Super User

Super User

 

Bir müddət öncə - 2 avqust 2021-ci ildə Omsk şəhərində Stalin Muzeyi yaradıldı. Dekabrın 18-də İş adamları klubunda muzeyin təqdimatı keçirildi. Layihənin təşəbbüskarı və təsisçisi – Stanislav Petroviç Lipatovdur, yazıçıdır, Beynəlmiləl Yazıçılar İttifaqının üzvüdür, üstəlik, kazak general-mayoru, Elm və incəsənət üzrə Petrovsk Akademiyasının həqiqi üzvü, Rusiya Federasiyası Hərbi Elmlər Akademiyasının müxbir üzvüdür.

“Ədəbiyyat və incəsənət” portalı Beynəlmiləl Yazıçılar İttifaqının rəsmi saytına istinadən məlumat verir ki, fevralın 13-də media mənsubları ilə görüş keçirən Stanislav Lipatov Böyük Vətən müharibəsinə həsr olunmuş tarixi-publisistik işlərin müəllifidir. Muzeyində Stalinin əsərlərinin toplusu, plakatlar, barelyeflər, portretlər və kiçik heykəllər yer alıb. 

Hal-hazırda muzey Omskda, Böyük oktyabrın 10 illiyi küçəsində, 136 kvm sahəsi olan ərazidə yerləşir. Muzeyin "muzey-Stalin.RF" saytı da yaradılıb. 

Stanislav Lipatov media vasitəsi ilə muzeyin taleyi ilə maraqlanan hər kəsə müraciət edib ki, mükafatlar, orden-medallar, nişanlar, fotoşəkillər, rəsm işləri, sertifikatlar, diplomlar, sənədlər, açıqcalar, qəzet-jurnallar, kitablar - bir sözlə, Stalin dövrünə aid istənilən bir nəsnə verməklə hər bir kəs Vətən naminə,  “xalqlar atası” Stalin naminə Rusiyaya fayda verə bilər. 

Stalin Lipatovun tədqiqatlarında Rusiyanı ürəkdən sevən görkəmli şəxsiyyət, lider kimi görünür. Üstəlik, SSRİ-ni qorxunc faşizm dövründə qoruyub saxlayan, dəmir yumruğu ilə Rusiyadan qopmağa çalışan xalqlara dərs verən bir başçıdır. Lipatov Rusiya hakimiyyətini Stalin ideyalarına sadiq olmağa, imperiyanı bərpa etməyə çağırır, bir sözlə. 

Əsərlərinə görə dəfələrlə ədəbi mükafatlara layiq görülməsi,  Muzeyinin Rusiya Federasiyasının İctimai Mükafatlar Şurası rəyasət heyətinin qərarına əsasən I dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilməsi Rusiyanın ədəbi və siyasi dairələrinin Lipatovun velikorus şovinizminə söykənən imperialist ambisiyalarına şərik çıxmalarından xəbər verir.

Bu isə, razılaşın ki, çox qorxulu tendensiyadır. 

Dağlıq Qarabağda sülhməramlı kimi yerləşdikdən sonra orada torpağın qanuni sahibi kimi davranan, Krımı və Donbası ələ keçirərək bütün Ukraynanı işğalla qorxudan, Gürcüstandan, Moldovadan ərazilər qoparan rus əsgəri bu gün Lipatovkimilərinin yazdıqları ədəbiyyatla, Jirinovskikimilərinin təlqin etdiyi siyasətlə təlimatlandırılır. 

Gerçəkdən, narahatedici məqamdır.

 

Azərbaycan Prezidenti yanında Gənclər Fondunun dəstəyi və Dünya Gənc Türk Yazarlar Birliyinin təşkilatçılığı ilə həyata keçirilən "Nizami Gəncəvi irsi və gənclik" adlı layihə çərçivəsində eyniadlı kitabın təqdimat mərasimi keçirilib. 

“Ədəbiyyat və incəsənət” portalı DGTYB mətbuat xidmətinə istinadən xəbər verir ki, tədbirdə alimlər, tanınmış yazarlar, yeni nəsil araşdırmaçıları, ədəbiyyatsevərlər, gənc oxucular iştirak ediblər.  Gəncliyə Yardım Fondunun akt zalında baş tutan tədbirdə fondun əməkdaşı Eldar Kərimov qonaqları salamlayıb, şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının və Türkiyə Respublikasının dövlət himnləri səsləndirilib. 

