Super User

Super User

“Sadəcə başqa ölkələrdəki insanlar üçün yox, başqa dövrlər üçün də yazırsınız” – Nobel mükafatçısı yapon yazar Kazuo İşiquronun “Paris icmalı” jurnalına verdiyi müsahibə Nilufər Hacılının təqdimatında

 

Azər Turan – Dahi və dünya (Nobel mükafatçısı pakistanlı fizik Abdus Salam haqqında)

 

 “Bu gün kütləni razı salmaq asan məsələ deyil...” – “Ədəbiyyat qəzeti”nin yeni “Fikir bucağı” layihəsinin ilk qonağı yazıçı Qan Turalıdır (Söhbətləşdi: Tural Cəfərli)

 

Qəzənfər Paşayev – Köhnə kişilərdən öyrəndiklərim

 

“Hər işin başında estetik zövqü, milli ruhu sağlam olan insanlar dayanmalıdır” – filologiya elmləri doktoru Elnarə Akimova ilə uşaq ədəbiyyatının çağdaş durumu və problemləri mövzusunda müsahibə (Söhbətləşdi: Günel Eyyubova)

 

Əkrəm Bağırov – Nizami davamçısı Əssar Təbrizi

 

“Axı hanı bu evin yiyəsi...” – “Varislər”in qonaqları unudulmaz şair Camal Yusifzadənin həyat yoldaşı Əntiqə Bağırova və qızı Nigar Eyvazovadır (Söhbətləşdi: Əyyub Qiyas)

 

Nizami Cəfərov – Jurnalistin ədəbi debütü (Əflatun Amaşovun “Qanıq, Hasan, bir də Qaragöz” romanı haqqında)

 

Kənan Hacı – “Suzanbağı” (Hekayə)

 

Nargis – Yasəmənli yuxular

 

Mənzər Niyarlı – “Cəbrayıl əfsanəsi” – real hadisələrin qəhrəmanı (Azad Qaradərəlinin “Cəbrayıl əfsanəsi” kitabı haqqında)

 

Səadət Kərimi – Yağışın yağmadığı zaman ilin hansı fəslidir? (Eluca Atalının “Ənqa quşu” romanına resenziya)

 

Tahir Aydınoğlu – Azərbaycan maarifçi elmi-fəlsəfi irsinin və demokratik mətbuatının görkəmli tədqiqatçısı (İzzət Rüstəmov-90)

 

Abid Tahirli – Vətən həsrəti ilə çırpınan misralar, yaxud qəlbinin sağalmayan yerindən vurulan şair (“Alazan Baycan. Əsərləri” haqqında)

 

Tahir Taisoğlu – “Yaşamağın yanında...” yaşayan şair (Qalib Şəfahətin “Eşqə batır yanaqlarını” kitabı haqqında)

 

Qərib Mehdi – “Gülab” (Hekayə)

 

Vahid Əziz, Faiq Balabəyli, Musa Ələkbərli, Əhməd Qəşəmoğlu, Gülnar Ümidin şeirləri

 

Mənbə: Edebiyyatqazeti.az

Günün fotosu:

Fransa öz ordusunu Malidən çıxarır

 

Fransa ordusu Malini tərk edir, səbəb bu Afrika ölkəsinin hərbi rəhbərliyi ilə münasibətin pozulmasındadır. 

Rəsmi Paris Barxan və Tekuba adlı antiterror əməliyyatında Fransa ordusunun iştirakını dayandırıb, rəsmi Mali ilə əməkdaşlığın bundan sonra mümkünsüz olduğunu dilə gətirib.

Foto: Euronews

 

Sumqayıt Poeziya Evində Əli Kərim adına Poeziya Klubunun təşkilatçılığı ilə qazi şair Elvin İntiqamoğlunun xalq şairi Sabir Rüstəmxanlının ön sözü və şair Emin Pirinin redaktorluğu ilə nəşr olunmuş “On dördüncü qızılgül” adlı ilk şeirlər kitabının təqdimat mərasimi  keçirilib.

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, şəhidlərin ruhu qarşısında sayğı duruşu ilə başlayan tədbiri giriş sözü ilə Poeziya Evinin direktoru, şair Ibrahim İlyaslı açaraq yeni nəşr olunmuş kitab haqqında ətraflı məlumat verib.

Tədbirin aparıcısı, Poeziya Evinin təşkilatçısı, gənc şair Elvin Əlizadə kitabın işıq üzü görməsi münasibəti qazi şairi təbrik etdikdən sonra sözü tədbir iştirakçılarına verib. 

