Super User
Bakıda “FantazEU” adlı mədəni irs festivalı keçiriləcək
Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyi martın 1-dən 18-dək Bakıda “FantazEU” adlı mədəni irs festivalı keçirəcək.
“FantazEU” Mədəni İrs Festivalı Avropa və Azərbaycan mədəni irsi arasında əlaqəni nümayiş etdirmək, Azərbaycanda Avropa mədəni irsinə xüsusi diqqət yetirməklə, Avropa mədəni müxtəlifliyini təşviq etmək məqsədi daşıyır.
“FantazEU” Festivalı Avropa İttifaqına üzv dövlətlərin tərəfdaşlığı, Almaniyanın, Belçikanın, Bolqarıstanın, Çexiyanın, Fransanın, İsveçin, Latviyanın, Litvanın, Macarıstanın, Polşanın, Slovakiyanın və Yunanıstanın iştirakı ilə təşkil olunacaq.
Aİ-nin ölkəmizdəki nümayəndəliyinin rəhbəri Peter Mixalko fesivalla bağlı keçirilən tədbir zamanı mədəniyyətin inam və qarşılıqlı anlaşma yaratmağa kömək etdiyini bildirib.. O deyib: “Mədəni müxtəliflik həm də innovasiya və yeni düşüncə tərzini inkişaf etdirir. Məhz mədəni müxtəliflik sayəsində Avropa əsrlər boyu dəyişən dünyaya uyğunlaşa bilib. Təsadüfi deyil ki, Aİ və onun üzv dövlətləri mədəni müxtəlifliyi dəstəkləmək və qorumaq öhdəliyinə sadiqdirlər. “FantazEU” Festivalı Azərbaycan vətəndaşlarına yaradıcılıq və mədəni müxtəliflik nümayiş etdirmək üçün mühüm imkan yaradacaq. Bu, həmçinin Aİ ilə Azərbaycan arasında güclü tərəfdaşlığın daha da inkişafına töhfə verəcək”.
Qeyd edək ki, “FantazEU” Festivalının tam proqramı ilə Aİ-nin Azərbaycandakı nümayəndəliyinin internet səhifəsindən (https://eeas.europa.eu/delegations/azerbaijan_en) tanış olmaq olar. Festival çərçivəsində, bir sıra qapalı və açıq havada fotosərgilər, konsertlər, ədəbiyyat gecələri, seminarlar, film nümayişləri və bələdçi turlar təşkil olunacaq.
Festival Bakının müxtəlif mədəni və təhsil məkanlarında, o cümlədən Beynəlxalq Muğam Mərkəzi, ADA Universiteti, “Nizami” kinoteatrı, Bakı Kitab Mərkəzi, “Art Tower” Qalereyası, “The Landmark” mehmanxanası və Biznes Mərkəzində baş tutacaq.
“Arts Council of Azerbaijan” Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyi tərəfindən maliyyələşdirilən müqavilə əsasında festivala təşkilati dəstək göstərir.
“FantazEU” Festivalı 2018-ci ildən Aİ-nin Azərbaycandakı nümayəndəliyi tərəfindən təşkil edilən “Fantazia” Mədəni İrs Festivalının davamıdır. Festival öz adını XIX əsrin sonlarında Bakıda tikilmiş, Avropa və yerli memarlıq elementlərini bir araya gətirən “Fantazia” hamamından alıb.
Bəstəkarlar İttifaqında görkəmli musiqişünas Elmira Abasovanın xatirəsi anılıb
Azərbaycan Bəstəkarlar İttifaqında görkəmli musiqişünas-alim, Əməkdar incəsənət xadimi, professor Elmira Abasovanın anadan olmasının 90 illiyinə həsr olunmuş elmi konfrans keçirilib.
AzərTAC xəbər verir ki, Azərbaycan Bəstəkarlar İttifaqının sədri, AMEA-nın müxbir üzvü, Xalq artisti, professor Firəngiz Əlizadə qonaqları salamlayaraq Elmira Abasovanın Azərbaycan musiqi mədəniyyətindəki rolundan, verdiyi töhfələrdən, gözəl oratorluq qabiliyyətindən, həm ictimai, həm də pedaqoji fəaliyyətindən söz açıb.
Bəstəkarlar İttifaqının katibi, Əməkdar incəsənət xadimi, professor Zemfira Qafarova Elmira Abasovanın çoxşaxəli yaradıcılığından danışıb, onunla birgə iş fəaliyyətlərindən, Elmira xanımın mühazirələrindən, professional pedaqoq kimi yetişdirdiyi çoxsaylı tələbələrindən bəhs edib, onun hər zaman öz işinə ciddi və məsuliyyətlə yanaşdığını vurğulayıb.