Bundan sonra DGTYB-nin başqanı, layihənin rəhbəri İntiqam Yaşar tədbiri açıq elan edərək, iştirakçılara təşəkkürünü bildirib, işıq üzü görən kitabda yer alan müəllifləri təbrik edib. Nizami Gəncəvi ilində görülən işlərin davamı kimi yeni nəsil araşdırmaçılarının və yazarların yazılarından ibarət çap olunmuş bu kitabın ədəbi ictimaiyyət üçün mühüm əhəmiyyətə malik olduğunu vurgulayıb. Kitabın redaktorunun tanınmış alim filologiya üzrə fəlsəfə doktoru, dosent Səadət Şıxıyeva, ekspertinin Milli Məclisin Mədəniyyət komitəsinin eksperti, şair-publisist Əkbər Qoşalı, tərtibatçı-dizaynerinin DGTYB-nin İH üzvü Sərvər Kamranlı olduğunu bildirib. Bundan sonra o  qonaqlara çıxış üçün söz verib. Tədbirdə çıxış edən  Milli Məclisin Mədəniyyət komitəsinin eksperti , şair-publisist Əkbər Qoşalı çap olunmuş kitabın məziyyətlərindən bəhs edərək Nizami Gəncəvi irsinin xalqımızın düşüncə, mənəviyyat yaddaşında böyük əhəmiyyətə malik olduğunu vurğulayıb.  Fəlsəfi elmlər üzrə fəlsəfə doktoru Mail Yaqub Nizami Gəncəvi yaradıcılığını geniş şəkildə təhlil edib, böyük şairin insan mənəviyyatının kamilliyinə yol açan əsərlər yaratmaqla böyük bir xəzinə qoyub getdiyini diqqətə çadırıb. Gəncliyə Yardım Fondunun Prezidenti Əhməd Tecim isə çıxışında Türk Dünyasının bütövlüyündə, kamilliyində Nizami Gəncəvi kimi böyük şəxsiyyətlərin əsərlərinin ən böyük yol xəritəsi, könül coğrafiyalarının bütövlüyünə işıq olduğunu söyləyib. 

Daha sonra kitabda yazıları yer alan müəlliflərdən Dünya Gənc Türk Yazarlar Birliyinin İdarə Heyətinin üzvü Elmin Nuri,  AYB-nin üzvü Aygün Yaşar, filologiya üzrə fəlsəfə doktoru, dosent Nərgiz  İsmayılova, kinoşunas-yazar Ceyhun Mirzəli, AMEA-nın dissertantı Orxan İsayev,  ADPU-nun Quba filialının müəllimi Nuranə Allahverdiyeva,  gənc yazarlar Ümid Nəccari, Yusif Nazim, icimaiyyət nümayəndələri Gülnarə Vəlixanlı, Arzu Əliyeva çıxış edərək Nizami Gəncəvi yaradıcılığı və layihənin əhəmiyyəti haqda fikirlərini bölüşüblər.  

Tədbirin sonunda "Nizami Gəncəvi irsi və gənclik" kitabı oxuculara paylanılıb,  müəlliflər  və tədbir iştirakçıları müvafiq diplomlarla təltif olunublar.

Bazar ertəsi, 14 Fevral 2022 10:30

Yazıçı Əfqan 92 yaşında vəfat edib

 

Yazıçı-dramaturq, Əməkdar incəsənət xadimi Əfqan (Əfqan Əsgərov) vəfat edib. 

Bu barədə Azərbaycan Yazıçılar Birliyindən bildirilib.

Xatırladaq ki, 1929-cu ildə Salyan rayonunda anadan olmuş Əfqanın 92 yaşı var idi.

Mərhumun cənazəsi ötən gün H.Seyidbəyli küçəsi, 30 ünvanından götürülüb. Dəfn Yasamal qəbiristanlığında baş tutub.

Allah rəhmət eləsin!

Polşa kinematoqrafının böyük rus yazıçısı Dostoyevski barədə film çəkməsi barədə oxucularımızı məlumatlandırmışdıq. 