Təqdimatda çıxış edən filologiya elmləri üzrə fəlsəfə doktoru, professor, şair Rafiq Yusifoglu,  Prezidentin fərdi təqaüdçüsü, əməkdar müəllim, şairə Ofelya Babayeva, kitabın redaktoru, qazi-şair Emin Piri, tanınmış nasir Əyyub Qiyas, əməkdar artist, şair Nazir  Rüstəmov, şair və yazıçılardan  Ehtiram Ilham, Elnur Uğur, Hakani Abbasəli, Solmaz Cahangirova, Mədaxil Cavadlı, Miraslan Rasim, Cabir Ağaoğlu, Mələk Yazar, Şahin Haciyev, Şəlalə Hüseynova, Elvin Rizvangil, Nemət Mətin, Fatteh Xann, Nicat Ağayev, Aygün Cəfərova, Gülnar Ümid, Əsmər Hüseyn Xan, Günel Balakişi, Əlirza Paşayev, Ürvət Əfqanoğlu, Əşrəf Əşrəfli, Bəhram Bilaloğlu, Vüsal Ağa  qazi şairə uğurlar diləyiblər, onun bu ilk kitabında yer alan şeirlərdən səsləndiriblər. 

Oxuculardan Gülnar Əhmədova, Əlikram Əzizov, Ilqar Nəsirli də   təbriklərə qoşulublar. 

Tədbir qazi şairin şəhid baş leytenant Emil Əsədova ithaf etdiyi “Qaya-11” adlı şeirinin video-çarx şəklində sələndirilməsi ilə başa çatıb.

Tədbirin sahibi - qazi şair Elvin İntiqamoğlu “Hər birinizə təşəkkürlər! Gələn ayaqlarınız var olsun!” deyə tədbir iştirakçılarına minnətdarlıq bildirib.

 

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dubay əmirliyində keçirilən “Ekspo 2020” dünya sərgisindəki Azərbaycan pavilyonunda Heydər Əliyev Fondu və “Azərxalça” ASC tərəfindən təşkil olunan tədbirdə “Dostluq” xalçasının təqdimatı olub.

AzərTAC xəbər verir ki, ənənəvi Azərbaycan xalçaları və yeni müasir dizayn əsasında hazırlanan “Dostluq” xalçası “Azərxalça”nın yaradıcı komandası ilə Azərbaycanın Əməkdar rəssamı Rəşad Ələkbərovun birgə əməkdaşlığı nəticəsində ərsəyə gəlib. Xalçanın yaradılması üzrə işlər, o cümlədən dizaynın işlənməsi, çeşninin hazırlanması, xalçanın özünün toxunması və emalı 7 ay çəkib.

Xalçada Azərbaycanın və Dubay Əmirliyinin məşhur tarixi və müasir abidələri, flora və fauna elementləri əksini tapıb.

 

Bu gün saat 15:00-də Cəfərov qardaşları 16 ünvanında, Gəncliyə Yardım Fondunun akt zalında (İçərişəhər metro stansiyasının yaxınlığı) mərhum şairə Fərqanə Mehdinin xatirə gecəsi və  xatirəsinə həsr olunmuş şeir müsabiqəsi təşkil olunacaq. 

Tədbir Dünya Gənc Türk Yazarlar Birliyinin, Gəncliyə Yardım Fondunun, “Ulduz” jurnalının və "Fərqanə ədəbi məclisi"nin birgə təşkilatçılığı ilə baş tutacaq. 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, 35 yaşa qədər olan gənc şairlər istənilən mövzuda bir şeir təqdim etməklə müsabiqənin seçim turuna qoşula biliblər.

15 fevral 2022-ci il tarixinədək müsabiqəyə göndərilmiş şeirlərdən ikinci mərhələyə keçənlər şeir gecəsində müəlliflər tərəfindən səsləndiriləcək və münsiflərin canlı səsverməsi ilə qaliblər seçiləcək. Müsabiqənin qalibinə Dünya Gənc Türk Yazarlar Birliyi tərəfindən təsis olunmuş "Fərqanə" ədəbi mükafatı, ikinci və üçüncü yeri tutan iştirakçılara isə diplomlar təqdim olunacaq. 

Əlaqə üçün telefon: +994 51 812 82 42

 

Musiqi Mədəniyyəti Dövlət Muzeyində Azərbaycan Dövlət Film Fondu ilə birgə yenidən bərpa olunmuş “Maestro Niyazi” sənədli filminin təqdimatı keçirilib.