Azərbaycanın Əməkdar incəsənət xadimi, fəlsəfə elmləri doktoru, professor Gülnaz Abdullazadə Elmira Abasovanı Üzeyirşünas alim kimi təqdim edib, onunla bağlı xatirələrini bölüşüb, Elmira xanımın çətin və gərgin 90-cı illərdə təşkil etdiyi konsert və konfranslardan danışıb.
Azərbaycanın Əməkdar müəllimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Ülviyyə İmanova daha çox Elmira Abasovanın pedaqoji fəaliyyətinə istinad edib.
Bildirilib ki, Elmira Abasova 1932-ci il yanvarın 10-da anadan olub. O, 1955-ci ildə Azərbaycan Dövlət Konservatoriyasını (hazırda Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası) musiqişünaslıq ixtisası üzrə bitirib, həmin ildən ömrünün sonunadək bu müəssisədə pedaqoji fəaliyyət göstərib.
E.Abasova 1958-ci ildən Azərbaycan Bəstəkarlar İttifaqının üzvü, 1962-ci ildən musiqi tənqidi bölməsinin sədri, 1975–1999-cu illərdə ittifaqının katibi, o cümlədən SSRİ Bəstəkarlar İttifaqı İdarə Heyətinin üzvü olub.
Musiqişünas-alim, ictimai xadim E.Abasovanın əməyi dövlət tərəfindən yüksək qiymətləndirilib. 1967-ci ildə Əməkdar incəsənət xadimi adına layiq görülüb, 1977–1991-ci illərdə isə Azərbaycan Dövlət Konservatoriyasının rektoru vəzifəsini icra edib. O, yaradıcılıq boyu Azərbaycan professional musiqisinin banisi Üzeyir Hacıbəylinin yaradıcılığına böyük məhəbbət bəsləyib və ömrünün sonunadək onun əsərlərinə müraciət edib, öz təhlillərini dəfələrlə nəzərdən keçirərək yeni fikirlərlə genişləndirib. Görkəmli bəstəkar Qara Qarayevin yaradıcılığı da musiqişünası daim cəlb edib. O, 5 kitab və broşür, bir çox jurnal və toplularda nəşr olunmuş onlarla məqalə və oçerklərin müəllifidir.
Elmira Abasova, eyni zamanda, müxtəlif nəsillərdən olan görkəmli bəstəkarların və ifaçıların yaradıcılığını araşdırmışdır. Onun bu sahədə yazdığı "Cövdət Hacıyev", "Rəşid Behbudov", "Soltan Hacıbəyov", "Səid Rüstəmov", "Qurban Pirimov", "Bəhram Mansurov" və s. kitabçaları, elmi məqalələri Bakıda, Moskvada, keçmiş SSRİ respublikalarında çap olunub.
Tədbirdə Elmira xanımın yaradıcılığı ilə birbaşa əlaqəli olan bəstəkarlar – Üzeyir Hacıbəyli və Qara Qarayevin əsərləri səslənib.
Sonda Ülviyyə Hacıbəyova Elmira xanımın oğlu, istedadlı bəstəkar Elnar Məmmədovun Fortepiano üçün variasiyalarını və Qara Qarayevin “Eskiz” əsərini təqdim edib.
Sonda Elmira Abasovanın qızı fəlsəfə doktoru, dosent Kamina Məmmədova hamıya öz təşəkkürünü bildirib.
Dubayda başa çatan Quoz Arts Fest adlı məşhur festivala sözardı
Budur, Quoz Arts Fest bu fevral günlərində növbəti dəfə təşkil edildi.
“Ədəbiyyat və incəsənət” portalı Kommersant weekly-yə istinadən bələdçilik edərək sizləri ərəb dünyasında düzənlənən ən məşhur festivalla tanış etmək istəyir.
Təbii ki, dünyada minlərcə festivallar keçirilir, çoxu eyni ssenarili olur. Əlbəttə, bənzərsiz olanları da var, elə Quoz Arts Fest kimi. Belələrinə diqqət eləmək, nəsə öyrənmək məqbul haldır. Axı dünya gör-götür dünyasıdır.