TASS agentliyinə istinadən bildiririk ki, “Oskar” mükafatına namizəd olan polşalı rejissor Aqneşka Holland XX əsrin ən az tədqiq edilən və ən qəribə tale yaşayan yazıçılarından biri olan Frans Kafkanın bioqrafiyasını ekranlaşdıracaq.

Adı “Kafka” olacaq filmin çəkilişlərinə yaxın zamanlarda başlanılacaq. Təbii ki, filmin ən dramatik hissəsi Frans Kafka- Yelena münasibətləri, Kafkanın 40 yaşında dünyadan köçməsinə səbəb olan ağır xəstəliyinin gətirdiyi məhrumiyyətlərdir. 

Xatırladaq ki, Frans Kafka 19-cu əsrin sonları, 20-ci əsrin əvvəllərində yaşamış yəhudi əsilli çex yazıçısıdır. “Çevrilmə” povesti ilə dünya şöhrəti tapmış yazıçını Azərbaycanda da sevə-sevə oxuyurlar. 

 

Şəkillərdə: Frans Kafka (qapaq şəkli) və Aqneşka Holland (alt şəkil).

 

Ukraynanın Dnepr şəhərində dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyi münasibətilə Ukrayna dilinə tərcümə olunmuş “Xəmsə” poemalar toplusundan ibarət kitabın və bədii albomun təqdimat mərasimi keçirilib.

AzərTAC xəbər verir ki, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY), Azərbaycanın Ukraynadakı səfirliyi və Dnepropetrovsk Vilayəti Azərbaycanlıları Konqresinin (DVAK) təşəbbüsü və təşkilatçılığı ilə keçirilən tədbirdə TÜRKSOY-un baş katibi Düsen Kaseinov, ölkəmizin Ukraynadakı fövqəladə və səlahiyyətli səfiri Elmira Axundova, Dnepr Texniki Milli Universitetinin rektoru Oleksandr Azyukovski, DVAK-ın sədri Nəcəf Əhmədov diaspor üzvləri, soydaşlarımız, şəhərin fəalları iştirak ediblər.

Dnepr Texniki Milli Universitetinin nəzdində yaradılan Ukrayna-Azərbaycan Mədəniyyət və İş Mərkəzində təşkil olunan tədbirdən əvvəl universitetin rektoru ilə görüş keçirilib. Görüşdə bu cür beynəlxalq mədəni tədbirlərin keçirilməsinin xalqlar arasında körpünün yaradılmasına xidmət etdiyi vurğulanıb.

Tədbirdə çıxış edən TÜRKSOY-un baş katibi Düsen Kaseinov bildirib ki, Nizami Gəncəvinin yaradıcılığı bütün dünya üçün tükənməz ədəbi xəzinədir. Bu mədəni xəzinə dünyada daim təbliğ edilməlidir. Düsen Kaseinov Nizami Gəncəviyə həsr olunan tədbirlərə TÜRKSOY tərəfindən böyük dəstək verildiyini və bundan sonra da bu istiqamətdə işlərin davam etdiriləcəyini bildirib.

Prezident İlham Əliyevin 2021-ci ilin Azərbaycanda “Nizami Gəncəvi İli” elan edilməsi haqqında Sərəncamını xatırladan səfir Elmira Axundova vurğulayıb ki, TÜRKSOY hər zaman Azərbaycanın görkəmli simalarına, eləcə də Nizami Gəncəvi şəxsiyyətinə diqqət göstərib. Səfirliyin “Nizami Gəncəvi İli” çərçivəsində gördüyü işlərdən danışan Elmira Axundova deyib ki, Ukraynanın ikinci böyük şəhəri olan Xarkovda Nizami Gəncəvinin abidəsi ucaldılıb. Bundan başqa, Heydər Əliyev Fondunun dəstəyi və təşəbbüsü ilə Ukraynanın paytaxtı Kiyev şəhərinin mərkəzi hissəsində, Taras Şevçenko adına Kiyev Milli Universitetinin Nəbatat bağında Azərbaycanın dahi şairi və mütəfəkkiri Nizami Gəncəvinin heykəl kompozisiyası ucaldılacaq.

“Nizami Gəncəvi bütün türk dünyasının, bəşəriyyətin dahi şairidir və türk dünyasının belə böyük şəxsiyyətlərinin dünyada daha geniş tanıdılması bizim üzərimizə düşən vəzifədir”, - deyə səfir əlavə edib.

