Super User

Super User

 

“Ədəbiyyat və incəsənət” portalına Mədəniyyət Nazirliyi Yanında İctimai Şura üzvlərinin  tanınmış yazıçı və dramaturq Firuz Mustafanın 70 illik yubileyi münasibəti ilə təbrik müraciəti daxil olub. Müraciətdə yazılır:

“Çox hörmətli Firuz müəllim. Səmimi qəlbdən Sizi 70 illik yubileyiniz münasibəti ilə təbrik edir, sizə cansağlığı və yeni yaradıcılıq nailiyyətləri arzulayırıq. 

Sizin - tanınmış nasir, dramaturq, esseist və filosofun, Azərbaycan Respublikasının Əməkdar incəsənət xadiminin həyat və yaradıcılıq yolunuz çox mənalı və şərəflidir.

18 fеvrаl 1952-ci il tаriхdə Gədəbəy rаyоnunun İsаlı кəndində ziyаlı Qədimalı Mustafayevin аiləsində аnаdаn оlmusunuz, 1969-cu ildə оrtа məкtəbi, 1971-ci ildə Bakdakı 1 saylı texniki peşə liseyini bitirmisiniz. Əmək fəaliyyətinizə tikintidə və Bakı elektrik maşınqayırma zavodunda fəhlə kimi başlamısınız. 1975-ci ildə Аzərbaycan Pedaqoji Universitetinin filоlоgiyа fакültəsini bitirmiş, 1975-1977-ci illərdə təyinаt üzrə Sааtlı rаyоnundа müəllim işləmisiniz. 1977-1978-ci illərdə hərbi хidmətdə оlmuş, tank komandirliyinə yüksəlmiş, ordudan zabit kimi tərxis edilmisiniz. 1978-80-ci illərdə Аz.TV-də müхbir, Кinоlаşmа idаrəsində sərəncаmçı dirекtоr, “Аzərbаycаn gəncləri” qəzеtində хüsusi müхbir kimi fəaliyyət göstərmisiniz.

1980-84-cü illərdə Аzərbаycаn ЕА Fəlsəfə və Hüquq İnstitutunun aspiranturasında təhsil almış, sоnrакı illərdə еlmi işçi, bаş еlmi işçi, hаbеlə fəlsəfə каfеdrаsındа dоsеnt vəzifələrində çalışmısınız.

Ali Diplomatiya Kollecinin ümumi işlər üzrə prorektoru, Bakı Avrasiya Universitetinin elmi işlər və xarici əlaqələr üzrə prorektoru və kafedra müdiri, habelə müхtəlif illərdə “Mааrifçi” və “Mədəniyyət” qəzеtlərinin bаş rеdакtоru vəzifələrində çаlışmısınız. 

1985-ci ildə fəlsəfə üzrə nаmizədliк, 1992-ci ildə dокtоrluq dissеrtаsiyаsı müdаfiə еtmisiniz. 

2002-ci ildə Fəlsəfə və Hüquq İnstitutunun Еlmi Şurаsının qərаrı ilə Sizə fəlsəfə еlmləri dокtоru аdı vеrilib. Siz elmi və yaradıcılıq fəaliyyəti ilə yanaşı pedaqoji işlə də məşğul olmuş, ölkənin əksər ali məktəblərində, universitetlərində  fəlsəfə, dünya ədəbiyyatı və türk xalqları mədəniyyəti üzrə mühazirələr demisiniz. 

İlk bədii kitabınız 1985-ci ildə “Gənclik” nəşriyyatında, ilk elmi monoqrafiyanız 1989-cu ildə “Elm” nəşriyyatında işıq üzü görmüşdür. Onlarla еlmi və bədii кitаbınız nəşr еdilmiş, ssеnаriləriniz əsаsındа bir çox filmlər çəкilmişdir. Əsərləriniz хаrici dillərə tərcümə еdilmişdir. Bir sira xarici filоsоf, şair və yаzıçılаrın əsərlərini (N.Bеrdyаyеv, F.Nitsşе, S.Yesenin, A. Blok, V.Şuкşin və s), hаbеlə “Putin. Birinci şəхsdən” кitаbını Аzərbаycаn dilinə tərcümə еtmisiniz. Ümumən, 40-dan çox kitabın müəllifisiniz. Uzun illər Az.Tv-də “İlğım” və “İdrak” verilişlərinin müəllifi və aparıcısı olaraq da populyarlıq əldə etmisiniz. Onlarla pyеsiniz müхtəlif dövlət tеаtrlаrındа tаmаşаyа qоyulmuşdur. Sizin yazdığınız mətnlərə tanınmış bəstəkarlar- Xəyyam Mirzəzadə, Tahir Əkbər, Şahid Əbdülkərimov musiqi bəstələmişlər.

