Super User

Super User

 

Dünya kino industriyasının mərkəzində hansı filmlərə daha çox baxılır? Həftəsonunu 12,8 milyon dollarlıq kassa gəliri ilə geridə qoyan "Nil çayında ölüm" filmi ABŞ-da ötən həftə ən çox baxılan ekran əsəri olub. İrlandiyalı aktyor, rejissor, prodüser Kennet Branaqın səhnələşdirdiyi filmin aktyor heyətində Gal Gadot və Armie Hammer kimi simalar yer alıb.

Keçən həftənin kassa çempionu "Jackass Forever" bu həftəsonu 8,1 milyon dollar gəlirlə siyahıda ikinci yerə enib. Filmin ABŞ və Kanadada ümumi gəliri 37,4 milyon dollara çatıb.

ABŞ kassasında üçüncü yeri "Mənimlə evlən" romantik komediya filmi tutur. Baş rolları dünyaca məşhur sənətkarlar Cennifer Lopez və Oven Vilsonun ifa etdiyi film ilk nümayiş həftəsində 8 milyon dollar gəlir əldə edib.

Ümumi kassa gəliri 759 milyon dollar olan “Hörümçək adam: Geriyə yol yoxdur” filmi isə, nümayişinin doqquzuncu həftəsində mövqelərini xeyli itirərək ABŞ prokatında beşinci yerə enib.

Şəkildə: Lider filmdən kadr

Çərşənbə axşamı, 15 Fevral 2022 11:00

Şanson Cəlal Abbasovun konserti olacaq

 

Fevralın 22-də Heydər Əliyev Sarayında tanınmış müğənni, şanson Cəlal Abbasovun solo konserti keçiriləcək.

Sarayın mətbuat xidmətindən bildirilib ki, konsertdə müxtəlif illərin sevilən hit musiqiləri SHANSON COVER BAND qrupunun yeni aranjemanında səsləndiriləcək. 

Saat 20:00 da başlayacaq konsertin biletlərini şəhərin kassalarından və İticket.az saytından onlayn əldə etmək olar.

Qeyd edək ki, Heydər Əliyev Sarayında dördüncü solo konsert proqramı ilə çıxış edəcək Cəlal Abbasov bir sıra yerli və beynəlxalq estrada və mahnı müsabiqələrinin və festivallarının (“Vostoçnıy Bazar”, “Türksoy”, “Qulyay duşa”, “Bakı gecələri” və s.) iştirakçısı və qalibidir. Müğənninin repertuarında bəstəkar və xalq mahnılarından savayı 3000 -dən çox Azərbaycan, rus, ingilis, italyan və başqa dillərdə ifalar vardır.

Çərşənbə axşamı, 15 Fevral 2022 10:30

Qubada kitab bayramı keçirilib

 

14 fevral Beynəlxalq Kitabbağışlama Günü ilə əlaqədar olaraq ADPU-nun Quba filialı “Azərkitab” kitab mərkəzi ilə birgə Qubadakı  “Azərkitab” mağazasında tədbir keçirib.  

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, tədbirdə motivasiya spikeri, yazıçı, iqtisad elmləri doktoru, professor Əlibala Məhərrəmzadə, yazıçı-jurnalist, Avrasiya Millətlər Assambleyasının Ədəbiyyat Şurasının həmsədri, Əməkdar jurnalist Varis Yolçuyev, “Azərkitab” kitab mərkəzinin rəhbəri Mirisrafil  Həsənov, tanınmış qubalı şair Ramiz Qusarçaylı, ADPU Quba filialının direktoru, dosent Yusif Alıyev, filialın professor-müəllim heyəti və tələbə kollektivi iştirak edib.

Tədbiri giriş sözü ilə açan filialın direktoru Y. Alıyev 14 fevral Beynəlxalq Kitabbağışlama Günü haqqında qısa məlumat verib, belə mötəbər tədbirlərin əhəmiyyətini diqqətə çatdırıb. Bildirib ki, kitablar ən qədim dövrlərdən bəri var olan və həyatımızın hər sahəsində ehtiyac duyduğumuz ənənələri, dəyərləri, bilgiləri yaşadır. Çıxışçı tələbə gəncləri oxumağa, tariximizi, mədəniyyətimizi, ədəbiyyatımızı öyrənməyə dəvət edib. “Azərkitab”ın  Quba filialında oxucular üçün yaradılan şəraitdən, qarşıya qoyulan məqsədlərdən, oxunan kitabların təsirindən, günümüzdə kitab oxumanın əhəmiyyətindən, hətta kitabın, biliyin düşmən üzərində qələbə üçün də vacib əhəmiyyətindən danışıb, müxtəıif dünyaşöhrətli yazıçıların əsərlərindən bəzi məqamlarl diqqətə çatdırıb. Xüsusi olaraq gənc nəslin təlim-tərbiyəsində, vətəndaşlıq mövqeyinin lazımi səviyyəyə çatdırılmasında yazıçılarımız Əlibala Məhərrəmzadəyə, Varis Yolçuyevə, şair Ramiz Qusarçaylıya bu əlamətdar gündə qiymətli zamanlarını gənclərə ayırdıqları üçün təşəkkür edib. 

Daha sonra yazıçı Əlibala Məhərrəmzadə, yazıçı Varis Yolçuyev çıxış ediblər. 

Əlibala Məhərrəmzadənin oxuculara təqdim edilən, yenicə çapdan çıxmış "Kənar adamın söylədikləri", Varisin  "Qırmızı ləçəklər" kitabları haqqında məlumat verilib. Qeyd olunub ki, "Kənar adamın söylədikləri" sənədli romanında vaxtilə Qubada ermənilərin törətdikləri soyqırım hadisələri zamanı, eyni zamanda bolşevik işğalı zamanı əhali arasından çıxmış qəhrəman qubalı oğulların müqavimətindən, mübarizəsindən bəhs edilir. “Qırmızı ləçəklər" romanı isə Xocalı faciəsi qurbanlarından olan Milli Qəhrəman Əlif Hacıyevin həyatını əks etdirən faktlara söykənən bir əsərdir. Əsərdə hələ 70-ci illərdən başlayaraq Qarabağda ermənilərin azərbaycanlılara qarşı həyata keçirdikləri maneələrdən bəhs edilir. Əsər Xocalı soyqırımı hadisələrində baş vermiş erməni vəhşiliklərini gənclərimizə ötürməklə tariximizdəki erməni yalanları, erməni vandalizmi haqqında məlumat verir. Qeyd edilib ki, Dövlət Gənclər Fondunun sifarişi ilə çap olunan, Heydər Əliyev Fondunun “Xocalıya ədalət” kampaniyası çərçivəsində təbliğ olunan “Qırmızı ləçəklər” xarici dillərə tərcümə edilərək Xocalı soyqırımı barədə həqiqətləri dünya ictimaiyyətinə çatdırmaq mussiyasını daşıyır. 

Sonra şair Ramiz Qusarçaylı son illərdə ADPU Quba filialında aparılan tədris və tərbiyəvi əhəmiyyətli layihələrin çoxluğundan söz açıb, regionda universitetin fəaliyyətinin əhəmiyyətini diqqətə çatdırıb və tədbir iştirakçılarının xahişi ilə “Qurudub göndərmə bənövşələri" şeirini səsləndirib. 

Oxucu, filialın tələbəsi Səma Asəfova çıxış edərək yazıçı Varis haqqında fikirlərini belə qeyd edib: "Yazıçı Varis Yolçuyev Azərbaycan nəsrinə yeni üslüb, yeni nəfəs gətirdi desək, yanılmarıq. Xalq yazıçısı İsmayıl Şıxlı təsadüfi olaraq demir ki, Varis yaradıcılığında yazarlara xas olan 3 əsas cəhət diqqətimi çəkir, onun da birincisi dilin səlisliyidir.”

Daha sonra Quba filialının tələbəsi Nərmin Orucova çıxış edərək bildirib  ki, bəlkə də oxucuların əksəriyyəti Əlibala Məhərrəmzadəni şəxsən tanımır. Lakin onun əsərləri ilə tanış olduqca düşüncələr dərinləşir, oxucu əsərin müəllifi haqqında daha çox məlumat əldə etmək istəyir. "Çovdar çörəyi" romanı süjet xətti, hadisələrin yetərincə bir-birindən maraqlı olması, təqdim olunan obrazların həm fərdi, həm də ümumi cizgilərinin dolğunluqla əks etdirilməsi etibarilə yeni, müasir romandır. Biz hər bir zaman oxuduğumuz əsərdən özümüz üçün dəyərli məlumatlar əldə edirik. Hətta bəzən rəngli qələmlə işarələyirik. "Çovdar çörəyi" romanından da olan gözəl və yaddaqalan sitatları bölüşmək istəyirəm: “Qəribədir. Bir vaxtlar sürətlə yaxınlaşdığın adamdan, gün gəlir, eyni sürətlə uzaqlaşırsan. Elə bil, bir-birinə çırpılmış iki daşdır. Öncə bir-birlərinə doğru səmt götürürlər. Toqquşandan sonra hərəsi bir səmtə yönəlir.” Bu fikirlə sanki həyatımıza daxil olan yanlış insanlar gözümüzün önündə canlanır. 

