Super User
Rəsm qalereyası: Rene Maqritt, “Arnheym nahiyəsi”
Zərifə Salahova 90 illik yubileyi münasibəti ilə təltif edildi
Fevralın 2-də Zərifə Salahovanın anadan olmasının 90 illik yubileyi tamam olub. “Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən məlumat verir ki, bu münasibətlə mədəniyyət naziri onun 20 il bundan əvvəl yaratmış olduğu İçərişəhərdə yerləşən Miniatür Kitab Muzeyinə gələrək Zərifə xanımı təbrik edib.
Nazir Z.Salahovanın Azərbaycan Respublikasının ictimai və mədəni həyatında fəal iştirak etdiyini və onun fəaliyyətinin həm dövlətimiz, həm də xarici ölkələr tərəfindən yüksək qiymətləndirildiyini qeyd edib. Həmçinin, 1 fevral tarixində Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə "Şərəf" ordeni ilə təltif edilməsi münasibətilə onu təbrik edib.
Zərifə xanım diqqətinə görə nazirə minnətdarlığını bildirib və onu yaratdığı muzeyin kolleksiyası ilə tanış edib. Daha sonra nazir “Nizami Gəncəvinin 880 illiyi (1141-2021)” xatirə nişanını Zərifə Salahovaya təqdim edib. Sonda nazir Zərifə xanımın ailə üzvləri ilə birgə xatirə şəkli çəkdirib.
Qeyd edək ki, Z.Salahovanın 2002-ci ildə əsasını qoyduğu Miniatür Kitab Muzeyində ümumilikdə dünyanın 83 ölkəsində çap edilmiş 8500-dən çox miniatür kitab saxlanılır. Miniatür Kitab Muzeyi dünyanın ən böyük miniatür kitab kolleksiyası nominasiyası üzrə Ginnesin Rekordlar Kitabına daxil edilmiş və "Guinness World Records" sertifikatı ilə təltif edilmişdir. Hazırda, Ginnes rekordları kitabının standartlarına uyğun, ölçüləri 75x75 mm qədər olan 3500 ədəd miniatür kitab muzeydə nümayiş etdirilir. Muzeyin ekspozisiyasında Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrinin əsərlərinin yer aldığı miniatür kitablarla yanaşı, dini miniatür kitablar da nümayiş olunur. Muzeyin fondları yeni nəşrlərlə daimi zənginləşdirilir.
“Dünya ədəbiyyatı”nın “İsrail" sayı işıq üzü görüb
AYB Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin nəşri olan “Dünya ədəbiyyatı” dərgisinin yeni sayı bütünlüklə İsrail ədəbiyyatına həsr edilib. Mərkəzin sədr müavini, dərginin baş redaktoru Seyfəddin Hüseynli bildirir ki, İsrail ədəbiyyatının Azərbaycanda ilk belə geniş təqdimatı olan bu nəşrdə, müxtəlif ədəbi nəsilləri və cərəyanları təmsil edən, fərqli janrlarda dəyərli əsərlər ortaya qoymuş 43 müəllifin yaradıcılığı öz əksini tapıb.
S.Hüseynli deyir ki, dərginin bu sayında Azərbaycana bioqrafik cəhətdən birbaşa bağlı, mənşəcə dağ yəhudisi olan, daha sonra İsraildə və başqa ölkələrdə yaşayıb-yaradan ədiblərin də mətnlərinə, rəsm əsərlərinə, həmçinin onlarla bağlı nəzəri materiala yer verilib.
Dərgidə Benyamin Tammuz, Moşe Şmilyanski, Yakov Xurgin, Moşe Şamir, Savyon Librext, Yehudit Hendel, Aaron Apelfeld, Yishak Orpaz, Amos Oz, Miriam Bernşteyn-Kohen, Yehoşua Bar-İosef, Yishak Avi-David, Nissim Aloni, Аtalla Mansur, Hanoh Bartov, İehuda Yaari, Mordehay Avi-Şaul, İsaak Başevits-Zinger, Albert Beni, Etqar Keret, Rahel Bluvşteyn, Qali-Dana Singer, Zali Qureviç, Nurit Zarxi, Haim-Nahman Bialik, Arye Sivan, Pyotr Davıdov, Aqi Mişol, Amir Or, Meir Vizelter, Ronni Somek, Rami Meir, Natan Zax, Daliya Ravikoviç, Aşer Rayx, Maya Bejerano, Avraham Şlonski, Lea Qoldberq, Şaul Çernixovski, Yehuda Amiçai, Ş.Tal, Aron Vergelis və Moşe Dor kimi sanballı ədəbi imzaların əsərləri toplanıb.