Dnepropetrovsk Vilayəti Azərbaycanlıları Konqresinin sədri Nəcəf Əhmədov isə diqqətə çatdırıb ki, belə tədbirlərin ölkənin iri şəhərlərindən olan Dneprdə keçirilməsi onlar üçün xüsusi əhəmiyyət daşıyır. O, bu cür tədbirlərin davamlı olacağını bildirib. 

Tədbir zamanı TÜRKSOY tərəfindən Ukraynanın tanınmış azərbaycanlı heykəltəraşı, bu ölkənin Xalq rəssamı Katib Məmmədova və Ukrayna Prezidenti tərəfindən mədəniyyət, ədəbiyyat və incəsənət sahəsində ölkənin ən yüksək dövlət mükafatı - Taras Şevçenko adına Milli Mükafata layiq görülmüş yeganə azərbaycanlı, yazıçı Qriqori Hüseynova “Nizami Gəncəvi” medalı təqdim olunub. 

Sonra universitetin rektoru Aleksandr Azyukovskiy səfir Elmira Axundova, Düsen Kaseinov və Nəcəf Əhmədovu təşəkkürnamə ilə təltif edib. 

Tədbirdə, eyni zamanda, Nizami Gəncəvi yaradıcılığı ilə bağlı esse müsabiqəsinin qalibləri Dnepropetrovsk Vilayəti Azərbaycanlıları Konqresi tərəfindən mükafatlandırılıb. 

Sonra tədbir bədii hissə ilə davam edib.

Qeyd edək ki, Ukrayna dilinə tərcümə olunmuş “Xəmsə” epik şeirlər toplusundan ibarət kitab Azərbaycanın Ukraynadakı səfirliyi, bədii albom isə TÜRKSOY tərəfindən hazırlanıb.

Heykəl

 

Şirin heykəli qurddu,

Qurdun heykəli dovşan.

Dovşanın heykəli otdu,

Otun heykəli yovşan.

 

Tülkünün heykəli hiylədi,

Hiylənin heykəli oyun.

Oyunun heykəli töylədi

Töylənin heykəli qoyun.

 

Atın heykəli ulaqdı,

Ulağın heykəli palan.

Palanın heykəli dolaqdı

Dolağın heykəli yalan.

 

Harının heykəli tamahdı,

Tamahın heykəli nadan.

Nadanın heykəli günahdı

Günahın heykəli adam.

 

Göyün heykəli buluddu,

Buludun heykəli duman.

Dumanın heykəli sükutdu,

Sükutun heykəli tufan.

 

Dağın heykəli yaylaqdı,

Yaylağın heykəli oylaq.

Oylağın heykəli oymaqdı

Oymağın heykəli maymaq.

 

Dənizin heykəli sahildi,

Sahilin heykəli hasar.

Hasarın heykəli cahildi

Cahilin heykəli azar.

 

Dünyanın heykəli bəşərdi,

Bəşərin heykəli insan.

İnsanın heykəli şərdi,

Şərin heykəli şeytan.

 

Rusun heykəli tankdı,

Tankın heykəli qarət.

Qarətin heykəli bankdı

Bankın heykəli sərvət.

 

Sözün heykəli fikirdi,  

Fikrin heykəli nida.

Şeirin heykəli sehrdi,

Şairin heykəli edam.

 

Mənim heykəlim Şuşadı,

Şuşanın heykəli Bayraq.

Bayrağın heykəli Vətəndi

Vətənin heykəli torpaq!

İtaliya hökuməti cümə günü Venesiya şəhərinin küçələrində  maskaların məcburi daşınmasını ləğv edib və Laqun adaları digər şəhərlərə qoşulub adi həyat normalarına keçib. Belə ki, iki il ərzində Venesiyaya ilk dəfə bayram təşkil etmək və turistləri dəvət etmək icazəsi verilib. 

“Ədəbiyyat və incəsənət” portalı Euronews-a istinadən məlumat verir ki, İtaliyada hər il keçirilən Venesiya karnavalı öz işinə başlayıb.

