Yenidən bərpa olunan “Maestro Niyazi” filmi təqdim edilib

 

Musiqi Mədəniyyəti Dövlət Muzeyində Azərbaycan Dövlət Film Fondu ilə birgə yenidən bərpa olunmuş “Maestro Niyazi” sənədli filminin təqdimatı keçirilib.

AzərTAC xəbər verir ki, təqdimat görkəmli dirijor və bəstəkar Niyazinin 110 illik yubileyinə həsr olunmuş silsilə tədbirlər çərçivəsində təşkil olunub.

Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq elmləri doktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova muzeyin Niyazinin yaradıcılığının təbliği istiqamətində gördüyü işlərdən danışıb.

Film haqqında fikirlərini bölüşən Azərbaycan Dövlət Film Fondunun direktoru, Əməkdar incəsənət xadimi, professor Cəmil Quliyev ekran əsəri barədə məlumat verib. Bildirib ki, film 1975-ci ildə istehsal olunub: “Bu filmin unikallığı ondadır ki, Niyazinin sağlığında çəkilib və burada olduqca unikal təsvirlər var. Həmin unikal səhnələrdən biri Niyazinin Yunus Əmrənin şeirini səsləndirdiyi səhnədir. Biz qərara gəldik ki, filmi bərpa edək, çünki film texniki baxımdan yaxşı deyildi".

Sonra Cəmil Quliyev filmin elektron nüsxəsini muzeyə hədiyyə edib.

Qeyd edilib ki, filmin ssenari müəllifləri Svetlana Mirzəyeva və Rauf Nağıyev, rejissoru Rauf Nağıyevdir.

Təqdimat proqramında maestro Niyazinin əsərlərindən ibarət musiqi proqramı səslənib.

Sonra muzeyin arxiv materialları əsasında hazırlanmış slaydşou nümayiş olunub.

Tədbirdə bərpa edilmiş “Maestro Niyazi” filmi nümayiş edilib.

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.