Daha bir kino hadisəsi tarixə düşmək üzrədir. 72-ci beynəlxalq “Berlinale” kinofestivalı yekunlaşmağa doğru gedir. İspan rejissor Karla Saymonun “Alcarras” İspaniya-İtaliya filmi “Berlinale”nin “Ən yaxşı film” nominasiyasında "Qızıl ayı" mükafatına layiq görülüb.
“Ədəbiyyat və incəsənət” portalı TASS agentliyinə istinadən məlumat verir ki, “Alcarras” filmi Kataloniyada şaftalı plantasiyasında şaftalı yetişdirməklə məşğul olan və həyatda qalmaq üçün mübarizə aparan bir ailənin gündəlik həyatından bəhs edir.
“Ən yaxşı aktrisa” kateqoriyasında “Gümüş Ayı” mükafatı “Rəbiyyə Kurnaz Corc Buşa qarşı” filmindəki roluna görə Türkiyə əsilli aktrisa Meltem Kaptana təqdim olunub.
Türkiyəli evdar qadın Rəbiyyə Kurnazın oğlu Muratın Quantanamo həbsxanasından azadlığa çıxması uğrunda mübarizəsindən bəhs edən filmin ssenari müəllifi Laila Stieler də “Ən yaxşı ssenari” nominasiyasında “Gümüş ayı” mükafatını alıb.
“Ən yaxşı sənədli film” nominasiyasında 40 min avroluq mükafat Myanmada 2021-ci ildə dövlət çevrilişinə qarşı üsyanı əks etdirən “Myanma gündəlikləri filminə verilib. Filmin Myanmada adları açıqlanmayan rejissorlar tərəfindən çəkildiyi bildirilib.
Builki festivalda 15 ölkənin 18 filmi mükafatlar uğrunda mübarizə aparır. Filmlərə baxış fevralın 20-də yekunlaşacaq.