Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə 2022-ci ildə Azərbaycanın görkəmli bəstəkarı Fikrət Əmirovun anadan olmasının 100 illiyi münasibətilə tədbirlərə start verilib.
“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən məlumat verir ki, il ərzində "Fikrət Əmirov - Azərbaycan musiqi sənətinin parlaq siması, dünya musiqisində simfonik muğam janrının əsasçısı” adlı beynəlxalq konfransın keçirilməsi, dahi bəstəkarın əsərlərindən ibarət Azərbaycan musiqiçiləri və Özbəkistan Milli Simfonik Orkestrinin birgə iştirakı ilə dostluq konsertinin təşkili və digər tədbirlərin təşkili nəzərdə tutulub.
Bununla yanaşı, Azərbaycan Mədəniyyət Mərkəzi dahi bəstəkar Fikrət Əmirovun bir sıra əsərlərinin not yazılarını profilə uyğun Özbəkistan ali məktəblərinə hədiyyə etməyi nəzərdə tutur.
Mədəniyyət Mərkəzindən verilən məlumata görə artıq mərkəzin könüllüləri tərəfindən “Wikipediya” Beynəlxalq Elektron Ensiklopediyasında Fikrət Əmirov haqqında özbək dilində bölmə hazırlanaraq istifadəyə verilib.