Sonra filialın sosial və humanitar məsələlər üzrə direktor müavini Aysel Şeydayeva, tələbələrdən Nərmin Orucova, filialın əməkdaşı, Jurnalistlər Birliyinin üzvü Nəhayət Şirinova yazıçılara müxtəlif səpkili suallar ünvanlayıblar. 

Yazıçılar gənclərin onların əsərləri ilə belə yaxından tanış olaraq əsərləri  təhlil etdikləri üçün də məmnun olduqlarını ifadə ediblər. Qeyd ediblər ki, gəncliyin kitablara  marağının yüksək səviyyədə olması çox qürurvericidr.

Sonda oxuculara və tədbir iştirakçlarına müəlliflər tərəfindən imzalı kitablar hədiyyə edilib və xatirə şəkli çəkdirilib.

 

Yeni yaradəlan Tərcümə Agentliyi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 1 noyabr 2018-ci il tarixli “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Fərmanına əsasən, dövlət dilinin saflığının qorunması, düzgün istifadəsi və tərcüməsi ilə bağlı Azərbaycan Respublikası Prezidentinin müvafiq fərman və sərəncamlarından irəli gələn tələblərin icrası ilə əlaqədar dövlət dilindən istifadə və tərcümə sahəsinin təkmilləşdirilməsi məqsədilə Azərbaycan Dövlət Tərcümə Mərkəzi tərəfindən təsis edilib.

Dövlət Tərcümə Mərkəzindən AzərTAC-a bildirilib ki, agentliyin fəaliyyət istiqamətlərinə – dövlət əhəmiyyətli sənədlərin, habelə təşkilatlar, sahibkarlar, eləcə də yerli və xarici vətəndaşların müraciət və sifarişləri ilə təqdim olunan mətn və materialların Azərbaycan dilində tərtibi, xarici dillərə tərcüməsi, redaktəsi və ekspertizası, həmçinin poliqrafiya xidmətləri də daxildir.

Xidmətlər müvafiq sahədə peşəkarlığı ilə seçilən dil və tərcümə mütəxəssisləri tərəfindən müxtəlif formatda, o cümlədən elektron qaydada göstərilir.

 

Azərbaycan Dövlət Akademik Musiqili Teatrının kollektivi fevralın 9-dan 13-dək 40-cı “Fəcr” Beynəlxalq Teatr Festivalında iştirak etmək üçün İran İslam Respublikasında səfərdə olub.

“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən məlumat verir ki, dünyanın müxtəlif ölkələrinin nüfuzlu teatr kollektivlərinin hər il qatıldığı ənənəvi festivallarda dəfələrlə Azərbaycanı layiqincə təmsil edən Akademik Musiqili Teatrın yaradıcı heyəti bu dəfə də uğurlu çıxışları ilə yadda qalıb.

Fevralın 11-də Tehran Şəhər Teatr Kompleksində rejissor Samir Qulamovun pyesi əsasında və quruluşunda  hazırlanan “Bir nəfəs qədər” tamaşası nümayiş olunub.

Nüfuzlu beynəlxalq tədbirin tamaşaçıları tərəfindən rəğbətlə qarşılanan tamaşadan öncə Azərbaycanın İran İslam Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Əli Əlizadə qonaqları salamlayıb, səhnə əsəri barədə onlara  dolğun məlumat verib, ölkəmizin 44 günlük Vətən müharibəsində qazandığı şərəfli qələbədən, şəhidlərimizin şücaətindən, müqəddəs şəhid analarının dastanlara sığmayan qəhrəmanlığından danışıb. Səfir tamaşanın qəhrəman şəhidlərimizə ithaf olunduğunu vurğulayıb və onlara Allahdan rəhmət, qazilərimizə şəfa diləyib.

Əli Əlizadə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun torpaqlarımızı erməni işğalından azad etməsinin Azərbaycan xalqı ilə yanaşı, İran xalqını da sevindirdiyini bildirib.

Qeyd olunub ki, Azərbaycanın sənət adamlarının İrana qastrol səfərinə gəlməsi və beynəlxalq “Fəcr” Teatr Festivalında çıxış etməsi xalqlarımızın mədəni əlaqələrinə verilən böyük töhfədir.

O, səhnə əsərinin İranda "Fəcr" ongünlüyündə, İranın milli bayramında nümayiş etdirilməsinin də əlamətdar olduğunu qeyd edib və bu münasibətlə İran dövlətini və xalqını təbrik edib.

Musiqili Teatrının yaradıcı heyətinin üzvlərini: Əməkdar artist Nahidə Orucova, aktyorlar Gülnarə Abdullayeva, Gülcahan Salamova, Əmrah Dadaşov, Nəzrin İsmayılzadə, Samir Qulamov, Səmədzadə Xasiyev, Əli Kərimov və Qabil Gözəlovu sürəkli alqışlarla qarşılayan tamaşaçılar onlarla xatirə şəkilləri çəkdirib, avtoqraflar alıblar.

Festival çərçivəsində  fevralın 12-də Akademik Musiqili Teatrın digər səhnə əsəri – dünya ədəbiyyatının görkəmli nümayəndəsi Fyodor Dostoyevskinin "Utancaq qız" fantastik povesti əsasında Xalq artisti Cənnət Səlimovanın quruluşunda hazırlanan eyniadlı monotamaşa da təqdim olunub.

Tamaşanın tərcüməçisi və yeganə qəhrəmanı Əməkdar artist Şövqi Hüseynovun özünəməxsus ifası istər münsiflər heyətinin üzvləri, istərsə də tamaşaçılar tərəfindən rəğbətlə qarşılanıb.

Qeyd edək ki, festivalda nümayiş olunan  hər iki tamaşanın ideya müəllifi və bədii rəhbəri, Akademik Musiqili Teatrın direktoru, Əməkdar incəsənət xadimi Əliqismət Lalayevdir.

 

Mədəniyyət Nazirliyi və YARAT Müasir İncəsənət Məkanının birgə təşkilatçılığı ilə ötən ildən gerçəkləşdirilən və böyük maraqla qarşılanan “Mədəni yenilənmə” layihəsi bu il də davam etdirilir. 

“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən məlumat verir ki, layihənin yeni ildə ilk tədbirinə Azərbaycanın Xalq artisti, TRT-nin (Türkiyə Radio və Televiziya Qurumu) Ankara Radiosu xorunun bədii rəhbəri və dirijoru Elnarə Kərimova və xor kollektivi dəvət olunub.

Fevralın 14-də mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev Xalq artisti Elnarə Kərimova ilə görüşüb. İlk növbədə Elnarə Kərimovanın səhnə fəaliyyətinin 30 illiyi münasibətilə sənətkarı təbrik edən Elnur Əliyev ona yeni yaradıcılıq uğurlar arzulayıb. Bildirib ki, dünyanın müxtəlif ölkələrində çalışan incəsənət xadimlərimiz ölkəmizin mədəni fəxrləridir.

Nazirlik tərəfindən mədəniyyətimizin inkişafı və təbliği istiqamətində həyata keçirilən layihələr barədə Xalq artistinə məlumat verən Elnur Əliyev qədim tarixə və zəngin ənənələrə malik mədəniyyətimizin təbliğində xaricdə yaşayan həmvətənlərimizin xüsusi rol oynadığını vurğulayıb. Diqqətə çatdırıb ki, sənətinin peşəkarı olan və xaricdə mədəniyyətimizi təbliğ edən insanlar yeni kadrların yetişməsində yaxından iştirak etməli, töhfələrini əsirgəməməlidirlər. Mədəniyyətimizin gələcəyə ötürülməsi missiyası həm də onların öhdəsinə düşür.

Xalq artisti Elnarə Kərimova səmimi qəbula görə təşəkkürünü bildirib. Sənətkar “Mədəni yenilənmə” layihəsinin əhəmiyyətini qeyd edib, fikir və təkliflərini dilə gətirib.

Qeyd edək ki, 2021-ci ilin oktyabrından həyata keçirilən “Mədəni yenilənmə” layihəsinin məqsədi xaricdə yaşayan, musiqi, teatr, kino, ədəbiyyat və elm sahəsində peşəkar uğurlara imza atmış istedadlı soydaşlarımızın fəaliyyəti ilə Azərbaycan cəmiyyətini tanış etmək, onlarla davamlı təmaslar yaratmaqdır. 

Fevralın 15-də saat 19:00-da layihə çərçivəsində Azərbaycan Dövlət Akademik Filarmoniyasında Elnarə Kərimovanın səhnə fəaliyyətinin 30 illik yubileyi qeyd olunacaq. Konsertdə dirijorun rəhbərliyi ilə Ankara Radiosu çoxsəsli xorunun ifasında bəstəkarların xor əsərləri səsləndiriləcək.