AzərTAC xəbər verir ki, təqdimat görkəmli dirijor və bəstəkar Niyazinin 110 illik yubileyinə həsr olunmuş silsilə tədbirlər çərçivəsində təşkil olunub.

Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq elmləri doktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova muzeyin Niyazinin yaradıcılığının təbliği istiqamətində gördüyü işlərdən danışıb.

Film haqqında fikirlərini bölüşən Azərbaycan Dövlət Film Fondunun direktoru, Əməkdar incəsənət xadimi, professor Cəmil Quliyev ekran əsəri barədə məlumat verib. Bildirib ki, film 1975-ci ildə istehsal olunub: “Bu filmin unikallığı ondadır ki, Niyazinin sağlığında çəkilib və burada olduqca unikal təsvirlər var. Həmin unikal səhnələrdən biri Niyazinin Yunus Əmrənin şeirini səsləndirdiyi səhnədir. Biz qərara gəldik ki, filmi bərpa edək, çünki film texniki baxımdan yaxşı deyildi".

Sonra Cəmil Quliyev filmin elektron nüsxəsini muzeyə hədiyyə edib.

Qeyd edilib ki, filmin ssenari müəllifləri Svetlana Mirzəyeva və Rauf Nağıyev, rejissoru Rauf Nağıyevdir.

Təqdimat proqramında maestro Niyazinin əsərlərindən ibarət musiqi proqramı səslənib.

Sonra muzeyin arxiv materialları əsasında hazırlanmış slaydşou nümayiş olunub.

Tədbirdə bərpa edilmiş “Maestro Niyazi” filmi nümayiş edilib.

 

Türkiyənin “dibace.net” ədəbiyyat portalı Azərbaycan Dövlət Tərcümə Mərkəzinin “Ən yeni Azərbaycan ədəbiyyatı” layihəsi çərçivəsində gənc şair Aqşin Evrənin türk dilinə tərcümə olunmuş “Yaş köynəyin fotosu”, “Ağrımağın resepti” və “Unutmağın resepti” şeirlərini yayımlayıb.

Hər üç şeirin türk dilinə tərcümə müəllifi Dövlət Tərcümə Mərkəzinin türk dili üzrə mütəxəssisi Kəmalə Ələkbərovadır.

Yeri gəlmişkən, gənc şairin bir neçə şeiri  ölkəmizdə şeirsevərlər arasında çox populyardır. “Unutmağın resepti”ni “Ədəbiyyat və incəsənət” portalı oxucularına təqdim edir:

 

Hərdən onun toxunduğu yerlər qopar bədənindən

hissə-hissə yoxa çıxarsan hərdən

Hərdən “qayıt, ölürəm” kimi oxunar

ona yazdığın bircə “Salam. Necəsən?”

Sıxılarsan...

Bilməzsən hara qoyasan bu nəhəng ayrılığı

Görərsən saçların onun çiyni üçün darıxır

Ayrılıq sevgiyə yox, ölümə daxildi, qızım...

Bunu da öyrənmişdin uşaqlıq paltarından

Gör ayrılığın üstündən neçə payız keçib e,

onun qoxusu hələ də çəkilmir paltarından

Hərdən ovulub gedərsən...

Burnunun ucu göynəyər tanış qoxudan ötrü

Yağış yağar, görərsən ki,

altında bir boş yer qalıb əlindəki çətirin

Hərdən boynunu üşüdər onun aldığı şərf də

barmaqların əllərindən sırsıra tək sallanar.

Boş küçədə öskürər xatirələr astaca

Cədvəllərdə yazılar: “mənfi sənsiz dərəcə”

Hərdən heç nə dəyişməz...

Bir görüş yeri boyda boşluq qalar içində

Hərdən büdrəyərsən... yıxılarsan

xatirələrin yanından keçəndə...

 

Rusiyada məşhurlaşan əslən azərbaycanlı olan müğənni Jony (Cahid Hüseynli) iyulun 29-da Bakıda konsert verəcək.

Onun konserti "Jara" Beynəlxalq Musiqi Festivalı çərçivəsində reallaşacaq.

Qeyd edək ki, Xalq artisti Emin Ağalarovun təşkilatçılığı ilə builki “JARA”nın iyulda ənənəvi yerində Bilgəhdəki Sibrizdə keçirilməsi  planlaşdırılır.