298 səhifəlik nəşrin üz qabığında və içərisində əslən Azərbaycandan olan tanınmış yəhudi şair və rəssam Rami Meirin rəsm əsərləri yerləşdirilib.
Dərgidəki nəsr əsərləri Xalq yazıçısı Anar, Elçin Hüseynbəyli, Ayna Əlixanova, Cavanşir Yusifli, Məqsəd Nur, Dürdanə İbrahimova-Hüseynbəyli, Natiq Səfərov, Məhərrəm Qasımlı, Azad Yaşar və İlahə Əkbərin tərcüməsində təqdim olunur.
Ədəbiyyatşünas Aron Vergelisin “İsrail ədəbiyyatının qaynaqları” məqaləsini Seyfəddin Hüseynli çevirib. Poeziya nümunələri - şeirlər isə Səlim Babullaoğlu, Əkbər Qoşalı, Afaq Şıxlı, Qismət Rüstəmov, Fərid Hüseyn və Giya Paçxataşvilinin tərcüməsində verilib.
Mətnlər əsasən rus və ingilis dillərindən çevrilsə də, məşhur İsrail yazıçısı Moşe Şmilyanskinin hekayələrini şərqşünas Ayna Əlixanova orijinaldan - ivrit dilindən tərcümə edib.
Günün fotosu: Türkiyə ilə Ermənistan arasında çarter reysləri açıldı
Türkiyə və Ermənistan çarter reyslərini həyata keçirirlər. Bu barədə qərar iki ölkənin xüsusi nümayəndələrinin Moskvada keçirilən görüşündə qəbul edilib. Dayandırılmış reyslərin bərpası münasibətlərin normallaşdırılması istiqamətində mühüm addım kimi qiymətləndirilir.
Ölkələr arasında quru sərhədi isə 1993-cü ildən Türkiyənin təşəbbüsü ilə Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar bağlı olaraq qalır.
Foto:Euronews
“Dönüş” və “Nənəmin kələyi" tamaşaları Füzuli teatrının səhnəsində nümayiş olunub
Füzuli Dövlət Dram Teatrı “Dönüş” adlı film-tamaşanı və "Nənəmin kələyi" tamaşasını təqdim edib.
"Dönüş" film-tamaşasında əsasən simvolik detallara üstünlük verilib. Filmdə təbiət və fövqəl güclərin təzahürü öz əksini tapır. Vətənpərvərlik mövzusunda olan tamaşanın müəllifi və rejissoru Nicat Mirzəzadədir.
Əli Hüseynovun quruluşu əsasında hazırlanan "Nənəmin kələyi" tamaşasının quruluşçu rəssamı Ellinaz Balaşova, musiqi tərtibatçısı Ziyad Süleymanovdur.
Tamaşada əsas rollarda İntizar Quliyeva, Sevinc Məmmədova, Elşən Gözəlov, Qaçaq Qarayev, Sehran Xanlarov və başqaları çıxış ediblər.
“Bir Xəzər əfsanəsi” baletinin premyerası olub
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında “Bir Xəzər əfsanəsi” baletinin premyerası olub.
Libretto müəllifi bəstəkar Lalə Cəfərova olan baletin quruluşçu baletmeysteri Azərbaycanın Xalq artisti, “Zirvə”, “Qızıl Dərviş” və “Humay” milli mükafatları laureatı, Azərbaycan Respublikası Prezidenti mükafatçısı Kamilla Hüseynova, quruluşçu rəssamı Əməkdar mədəniyyət işçisi Tehran Babayevdir. Səhnə əsərini dirijorların Antal Dorati adına beynəlxalq müsabiqəsinin laureatı Orxan Həşimov idarə edib.
Əsas rollarda balet truppasının aparıcı solistləri – Əməkdar artistlər Anar Mikayılov, Makar Ferştandt, gənc solistlər Ayan Eyvazova, Seymur Qədiyev, İslam Məmmədov çıxış ediblər.