Eyni zamanda səfər çərçivəsində Qarabağ Zəfəri ilə bağlı Türkiyə və Azərbaycanın birgə layihəsi kimi dirijor, Xalq artisti Rauf Abdullayevin rəhbərliyi ilə TRT Ankara Radiosu çoxsəsli xorunun, Azərbaycan Dövlət Xor Kapellası və Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin ifasında dahi Azərbaycan bəstəkarı Qara Qarayevin “Zəfər marşı”nın səs yazısı da nəzərdə tutulub. Xatırladaq ki, bu əsər orijinalda “Dəniz neftçilərinin mahnısı” adlanırdı. E.Kərimovanın təşəbbüsü və bəstəkar Fərəc Qarayevin razılığı ilə sözləri rus dilində olan əsər dilimizə çevrilib və Qarabağ Zəfərimizə həsr edilib.

“Mədəni yenilənmə” layihəsi çərçivəsində fevralın 17-də saat 11:00-da E.Kərimovanın Azərbaycanın müxtəlif xor kollektivlərinin iştirakı ilə YARAT Müasir İncəsənət Məkanında xor ifaçılığı üzrə ustad dərsi keçiriləcək.

 

Bu gün Sevgililər günüdür. Statistikaya görə sevgilərin çox cüzi - cəmi 5 faizi qovuşma ilə nəticələnir. Bəs sevən necə etməlidir ki, sevgidə oxu daşa dəyməsin? 

“Ədəbiyyat və incəsənət” portalı yazıçı, motivasiya spikeri Əlibala Məhərrəmzadənin məşhur “Ev tapşırığı: uğur düsturunu tapmalı” kitabından “Sevgidə uğur formulu” bölməsini oxucularına təqdim edir.

 

Həyatda uğur qazanmaq anlamının bir tərkib hissəsi də sevgidə uğur qazanmaqdan ibarətdir, belə ki, müstəqil atdığı addımları yenicə möhkəmlənən, həyatın keşməkeşlərinə yenicə daxil olan gənc ilk sevgisinin uğursuzluq acısı ilə bütün qarşıda duran həyatının dadından, şirinliyindən məhrum olur, özünü həyat mübarizəsindən məğlub sanaraq cəmiyyətin «bədbəxtlər ordusu»nun əsgərinə çevirir.

İnsan həyatında ən vacib iki mərhələnin uğurlu ailə və uğurlu karyera qurmaq olmasını da gəlin unutmayaq. Uğurlu sevgi – bizim bu söhbətimizdə uğurlu ailənin təməlqoyucusu ampluasında olacaq.

Sevgi nədir? Bu psixoloji, yoxsa fizioloji haldır? Bu günümüzə qədər bəhs etdiyimiz mövzu barədə o qədər tədqiqatlara rast gəlmək olar ki.

Şübhəsiz, hər birimiz sevirik, sevilirik. Bu hisslərdən məhrum olan insana əsla rast gəlinməz. Sevən, amma sevginin ədalətinə inanmayanlar da, hələ sevməyən, amma sevgiyə inananlar da, həm sevən, həm də bu müqəddəs hissə etiqad edənlər də sonucda bir mətləbə gəlirlər: əgər Yer üzərində Leyli və Məcnun, Əsli və Kərəm, Romeo və Cülyetta, Tristan və İzolda dastanları yaranmışsa, deməli, bizim onu qəbul edib etməməyimizdən, ona təslim olub olmayacağımızdan asılı olmayaraq sevgi ta qədimdən yaranıb bugünümüzədək davam edən ölməz bir prosesdir, şübhəsiz, kainatda həyat durduqca da o duracaq.

Düzdür, illər, əsrlər sevgiyə məzmun cəhətdən müxtəlif korrektələr etmişlər və indi də edirlər. Amma yalnız korrektələr. Məğz isə olduğu kimi qalmaqdadır.

Fizioloqlar qeyd edirlər ki, orqanizmimizdə testosteron qrupunun harmonları yığılanda biz sevməyə başlayırıq. Beynimiz bizə sevməyə icazə verirsə sevgi ehtiyacı duyuruq.

Psixologiyada sevgi – fədakar, ürəkdən gələn bağlılıq hissidir, kiməsə, nəyəsə alüdə olmaq, meyl etməkdir.

Sevgi – dünya ədəbiyyatının, şübhəsiz, baş mövzusudur. Amma onun elmi mahiyyətini bilmək də çox vacibdir. Gənclər instinktlə sevirlər, düşünürəm ki, sevginin mahiyyətini, elmi izahını da bilsələr, bundan yalnız fayda tapa bilərlər.

«Uğursuz sevgi» anlayışı çox geniş yayılıb, uğur barədə kitab yazırıqsa, deməli, bu kitabda sevgi mövzusuna da geniş yer ayırmalı, ondan hərtərəfli bəhs etməliyik.

Kitabımızda ayrıca intihar mövzusuna artıq rast gəldiniz, qısaca olaraq qeyd etmək istəyirəm ki, əsas intihar səbəblərindən biri də uğursuz sevgidir. Nə qədər gənc cavabsız sevgiyə görə, nə qədəri isə sevgiləri qarşılıqlı olsa belə, qovuşma səadətlərinə, əngəllərinə görə intihar ediblər!

Ayrıca, nə qədər gənclərimiz var ki, uğursuz sevgi ucbatından sonrakı həyatlarını matəmə bürüyüblər, fizioloji intihar etməsələr belə mənəvi intihar ediblər, həyatın toy-bayramına, sevinclərinə, bir növ, oruc tutublar!

Şəxsən neçə insan tanıyıram ki, yaşadığı uğursuz sevgidən psixoloji sarsıntı keçirərək ömürlük əsəb xəstəliyi qazanıb. Neçəsini də tanıyıram ki, ailə qurmayıb, bütün həyatını təklikdə keçirməklə uğursuz sevgisinə yas tutub.

Düşünürəm ki, sevgi hissinin nə olduğunu dərindən öyrənmək hər bir kəsçün lazımlı, hətta mən deyərdim, vacibdir.

Bəşər tarixi boyunca sevgi formulasını şairlər, filosoflar, təbiblər səylə axtarıblar, amma onu tapmağa ən yaxın XIX və XX əsrin fizioloqları və psixoloqları olublar. Təbii ki, sevgi özü cismani deyil ruhi, yəni materialist deyil, idealist bir anlamdır, ona görə də onun dəqiq tərifi, düsturu da mövcud ola bilməz. Bununla belə, sevgini tək poetik planda deyil, fizioloji, hormonal-biokimyəvi planda mənimsəmək üçün kifayət qədər faydalı təlimlər mövcuddur.

Məsələn, bizim tələbəlik illərimizdən fanıdığımız məşhur sovet psixoloqu, sevgi tədqiqatçısı Y.Ryurikov sevgi fenomenini öyrənməkçün  hamını psixologiya, fiziologiya, seksologiya və kulturologiya təlimlərini sevgi barədə yazmış böyük yazıçı və şairlərin, habelə filosoflarının kəşfləri ilə birgə nəzərdən keçirməyin vacibliyini söyləmişdi. Yazar sevgi barədə məişət miflərinin elmlərin məcmusu ilə birlikdə sevginin mahiyyətinin sintezini yaratmasını ortaya qoymuşdu. Y.Ryurikovun sevgi formulası belə idi:

Sevgi – instinkt və hormonlar – əlvan eynəklər (sevən sevdiyini o qədər ideallaşdırır ki, onun yalnız müsbət cəhətlərini görə bilir ki, bunu da psixologiyada «əlvan eynəklər» ifadəsi ilə adlandırırlar) – razılaşa bilmək, ələ ala bilmək incəsənəti (biz bunu daha çox kompliment deməklə yola gətirmək anlamında başa düşürük) – yaxud idarə etməyə məcbur qaldığımız halların zəruri idarəsi.

Sevgi – insanın olduqca mürəkkəb daxili vəziyyəti olduğu üçün sevgi formulası da bütün dərinliklərə enə bilmək gücündə olmalıdır, əlbəttə ki. Və sevgi təlimlərini yaratmağın ən böyük çətinliyi də hər sevginin öz spesifikliyinin olmasıdır. Sevgi nüansları tipik olduqları qədər fərdi də ola bilir. Hər bir spesifikliyi ümumi təlimə gətirmək isə, ümumiləşmə baxımından mümkünsüzdür.

Sevgi təlimlərinin ən işıqlı tərəfi odur ki, onların köməkliyi ilə artıq kimlərçünsə bir xəstəliyə çevrilmiş sevgiyə diaqnoz qoymaq mümkün olur, sevginin quluna, köləsinə çevrilib kor-koranə təslim olmaq əvəzinə onu idarə etmək mümkün olur.

Sevginin növləri var, o çoxşaxəli, çoxməzmunludur. Bəzən o, əzab-əziyyətdir, dərddir, göz yaşıdır, nevroz, hipomaniyadır. Bəzən narkotik kimi asılı edən, tutub saxlayandır, bəzən də təbiəti al-əlvan edən rənglərdir, sevinc, səadət, xoşbəxtlik yağmuru yağdıran buluddur, bizi cəlbetmə məstliyinə aparan gipnotik dalğadır.