Adətən bu festivala çox məşhur ulduzlar təşrif buyursalar da, giriş tamamilə pulsuz olur, musiqi çıxışları, sərgilər, interaktiv incəsənət, fudtrak və bədən tərbiyəsi üzrə məşğələlər cəm halda festivalın əsasını təşkil edir. Başqa sözlə desək, hər kəs burada öz zövqünə uyğun bir şey tapa bilər.
İlk festival gününün səhəri açıq səma altında yoqa dərsləri ilə başlayıb. Shimis Yoga studiyasının təsisçisi və sessiya təşkilatçısı Simona Stantonun sözlərinə görə, festival yoqa ilə daha çox insanı tanış etmək üçün əlverişli bir fürsətdir.
Bu il festivalın mövzusu "sürətli yuxular"adlanıb. Təşkilatçılar ziyarətçilərə anları dayandırmaq və onları xəyal dünyasına atmağı təklif ediblər. Bir sözlə, əsil mediatasiya sransı baş tutub.
Britaniya rəssamı Lük Cerramın yeddi metr diametrli sənət əsəri olan “Qayya” çoxlarının diqqətini cəlb edib.
Burada NASA qurğuları tərəfindən Yer səthini izləmək də mümkün olub. Təbii ki, bu da bir festival ilkidir.
Festivalda müasir rəqslərdən tutmuş rəssamlığa qədər regionun İncəsənət və mədəniyyəti təqdim olunub. Təşkilatçıların qiymətləndirməsinə görə, iki gün ərzində sərgini 40 min nəfər ziyarət edib.
Burada uşaqlar və böyüklər üçün, incəsənət və sənətkarlıq üçün ayrıca guşələr olub. Qatı dindar ailə üzvləri üçün də ayrıca yer olub. Yerli biznesmenlər də burada öz stendlərini açıblar ki, ictimaiyyətə şövqlə özləri haqda danışsınlar.
Ən qeyri-adi məhsullar buradakı ikinci əl dükanında tapılırmış. "Kave”sözün hərfi mənasında möcüzəli bir məkandır, - mağazanın sahibəsi Zaina Kanaan izah edir. - Haqqında az bilgilər var, əksəriyyətçün naməlum, gizli yerdir. Ancaq bir dəfə bura baş vurduqdan sonra mütləq geri dönmək istəyəcəksiniz. İnsanların bu axınını, onların bizim mağazaya necə daxil olduqlarını və gördüyümüz işlərə maraq göstərdiklərini görmək çox xoşdur".
Bu küçənin daimi görməli yerlərindən biri də regionda və onun hüdudlarından kənarda yaradılmış müstəqil kinonun nümayiş etdirildiyi "Akil" kinoteatrıdır.
Onun marketinq və İnkişaf üzrə direktoru Xalid əs-Sabinin sözlərinə görə, bu, BƏƏ üçün unikal məkandır: "Bu, regionda ilk arthaus kinoteatrıdır. Biz adətən böyük multiplex kinoteatrlarında getməyən filmləri göstəririk. Bu, kinematoqrafçıları dünyanın hər yerindən, o cümlədən öz kinematoqraflarımızı dəstəkləyən və təşviq edən platformadır. Biz fəxr edirik ki, bu, bizim divarlarımız arasında baş verir".
Festivalın qida sektorunu da ayrıca qiymətləndirmək gərəkiyir. Ən dadlı, müxtəlif fəst-fud və isti yeməklərdən hamı razı qalır.
İki gün ərzində “Quoz Arts Fest”-də Dubayın mədəni və bədii həyatının bütün aspektləri ilə tanış olmaq mümkün olur, bu da festivala ayrıca özəllik verir.
Frensis Ford Koppola “Oskar” namizədi olan filmləri “yıxıb sürüyüb”
“The Holliwood reporter” jurnalı dünyaşöhrətli amerikalı rejissor, “Xaç atası” (“Godfather”) filmi ilə tarix yazmış Frensis Ford Koppolanın “GQ” jurnalına verdiyi müsahibəsini yayımlayıb.
Müsahibədə rejissor “Marvel” studiyasının çəkdiyi və bu gün kinoda zövq diktə edən, “Oskar” namizədi olan Denis Villnyovun məşhur “Dyun” (“Dune”) və Keri Fukunaqanın “Ölmək zamanı deyil” (“No Time to Die”) filmləri barədə mənfi fikirlər səsləndirərək deyib: “Mən o filmlərin hər ikisindən eyni epizodu çıxarıb onları bir araya gətirib bir filmdə birləşdirə bilərdim”.
