Fevralın 18-də Beynəlxalq Muğam Mərkəzində Qobustan Milli Tarix-Bədii Qoruğunun təsis etdiyi “Qobustan dünyası” elmi-metodiki, populyar jurnalın, nəşrin saytının (gobustandunyasi.az) və qoruğun sifarişi ilə ərsəyə gələn “Qavaldaş” cizgi filminin təqdimat mərasimi keçirilib.
“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, tədbiri Qobustan qoruğunun əməkdaşı Vəfa Hüseynova açıq elan edərək hər iki layihə haqqında məlumat verib. Diqqətə çatdırıb ki, xalqımızın qədim tarixini, yaşayış tərzini, mədəniyyətini, incəsənətini, özündə əks etdirən Qobustan abidələri mədəniyyətin müxtəlif sahələrinin silinməz nişanələrini gələcək nəsillərə daşıyır. Təkcə ölkəmizin deyil, bütün dünyanın mədəni irsi, mədəni sərvəti olan Qobustan abidələrinin, ümumilikdə Azərbaycan mədəniyyətinin və incəsənətinin yerli və beynəlxalq səviyyədə layiqincə təbliğ olunması Qobustan Milli Tarix-Bədii Qoruğunun əsas fəaliyyət istiqamətlərindən biridir. Qoruğun təsis etdiyi “Qobustan dünyası” jurnalı, onun saytı və “Qavaldaş” cizgi filmi təbliğat sahəsində görülmüş işlərin bir qismidir. “Qobustan dünyası” dərgisi qoruğun Ədliyyə Nazirliyinin Mətbu nəşrlərin reyestrində qeydiyyata alınmış ilk dövri mətbu nəşridir. Azərbaycanın qədim və zəngin mədəni irsinin təbliği, mədəniyyət və incəsənət sahələri üzrə mütəxəssislərin və yaradıcı şəxslərin bilik və təcrübəsinin ictimaiyyətlə paylaşılması məqsədilə təsis olunan jurnal ildə iki dəfə oxucuların görüşünə gələcək. Jurnalın birinci buraxılışı Qobustan abidələrinin ilk tədqiqatçısı, arxeoloq alim İshaq Cəfərzadənin (1895-1982) xatirəsinə ithaf olunub.
Tədbirdə çıxış edən mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev bildirib ki, mədəniyyətimizi qorumaqla, əslində, kimliyimizi qoruyuruq. Mədəniyyət inkişaf etdikcə xalqın xarakteri və keyfiyyətləri də inkişaf edir. Dünya mədəni irsinin abidəsi olan Qobustan rəsmləri tariximizin və incəsənətimizin qədimliyini əks etdirməklə yanaşı, insanın yaradıcı düşüncəsinin formalaşmasının təzahürüdür. Bu qayaüstü rəsmlər onu göstərir ki, insanlar ilk dəfə gördüyünü əks etdirməyə çalışıb. İnsanlar bunu yaddaşını qorumaq üçün edib. Bu tarix musiqi, rəqs və mədəniyyətin digər sahələri ilə yanaşı, bu gün həm də rəqəmsal vasitələrlə gələcək nəsillərə ötürülür. Qobustan yalnız yaşayış məkanı deyil, eləcə də ayinlərin keçirildiyi bir yer olub. O, qədim və zəngin bir mədəniyyəti əks etdirir.
Qobustan Milli Tarix-Bədii Qoruğunun direktoru Vüqar İsayev çıxışında ilk olaraq qoruq haqqında məlumat verib. Deyib ki, qoruğun ilk tədqiqatçısı, arxeoloq və etnoqraf, tarix elmlər namizədi İshaq Cəfərzadə 1939-1950-ci illərdə Abşeron, Səbail, Qobustan və s. arxeoloji ekspedisiyaların təşkilatçısı və rəhbəri olub. O, vəfat etdikdən bu işi alim Cəfərqulu Rüstəmov və həyat yoldaşı tarix üzrə fəlsəfə doktoru, AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun baş elmi işçisi Füruzə Muradova davam etdirib. 1966-cı ildə Qobustan qoruğu SSRİ Nazirlər Sovetinin qərarına əsasən, Qobustan Dövlət Tarix Qoruğu statusunu alıb. 2007-ci ildə Qobustan qoruğu Birinci vitse-prezident Mehriban Əliyevanın böyük dəstəyi ilə UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilib. Bundan sonra Prezident İlham Əliyevin müvafiq sərəncamına əsasən, qoruq “milli” statusu alıb. 2011-ci ildə Qobustan Milli Tarix-Bədii Qoruğunun yeni inzibati binası tikilib. Bu bina qoruğun zəngin fondu sayəsində 2013-cü ildə Avropanın ən yaxşı 10 muzeyinin sırasında yer alıb. Qoruq 2019-cu ildə İCESCO-nun İslam İrsi Siyahısına daxil edilib.