«Uğursuz sevgi», anlayışı niyə bəs öncə qeyd etdiyimiz bədbəxtçiliklərə yol açır, «faciəvi sevgi» məzmununu kəsb edir? Niyə səni sonradan tərk edirlərsə, yaxud əvvəlcədən sevginə cavab vermirlərsə, sevgi hisslərin daha da şiddətlənir, alovu səni yandırıb-yaxır, məhv edir?

London psixiatrları təsdiq edirlər ki, daha çox yeniyetməlikdə rast gəlinən «dəli kimi sevmək» halı doğrudan da mövcuddur, yəni ki, «dəli kimi sevmək» adicə söz yığını, zəmini olmayan təsvir deyildir. Psixiatrlar 30 nəfər şiddətlə sevən yeniyetmə üzərində sınaq aparmış, onları testdən keçirmişlər. Məlum olmuşdur ki, onlar doğrudan da xəstədirlər. Sevgi xəstəliyi əhval-ruhiyyənin kəskin dəyişilməsi, yuxunun qısalığı, şəxsi maraqlardan könüllü imtina, sevdiyindən tam asılılıq vəziyyətinə gəlib çıxmanı özündə ehtiva eləyir.

   Amerika neyrobioloqları sevənlərin beyninin şəklini çıxararaq londonlu psixiatrların söylədiklərini təsdiq etmişlər. Sevən beynin patoloji fəallığı yalnız sevdiyinin sevgiyə qarşılıq verməsi nəticəsində dayanırmış, beyin normal fəaliyyətə qayıdırmış.

Qeyd etdim, sevginin növləri var: sevgi-ehtiras, sevgi-dostluq, romantik sevgi, platonik sevgi, praqmatik sevgi, rəqabətli sevgi, özünü fədaetmə sevgisi və s. və i.

Adətən sevgi növlərini insanın hormonal balansının xüsusiyyətləri ilə izah edirlər.

Professor R.Sternberqə görə sevgidə romantik hisslər, yaxınlıq ehtirası, habelə ikitərəfli münasibət yaratmaq, sonradan da onu qoruyub saxlamaq qərarvericiliyi – ümumilikdə üç hissə olur. Professorun fikrincə, sevgi aşiq olmaq mərhələsindən başlayaraq üç mərhələ keçir (Yeri gəlmişkən, bu cür təsnifatı ilə R.Sternberq Y.Ryurikovdan tam fərqlənir): Bu mərhələlər ideallaşdırma, dəyərsizləşdirmə və inteqrasiyadan ibarətdir.

İdeallaşdırmada sevdiyini tam olaraq ideallaşdırır, onu simaca və bədəncə gözəllərin gözəli hesab edir, xasiyyətcə, xaraktercə yaxşıların yaxşısı sanırsan. Biz azərbaycanlıların məşhur bir deyimi də var, könül sevən göyçək olar. İdeallaşdırma mərhələsində sevən sevdiyinin pozitiv cəhətlərini daha da şişirdirsə də, əksinə, neqativ cəhətlərini görməməyə çalışır.

Dəyərsizləşdirmə mərhələsi ideallaşdırmanın tam əksidir. Bu dəfə, artıq sevdiyinin müsbət yox, mənfi cəhətləri sənin diqqət mərkəzində olur. Mənfilikləri şişirdir, necə deyərlər, qarışqanı böyüdüb fil eldirsən. Bu mərhələdə sevgi adlı möcüzə anidən səni tərk etdiyindən sevdiyini yüksəltdtyin ucalıqdan yerə endirirsən.

İnteqrasiya mərhələsi isə sevgi münasibətlərinin tam yetkinlik dövrüdür, buna yetişkənlik dövrü də demək olar. İlk iki mərhələdən fərqli olaraq burada sevən düzü düz, əyrini əyri görür. Yəni, sevdiyini real insan prizmasından baxaraq bütün müsbət və mənfi cəhətləri ilə birgə qəbul edir. Çox təəssüf ki, sevgi münasibətlərində biz əksər halda bu mərhələyə çata bilmir, öncə ideallaşdırıb sonra dəyərsizləşdiririk.

Motivasiya etdiyim elə sevən gənclər var ki, bir-birlərini durmadan ittiham etməkdə, «öz aralarında yaxşı və pisi müəyyənləşdirmək» mübarizəsinə rəvac verməkdədirlər. Necə ki, uğursuz sevgi cavabsız sevgidən yaranır, eləcə də qarşılıqlı sevginin növbəti dəyərsizləşdirmə mərhələsi də uğursuz sevgi istehsal etməkdədir. Hətta bir-birini şiddətlə sevib, ailə qurub, sonradan ayrılan gənclərimiz məgər azdır? Demək, uğursuz sevgi anlayışının birtərəfli, cavabsız sevgi kimi, adi, bəsit forması ilə yanaşı bax bu, sonradan «bizimki tutmur», «xasiyyətimiz uyğun gəlmir» xarakteristikası ilə ayrılmağa rəvac verən mürəkkəb forması da sonucda eyni anlama gətirib çıxarır – cəmiyyətdə narazı və bədbin insanların sayı artır.

Biz sevgini həyatdan almaq istədiyimiz ən böyük hədiyyədən, mükafatdan biri hesab edirik. Bu mükafatdan ötrü əksərən istənilən şücaətə, qəhrəmanlığa hazırıq, istənilən məhrumiyyətlərə, çətinliklərə sinə gərməkdəyik.

Bu yaxınlarda mənim ölkəmdə çox sarsıdıcı bir hadisənin şahidi olmuşduq. Sevgilərinə valideyinləri tərəfindən qadağa qoyulan iki sevən gənc aləmə meydan oxuyaraq özlərini avtomobilin içində yandıraraq işıqlı dünyaya əlvida demişdilər. Sevgi – qanda olan xoşbəxtlik hormonlarının səviyyəsini artırmaqla yanaşı, həm də qorxu hissini yox edən feniletilaminin səviyyəsini də qaldırır.

Bəs «sevgi uğursuzluğu» sindromundan necə qurtulmalı? Əlbəttə ki, bunun yolları mümkündür. İlk növbədə, uğursuz sevgiyə mübtəla olub bunun acılarını çəkəndə bu dərddən qurtulmağa istəyin də olmalıdır. Həmin şəxs əmin olmalıdır ki:

Birincisi: Qarşılıqlı, adekvat olmayan sevginin fəsadları bu gün müalicə olunur, məsələn, antidepressantların köməyi ilə. Ona görə də, Məcnunluq etməkdənsə mütəxəssisə müraciət eləmək, çarəsizlik komplekslərini yığışdırmaq lazımdır. Sevgi azarına tutulmaq da bir xəstəlikdir, xəstəlik gələndə isə mütləq təbibə müraciət eləmək lazımdır.

İkincisi: İnsan özündə güc, iradə tapmaqla sevgi azarından özbaşına da qurtula bilər, yəni ki, tibbin digər xəstəliklərindən fərqli olaraq sevgidə özünümüalicə olduqca effektiv təsir bağışlayır.

Bəs bunu necə həyata keçirmək olar? Təbii ki, möhkəm iradə, güclü xarakter vasitəsi ilə. Sevgi xəstəliyindən qurtulmaqçün sizə sevgi acısı yaşadan kəsdən hər gün bir qədər də uzaqlaşın, onun mənfi xüsusiyyətlərini xatırlayıb bunlara önəm verin, özlüyünüzdə onu pisləyin. Bu, olduqca müsbət effekt verəcək. Unutmayın, sevgi ağrısını dərhal, yerində kəsmək xeyli rahatdır, sizi az ziyanla ötüşdürən prosedurdur. Amma elə ki, bu ağrı tam gücü ilə tüğyan etdi, ağrıkəsicilər artıq kömək edə bilməyəcək.

Ani olaraq yanaşı qoyulan iki gözəl dibçək çiçəyini nəzərdən keçirin. Onlar bir-birinə sarı böyüyürlər, sanki bir-birilərindən güc alırlar, bir-birilərindən gözəllik alırlar. Qəfildən onları ayırın. Nə olacaq? Eyni kökdən böyümürlər ki, məhv olsunlar? Yenə də yaşayacaqlar. Nə olsun, bir müddət təklikləri təəssüfverici olacaq?

Hər bir insanın həyatından sevdiyi şəxs gedə bilər. Əfsus ki, bəzən bunu həyatın sonu adlandırır, dünyamızın uçub dağıldığını zənn edirik.

Əslində isə, heç nə dağılmayıb. Bir az tərpənib. Onu da bərpa etmək öz əlimizdədir.

Bəs sevgidə uğur qazanmağın yolu nədən keçir?