İki pərdə və beş şəkildən ibarət baletdə ideya, onun həlli və tamaşaçını sürətlə dəyişən emosional vəziyyətlərə salan quruluş xətti diqqətəlayiqdir. Tamaşada ideya, dolğun məzmun və obrazların dərin emosional-psixoloji ifadəsi hakim idi.
Qeyd edək ki, Lalə Cəfərova Azərbaycan Bəstəkarlar İttifaqının üzvü, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının dosenti, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar müəllimdir. Bir simfoniya, fortepiano və simfonik orkestr üçün iki konsert, simfonik süitalar, kamera, instrumental və caz əsərlərinin, mahnı və marşların müəllifi olan bəstəkar, eyni zamanda, bədii-sənədli filmlərə musiqi yazıb. Əsərləri Azərbaycan Dövlət Akademik Filarmoniyasında simfonik orkestr və xorun ifasında dəfələrlə səslənib.
72-ci “Sanremo musiqi festivalı”nın açılışı olub
İtaliyada 72-ci “Sanremo musiqi festivalı”nın açılışı olub.
TASS agentliyi məlumat verir ki, fevralın 5-dək davam edəcək festival İtaliyanın “RAI” telekanalı vasitəsilə canlı yayımlanır.
“Ariston” tarixi teatrının səhnəsində keçirilən festivalın açılış mərasiminin aparıcısı italiyalı məşhur aktrisa Ornella Muti olub. Musiqi festivalının ilk günündə tanınmış müğənnilər Gianni Morandi və Massimo Ranieri ilə yanaşı, Achille Lauro, Harlem Gospel Choir, Yuman, Noemi, Michele Bravi, Mahmud&Blanco, Ana Mena, Rkomi, Dargen D'Amico, Giusy Ferreri kimi gənc musiqiçilərin ifaları dinlənilib.
Xatırladaq ki, San Remo festivalı hətta soyuq müharibə vaxtı SSRİ-də populyar olub, Mərkəzi televiziya ilə yayımlanıb.
Bakı Uşaq və Gənclər Teatrında yeni tamaşa hazırlanır
Tanınmış uşaq yazarı, Azərbaycan Yazıçılar Birliyinin üzvü Vüqar Haqverdiyevin “Qarınqulu ayı” uşaq pyesi əsasında Bakı Uşaq və Gənclər Teatrında yeni tamaşa hazırlanır.
Teatrdan bildirilib ki, tamaşanın rejissoru tanınmış teatr və kino aktyoru, Azərbaycanın Əməkdar artisti İntiqam Soltandır. Sözügedən tamaşa kiçikyaşlı uşaqlar üçün nəzərdə tutulub və ideya, məzmun, süjet baxımından müasirliyi və orijinallığı ilə seçilir. Əsərin əsas məramı sevimli heyvanların dili ilə uşaqlara dostluq, yoldaşlıq hisslərini aşılamaq, düz danışmağın niyə vacib olduğunu göstərmək, eləcə də balacalarda həkimə, iynəyə qarşı qorxu hissini götürməkdir.
Qeyd edək ki, “Qarınqulu ayı” tamaşasının premyerası fevralın 19-da teatrın səhnəsində keçiriləcək.
Musiqi ölən gün
Bu günə - 3 fevrala təsadüf edən əsas tarixi hadisələri və əlamətdar bayramları diqqətinizə çatdırırıq:
Hissediləcək sıçrayış günü
Bu bayramın kökündə kiminləsə mövcud olan çox pis münasibətlərin ani qərarla, kökündən dəyişilməsi durur. Bəzən kimsə əxlaqca pozğunla, narkomanla, əyyaşla, ümumən, pis adamla münasibətini illər uzunu qıra bilmir, beləsindən ancaq ziyan görür. Bu 3 fevral günü qəti qərar qəbul etmək üçün ən uyğun vaxtdır. Necə ki, ağacın quru budaqları kəsilməsə ağac inkişaf etməz, eləcə də insan arzuolunmaz tanışlıqlardan qurtulmasa inkişafdan qala bilər. Haydı, qırılın pis bağlardan!
Şpisbergendə qütb cazı festivalı
1998-ci ildən dünya cazsevərləri 3-5 fevral günlərində Norveçə üz tuturlar, orda qütb dairəsində möhtəşəm caz festivalında – Polar Jazz-da iştirak edirlər. Bu, həm də dünyanın ən şimal musiqi festivalı kimi tarixdə ayrıca yer tutur.