Üç il əvvəl “Marvel” studiyasının filmlərini “kino” hesab etmədiyi üçün mənfi reaksiya ilə üzləşən Martin Skorsezenin müdafiəsinə qalxan Koppola öz rəyləri ilə diqqəti cəlb edib. Koppola həmin fikirlərə həmrəy olduğunu bildirib, hətta o filmlərin “nifrətə layiq olduğunu” deyib.
Cümə axşamı yayımlanan “GQ” jurnalına müsahibə verən rejissor “Marvel” studiyası haqqında fikirlərini bölüşüb.
Hollivudda indi “Marvel” studiyasının filmləri üstünlük təşkil edir. Koppolanın sözlərinə görə, bu filmlər fərqli görünmək üçün yeni versiyalarda yaradılsa da, onlar əslində bir filmin oxşarı, prototipləridir.
“Əvvəllər müxtəlif studiyaların filmlərini görürdük. İndi “Marvel” studiyasının filmlərini görürük. Bəs “Marvel” filmləri nədir? “Marvel” filmləri fərqli görünmək üçün təkrar-təkrar çəkilmiş, bir-birinin oxşarı olan filmlərdir”, - deyə o, dərgiyə bildirib.
F.F.Koppola “Dyun” (“Dune”) və “Ölmək zamanı deyil” (“No Time to Die”) filmlərini “istedadlı kinorejissorlarla” “yaxşı filmlər” hesab etdiyini, lakin yenə də bu filmlərdə oxşarlıq hiss olunduğunu bildirib.
O, fikirlərini belə izah edib: “Hətta istedadlı insanlar, məsələn, son dərəcə istedadlı rejissor Denis Villnyov tərəfindən çəkilmiş “Qum təpəsi” filmini və ya başqa bir istedadlı rejissor Keri Fukunaqanın “Ölmək zamanı deyil” filmlərini götürək, hər iki filmdən eyni epizodu çıxarıb bir araya gətirərək birləşdirə bilərik. Bütün maşınların bir-biri ilə toqquşduğu səhnəni misal çəkə bilərik”.
Hətta bu qədər. Bu, əslində çox ciddi tənqid hesab edilə bilər.
Koppola sözlərinə belə davam edib: “Bu filmlərin hamısında bu görüntülər var və öz büdcələrini əsaslandırmaq üçün belə görüntülər olmalıdır. Bu da bizim yaxşı filmlər və istedadlı rejissorlar”.
Xatırladaq ki, Villnyovun “Dyun” filmi “Ən yaxşı film” nominasiyası da daxil olmaqla “Oskar” mükafatı üzrə 10 nominasiyada namizəddir. “Ölmək zamanı deyil” filmi isə ən yaxşı orijinal mahnı nominasiyası ilə birlikdə üç nominasiya üzrə “Oskar” mükafatına namizəddir.
Müsahibə zamanı F.F.Koppola rejissor Stiven Spilberqin “Vestsayd əfsanəsi” (“West Side Story”) filmini isə tərifləyib, filminn klassik kino ənənələrinə sadiqliyini qeyd edib, filmi tezliklə kinoteatrlarda görmək istədiyini dilə gətirib.
O deyib: “İstəyirəm ki, “Vestsayd əfsanəsi” (“West Side Story”) filmi inanılmaz iş görərək, insanlara kinoteatral nümayişin onlayn platformalarda yayımdan daha vacib olduğunu xatırlatsın. Striminq – sadəcə ev videosudur”, - deyə o, sözünə davam edib. Koppola sonra qeyd edib ki, film və film çəkilişinə gəldikdə, o, həmişə uşaqlarına filmlərinin “özəl olmasını” tövsiyə edir.
“Mən həmişə Sofiyaya (tanınmış rejissorun qızı Sofiya Koppola nəzərdə tutulur), uşaqlarıma deyirəm: Qoy sizin filmlərinizin özəlliyi olsun. Filmləri həmişə daha özəl etməyə çalışın, çünki sizin həyatda olmağınız özü bir möcüzədir. O zaman sizin incəsənətiniz də bir möcüzə olacaq, çünki sizin sənət əsəriniz başqasında olmayan materialları özündə əks etdirəcək”, - deyə rejissor bildirib.
Qeyd edək ki, bu rejissor öz “Xaç atası” şedevrinin 50 illiyini qeyd edəcək.
Frensis Ford Koppolanın özünün isə hazırda 83 yaşı var.