Biz bu söhbətimizə necə, nədən başladıq? Ondan başladıq ki, ilk öncə sevən gənc sevginin elmi əsasını bilməlidir, kor-koranə sevməyin gətirəcəyi fəsadlardan xəbərdar olmalıdır. Kitabımızın bu bölümü də məhz ona xidmət edir. İlk öncə hər bir sevən gənc öz sevgisinin növünü, xarakterini müəyyənləşdirməlidir, sevgisinin bütün xüsusiyyətlərinə bələd olmalıdır. Bayaq bir neçə sevgi təsnifatı ilə sizləri tanış etdim. Sevginin «ipini tam əlinə almaq», onu idarə etməkçün ən vacib olanı bədəndəki hormonlara uyğun olaraq müəyyənləşdirilmiş sevgi tipləridir ki, bu müəyyənləşdirmə də ABŞ antropoloqu X.Fişerə məxsusdur.

Sevgi hisslərinin yaranmasında dörd hormon dominantlıq edir ki, bunlar da haqqında artıq bəhs etdiyimiz testosteronla yanaşı serotonin, estrogen və dofamindir. 

Beləliklə, X.Fişerin tipləri bunlardır:

1. Testosteron həcmi yüksək olanlar.

Belələrini X.Fişer sevgidə idarə edənlər adlandırır.

Daha çox kişilərdə olan, qadınlarda isə böyrəküstü vəzlərdə az həcmdə yaranan bu hormon tələbkar, eqoist, bir qədər sərt, kobud sevən obrazı yaradır. Belələri, sevgilərini asan idarə edir, qurduqları ailədə əsl ailə başçısı olurlar. (X.Fişer belələrini tiran adlandırmaqdan da vaz keçmir). Bu tip insanların sevgilisi olanlar öncədən «ağır otur batman gəl» prinsipi ilə qapalı bir ailə həyatı keçirəcəklərinə hazır olmalıdırlar;

2. Dofaminin həcmi yüksək olanlar.

Belələrini X.Fişer sevgidə tədqiqatçılar adlandırır.

Dofamin hormonu emosiya və liderlik keyfiyyətlərinə cavab verir. Bu tip sevənlər həm də dəyişkən xarakterli sevənlərdir. Sevginin ilk fazasında sevdiklərinə bol hədiyyələr, sürprizlər edən belələrinin emosiyaları aşıb-daşırsa da sevginin ikinci fazasında onlar darıxmağa başlayırlar, əvvəlki sevgi dəyərlərinin gözlərində düşməsini müşahidə edirlər. Bu tip insanların sevgililəri münasibətlərini qoruyub saxlamaq üçün onları daim nələrləsə də təəccübləndirməli, daim sevginin yeni-yeni çalarlarını ortaya qoymalıdırlar.

3. Serotoninin həcmi yüksək olanlar.

Belələrini X.Fişer sevgidə inşaatçılar adlandırır.

Belələri sadiq, etibarlı olurlar, təsərrüfatcıl, ailəcanlı olurlar, xəyanət nə olduğunu bilməzlər. Amma bu tip sevənlərdə romantika, fantaziya görmək mümkün deyil, onlarçün sevgi – sadəcə ailə həyatı qurmağın ilk addımıdır.

Təsəvvür edin, inşaatçılar tədqiqatçılarla sevişsələr axırı nə olar?    

Bu cür sevgi dərhal uğursuzluqla nəticələnər. Amma, inşaatçılar  

qarşı tərəfdən heç bir təşəbbüs gözləmədən tam idarəetmə

diktaturasına riayət edən idarəedənlərlə normal münasibətlər qura bilərlər.

Ən nəhayət, gəlib çatdıq dördüncü tipə:

4. Estrogenin həcmi yüksək olanlar.

Belələrini isə X.Fişer sevgidə danışıq aparanlar adlandırır.

Daha çox duyğusal olan, hiss adamı olan belələri mehribandırlar, qayğıkeşdirlər. Daim nəvaziş göstərirlər, sevgidə yaradıcıdırlar. Amma xeyli müdafiəsiz, köməksizdirlər, münasibətə aydınlıq gətirməyi, yerli-yersiz mübahisə etməyi, inciməyi, küsməyi çox sevirlər. Amma sonda da barışan tərəf özləri olurlar. X.Fişerə görə, belələri ilə bütün digər tiplər uyğunlaşa bilir. Bizim təbirimizcə desək, dördüncü tipin nümayəndələri «adam yolaverənlər»dir.

 

***

 

İnsan təbiətinin üç əsas xüsusiyyəti hansılardır? Düşünmədən cavab verərik ki, bioloji, intellektual və mənəvi. Əksərən bu xüsusiyyətlərə istinadən yaranan sevgi hissləri uzunömürlü olur. Amma çox təəssüf ki, hazırda bu xüsusiyyətlərin üçünü də öz kölgəsində qoyan maddilik xüsusiyyəti sevən kəslərdə dominantlıq etməyə başlayıb. İndi sevgidə şəxsi mənfəət axtaranlar, xüsusən hazırki kapitalizm cəmiyyətinin tələblərinə uyğun hərəkət edirlər. Özlüyündə gedonizm (həzz duymaq) və karyerizm (qarşı tərəfin üstünlüklərindən yararlanmaq) kimi halları birləşdirən maddilik geniş vüsət alıb. Bu dialoqları kim eşitməyib ki:

- Qızı istəyən var.

- Kimlərdəndir? Evi-eşiyi, işi-gücü varmı?

Yəni ki, sevənin gözəl-göyçək olmaq kimi fizioloji, sevən qəlbə malik olmaq, ağıllı, tərbiyəli, gözəl xasiyyətli olmaq kimi mənəvi, ali təhsilli, bilikli olmaq kimi intellektual tərəfləri maraq doğurmur, maraq doğuran onun regionu, valideynləri, var-dövlətidir, maddi tərəfləridir.

Uğurlu sevgi münasibətlərində bax bu faktor da nəzərə alınmalıdır, acı da olsa, «ayağını yorğanına görə uzatmaq», «özünəuyğun birisini tapmaq» zərurəti günümüzün sevgi münasibətlərinin qurulmasında ən vacib rol oynayan münasibətlərdəndir.

Xaraktercə də özünəuyğun birisini tapmaq, məhz yaxşı bələd olduğun birisi ilə ailə qurmaq istəyin özünü sonda tam doğrulda bilər. Bir tanışlıqla «ZAQS»a qaçmaq, az qala bütün ölkələrin teleefirlərində populyar olan evlilik proqramları vasitəsi ilə evlənmək əksər hallarda uğurlu ailə qurulmasına rəvac verə bilmir.

Sevgidə uğur qazanmağın bir tərəfi də illüziyalardan qopub çıxmaq bacarığıdır, qarşılıqsız sevgiyə, dəli kimi sevgiyə tuş olmamaq, bundan yayınmaq cəldliyidir. «Mən sənin sevgini istəyirəm», «Mən səni sevirəm, sən də sev» kimi tələblər nəyə lazımdır? Necə ola bilər axı, sənin ona olan hisslərini eynən də o sənə qarşı keçirsin?

Məşhur bir Azərbaycan mahnısı var, hazırda dünyasını dəyişmiş müğənni Rübabə Muradovanın ifasında dönə-dönə dinləməkdən doymazdım:

Mən sevim, sən sevmə, qoy belə olsun.

Sənə sev deməyənə cürətim var.

Ürək özünündür, özün bilərsən

Mənimsə dözumlu məhəbbətim var.

Görün necə gözəl sözlərdir. Məncə, sevgi münasibətlərinin ən lazımi səviyyəsini göstərir bu mahnı. «Sənə sev deməyə nə cürətim var!» Bax belə!

O ki qaldı qarşılıqlı sevgiyə, bu zaman sevənlərin ən əsas vəzifəsi sevgini qoruyub saxlamaqdır, öncəki abzasların birində qeyd elədiyimiz dəyərsizləşdirmə mərhələsinə yol verməməkdir. Sevginin ömrünün uzunluğunu rusiyalı psixoloq V.Kirilenko bu formula ilə izah edir: Sevgi uzunmüddətliyi bərabərdir: uyğunlaşmanın ideal səviyyəsi – qarşılıqlı maraqların olması – bir-birinə iradın olmaması.

B.Kirilenkoya görə uzunmüddətli sevgi reseptində ən vacib olanı əks tərəfi təmin edə bilməkdir. Bu təminetməyə həm maddi, həm mənəvi, həm fiziki parametrləri aid eləyə bilərik.

Uğurlu sevgiyə nail olmağın başqa bir şərti də sevgiyə kifayət qədər diqqət ayırmağı bacarmaqdır. Obrazlı şəkildə desək, bəzən insan özü öz əlləri ilə sevgisini boğub öldürür. Əgər siz sevginizə vaxt ayırmırsınızsa, qüvvə sərf etmirsinizsə, onu dəyərləndirmir, qiymətləndirmirsinizsə, onun gəlişinə görə şükranlıq eləmirsinizsə, sizi sevənin bunu kifayət qədər məsuliyyətlə və qaydasınca həyata keçirməsinə rəğmən az sevildiyinizi zənn edirsinizsə, bu halda sevgi sizdən üz döndərib gedəcək, bu reallıqdır.

