-ci il “Dayanıqlı İnkişaf üçün Beynəlxalq Yaradıcı İqtisadiyyat ili” elan edilmişdir.
AzərTAC xəbər verir ki, bu fikirləri ölkəmizin UNESCO yanında daimi nümayəndəsi Elman Abdullayev qurumun Mədəni Özünüifadə Müxtəlifliyinin Qorunması və Təşviqi üzrə 2005-ci il Konvensiyası üzrə Hökumətlərarası Komitənin 15-ci iclasındakı çıxışında deyib.
“Davamlı İnkişaf üçün Beynəlxalq Yaradıcı İqtisadiyyat İli”nin COVID-19 pandemiyasının yaradıcı iqtisadiyyatı iflic etdiyi vaxta təsadüf etdiyini bildirən daimi nümayəndə səhiyyə böhranının bütün dünyada mədəniyyət sektorunda mövcud zəiflikləri üzə çıxardığını qeyd edib. Bildirib ki, sanitar böhran yaradıcılığın hər kəs üçün, xüsusən də rifahımız üçün nə qədər vacib olduğunu bir daha təsdiqlədi.
Azərbaycan yaradıcı sektoruna COVID-19 pandemiyasının təsirindən söz açaraq, Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 2021-ci ildə elan edilmiş “Azərbaycan 2030: Sosial-İqtisadi İnkişafın Milli Prioritetləri” çərçivəsində ölkədə yaradıcı sənayeni dəstəkləmək və bu sahədə iqtisadi artımı təmin etmək üçün “İqtisadi artım” prioriteti çərçivəsində “Mədəniyyətin və yaradıcı sənayenin (Kİİ) dinamik inkişafı və bu sahədə ixrac potensialının gücləndirilməsi”nə dair məqsədlərin müəyyən edildiyini qeyd edib.
Mədəniyyət Nazirliyinin dəstəyi ilə Azərbaycan Yaradıcı Sənayelər Federasiyasının yaradıldığı qeyd edilərək, bu Federasiyanın ölkəmizdə Yaradıcılıq və Mədəniyyət Sənayesinin inkişafı üçün zəruri olan münbit ekosistemi dəstəkləməklə, maarifləndirmə tədbirləri həyata keçirdiyi, yaradıcı məhsul və xidmətlərin istehsalı və ixracını təşviq etdiyi, yaradıcılıq sənayesi sahəsində ictimai təşkilatlara, habelə 2019-cu il “Kreativ Azərbaycan” portalında yaradılmış müxtəlif fəaliyyətləri idarə etdiyi diqqətə çatdırılıb.
Azərbaycanın qastronomik paytaxtı Lənkəran şəhərinin UNESCO-nun Yaradıcı Şəhərlər Şəbəkəsinə daxil edilməsinin Azərbaycan, eləcə də UNESCO üçün regionumuzun zəngin mədəniyyətinin və mətbəxinin kəşf edilməsində növbəti uğur və tarixi nailiyyət olduğu bildirilib.
Vurğulanıb ki, “Xarıbülbül” musiqi festivalı Azərbaycanın mədəniyyət paytaxtı Şuşanın işğaldan azad edilməsindən sonra ilk möhtəşəm tədbir olaraq istedadlı musiqiçilərin tanınmasına töhfə verib. Festivalın ölkəmizdə yaşayan müxtəlif xalqların musiqi kollektivlərini Cıdır düzündə bir araya gətirməsindən, Azərbaycan mədəni müxtəlifliyinin əsl mahiyyətini əks etdirən xalq və klassik musiqi proqramı təqdim etməsindən danışılıb.
2021-ci ilin oktyabr ayında Bakı Ekspo Mərkəzində “Qarabağın bərpası, yenidən qurulması və inkişafı – Qarabağı yenidən qur” adlı beynəlxalq sərgidən, onun müxtəlif mövzulara- “İşğal olunmuş ərazilərdə iqtisadi, investisiya və turizm potensialı və “Rəqəmsal iqtisadiyyat”a, Qarabağda həyata keçirilməsi təklif olunan layihələrə, Azərbaycanda “yaşıl enerji”nin inkişafı imkanlarına həsr olunduğu qeyd edilib. Bu sərgi çərçivəsində “Mədəniyyət üçün sülh” (Peace4Culture) qlobal kampaniyasına həsr olunmuş panel sessiyasının keçirilməsindən söz açılıb.
Sessiya iştirakçılarına Azərbaycan Prezidentinin “Ağıllı şəhər” və “Ağıllı kənd” Konsepsiyasının hazırlanması ilə bağlı sərəncamı haqqında məlumat verilib.
Çıxışın sonunda Azərbaycan və UNESCO əlaqələrinə toxunularaq, bu il bu əlaqələrin 30 illiyinin tamam olduğu bildirilib. Bu illər ərzində UNESCO-ya möhkəm və davamlı tərəfdaşlıq və qurumun səlahiyyətlərinin müxtəlif sahələrdə dəstəklənməsinin ölkəmiz üçün prioritet olduğu söylənilib.
Azərbaycanın qurumun bir çox mühüm tədbirlərinə ev sahibliyi etdiyi, Afrika Prioriteti, gender bərabərliyi və təhsil kimi sektorlarda mədəni müxtəliflik və mədəniyyətlərarası dialoq üzrə müxtəlif layihələr həyata keçirdiyi bildirilib.