Moskvada Azərbaycan günləri çərçivəsində “Azərbaycan xalçaları: yeni baxış” sərgisi açılıb
Xəbər verdiyimiz kimi, Heydər Əliyev Fondunun dəstəyi ilə fevralın 22-dən Moskvada Azərbaycan günləri başlayıb. Martın 1-dək davam edəcək silsilə mədəniyyət tədbirləri Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında diplomatik münasibətlərin yaradılmasının 30 illiyinə həsr olunub.
Bu çərçivədə Moskvadakı Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin “Azərbaycan” pavilyonunda “Azərbaycan xalçaları: yeni baxış” adlı sərgi açılıb.
AzərTAC xəbər verir ki, “Azərxalça” Səhmdar Cəmiyyəti ilə birgə təşkil olunan sərgidə “Qarabağ” qrupuna aid 14 xalça nümayiş etdirilir. Onlardan dördü yeni orijinal formatda olan müasir kolleksiyadandır. Sərgilənən eksklüziv xalçalar “Azərxalça”nın yaradıcı kollektivinin Azərbaycanın Əməkdar rəssamı Rəşad Ələkbərovla iş birliyinin məhsuludur.
“Azərxalça”nın İdarə Heyətinin sədri Emin Məmmədov AZƏRTAC-a bildirib ki, sərgilənən xalçaların hamısı Qarabağ məktəbinə aiddir. Biz ənənəvi klassik Qarabağ xalçalarına artıq yeni baxış nümayiş etdirir, müasir, konseptual, XXI əsrin interyerinə uyğun xalçalar təqdim edirik. Siz burada məhdud 44 sayda buraxılan xalçalarımızın nümunələrini görürsünüz. Bu xalçalar Qarabağ məktəbinə aid “Qasımuşağı” qrupu xalçalarının əsasında rəssam Rəşad Ələkbərovun dizaynı üzrə hazırlanıb. Kolleksiya rəmzi olaraq 44 sayda xalçadan ibarətdir.
“Azərxalça”nın İdarə Heyətinin sədri əlavə edib ki, ekspozisiyada, həmçinin “Qarabağ” qrupuna aid məşhur “Əjdahalı” xalçalar da yer alıb. E.Məmmədov deyib: “Burada məşhur “Əjdahalı” xalçalarımız müasir görünüşdə sərgilənir. Bizim əsas məqsədimizdən biri də müasir Azərbaycan xalçalarını tanıtmaqdır. Azərbaycanda bütün incəsənət növləri inkişaf edir. Niyə xalçamız da inkişaf etməsin? İndi müxtəlif hərraclarda qədim Azərbaycan xalçaları satılır, dünyanın ən tanınmış muzeylərində qədim xalçalarımız nümayiş etdirilir. Biz istərdik ki, 50-100 il sonra həm qədim, həm də indi toxunan xalçalarımız əntiq xalçalar kimi sərgilənsin, hərraclara çıxarılsın”.
Moskvadakı Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin “Azərbaycan” pavilyonunda Heydər Əliyev Fondunun daha bir layihəsi - dahi Azərbaycan şairi Nizami Gəncəvinin “Yeddi gözəl” poeması əsasında “Dildən dilə” ədəbiyyat layihəsi təqdim edilir. Layihə çərçivəsində Rusiyanın və Azərbaycanın tanınmış mədəniyyət və incəsənət xadimlərinin ifasında dahi Azərbaycan şairi Nizami Gəncəvinin “Yeddi gözəl” əsərindən parçalar təqdim edilib.
Cənubi Azərbaycan ədəbiyyatı üzrə AYB-nin qurultayqabağı məruzəsi bu gün dinləniləcəkdir
Bu gün - fevral ayının 23-ü saat 14:00-da Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” klubunda Azərbaycan Yazıçılar Birliyinin Cənubi Azərbaycan Ədəbiyyatı Komissiyasının sədri, AYB sədrinin müşaviri Sayman Aruzun Cənubi Azərbaycan Ədəbiyyatı ilə bağlı qurultayqabağı məruzəsi dinləniləcəkdir.
Maraqlı olan hər kəs məruzəçi tərəfindən tədbirə dəvətlidir.