Uğurlu sevginin daha bir şərtinə sevgidə dözümlülüyü misal gətirə bilərik. Mütəxəssislərin hesablamalarına görə, təqribən bir ildən sonra sevgi ehtirası azı iki dəfə azalır. Kişi-qadın münasibətləri üzrə ixtisaslaşmış və son illər bir çox ölkələrdə kifayət qədər populyar olan fransız yazıçısı Frederik Beqbeder məşhur «Məhəbbət üç il yaşayır» kitabı ilə, hətta sevgi hissinin dəqiq ömrünü də hesablamağa müvəffəq olub: üç il (əlbəttə, fransız yazıçı bu rəqəmi götürərkən bir çox təlimlərdən, mütəxəssis qənaətlərindən istifadə edib).

Sevgiyə cavab verən hormonların tükənmək fazası realdır, bunun qarşısını almaq, demək olar ki, mümkünsüzdür.

Əziz oxucularım, alimlərin fikrincə, kişi-qadın münasibətlərinin ardıcıl və dayanıqlı olmasında ən vacib məqam sevgi hormonları deaktivləşəndə sevgi hisslərini dostluq, qarşılıqlı hörmət hisslərinə çevirə bilmək bacarığıdır. Yeri gəlmişkən, bu hisslər daha dərin, daha uzunmüddətli olur. Siz ağsaqqal və ağbirçək bir cütlüyün bir-birinə can deyib can eşidərək bütün həyatları boyu xoşbəxt yaşamaları faktına yəni heç rast gəlməmisiniz? Şəxsən mənə yüzlərlə belə faktlar məlumdur.

Sevin, sevilin, əziz oxucularım. Dünyada sevgidən gözəl bir hissmi var? Ancaq sevərkən, çalışın, başınızı itirməyəsiniz. Sadaladıqlarıma diqqət etsəniz, bu mövzuda olan müxtəlif ədəbiyyatı oxusanız, şübhəsiz, sevgidə uğur qazana biləcəksiniz. Sevgi bir elmdir, onu öyrənmədən imtahan vermək barədə düşünməyin. Sevgi bir yüksəklikdir, gücünüzə əmin olmadan ora çıxmağa çalışmayın. Sevgi bir xoşbəxtlik əlifbasıdır. Bütün hərflərini öyrənib mənimsəyin ki, onu dərk edib oxuya biləsiniz.

Bazar ertəsi, 14 Fevral 2022 13:00

Bu gün Beynəlxalq Kitab Bağışlamaq Günüdür

14 fevral günü, əlbəttə ki, ilk növbədə Sevgililər Günü kimi tanınır. Ancaq bu gün qeyd olunan daha bir bayram haqqında da xəbərdar olan insanların sayı get-gedə artır. 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, 2012-ci ildən başlayaraq hər il 14 fevral Beynəlxalq Kitab Bağışlamaq Günü  (International Book Giving Day) və ya uşaqlara kitab hədiyyə edən və onlara kitab oxumağı sevdirən hər kəsi birləşdirən Beynəlxalq Kitab Günü kimi qeyd olunur.

BMT-nin və ya digər ictimai təşkilatların beynəlxalq xarakterli problemlərə diqqəti sayəsində doğulan bayramlar var, dövlət bayramları, dini, peşə və s. bayramlar vardır. Hər halda, onların hər birinin öz yaranma tarixi də var.

Kitab hədiyyə etmək günü – təkcə qlobal mahiyyətinə görə deyil, həm də ona görə beynəlxalq bayramdır ki, öz kökləri ilə bir xalqdan çıxıb bütün xalqlara aid olub.

(Xatırladaq ki, bu bayramın yaranması təşəbbüsü bir adi insana – ABŞ-da uşaq kitabı saytının banisi xanım Emmi Brodmura məxsusdur).

Bayramınız mübarək, əziz kitabsevərlər!

 

“Ədəbiyyat və incəsənət” portalı yazıçı Varisin “Metamorfoz” romanını təşkil edən hekayələrdən birini - “Unudulmuşlar”ı oxucularına təqdim edir, bütün sevənlərə unudulmamağı arzulayır. 

 

Unudulmuşlar

 

Gördü ki, hərə öz kefindədir. Rəqs eləyirlər, lətifə söyləyib gülüşürlər, badə cingildədirlər... Astaca qapını aralayıb içki, tütün qoxulu o aləmdən qopdu, pilləkənlə həyətə düşdü.

Ay ipiri idi, hər yanı nura boyamışdı. Əvvəl elə bildi qar yağıb. Əyilib yerdən qar da götürmək istədi. Ancaq barmaqları torpağa sürtünəndə başa düşdü ki, bu təzə il də qarsız gəlir ömürlərinə.

Lap uzaqda nöqtə boyda işıq işarırdı. İşə bax. Sən demə, bunlardan savayı da Yeni ili bağda keçirən var imiş...

Siqaret yandırdı. Əvvəllər elə başa düşürdü ki, həyatda daimi heç nə yoxdur. Ona görə də öz uğursuzluqlarının əvvəl-axır qurtaracağına inanırdı... İndi bu inam da itmişdi...

Tənəklərin arası ilə bir-iki addım atdı. Birdən xışıltı eşidib diksindi və... yerində donub qaldı. Su quyusunun yanında bir qadın əllərini sinəsində çarpazlayıb dayanmışdı. Özü də paltarı elə bil daş-qaşdan idi, alışıb yanırdı.

Qadın onu görcək gülümsədi:

- Siz də çıxdız?

Tanıdı qadını. Lap küncdə, Raufun yanında oturan idi.

- Hə, gördüm hamı bir-birinə qarışıb, mənə məhəl qoyan yoxdur, çıxdım...

Qadın ah çəkdi:

- Elə mən də.

Bayaq ötəri baxdığı qadını indi diqqətlə süzdü. Gözəl idi. Ancaq hiss edilirdi ki, gözəlliyi artıq solmağa başlayıb.

Hətta ən gözəl çiçəyin belə solmağa məhkum olmasına həmişə təəssüflənərdi. İstəyirsən lap qızıl güldana qoy, xeyri yoxdur...

...Onu gördü ki, düz qadının qarşısındadır və sual verir:

- Bəs üşümürsüz? Əsl qış havası olmasa da, hər halda soyuqdur axı..?

Arabir küləyin vıyıltısı eşidilirdi. Kürkünü qadının çiyninə saldı. Qadın bir az dartındı:

- Özünüz geyinin, mən üşümürəm.

Sonra sakitləşdi:

- Çox sağ olun. İstəmirəm bir də palto üçün içəri girim.

Bir müddət Aya baxdılar. Qadın əlini uzatdı, guya tutacaqdı Ayı:

- Ömrümdə bu boyda Ay görməmişdim.

O da əlüstü dilləndi:

- Elə mən də.

Qadının bir addımlığında durmuşdu. Vurduğu ətirin bihuşedici qoxusu, həm də nəfəsi ona dəyəndə ürəyi uçundu, titrək səslə dedi:

- Olar sizdən bir söz soruşum?

- Lap beşini soruşun.

- Siz Tofiqin nəyisiz?

Qadın tutuldu. Dillənmədi. O, tez sözünü dəyişdi:

- Bəlkə yellənək?

Yelləncəyə qalxdılar. Yelləndikcə Ay, elə bil, dövrə vururdu başları üstündə.

Qadın az qala qışqıra-qışqıra soruşdu:

- Sizin adınız nədir?!

O da beləcə qışqırdı:

- Bayaq Tofiq bizi tanış elədi axı! Mənim adım Rüfətdir! Sizinki isə Sara!

Bir müddət yelləndilər. Rüfət qızının karuselləri xoşlamasından, oğlunun dəcəlliyindən, arvadının qayğılarından danışdı.

Sara dedi:

- Saxlayın, başım fırlanır.

Rüfət istəməsə də, bunu etməyə məcbur oldu.

Quyu daşının üstündə oturdular.

Sara barmağı ilə sanki daşın üstündə şəkil çəkə-çəkə soruşdu:

- Çoxdan evlisiz?

- Yeddi ildir. Bəs sizin ailəniz yoxdur?

Sara içini çəkdi:

- Bir qızım var, ərdədir.

Rüfət təəccübləndi. Üzündəki təəccüb qarışıq gülümsər ifadə ilə sual verdi:

- Bəlkə nəvəniz var?

Sara şəkil çəkməyi yığışdırdı:

- İnanmırsız? Özünüz bilin. Beş aydır ki, köçürmüşəm qızımı. Mənim otuz altı yaşım var. Siz deyən qədər də cavan deyiləm... Ərim isə ölüb... Mənim üçün...

Sonra köks ötürdü:

- Bəs nə əcəb arvadınız razı olub bura gəlməyinizə?

Rüfət də köks ötürdü:

- Qayınatamgilin ənənələri var, hər Yeni ili bütün ailə bir yerdə keçirir.

- Siz niyə getmədiz?

- Evləndiyim ili getdim, gördüyümü gördüm.