Azərbaycan Fəlsəfə Cəmiyyətinin, Yazıçılar və Jurnalistlər Birliklərinin üzvüsünüz. Аzərbаycаn Yаzıçılаr Birliyi drаmаturgiyа bölməsinin rəhbəri, “Tаc” qəzеtinin və “Tеаtr” jurnаlının təsisçisisiniz.

Hansı işdə olmusunuzsa dövlətimizə, xalqımıza fayda vermisiniz. Mədəniyyət Nazirliyi Yanında İctimai Şuranın eksperti kimi də mədəniyyətimizin çiçəklənməsi naminə fəaliyyətiniz genişdir, çoxspektirlidir. 

Bir daha Sizi Mədəniyyət Nazirliyi Yanında İctimai Şura adından 70 illik yubileyiniz münasibəti ilə təbrik edir, ən xoş duyğularımızı çatdırırıq. 

Var olun!

Günün fotosu:

Braziliyaya sel ciddi ziyan vurub

 

Braziliyanın Petropolis şəhərinə yağan leysan yağışları sel daşmasına səbəb olub. 6 saat ərzində 1 kvadrat metrə 260 litr yağıntı düşüb, 50 ev dağılıb, 104 nəfər selə qurban gedib.

3 günlük matəm elan edilib.

 

Foto: Euronews

 

“Balaca şahzadə" romanının əlyazması ilk dəfə Parisdə Antuan de Sent-Ekzüperinin məşhur romanına həsr olunmuş sərgidə təqdim edilib. 

Bu barədə “Ədəbiyyat və incəsənət” portalı Euronews-a istinadən məlumat verir. 

Ekzüperi bu romanını 1942-ci ildə ABŞ-da yazıb. Əsərin əlyazması Nyu-Yorkdakı Kitabxanada saxlanılırdı. 

Sərgidə yazıçının naməlum əsərləri və çəkdiyi təsvirləri də görmək olar.

Rəsm qalereyası:

Tofiq Əhmədov, “Alim Qasımovun portreti”

 

Dünya Gənc Türk Yazarlar Birliyi (DGTYB) “Nizami Gəncəvi irsi və gənclik” adlı layihənin icrasının davamı olaraq  tədbirlər keçirir. “Ədəbiyyat və incəsənət” portalı  BDU Qazax filialının Mətbuat Xidmətinin rəhbəri Elçin İsmayıla istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi və Dünya Gənc Türk Yazarlar Birliyinin təşkilatçılığı ilə  həyata keçirilən layihə ilə bağlı növbəti tədbir Bakı Dövlət Universitetinin Qazax filialında baş tutub. 

Filialın Heydər Əliyev auditoriyasında keçirilən tədbirdə Milli Məclisin deputatı Səməd Seyidovun köməkçisi Akif Əmirov, Dünya Gənc Türk Yazarlar Birliyinin üzvləri, filialın professor-müəllim heyəti və tələbələr iştirak edib.

Filialın direktoru Arif Rüstəmov tədbiri giriş sözü ilə açaraq qonaqları salamlayıb, iştirakçılara uğurlar arzulayıb.  Dünya Gənc Türk Yazarlar Birliyinin icra etdiyi layihə çərçivəsində növbəti tədbirin BDU-nun Qazax filialında keçirilməsinin əlamətdar hadisə olduğunu diqqətə çatdıraraq təşkilat rəhbərliyinə təşəkkür edib. A.Rüstəmov 2021-ci ildə ölkəmizdə Nizami Gəncəvi ilə bağlı önəmli silsilə tədbirlərin keçirilməsindən və bu tədbirlərin bu gün də davam etməsindən söz açaraq böyük mütəfəkkirin əsərlərinin gənc nəslin formalaşmasında mühüm rol oynadığını qeyd edib. 