Koronavirus dövrü olsa da Şpisbergendə bu il olduqca mötəbər cazmenlərin iştirakı gözlənilir. Bir sözlə, əsil caz bayramı olacaq.
“Musiqi ölən gün”
Musiqi ilə bağlı bugünkü təqvimdə daha bir xatırlatma var. Bu gün dünyada “Musiqi ölən gün” adı ilə qeyd ediləcək. 1959-cu ilin 3 fevralında əfsanəvi Amerika rok musiqiçiləri Baddi Xolli, Riçi Valens və Böyük Bopper (C.Riçardson) aviaqəzada həlak olublar, onların xatirəsini bütün dünya roksevərləri yad edəcəklər.
Vyetnamlılar Kommunist partiyasının yaranışını, tailandlılar veteranlar, mozambiklilər qəhrəmanlar gününü, avstriyalılar qulluqçuların məzuniyyəti gününü qeyd edəcəklər. Yaponlarda Setsubun günüdür, baharın nəfəsinin duyulması bayramıdır.
Amerikada isə Milli yerkökü tortu günüdür.
8000 dollara qəzet
2009-cu ilin 3 fevralında İran ilk dəfə kosmik fəzaya “Omid” (yəni Ümid) adlı milli peyk buraxıb. 2005-ci ildə tarixin ən bahalı qəzeti Çində işıq üzü görüb, Şençjen şəhərində Economic Daily qəzetinin xüsusi buraxılışı qızıl kağızda çap olunub, hər nüsxə 8000 dollara satılıb. 1992-ci ildə müstəqil Ukrayna Türkiyə ilə diplomatik əlaqələr qurub. 1987-ci ildə SSRİ-nin eks daxili işlər naziri, SSRİ-nin baş katibi Leonid Brejnevin kürəkəni Yuriy Çurbanov rüşvət maddəsi ilə həbs olunub. 1984-cü ildə Kaliforniyada süni mayalanma yolu ilə ilk uşaq dünyaya gəlib. 1969-cu ildə Fələstin milli konqresinə Qahirədə Yaser Arafat rəhbərliyə gətirilib. 1962-ci ildə ABŞ rəhbərliyi sosialist Kubasına iqtisadi embarqo qoyub. 1815-ci ildə İsveçrədə dünyada ilk pendir istehsal edən fabrika açılıb.
Kimlər gəldi...
1947-ci ildə Amerikanın müasir dövr qızıl yazıçıları pleadasında yer almış Pol Oster, 1891-ci ildə Azərbaycan yazıçı-səlnaməçisi, istiqlalçı mühacir, dahi Üzeyir bəyin qardaşı Ceyhun Hacıbəyli, 1874-cü ilin 3 fevralında Amerika yazıçısı, “itirilmiş nəsil” termininin yaradıcısı Gertruda Stayn, 1872-ci ildə məşhur Ukrayna memarı, Kiyevdə Nazirlər Kabinetinin binasını tikmiş İvan Fomin, 1820-ci ildə dünyanın ilk qadın həkimi Elizabet Bekvil dünyaya gəliblər.
Bu gün iki azərbaycanlı məmurun da doğum günləridir. 1954-cü ilin bu günündə Laçında hazırda Sumqayıtın icra hakimiyyəti başçısı işləyən, Sumqayıt bulvarı möcüzəsinin müəllifi Zakir Fərəcov dünyaya gəlib. 1941-ci ilin bu günündə Gəncədə isə Azərbaycan Milli Məclisinin komitə sədri olan, parlament tariximizdə, eləcə də ölkəmizin ictimai-siyasi həyatında xüsusi yeri olan Arif Rəhimzadə doğulub.
Kimlər getdi...
1994-cü ilin 3 fevralında tanınmış Azərbaycan lirik tenoru, xalq artisti Rauf Atakişiyev, 1990-cı ilin bu günündə istedadlı aktyor, sevilən obrazlar yaratmış Hamlet Xanızadə, 1944-cü ilin bu günündə Azərbaycan Xalq Cumhuriyyətinin tanınmış dövlət xadimi olmuş Həmid bəy Şahtaxtinski, 1468-ci ilin 3 fevralında İoqann Qutenberq –alman çapşısı, Avropanın rəsmən ilk çapşısı vəfat ediblər.