Maskalı karnaval da adlanan Venesiya karnavalı martın 1-dək davam edəcək. Gülüş və tamaşa ilə bol olan bayram əhval-ruhiyyəli karnavalın əsas atributu, təbii ki, maskalardır. Karnaval üçün libaslar isə adətən bir il öncədən sifariş olunur.

Builki karnavalda iştirak etmək üçün 80 minədək insan Venesiya şəhərinə gəlib. Onlardan 30 mini əcnəbilərdir. 

Bu il karnaval bəzi ənənəvi tədbirlərsiz keçiriləcək. Məsələn, "uçuş mələyi" və “kostyum” müsabiqələri olmayacaq. Amma bu, ümumi ruha xələl gətirməyəcək. 

Xatırladaq ki, 1268-ci ildən bəri qeyd olunan Venesiya karnavalının təməli Pagan mədəniyyətinin baharına təsadüf edir. Müəyyən vaxtlarda qadağan olunan karnaval 1979-cu ildən bəri hər il qeyd edilir. Əvvəllər sosial sinif ayrıseçkiliyini aradan qaldırmaq üçün istifadə olunan maskalar indi Venesiya karnavalının ayrılmaz tərkib hissəsinə çevrilib. Karnavalın keçirildiyi vaxt turistlərin Venesiyanı ən çox ziyarət etdiyi dövrdür.

Xatırladaq ki, 2020-ci ildə Venesiya karnavalı 23 fevralda - İtaliyada kovid-19-dan ölümün ilk hadisəsi  təsdiqləndikdən üç gün sonra kəsilmişdi. 2021-ci ildə koronavirus pandemiyası səbəbindən ümumiyyətlə keçirilməmişdi. 

Budur, karnaval Venesiyaya qayıdıb. 

Venesiyalılar üçün bu karnaval əvvəlki xoşbəxt dövrlərə qayıdışın simvoludur. Hamının üzündən bəxtəvərçilik yağır.

 

Günün fotosu: İran inqilabın 43-cü ildönümünü qeyd edir

 

İranın şəhərləri bayram libasına bürünüb. İranlılar islam inqilabının 43-cü ildönümünü qeyd edirlər.

Foto: Euronews

 

Müəlliflik hüququ Belçikanın Kral İncəsənət Muzeyinə məxsus olan Lovis Korintin “Çiçəklər” rəsmi öz qanuni sahiblərinə qaytarılmışdır. 

Bu barədə “Ədəbiyyat və incəsənət” portalı Euronews-a istinadən məlumat verir.

Əsərin qanuni sahibləri isə Qustav və Emma Mayerin varisləridir. 40-cı illərdə faşistlərin qorxusundan Almaniyadan qaçan ər-arvad evlərindəki bu bahalı əşyanı özləri ilə apara bilməmişdilər, faşistlər rəsm

əsərini müsadirə etmiş, sonradan rəsm  əsəri nə yollasa Belçika muzeyinə düşmüşdü.

Beləliklə, Mayerlər birdən-birə hədsiz varlanmışlar. Rəsmin qiyməti milyonlarla avroyla ölçülür.

 

Bu gün Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında yazıçı-dramaturq Tamara Vəliyevanın “Mənim ağ göyərçinim” əsəri əsasında səhnələşdirilən eyniadlı tamaşa nümayiş olunacaq.

Xocalı faciəsinin 30-cu ildönümü münasibətilə təqdim olunacaq səhnə əsərinin süjeti azadlıq və müstəqillik uğrunda canlarını qurban vermiş gənclərin nakam həyat hekayəsi əsasında qurulub.

Tamaşanın quruluşçu rejissoru Xalq artisti Cənnət Səlimova, quruluşçu rəssamı Gürcüstanın tanınmış rəssamı, Tumanaşvili adına Teatrın baş rəssamı Şota Qlurjidze, musiqi tərtibatçısı Vladimir Neverovdur.

Səhnə əsərində rolları Əməkdar artistlər Nəsibə Eldarova, Rahib Əliyev, aktyorlar Təhminə Məmmədova, Asya Atakişiyeva, Mirzağa Mirzəyev, Eşqin Quliyev, Məsumə Babayeva, Kərəm Hadızadə, Zülfiyyə Alhüseynova, Xalidə Şərifova, Ədalət Əbdülsəməd və başqaları ifa edirlər.

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.