Heydər Əliyev Sarayında “Bizi birləşdirən mədəniyyət” layihəsi çərçivəsində 2 Fevral - Gənclər Günü münasibətilə “AXIN” adlı sərgi açılıb.
AzərTAC xəbər verir ki, sərgi Mədəniyyət Nazirliyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Heydər Əliyev Sarayının birgə təşkilatçılığı ilə reallaşıb.
Heydər Əliyev Sarayının direktoru, Əməkdar artist Ramil Qasımov çıxış edərək qonaqları salamlayıb. Bildirib ki, dövlətimizin prioritet istiqamətlərindən biri də gənclər siyasətidir: “Müasir Azərbaycan gənci müstəqil düşüncəli gəncdir. Dövlətimizin yaradıcı gənclərə diqqəti, onların xaricdə təhsili, eyni zamanda Birinci vitse-prezident Mehriban Əliyevanın gənclərin inkişafı ilə bağlı layihələrə verdiyi dəstək bu gün gəncliyimizə açılan qapılardır”.
Əməkdar artist daha sonra bildirib ki, bu il fəaliyyətə başlamasının 50 illiyini qeyd edən Heydər Əliyev Sarayı mütəmadi olaraq gənclərə həsr olunan layihələr həyata keçirir. Bu sərgi də onlardan biridir: “Bizi birləşdirən mədəniyyət” layihəsi çərçivəsində bir sıra işlər həyata keçirdik. Gənclərin saf düşüncəsi və sənətə məsuliyyətlə yanaşmaları bizi sevindirir. Bir daha gənclərimizi əlamətdar bayram münasibətilə təbrik edir, uğur arzulayıram”.
Azərbaycan Dövlət Rəsm Qalereyasının direktoru Qalib Qasımov bildirib ki, gəncliyimizin ictimai-siyasi həyatda baş verənlərə, bu günə, keçmişə baxışı və bunları sənətdə təzahür formaları çoxbucaqlıdır: “Əsərlərin ideya-bədii mahiyyəti diqqəti cəlb edir. Bugünkü sərgiyə əsərlər xüsusi seçimlə qəbul olunub. Hesab edirəm ki, “AXIN” qrupu üzvləri gələcəkdə daha maraqlı əsərlər ərsəyə gətirəcəklər. Rəssamlara uğurlar arzulayır, sərginin təşkilinə dəstək olan Mədəniyyət Nazirliyi və Heydər Əliyev Sarayına minnətdarlığımı bildirirəm”.
Sənətşünas, professor Ziyadxan Əliyev sərginin əhəmiyyətini yüksək qiymətləndirib. O, gənc rəssamların mövzu dairəsinin genişlənməsinin vacibliyini vurğulayıb. “Hər bir rəssam öz dövrünün aynası olmalıdır. Bu gün şahidi olduğunuz böyük Qələbəmizi çəkin və gələcəyə ötürün”, – deyə sənətşünas bildirdi.
Qeyd edək ki, “AXIN” sərgisi gənclərin cəmiyyətdəki fəallığının təmin edilməsi, istedad və bacarıqlarının üzə çıxarılması, mədəni tədbir və layihələrdə iştiraklarının dəstəklənməsi, bədii-estetik zövqünün formalaşdırılması məqsədilə keçirilir.
Sərginin ekspozisiyasında 40-a yaxın gənc rəssamın əsərləri sərgilənir.