Bundan sonra tədbirin aparacılığını edən DGTYB-nin başqanı, şair-publisist İntiqam Yaşar çıxış edərək Nizami Gəncəvinin öz şeirlərində insanın kamilləşməsində elmə, biliyə, kitaba, tərbiyəyə yüksək yer verdiyini, şəxsiyyəti hər hansı bir rütbə deyil, yalnız elm, bilik, tərbiyə ucalda biləcəyini xüsusilə vurğulayıb,  insanların təfəkkür səviyyəsinin formalaşmasında, elmli, intelektli gənc nəslin yetişməsində böyük rol oynadığından söz açıb. İntiqam Yaşar layihə  çərçivəsində yeni nəsil araşdırmaçıların və yazarların  Nizami Gəncəvi irsinə həsr olunmuş məqalələrindən ibarət olan “Nizami Gəncəvi irsi və gənclik” adlı kitabi təqdim edib. 

Azərbaycan Yazıçılar Birliyi Qazax zona filialının sədri, əməkdar incəsənət xadimi, şair Barat Vüsal çıxış edərək dünya ədəbiyyatının görkəmli nümayəndəsi, dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvi bəşəriyyətin bədii fikir salnaməsində yeni səhifə açmış nadir şəxsiyyətlərdən olduğunu qeyd edib, nəhəng sənətkarın parlaq irsinin əsrlərdən bəri Şərqin misilsiz mədəni sərvətlər xəzinəsində özünəməxsus layiqli yerini qoruyub saxladığını bildirib.

Sonra filialın dil, ədəbiyyat və onların tədrisi kafedrasının müdiri, filologiya üzrə fəlsəfə doktoru İradə Arıxova, kafedranın baş müəllimi Mustafa Mustafayev, müəllim Türkan Carçıyeva, ictimai fənlər kafedrasının baş müəllimi Mübariz Süleymanov çıxış edərək Nizami Gəncəvi yaradıcılığından, onun dünya və Şərq ədəbiyyatının bədii fikir tarixində əhəmiyyətli rolundan söz açıblar. Tədbirdə filialın tələbələri N.Gəncəvinin şeirləri ifa ediblər.

İntiqam Yaşar tədbirin yüksək səviyyədə keçirilməsinə şərait yaradıb təşkil etdiyinə görə filialın rəhbərliyinə birliyin üzvləri adından minnətdarlığını bildirib.

Sonda A.Rüstəmov DGTYB-nin öz fəaliyyətini daha da genişləndirəcəyinə əmin olduğunu bildirib, gələcəkdə də filialda belə tədbirlərin keçirilməsini arzu edib. 

Tədbirin sonunda tədbirin təşkilatçılarına DGTYB-nin diplomları təqdim olunub.

 

Cəlil Məmmədquluzadənin “Ölülər” əsəri yenidən gürcü dilində çap olunacaq.

AzərTAC xəbər verir ki, bu barədə “Həmrəylik Muzeyi”nin rəhbəri Elnur Əlisoy məlumat verib.

Onun sözlərinə görə, əsərin gürcü dilində tərcüməsi yekunlaşıb və əsər hazırda çap olunma prosesindədir.

E.Əlisoy deyib ki, 113 il əvvəl, 1909-cu ildə yazılmış bu pyesdə həyatda baş vermiş hadisələr bədiiləşdirilərək qələmə alınıb. Maraqlıdır ki, “Molla Nəsrəddin” jurnalının naşiri Cəlil Məmmədquluzadənin qələmə aldığı bu əsərdə cərəyan edən bəzi hadisələrə bu gündə rast gəlinir.

Əsərdə cahillik, avamlıq, Şeyx Nəsrullah adlı fırıldaqçı ruhaninin insanları ələ salması əks olunur. Cahil insanlar mollanı müqəddəs hesab edir, gətirib azyaşlı qızlarını ona ərə verirlər. Bu isə çox ciddi problemlərə yol açır.

E.Əlisoy deyib: “2020-ci ildə Batumidə səfərdə olanda XX əsrin əvvəllərində əsərin gürcü dilinə tərcüməsini aşkar etdim, dostlarla birlikdə onu yenidən yığıb çapa hazırladıq. Bəzi məsələlərə görə, bir az yubandıq, əsərin gürcü dilində çap olunması məsələsini layihəyə daxil etdik. Yaxın zamanlarda əsər gürcü dilində çap olunacaq.