Günün fotosu: Avropa İttifaqı Rusiyaya qarşı sanksiyaları müzakirə edib
“Yaradıcı Sənayelərdə Çağırışlar və Biznes İmkanları” mövzusunda İctimai Müzakirə keçiriləcək
Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), AR-nın Mədəniyyət Nazirliyi və AR-nın Əqli Mülkiyyət Agentliyinin dəstəyi ilə Azərbaycan Yaradıcı Sənayelər Federasiyası və KOBİA yanında İctimai Şura tərəfindən bu gün - 23 fevral tarixində “Yaradıcı Sənayelərdə Çağırışlar və Biznes İmkanları” mövzusunda İctimai Müzakirə təşkil olunacaqdır.
“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən məlumat verir ki, iqtisadiyyatı, mədəniyyəti, qabaqcıl texnologiyaları və innovasiyaları özündə birləşdirən yaradıcı sənayelər dünyada dinamik surətdə inkişaf edir. Ədəbiyyat və nəşriyyat, dizayn və memarlıq, musiqi, rəqs və teatr, moda və təsviri sənət, film, video və foto sənəti, oyunlar və yaradıcı texnologiyalar, reklam və s. kimi sahələrdən ibarət olan yaradıcı sənayelər ölkədə milli gəlirlərin artmasında və məşğulluq imkanlarının genişlənməsində böyük potensial vəd edir. Xüsusilə, post-pandemiya reallıqları kontekstində, yaradıcı sənaye təmsilçiləri olan biznes subyektləri – şirkətlər, fərdi sahibkarlar və frilanserlər, eləcə də qeyri-kommersiya təmsilçiləri olan ictimai birliklər və assosiasiyarla dinləmələrin və müzakirələrin keçirilməsinə böyük ehtiyac vardır.
Bu məqsədlə keçiriləcək ictimai müzakirədə aşağıdakı mövzular ətrafında fikir mübadiləsi aparılacaqdır:
Post-pandemiya reallıqları, çağırışlar və yeni imkanlar, qazanılmış təcrübə və yeni texnoloji həllər;
Yaradıcı sənayelərin müasir biznes çağırışları (maliyyəyə çıxış, vergi, gömrük, əqli mülkiyyət, milli məzmun yaradıcılığında dəstək, bilik-bacarıqların artırılması, innovasiyalar və s.);
Dövlət-özəl təfədaşlığının inkişafı, bilik-bacarıqların artırılması, effektiv sahəvi təşkilatlanma, müvəqqəti vergi güzəştlərinin və sərfəli kredit imkanlarının yaradılması, milli məzmun yaradıcılığı və istehsalın təşviqi, tələbin stimullaşdırılması və s.
Pandemiya ilə bağlı məhdudiyyətlərə görə tədbirdə iştirak xüsusi dəvətnamə ilə olacaq.
Sungrye Hun Beynəlxalq “Webzine K-Book Trends” nəşrində
Tanınmış Koreya yazıçısı, 2019-cu ildə Bakıda keçirilən Avrasiyanın ədəbiyyat üzrə 3-cü LiFFt festivalının iştirakçısı Sungrye Hun
Beynəlxalq “Webzine K-Book Trends” nəşrinin fevral sayında tərcüməçi ampluasında çıxış edib.
“Ədəbiyyat və incəsənət” portalı yazıcınının sosial mediya statusuna istinadən məlumat verir ki, “Webzine
K-Book Trends” Koreya ədəbiyyatını dünyaya çatdıran ən böyük platformadır.
Sungrye Hun Yapon dilindən Koreya dilinə, eyni zamanda Koreya dilindən isə Yapon dilinə tərcümələr edir. İndiyədək o, bu iki dil arasında 200-dək kitab tərcümə etmişdir.
1990-cı illərin əvvəllərindən tərcüməyə başlamış yazar xüsusən poeziya sahəsində uğurlu tərcümələr ortaya qoymuşdur.
Oxucularımıza bildirək ki, “Webzine K-Book Trends” jurnalı ingilis dilində təqdim olunur.
Yazıçı Faren Miller 71 yaşında vəfat edib
Tanınmış Amerika yazıçısı Faren Miller 71 yaşında dünyasını dəyişib.
TASS agentliyi xəbər verir ki, yazıçı tənəffüs orqanlarındakı ciddi problemlər səbəbi ilə vəfat edib.
1950-ci ildə Kaliforniyada doğulan, nüfuzlu Lokus mükafatçısı Millerin 1991-ci ildə işıq üzü görən "İllüzionistlər" fantastik romanı oxucular tərəfindən böyük maraqla qarşılanmışdı və ona dünya şöhrəti gətirmişdi.
Lokusun saytında gedən nekroloqda Faren Millerin uzun zaman qəlblərdə qalacağına inam ifadə olunub.