Sara maraqla Rüfətin gözlərinin içinə baxdı:

- Nə gördüz ki?

- Heç... Xoşuma gəlmir onların məclisləri. Bacanaqlarım elə oturub-dururlar, guya bunlardan savayı kişi yoxdur. Yağlı yerdə işləyirlər də... Mənsə adicə televizor ustasıyam... Düzdür, mən də pis qazanmıram. Amma yenə də yanlarında hörmətim yoxdur. Ağzımı açan kimi sözümü kəsirlər. Yoldaşım da ayağımı tapdalayır ki, birdən artıq-əskik danışaram. Qayınatam onlara «can» deyir, mənə məhəl qoymur... Adama vəzifəyə, pula görə yox, insaniyyətə görə qiymət verilməlidir də, düzdü? Ancaq kimə deyirsən?! Hörmətsiz, qiymətsiz yaşamaqdan artıq usanmışam. Hər il yoldaşıma deyirəm, getmə. Ağlayır, dalaşır, küsür. Mən də dözmürəm, razı oluram. Uşaqları da aparır... Hər Yeni il axşamı mənim ən yalqız günüm olur. Bu gün də oturub televizora baxırdım. Gördüm, Tofiq zəng vurdu ki, bağa yığışırıq. Doğrusu, təəccübləndim. Bu qış vaxtı nə bağ? Ancaq razılaşdım. Uşaqları da çoxdan idi görmürdüm. Biz axı dörd dost olmuşuq: Tofiq, Rauf, Akif, bir də mən...

- Tofiq, Rauf, Akif, bir də Rüfət... Dördünüzün də adında «f» hərfi var ki.

- Hə? Heç fikir verməmişdim... Başqa hansı hərf var dördümüzün də adında?

- ... Məncə, heç biri.

Azacıq susdular. Sükutu Saranın səsi pozdu:

- Bir şey desəm, acığınız tutmaz?

- Əlbəttə tutmaz.

- Deyəsən, Tofiqlə aranız sərindir axı. Mən fikir verirdim, o biri dostlarınızla elədiyi zarafatları sizinlə eləmirdi...

Rüfət içini çəkdi:

- Vaxtilə Tofiqlə çox yaxın olmuşuq, bir həyətdə böyümüşük, uşaqlıq dostuyuq. Sonra Rauf çıxdı, Tofiqin mənə olan diqqətinin yarısından Raufa pay düşdü. Sonra Akif peyda oldu. Mən ali təhsil almamışam deyə, ya nədəndisə, bunlar bir-biriylə daha mehriban oldular... Beləcə, günlərin birində gördüm artıq adama çevrilmişəm, unudulmuşam. Başa düşürəm, bu gün niyə məni xatırlayıblar. Buna deyərlər, xala, xətrin qalmasın.

Yenə bir müddət susdular. İçəridəkilər əl çalır, ayaqlarını yerə döyürdülər. Sara dedi:

- Kefdədirlər.

Aşağı mərtəbənin pəncərələrini gur işıq bürümüşdü. Yuxarı mərtəbənin qaranlıq pəncərələrində isə Ayın işığı əks olunmuşdu.

Rüfət səsini yavaşıtdı:

- Keçmiş dostlar, keçmiş tanışlar, keçmiş məhəbbət... Məndə bunların hamısından olub. Sizdə bəs?

- ...

- Sizin keçmiş məhəbbətiniz olmayıb yəni?

Sara gözlərini işıqlı pəncərələrdən tən ortada olanına zilləmişdi. Rüfət isə, elə bil, öz-özünə danışırdı:

- Qabaqlar dəli-divanə idik. Sonra eşitdim ki, başqasını da sevib haçansa. Bunu özümə sığışdırmadım...

- ...

- Əslində hər bir kişinin evlənənədək bir neçə sevgisi olur. Amma siz qadınlar əksərən ilk sevginizə sadiq qalırsız...

Saranın gözü pəncərədən qopmurdu:

- Siz otaqdan çıxanda Tofiq rəqs eləyirdi?

Rüfət özü ilə söhbətinə ara verməli oldu:

- Gərək ki, yox... Rəqs eləyən yox idi. Söhbət eləyirdilər.

- Tofiq o qara donlu qızla söhbət eləyirdi?

- Fikir vermədim.

Sara durub var-gəl eləməyə başladı:

- Bir saata yaxındır ki, burdayam. Başı necə qarışıbsa, hələ də xəbəri yoxdur...

Rüfət bu barədə çox düşünmüşdü. İnsanlar bütün ömürləri boyu xoşbəxtlik gəzirlər, ancaq hey ağrıyla, əzabla, ölümlə üzləşirlər... Xoşbəxtliyin düzgün ünvanını bilən bir ovuc insan onu digərləri ilə bölüşmək istəmir...

Sara əsəbiləşdi:

- Siz kişilər hamınız beləsiz! Əvvəl yalvarırsız, diz çökürsüz, ələ keçirəndən sonra isə kobudlaşırsız, zəhərləyirsiz adamı. Bir səhv idi, əzabını çəkə-çəkə yaşayırdım. Bu da ömrümdə ikinci səhvim oldu. İndi də, yəqin, o qara donluya vurulub. Çünki o qızın, uzağı, iyirmi beş yaşı olar, çox gəncdir, təravətlidir... Niyə evlənmir? Gör neçəsinin həyatını zəhərləyib. Qoy bir az keçsin, o qara donludan da soyuyacaq. Gültək qoxlayıb tullayır qadınları. Vəhşidir, yırtıcıdır, əclafdır... Mən axmaqsa onu sevirəm... Bura da məni, yəqin, ona görə çağırıb ki, yeni sevdasından xəbər tutub rahat buraxım onu...

Səs-küy lap yaxınlaşdı. Qapını açmışdılar. Sara ümidlə ora baxdı. Ancaq tez də bağladılar. O, üzü pəncərəyə tərəf donub qaldı.

...Görəsən, neçə saat idi həyətə çıxdığı? Rüfət bədəninin soyuqdan gizildədiyini indi hiss elədi, durdu, gəzinməyə başladı. Tənəklərin arası ilə bir xeyli getdi. Son dəfə bu bağda nə vaxt olmuşdu? Gərək ki, yeddi-səkkiz il əvvəl. Subay vaxtları idi. Tofiqin 07-si 1 (VAZ avtomobili növü) ilə gəlmişdilər, hələ cip almamışdı Tofiq. Onda bax, bu yola daş döşənməmişdi... Bu talvar da yox idi...

Geri qayıdanda Saranı ağlayan gördü.

- ... Anam vardı, dözürdüm. İndi hər şeydən əlim üzülüb. Harda qoca görürəmsə, ürəyim yerindən qopur. Elə bilirəm, anamdır qarşımdakı. İstəyirəm hey qulluq eləyim ona... Qonşuluqda bir qarı var. Həmişə əlindən tuturam. Bir dəfə dedi: «Xoşbəxt ol». Qulaqlarıma inanmadım, soruşdum: «Nə deyirsən?» Bir də təkrar elədi. Dedim, mən hara, xoşbəxtlik hara?! Yolkanı qurmuşdum. Biskvitli tort da bişirmişdim. Üstünə kremlə «Yeni iliniz mübarək!» yazmışdım. Dedim, qızımla kürəkən gələrlər, birlikdə oturarıq. Qudamgil məni bəyənmirlər. Tofiqlə tanışlığıma görə. Onların aləmində dul qadının ixtiyarı yoxdur təzədən kiminləsə münasibət qursun... Qoymadılar qızı. Bəlkə də heç özünün meyli olmadı. Zəng eləyib yeni ilimi təbrik elədi, vəssalam. Getdim qarının dalınca. Osa qulaq yoldaşım olardı. Gördüm, onun da oğlu dalınca gəlib. Dedim, bəxtəvər başına. Heç olmasa, bayramdan-bayrama yada düşür... İki il qabaq yeni ili üçümüz qarşılamışdıq: anam, mən, qızım. Keçən il qızımla mən idik. Bu il isə tək qaldım... Televizor da işləmir. Oturub bikef-bikef yolkaya baxırdım ki, bir də sənin Tofiqin zəng elədi...

«Televizor işləmir» kəlməsi sanki Rüfəti yerindən tərpətdi:

- Niyə göstərmir televizorunuz?

- Nə bilim, ağarır, ancaq səs-filan yoxdur...

Rüfət gözlərində azacıq işıq, dərhal dilləndi:

- Bildim nədəndir, bircə dəqiqəyə düzəldərdim onu...

Qapı yenə açıldı. Sara yenə ümidlə ora boylandı. Qapı bağlananda gümüşü qol saatına baxa-baxa soruşdu:

- Şəhərə neçə saatlıq yoldur?

- Qırx-qırx beş dəqiqəlik... Uzağı bir saatlıq.

- Yeni ilə isə üç saat yarım qalıb...

Rüfət yenə siqaret yandırdı. Qəribə işdir: insanlar hər yeni il axşamı deyirlər, gülürlər, şənlik eləyirlər... Bəs qazandıqları nədir axı? Əslində ömürlərindən bir il də itirirlər. Yəni itkiyə şad olmaq düzgündür? Ölün ölür, durub toy-bayram edirsən?

