Beynəlxalq Muğam Mərkəzi “Muğam axşamları” adlı layihəsini təqdim etdi

 

Mədəniyyət irsimizin ən dəyərli nümunələrindən olan muğamın daim diqqət mərkəzində olması fərəhləndirici haldır. Beynəlxalq Muğam Mərkəzinin böyük maraqla gözlənilən “Muğam axşamları” layihəsinin növbəti konserti fevralın 17-də təqdim olundu.

Beynəlxalq Muğam Mərkəzindən bildirilib ki, həmin gün sevilən xanəndələr Mirələm Mirələmov, Məmməd Nəcəfov və Nisbət Sədrayeva “Rast” muğamını ifa etdilər. Xanəndələri BMM-nin solistləri tarzən Rövşən Qurbanov, Ceyhun Muradov (kamança), Əməkdar artist Təranə Əliyeva (qanun), Amil Mustafayev (nağara) və Vasif Yusibli (ud) müşayiət etdi.

Qeyd edək ki, Beynəlxalq Muğam Mərkəzi Azərbaycan milli musiqisinin təbliğinə həsr olunmuş bir neçə layihə həyata keçirir ki, onlardan biri də “Muğam axşamları” layihəsidir. Bu layihə çərçivəsində tanınmış ifaçılar tərəfindən muğamlar, xalq mahnıları və təsniflər səsləndirilib. Muğam sənətimizin fəlsəfəsini gələcək nəsillərə çatdırmaq məqsədilə reallaşan layihəyə tamaşaçılar böyük maraq göstərməkdədir.

İlin sonuna kimi Beynəlxalq Muğam Mərkəzinin təşkilatçılığı ilə "Rast" , "Şur", "Zabul-Segah", "Çahargah", "Bayatı-Şiraz", "Humayun", "Şüştər", "Şahnaz", "Orta Mahur", "Arazbari", "Osmanlı", "Heydəri", "Bayatı Qacar", "Mahur hindi", "Qarabağ şikəstəsi", "Xaric segah", "Heyratı", "Mirzəhüseyn segahı", "Kəsmə şikəstə", "Bayatı Kürd" , "Ovşarı", "Dəşti", "Qatar", "Rahab", "Şirvan şikəstəsi" muğamları təqdim olunacaq.

Xatırladaq ki, Beynəlxalq Muğam Mərkəzi “Muğam axşamları” layihəsini 2017-ci ildən həyata keçirir. Bundan əlavə mərkəzin musiqinin müxtəlif janrlarını əhatə edən “Aşıq musiqisi axşamları”, “Vokal musiqi axşamları”, “Muğamat var olan yerdə”, “Unudulmayanlar” və digər layihələrinin konsertləri tamaşaçılar tərəfindən maraqla gözlənilir.

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.