Və ən nəhayət
1918-ci ilin 3 fevralında Rusiyada hakimiyyətə gəlmiş inqilabi komitə çar dövrünün və müvəqqəti hökumətin 600 milyard rublluq istiqrazlarını ləğv etdi. Bakı milyonçuları da bu zərbənin altını çəkdilər, birdən-birə varlı-hallı insanlar dilənçi kökünə düşdülər.
Antimilli məzmunu olan sovet hakimiyyəti ona görə də sonradan süqut etdi. Tarix boyu insanlara qarşı ədalətsiz mövqe tutan hakimiyyətlər gec-tez devrilirlər.
Varisin “Həftənin təqvimi” yazısından
Heydər Əliyev Sarayında Gənclər Günü münasibətilə “AXIN” adlı sərgi açılıb
Heydər Əliyev Sarayında “Bizi birləşdirən mədəniyyət” layihəsi çərçivəsində 2 Fevral - Gənclər Günü münasibətilə “AXIN” adlı sərgi açılıb.
AzərTAC xəbər verir ki, sərgi Mədəniyyət Nazirliyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Heydər Əliyev Sarayının birgə təşkilatçılığı ilə reallaşıb.
Heydər Əliyev Sarayının direktoru, Əməkdar artist Ramil Qasımov çıxış edərək qonaqları salamlayıb. Bildirib ki, dövlətimizin prioritet istiqamətlərindən biri də gənclər siyasətidir: “Müasir Azərbaycan gənci müstəqil düşüncəli gəncdir. Dövlətimizin yaradıcı gənclərə diqqəti, onların xaricdə təhsili, eyni zamanda Birinci vitse-prezident Mehriban Əliyevanın gənclərin inkişafı ilə bağlı layihələrə verdiyi dəstək bu gün gəncliyimizə açılan qapılardır”.
Əməkdar artist daha sonra bildirib ki, bu il fəaliyyətə başlamasının 50 illiyini qeyd edən Heydər Əliyev Sarayı mütəmadi olaraq gənclərə həsr olunan layihələr həyata keçirir. Bu sərgi də onlardan biridir: “Bizi birləşdirən mədəniyyət” layihəsi çərçivəsində bir sıra işlər həyata keçirdik. Gənclərin saf düşüncəsi və sənətə məsuliyyətlə yanaşmaları bizi sevindirir. Bir daha gənclərimizi əlamətdar bayram münasibətilə təbrik edir, uğur arzulayıram”.
Azərbaycan Dövlət Rəsm Qalereyasının direktoru Qalib Qasımov bildirib ki, gəncliyimizin ictimai-siyasi həyatda baş verənlərə, bu günə, keçmişə baxışı və bunları sənətdə təzahür formaları çoxbucaqlıdır: “Əsərlərin ideya-bədii mahiyyəti diqqəti cəlb edir. Bugünkü sərgiyə əsərlər xüsusi seçimlə qəbul olunub. Hesab edirəm ki, “AXIN” qrupu üzvləri gələcəkdə daha maraqlı əsərlər ərsəyə gətirəcəklər. Rəssamlara uğurlar arzulayır, sərginin təşkilinə dəstək olan Mədəniyyət Nazirliyi və Heydər Əliyev Sarayına minnətdarlığımı bildirirəm”.
Sənətşünas, professor Ziyadxan Əliyev sərginin əhəmiyyətini yüksək qiymətləndirib. O, gənc rəssamların mövzu dairəsinin genişlənməsinin vacibliyini vurğulayıb. “Hər bir rəssam öz dövrünün aynası olmalıdır. Bu gün şahidi olduğunuz böyük Qələbəmizi çəkin və gələcəyə ötürün”, – deyə sənətşünas bildirdi.
Qeyd edək ki, “AXIN” sərgisi gənclərin cəmiyyətdəki fəallığının təmin edilməsi, istedad və bacarıqlarının üzə çıxarılması, mədəni tədbir və layihələrdə iştiraklarının dəstəklənməsi, bədii-estetik zövqünün formalaşdırılması məqsədilə keçirilir.
Sərginin ekspozisiyasında 40-a yaxın gənc rəssamın əsərləri sərgilənir.