Təqdim olunan layihələr haqqında məlumat verən direktor diqqətə çatdırıb ki, “Qobustan dünyası” jurnalına Azərbaycan Respublikası mədəniyyət naziri Anar Kərimov ön söz yazıb. Jurnalda Azərbaycan mədəniyyətinin dünya mədəniyyətinə inteqrasiyasından bəhs edən müxtəlif rubrikalarda yazılar yer alıb. “Mədəniyyətlər qovşağı”, tarix və mədəniyyət abidələrimizdən bəhs edən “Miras”, ölkəmizin 7 müxtəlif profilli muzeyinin hər birindən bir eksponatın daxil olduğu “Yeddi gözəl”, xalqımızın multikultural və tolerant ənənələrinə həsr olunmuş “Multikultural və tolerant Azərbaycan”, tanınmış mədəniyyət və incəsənət xadimlərinə həsr olunmuş “Estafet”, mədəniyyət sahəsində xeyriyyəçilik ənənələrinin təbliğinə xidmət edən “Mədəniyyət xeyriyyəçiləri”, Azərbaycan tarixinə, mədəniyyət və incəsənətinə töhfələr vermiş elm adamları və ziyalılarından bəhs edən “Ziyalı sözü” və s. rubrikalarda maraqlı informasiyalar təqdim olunur.
Vüqar İsayev Azərbaycan mədəniyyətinin daha geniş şəkildə təbliği məqsədilə jurnalın növbəti sayından etibarən Azərbaycan dili ilə yanaşı, ingilis və rus dillərində də nəşr olunması planlaşdırıldığını deyib. Direktor həmçinin qeyd edib ki, oxucular üçün daha əlçatan olması məqsədilə jurnalın saytı da (gobustandunyasi.az) yaradılıb, həmçinin yığcam formalı mobil versiyası da hazırlanıb.
“Qavaldaş” cizgi filmi haqqında məlumat verən qoruğun rəhbəri vurğulayıb ki, qoruğun sifarişi əsasında ərsəyə gələn film Qobustan abidələrinin təbliğinə xidmət edir. Cizgi filminin əsas süjet xəttini müasir dövrdə babalarının Qobustana gətirdiyi iki uşağın Qobustan abidələri ilə tanışlığı zamanı keçmiş aləmə düşməsi, buradakı qayaüstü təsvirlərdə yer alan qəhrəmanlar vasitəsilə qədim dövrlərə səyahət edib ulu əcdadlarımızın həyat tərzi ilə tanış olmaları təşkil edir.
Çıxışlardan sonra tədbir iştirakçıları “Qavaldaş” cizgi filmini izləyiblər.
Filmin nümayişindən sonra "İçərişəhər" Muzey Mərkəzinin direktoru Əminə Məlikova, tarix üzrə fəlsəfə doktoru, AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun baş elmi işçisi Füruzə Muradova çıxış edərək yeni layihə münasibətilə təbriklərini çatdırıblar. Qobustan qoruğunun dünyanın heç bir qayaüstü abidəsi ilə müqayisə olunmadığı bildirilib. Qeyd olunub ki, bu qəbildən bəzi abidələrdə yalnız qayaüstü təsvirlər öyrənilib. Bu, birtərəfli tədqiqat adlanır. Çünki qayaüstü təsvirlərin dövrünü qazıntı materialları olmadan dəqiq göstərmək mümkün deyil. Qobustanın bir çox dünya abidələrindən üstünlüyü ondadır ki, qayaüstü təsvirlər arxeoloji qazıntılarla bərabər öyrənilir.
Təqdimat mərasiminin sonunda qonaqlara “Qobustan dünyası” jurnalı hədiyyə olunub.