 

 

Fevralın 18-də Beynəlxalq Muğam Mərkəzində Qobustan Milli Tarix-Bədii Qoruğunun təsis etdiyi “Qobustan dünyası” elmi-metodiki, populyar jurnalın, nəşrin saytının (gobustandunyasi.az) və qoruğun sifarişi ilə ərsəyə gələn “Qavaldaş” cizgi filminin təqdimat mərasimi keçirilib.

“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, tədbiri Qobustan qoruğunun əməkdaşı Vəfa Hüseynova açıq elan edərək hər iki layihə haqqında məlumat verib. Diqqətə çatdırıb ki, xalqımızın qədim tarixini, yaşayış tərzini, mədəniyyətini, incəsənətini, özündə əks etdirən Qobustan abidələri mədəniyyətin müxtəlif sahələrinin silinməz nişanələrini gələcək nəsillərə daşıyır. Təkcə ölkəmizin deyil, bütün dünyanın mədəni irsi, mədəni sərvəti olan Qobustan abidələrinin, ümumilikdə Azərbaycan mədəniyyətinin və incəsənətinin yerli və beynəlxalq səviyyədə layiqincə təbliğ olunması Qobustan Milli Tarix-Bədii Qoruğunun əsas fəaliyyət istiqamətlərindən biridir. Qoruğun təsis etdiyi “Qobustan dünyası” jurnalı, onun saytı və “Qavaldaş” cizgi filmi təbliğat sahəsində görülmüş işlərin bir qismidir. “Qobustan dünyası” dərgisi  qoruğun Ədliyyə Nazirliyinin Mətbu nəşrlərin reyestrində qeydiyyata alınmış ilk dövri mətbu nəşridir. Azərbaycanın qədim və zəngin mədəni irsinin təbliği, mədəniyyət və incəsənət sahələri üzrə mütəxəssislərin və yaradıcı şəxslərin bilik və təcrübəsinin ictimaiyyətlə paylaşılması məqsədilə təsis olunan jurnal ildə iki dəfə oxucuların görüşünə gələcək. Jurnalın birinci buraxılışı Qobustan abidələrinin ilk tədqiqatçısı, arxeoloq alim İshaq Cəfərzadənin (1895-1982) xatirəsinə ithaf olunub.

Tədbirdə çıxış edən mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev bildirib ki, mədəniyyətimizi qorumaqla, əslində, kimliyimizi qoruyuruq. Mədəniyyət inkişaf etdikcə xalqın xarakteri və keyfiyyətləri də inkişaf edir. Dünya mədəni irsinin abidəsi olan Qobustan rəsmləri tariximizin və incəsənətimizin qədimliyini əks etdirməklə yanaşı, insanın yaradıcı düşüncəsinin formalaşmasının təzahürüdür. Bu qayaüstü rəsmlər onu göstərir ki, insanlar ilk dəfə gördüyünü əks etdirməyə çalışıb. İnsanlar bunu yaddaşını qorumaq üçün edib. Bu tarix musiqi, rəqs və mədəniyyətin digər sahələri ilə yanaşı, bu gün həm də rəqəmsal vasitələrlə gələcək nəsillərə ötürülür. Qobustan yalnız yaşayış məkanı deyil, eləcə də ayinlərin keçirildiyi bir yer olub. O, qədim və zəngin bir mədəniyyəti əks etdirir.

Qobustan Milli Tarix-Bədii Qoruğunun direktoru Vüqar İsayev çıxışında ilk olaraq qoruq haqqında məlumat verib. Deyib ki, qoruğun ilk tədqiqatçısı, arxeoloq və etnoqraf, tarix elmlər namizədi İshaq Cəfərzadə 1939-1950-ci illərdə Abşeron, Səbail, Qobustan və s. arxeoloji ekspedisiyaların təşkilatçısı və rəhbəri olub. O, vəfat etdikdən bu işi alim Cəfərqulu Rüstəmov və həyat yoldaşı tarix üzrə fəlsəfə doktoru, AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun baş elmi işçisi Füruzə Muradova davam etdirib. 1966-cı ildə Qobustan qoruğu SSRİ Nazirlər Sovetinin qərarına əsasən, Qobustan Dövlət Tarix Qoruğu statusunu alıb. 2007-ci ildə Qobustan qoruğu Birinci vitse-prezident Mehriban Əliyevanın böyük dəstəyi ilə UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilib. Bundan sonra Prezident İlham Əliyevin müvafiq sərəncamına əsasən, qoruq “milli” statusu alıb. 2011-ci ildə Qobustan Milli Tarix-Bədii Qoruğunun yeni inzibati binası tikilib. Bu bina qoruğun zəngin fondu sayəsində 2013-cü ildə Avropanın ən yaxşı 10 muzeyinin sırasında yer alıb. Qoruq 2019-cu ildə İCESCO-nun İslam İrsi Siyahısına daxil edilib.