Düşünürəm ki, əsər hansı dildə olursa olsun, onu mütləq oxumaq lazımdır. Oxumaq və düşünmək, əsərdə yazılanları həzm eləmək lazımdır", - deyə E. Əlisoy vurğulayıb.

Daha bir kino hadisəsi tarixə düşmək üzrədir. 72-ci beynəlxalq “Berlinale” kinofestivalı yekunlaşmağa doğru gedir. İspan rejissor Karla Saymonun “Alcarras” İspaniya-İtaliya filmi “Berlinale”nin “Ən yaxşı film” nominasiyasında "Qızıl ayı" mükafatına layiq görülüb. 

“Ədəbiyyat və incəsənət” portalı TASS agentliyinə istinadən məlumat verir ki, “Alcarras” filmi Kataloniyada şaftalı plantasiyasında şaftalı yetişdirməklə məşğul olan və həyatda qalmaq üçün mübarizə aparan bir ailənin gündəlik həyatından bəhs edir.

“Ən yaxşı aktrisa” kateqoriyasında “Gümüş Ayı” mükafatı “Rəbiyyə Kurnaz Corc Buşa qarşı” filmindəki roluna görə Türkiyə əsilli aktrisa Meltem Kaptana təqdim olunub.

Türkiyəli evdar qadın Rəbiyyə Kurnazın oğlu Muratın Quantanamo həbsxanasından azadlığa çıxması uğrunda mübarizəsindən bəhs edən filmin ssenari müəllifi Laila Stieler də “Ən yaxşı ssenari” nominasiyasında “Gümüş ayı” mükafatını alıb.

“Ən yaxşı sənədli film” nominasiyasında 40 min avroluq mükafat Myanmada 2021-ci ildə dövlət çevrilişinə qarşı üsyanı əks etdirən “Myanma gündəlikləri filminə verilib. Filmin Myanmada adları açıqlanmayan rejissorlar tərəfindən çəkildiyi bildirilib.

Builki festivalda 15 ölkənin 18 filmi mükafatlar uğrunda mübarizə aparır. Filmlərə baxış fevralın 20-də yekunlaşacaq.

 

Mədəniyyət irsimizin ən dəyərli nümunələrindən olan muğamın daim diqqət mərkəzində olması fərəhləndirici haldır. Beynəlxalq Muğam Mərkəzinin böyük maraqla gözlənilən “Muğam axşamları” layihəsinin növbəti konserti fevralın 17-də təqdim olundu.

Beynəlxalq Muğam Mərkəzindən bildirilib ki, həmin gün sevilən xanəndələr Mirələm Mirələmov, Məmməd Nəcəfov və Nisbət Sədrayeva “Rast” muğamını ifa etdilər. Xanəndələri BMM-nin solistləri tarzən Rövşən Qurbanov, Ceyhun Muradov (kamança), Əməkdar artist Təranə Əliyeva (qanun), Amil Mustafayev (nağara) və Vasif Yusibli (ud) müşayiət etdi.

Qeyd edək ki, Beynəlxalq Muğam Mərkəzi Azərbaycan milli musiqisinin təbliğinə həsr olunmuş bir neçə layihə həyata keçirir ki, onlardan biri də “Muğam axşamları” layihəsidir. Bu layihə çərçivəsində tanınmış ifaçılar tərəfindən muğamlar, xalq mahnıları və təsniflər səsləndirilib. Muğam sənətimizin fəlsəfəsini gələcək nəsillərə çatdırmaq məqsədilə reallaşan layihəyə tamaşaçılar böyük maraq göstərməkdədir.

İlin sonuna kimi Beynəlxalq Muğam Mərkəzinin təşkilatçılığı ilə "Rast" , "Şur", "Zabul-Segah", "Çahargah", "Bayatı-Şiraz", "Humayun", "Şüştər", "Şahnaz", "Orta Mahur", "Arazbari", "Osmanlı", "Heydəri", "Bayatı Qacar", "Mahur hindi", "Qarabağ şikəstəsi", "Xaric segah", "Heyratı", "Mirzəhüseyn segahı", "Kəsmə şikəstə", "Bayatı Kürd" , "Ovşarı", "Dəşti", "Qatar", "Rahab", "Şirvan şikəstəsi" muğamları təqdim olunacaq.