Az sonra özlüyündə təsdiqlədi ki, «bu il mənə düşmədi, gələn il, yəqin, düşərli olar» imitasiyası hamı üçün daimi inanca çevrilib.

...Sara bir də təkrar elədi:

- Bəlkə, gedək?  

Rüfət dinmədi.

- Niyə susursuz?! Qoy başa düşsünlər ki, bizim də hissiyyatımız var. Siz televizoru düzəldərsiz, mən də sizi torta qonaq edərəm. Mənim tortlarım çox dadlı çıxır. Kim yeyirsə, barmaqlarını yalayır...

Rüfətin qolundan yapışdı:

- Siz Allah, gəlin gedək.

Rüfət yüngülcə dartındı:

- Olmaz axı, yaxşı düşməz...

Sara incikliyini gizlətmədən ondan aralandı:

- Bəs, sizcə, onların hərəkəti yaxşı düşür?! Bu nə hörmətsizlikdir adama göstərirlər?!

Hərdən nədənsə insanların yalan söyləməyə, başqa bir obraza girməyə məcbur olması Rüfəti daim narahat edirdi. Bu gün səni qane edən, sənə sərfəli olan münasibət artıq sabah ağır bir buxova çevrilir, yeni münasibətlərə doğru yönəlmiş daş-kəsəkli, palçıqlı yolunda sənə maneçilik törədir... Ondan qopmağa məcbur olursan, ayağına dolaşan dəmir zəncir kimi tapdalayıb, palçıqda qoyub gedirsən... Amma bununla yanaşı, «yaxşı çıxmaz» düşüncəsi ilə bu elədiklərini gizləmək məntiqsizliyinə də əl atırsan... Çılpaq ikən özünü paltarlı göstərdiyini zənn edirsən...

...Rüfətin içəri girməyi ilə çıxmağı bir-iki dəqiqə çəkdi:

- Bu da paltonuz. Yaxşı ki, təkcə sizin paltonuzun rəngi ağdır, yoxsa çaşıb qalardım... Heyif ki, görən oldu...

Ay bir az da irilənmiş, hava bir qədər soyumuşdu. Kanalın qırağı ilə gedirdilər. Yol kələ-kötür idi. Sara büdrədikcə Rüfət onun qolundan yapışırdı.

- ... Siz televizoru düzəldərsiz, mən də çayı qoyaram qızmağa. Xörək çəkərəm, tortu kəsərəm. Qab-qacağım elə düzülüdür.

Rüfət öskürdü.

- Deyəsən, sizə soyuq dəydi? Hər şey məndən oldu, kürkünüzü əlinizdən aldım...

- Boş şeydir.

- İstəsəniz, belinizə banka qoyaram. Lap keçi piyi ilə ovaram...

Üzü üstə uzanıb. Kürəyiylə yumşaq, ipisti barmaqlar gəzir...

Rüfət nəsə bir hərarət duyurdu, bədəninə xoş bir gizilti gəlmişdi. Kefi duruldu, özünü naza da qoydu:

- ... Bəri başdan bildirim: mən hind çayını xoşlamıram, heyif deyil bizim Lənkəran çayı!

- Bəs xörəklərdən nəyi xoşlayırsız?

- Fərqi yoxdur. İndiyə kimi mənim sifarişim ilə xörək bişməyib.

- Nə danışırsız?! Ərim möhkəm yeyib-içən idi. Demək olar, günüm mətbəxdə keçirdi. Özü də nə gəldi yeməzdi, komanda verirdi: Piti bişir... Küftə-bozbaş istəyirəm... Langet hazırla... Eh, elədiklərim burnundan gəlsin... Qədrimi bilmədi...

Rüfətin içində dilinə gətirməyə çətinlik çəkdiyi «Niyə ayrıldız ki» sualı baş qaldırmışdı. Bir də, onu çox maraqlandırırdı, Sara Tofiqlə harada və necə tanış olmuşdu...

Kanal uzandıqca uzanırdı...

Sara xeyli susandan sonra dilləndi:

- Eybi yox. Bu gün sizin sifarişinizlə xörək bişər. Çəkili ətim də var, sousluq ətim də. Üstəlik, toyuğum da var. Mən sevimli xörəyinizi bişirərəm, siz də alboma baxarsız. Qızımın hər il ad günündə şəklini çəkdirmişəm. On səkkiz dənə şəkil. Dostunuz da xoşlayırdı şəkillərə baxmağı...

Sara ah çəkdi... Üzündəki bayaqkı donuq ifadə yenidən geri qayıtdı.

Bir qədər də irəlilədilər. Döngəni başa vuranda uzaqdan şəhərin işıqları göründü. Rüfət sevincək qışqırdı:

- Odey, mikrorayonun işıqları... Ev indi istidir... Musiqi mərkəziniz olmamış olmaz. Rəqs eləməyi bacarırsız?

Sara arxaya baxırdı:

- Deyirsiz paltonu götürəndə görən oldu?

Rüfətin addımları birdən-birə  ağırlaşdı. O, məyusluqla: - Oldu, - söylədi.

Sakitcə getməkdə idilər. Ara-sıra küləyin vıyıltısı eşidilirdi. Sara tez-tez büdrəyirdi...

Birdən arxadan siqnal səsi gəldi. Avtomobil işığını onların üstünə salmışdı. Saranın səsi titrədi:

- Odur...

Rüfət də içini çəkdi:

- Hə.

Şəhərə xeyli yaxınlaşmışdılar. Sara Rüfətin qolundan yapışdı:

- Gəlin qaçaq.

- Olmaz axı...

- Yox, olar. Qoy görsün ki, mən əşya deyiləm. Qoy görsün ki, ondan qaçıram, ona nifrət eləyirəm...

- Yaxşı, siz nifrət edib qaça bilərsiz. Axı mənim qaçmağım yaxşı çıxmaz.

- Xahiş edirəm.

- Uşaqlıq etmiş olaram...

- Yalvarıram...

Doğrudan da qaçmağa başladılar...

Deyəsən, avtomobil də sürətini artırdı. Sara nəfəsini dərə bilməsə də, qırıq-qırıq sözlər söyləyirdi:

- Dəli olur indi... Qoy olsun...

Sonra dayandı:

- Yazıqdır... Qoy gəlib çatsın. Bu kələ-kötür yolda biz ondan bərk gedirik...

Rüfət də dayanmalı oldu. Onun gözündə bir aləm uçub dağılırdı: isti otaq, ağaran, ancaq səsi çıxmayan televizor, bəzədilmiş küknar, biskvitli tort, türd dəmlənmiş çay...

İçində bir qəzəb yaranmışdı yaxınlaşmaqda olan avtomobilə. Əlinə keçənlə onu xıncım-xıncım eləməyə hazır idi.  

Saranın səsi isə sanki lap uzaqdan gəlirdi:

- Mən onun dalımca gələcəyinə arxayın idim. Baxarsız necə peşmançılıq çəkəcək... O bilir, gözəl bilir ki, qara donlu yaşca məndən cavan olsa da, mənim heç yerə atılan dırnağım da ola bilməz...

Susub avtomobilin gəlib çatmasını gözlədilər. Bu bir an bir il qədər uzun oldu elə bil.

... Avtomobil Saranın qarşısında dayandı. Öncə Sara fərqinə vardı ki, bu, Tofiqin «Prado»su deyil. İçindən bir ağrı keçdi. Dərhal də ümidləndi, ola bilərdi həyətdə bir neçə maşın olduğundan, Tofiq öz avtomobilini çıxara bilməmiş, qonaqlardan birininkini sürüb gəlmişdi... Ancaq...

Tanımadıqları kök bir kişi başını çıxarıb təəssüflə dedi:

- Qaçmağınızdan bildim ki, bərk üşüyürsüz... Ancaq, vallah, yerimiz yoxdur... Özümüz güclə sığışmışıq... Dedik, Yeni il qabağı gəlib bağda bir kabab çəkək...

Rüfət avtomobili ötüb keçəndən bir müddət sonrayadək baxışları ilə müşayiət etdi. Arxa «stop»ların qırmızı işığı tam görünməz olduqdan sonra içini çəkdi, Sara səmtə çevrilib titrək səslə dedi:

- Bəlkə qayıdaq?

Sara yol kənarındakı yastı daşın üstündə oturub hıçqıra-hıçqıra ağlayırdı. Göz yaşları Ay işığında bərq vururdu.

Günün fotosu:

İspaniyada və Fransada 1,3 milyon toyuq məhv edilmişdir

 

H5 N1 - Quş qripi təhlükəsinə görə epidemiyanın Ispaniyadakı ocağında -Valyadoliddəki quş fabrikində 130000 toyuq məhv edilmişdir. Xatırladaq ki, quş qripi Avropada tüğyan edir, az öncə Fransada 1,2 milyon toyuq eyni aqibətlə üzləşib. 

 

Foto: Euronews

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.