Təqdim olunan layihələr haqqında məlumat verən direktor diqqətə çatdırıb ki, “Qobustan dünyası” jurnalına Azərbaycan Respublikası mədəniyyət naziri Anar Kərimov ön söz yazıb. Jurnalda Azərbaycan mədəniyyətinin dünya mədəniyyətinə inteqrasiyasından bəhs edən müxtəlif rubrikalarda yazılar yer alıb. “Mədəniyyətlər qovşağı”, tarix və mədəniyyət abidələrimizdən bəhs edən “Miras”, ölkəmizin 7 müxtəlif profilli muzeyinin hər birindən bir eksponatın daxil olduğu “Yeddi gözəl”, xalqımızın multikultural və tolerant ənənələrinə həsr olunmuş “Multikultural və tolerant Azərbaycan”, tanınmış mədəniyyət və incəsənət xadimlərinə həsr olunmuş “Estafet”, mədəniyyət sahəsində xeyriyyəçilik ənənələrinin təbliğinə xidmət edən “Mədəniyyət xeyriyyəçiləri”, Azərbaycan tarixinə, mədəniyyət və incəsənətinə töhfələr vermiş elm adamları və ziyalılarından bəhs edən “Ziyalı sözü” və s. rubrikalarda maraqlı informasiyalar təqdim olunur.

Vüqar İsayev Azərbaycan mədəniyyətinin daha geniş şəkildə təbliği məqsədilə  jurnalın növbəti sayından etibarən Azərbaycan dili ilə yanaşı, ingilis və rus dillərində də nəşr olunması planlaşdırıldığını deyib. Direktor həmçinin qeyd edib ki, oxucular üçün daha əlçatan olması məqsədilə jurnalın saytı da (gobustandunyasi.az) yaradılıb, həmçinin yığcam formalı mobil versiyası da hazırlanıb.

“Qavaldaş” cizgi filmi haqqında məlumat verən qoruğun rəhbəri vurğulayıb ki, qoruğun sifarişi əsasında ərsəyə gələn film Qobustan abidələrinin təbliğinə xidmət edir. Cizgi filminin əsas süjet xəttini müasir dövrdə babalarının Qobustana gətirdiyi iki uşağın Qobustan abidələri ilə tanışlığı zamanı keçmiş aləmə düşməsi, buradakı qayaüstü təsvirlərdə yer alan qəhrəmanlar vasitəsilə qədim dövrlərə səyahət edib ulu əcdadlarımızın həyat tərzi ilə tanış olmaları təşkil edir.

Çıxışlardan sonra tədbir iştirakçıları “Qavaldaş” cizgi filmini izləyiblər.

Filmin nümayişindən sonra "İçərişəhər" Muzey Mərkəzinin direktoru Əminə Məlikova, tarix üzrə fəlsəfə doktoru, AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun baş elmi işçisi Füruzə Muradova çıxış edərək yeni layihə münasibətilə təbriklərini çatdırıblar. Qobustan qoruğunun dünyanın heç bir qayaüstü abidəsi ilə müqayisə olunmadığı bildirilib. Qeyd olunub ki, bu qəbildən bəzi abidələrdə yalnız qayaüstü təsvirlər öyrənilib. Bu, birtərəfli tədqiqat adlanır. Çünki qayaüstü təsvirlərin dövrünü qazıntı materialları olmadan dəqiq göstərmək mümkün deyil. Qobustanın bir çox dünya abidələrindən üstünlüyü ondadır ki, qayaüstü təsvirlər arxeoloji qazıntılarla bərabər öyrənilir.

Təqdimat mərasiminin sonunda qonaqlara “Qobustan dünyası” jurnalı hədiyyə olunub.

 

“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə ustinadən məlumat verir ki, Moskvada, Dövlət Ermitaj Muzeyində bu gün - fevralın 19-da “Xalçanın sərildiyi məkan mənim evimdir”: Azərbaycan xalçaçılığı” adlı mühazirə təqdim olunacaq. 

Mühazirə muzeyin əsas binasında Moskva vaxtı ilə saat 14:00-da baş tutacaq.

Ermitajın əməkdaşı, sənətşünas Polina Lyubimova Azərbaycan xalça sənətinə həsr edilmiş mühazirəsini təqdim edəcək.

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.