Xatırladaq ki, Beynəlxalq Muğam Mərkəzi “Muğam axşamları” layihəsini 2017-ci ildən həyata keçirir. Bundan əlavə mərkəzin musiqinin müxtəlif janrlarını əhatə edən “Aşıq musiqisi axşamları”, “Vokal musiqi axşamları”, “Muğamat var olan yerdə”, “Unudulmayanlar” və digər layihələrinin konsertləri tamaşaçılar tərəfindən maraqla gözlənilir.

 

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə 2022-ci ildə Azərbaycanın görkəmli bəstəkarı Fikrət Əmirovun anadan olmasının 100 illiyi münasibətilə tədbirlərə start verilib.

“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən məlumat verir ki, il ərzində "Fikrət Əmirov - Azərbaycan musiqi sənətinin parlaq siması, dünya musiqisində simfonik muğam janrının əsasçısı” adlı beynəlxalq konfransın keçirilməsi, dahi bəstəkarın əsərlərindən ibarət Azərbaycan musiqiçiləri və Özbəkistan Milli Simfonik Orkestrinin birgə iştirakı ilə dostluq konsertinin təşkili və digər tədbirlərin təşkili nəzərdə tutulub.

Bununla yanaşı, Azərbaycan Mədəniyyət Mərkəzi dahi bəstəkar Fikrət Əmirovun bir sıra əsərlərinin not yazılarını profilə uyğun Özbəkistan ali məktəblərinə hədiyyə etməyi nəzərdə tutur.

Mədəniyyət Mərkəzindən verilən məlumata görə artıq mərkəzin könüllüləri tərəfindən “Wikipediya” Beynəlxalq Elektron Ensiklopediyasında Fikrət Əmirov haqqında özbək dilində bölmə hazırlanaraq istifadəyə verilib.

 

Fevralın 17-də “Landmark”da Polşanın ölkəmizdəki səfirliyinin təşkilatçılığı ilə Polşa memarlarının Azərbaycanda yaratdığı memarlıq irsinə dair layihənin təqdimatı olub.

“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən məlumat verir ki, layihənin əsas tərəfdaşları Azərbaycan Turizm Bürosu və Bakı Media Mərkəzidir.

Tədbirdə fəxri qonaq qismində iştirak edən Mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva çıxışında qeyd edib ki, Azərbaycanın Polşa ilə müasir diplomatik əlaqələri 30 ildir bərpa olunsa da, əslində bu əlaqələrin tarixi XV əsrdən, Uzun Həsənin Polşa kralı ilə qurduğu münasibətlərdən başlanır. Polşa XX əsrin sonunda Azərbaycanı müstəqil dövlət kimi ilk tanıyan ölkələr sırasındadır. Ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərliyi dövründə iki ölkənin əlaqələri uğurla inkişaf edib. Azərbaycan-Polşa əlaqələrinin inkişafına müstəsna töhfələr vermiş Heydər Əliyevin 90 illik yubileyi münasibətilə Qniezno şəhərində Azərbaycan-Polşa “Dostluq” abidəsinin açılışı olub. Polşanın qədim paytaxtında ucaldılan abidə iki ölkə arasındakı diplomatik əlaqələrin qurulmasının 540, bərpasının isə 20 illiyinə həsr edilib.

Nazir müavini vurğulayıb ki, bu gün Prezident İlham Əliyev bu iki ölkə arasında münasibətlərin genişlənməsinə mühüm önəm verir.

Sevda Məmmədəliyeva bildirib ki, Bakının özünəməxsus gözəlliyinin yaradılmasında, abidələrinin qurulmasında Polşa memarları mühüm rol oynayıblar. Polşa memarları tərəfindən yaradılan həmin abidələrə bu gün xüsusi qayğı göstərilir. Onlar yeni çalarda öz gözəlliyi ilə bizi cəlb edir. Polşalı memarların adlarını əbədiləşdirmək məqsədilə Bakının tarixi məhəlləsində yerləşən küçələrdən birinə “Polşa memarları” adı verilib.

Polşa Respublikasının Azərbaycandakı səfiri Rafal Poborski deyib: “Ötən il biz Polşa-Azərbaycan əlaqələrinin 30 illiyini qeyd etdik. Bizim əlaqələrimiz tək diplomatik deyil, həm də sosial-iqtisadi və siyasi sahələri əhatə edir. Bizim əlaqələrin tarixi qədimdir. Bu gün təqdimatına yığışdığımız layihə Polşa memarlarının Azərbaycanda yaratdığı abidələrlə bağlıdır. Onların Azərbaycanda ucaltdığı abidələr olduqca diqqətəlayiqdir. 2019-cu ildə Azərbaycan və Polşa prezidentlərinin iştirakı ilə Bakıda “Polşa memarları” küçəsinin açılışı olub. Azərbaycanda Polşa memarlarının yaratdığı abidələr turizm baxımından da əhəmiyyətlidir. Düşünürəm bu abidələr tək memarlıq nümunəsi deyil, həm də Azərbaycanın tarixini əks etdirən elementlərdir”.

Layihənin Polşa-Azərbaycan turizm əlaqələrinin inkişafına dəstək olacağını deyən Florian Zenqstşmid bildirib ki, təmsil etdiyi qurum Polşa turistləri üçün gəzinti turu hazırlayıb, həmçinin yol xəritəsi tərtib edib. Tur çərçivəsində turistlər Polşa memarlarının ucaltdığı binalarla tanışlıq olacaq. Həmçinin bu məqsədlə hazırlanan broşürdə Polşa memarlarının Azərbaycanda yaratdığı bütün memarlıq abidələri yer alıb. Broşürdə neft bumu dövründə Bakının xüsusi görünüşünü formalaşdıran 4 görkəmli polyak memarı - İosif Qoslavski, Kazimir Skureviç, İosif Ploşko və Yevgeni Skibinskinin Azərbaycandakı memarlıq fəaliyyətlərindən, həmçinin neftçıxarma üzrə mütəxəssis Pavel Pototskinin ölkənin neft sənayesinə verdiyi töhfələrdən bəhs olunur.

Burada, həmçinin XX əsrin əvvəllərində təkcə Bakıda deyil, Şamaxı, Gəncə, Qusar və Zaqatalada da polyak memarlıq üslublarında məscid, kilsə, eləcə də şəhər planlarının hazırlandığı diqqətə çatdırılır.

“Broşürlə, həmçinin https://azerbaijan.travel saytında da tanış olmaq mümkündür. Ümid edirəm sərhədlər açıldıqdan sonra yeni-yeni istiqamətlər üzrə məlumatlar hazırlanacaq”,- deyə Florian Zenqstşmid əlavə edib.

Azərbaycan Memarlar İttifaqı İdarə Heyətinin sədri, professor Elbay Qasımzadə deyib: “XIX əsrin sonu, XX əsrin əvvəllərində Bakıya əcnəbi sərmayədarlarla yanaşı, tanınmış mühəndislər, inşaat üzrə mütəxəssislər də ayaq açmaqda idi. Bakı şəhərinin ərazisi genişlənir, yeni binalar inşa edilir, rayonlar meydana gəlirdi. Bakının memarlıq simasının zənginləşməsində yerli memarlarla bərabər, əcnəbi mütəxəssislər də fəal iştirak edirdilər. Şərq üslubunu heç vaxt itirməyən şəhər, eyni zamanda, bir Avropa şəhərinə çevrilirdi. Bu məsələdə, ümumiyyətlə, odövrkü Bakının arxitekturasında polşalı memarlar xüsusi rol oynayırdılar. Həmin memarlar Azərbaycan paytaxtının bir sıra möhtəşəm tarixi binalarının müəllifi olublar. Məsələn, Murtuza Muxtarovun sarayı, İsmailiyyə, Bakı Şəhər İcra Hakimiyyətinin binası, Ağabala Quliyevin mülkü və bir çox tarixi binalar polşalı memarların layihələri əsasında inşa olunub”.

Memarlıq tarixinin tədqiqatçısı, professor Elçin Əliyev bu günə qədər ölkəmizdə on bir Polşa memarı tərəfindən 81 abidənin ucaldıldığını söyləyib. O, bu günədək Azərbaycanda Polşa memarlarına həsr olunan monumental kitabın olmadığını qeyd edib.

Tədbirdə broşür əsasında hazırlanmış slaydşou nümayiş olunub.

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.