Super User
Xocalı soyqırımına həsr olunmuş “Remember” əsərinin videoklipi təqdim edilib
Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar “Remember” əsərinin klipi yutub kanalında yerləşdirilib.
Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən bildirilib ki, komitənin dəstəyi, Londonda yaşayan bəstəkar, “EMC Production”nın rəhbəri Emin Məcnunbəylinin təşəbbüsü ilə ərsəyə gələn klip Xocalı qurbanlarının əziz xatirəsinə ithaf olunub. Əsərin musiqisi Emin Məcnunbəyliyə, sözləri Çexiyada yaşayan şairə Leyla Begimə məxsusdur.
Emin Məcnunbəylinin ifasında səslənən əsəri gitarada Erdem Gonenc müşayiət edib. Musiqi videosunun rejissoru Həbib Cəbrayılovdur.
Klipi aşağıdakı linkdən izləmək mümkündür: https://www.youtube.com/watch?v=f6ob_f3x0DI
“Qaranlığı yazanın gecəsi” - Habil Yaşardan yeni hekayə
Ax, o qədər yorulmuşam ki... Özü də lap çox. Yorulmaq nədir ki... Ondan da betər olmuşam. Usanmışam, bezmişəm, lap cana gəlmişəm.
Köks ötürürəm.
İlahi, gör nə qədər havalanmışam ki, kompüter qarşımda dura-dura yazıq qələm-kağızı danlayıram. Axı çoxdandır kompüterlə yazdığımı da unutmuşam. Bunu bildiyim halda nədən qələm-kağızı günahlandırdım ki... Xeyr, onların zərrə qədər də günahı yoxdur. Günahkar, bəli, günahkar məhz kompüterdir. Ax səni, kompüter, insan icadı olmağına baxmayaraq, deyəsən yavaş-yavaş insanı da üstələməkdəsən. Üstələ, üstələ görək, axırda nə edəcəksən. Ya sonumuza çıxacaqsan, ya da sən də biz insanlar kimi, özün-özündən yorulacaqsan və günlərin birində sənin kimilərini yaratdıqları üçün biz insanları danlayacaqsan, necə ki, biz də bəxtimizdən şikayət edib, bizi yaradanı, yəni Allahı müqəssir bilirik.
Ax, qarışdırdım, hər şeyi bir-birinə o qədər dolaşdırdım ki, lap həftəbecər elədim. İndi mən yazmaq istəyərkən kompüterin nə günahı var ki... Ey qələm-kağız və ey kompüter, hər birinizdən dönə-dönə üzr istəyirəm. Günahkar, bəli, əsl günahkar elə mən özüməm. Bəli, mən günahkaram, özü də xalisindən. 1.4 kq-lıq beynimi o qədər yükləmişəm ki, milyon, bəlkə də milyard kompüter ola, bu yükü üzərinə götürə bilməz, error verərək fəaliyyətini dayandıra bilər. Ah, nə isə, yaman çox zəvzəklədim. Axı mən yazmalıyam. Gecənin bir aləmi (kompüterimdə saat 00:25 göstərir) yuxuma haram qatmağımın səbəbi yazmaq deyilmi... Elə isə yazmağı bir kənara qoyub nədən başqa şeylər haqqında düşünürəm... Nə isə, başladım yazmağa. Ya Allah.
Ya Allah demişkən, bir şey yadıma düşdü. Ah, yenə fikrimi dağıdacağam deyəsən. Hə, harda qalmışdım?... Ya Allah demişkən, görəsən ateistlər yazarkən və ya hər hansı bir işə başlayarkən “Ya Allah”ın yerinə hansı ifadəni işlədirlər? Yəqin ki, “başladıq” deyərək başlayırlar işə. Amma... Amma nə? Yenə ağlıma bir şey gəldi. (Ax mən bu cızmaqaramı nə zaman yazacağam görəsən...) İllər qabaq bir ateistlə avtomobilə əyləşərkən onun “Ya Allah” deyərək sükana əyləşdiyinin özüm şahidiyəm axı. O zaman nə qədər təəccüblənmişdimsə hal-hazırda da onun təsirindən çıxa bilmirəm. Bu necə ola bilər və ya, bu qədər ziddiyyət ola bilərmi? Bu dünyada hər hansı bir ateistdən “Ya Allah” sözünü eşitmək qədər qəribə nəsə ola bilərmi? Zənn etmirəm. Ax nə isə, digərlərinin nə düşünüb-düşünmədiyi nəyimə gərək. Mən öz yazımı yazmağa çalışmalıyam. Vaxt gedir, vədə gedir. Hələ istədiklərimə tam olaraq nail ola bilməmişəm. Hər saniyəmin qızıl dəyərində olduğunu bildiyim halda mümkünsüzləri mümkün etmək haqqında düşünməyimin mənə nə faydası. Onsuz, dünya yaranan gündən yaxşı ya pis, öz axarıyla getmirmi... Kim onu dəyişməyi bacarıb ki, mən də onu dəyişə biləm... Əlbəttə, bu mənim başım üçün deyil. Onda nədən vaxtımın itirilməsinə yol verirəm. Ya Allah başladım.
Toparlanıb yazmağa başlayarkən... Ax bu Nazim. Zəng etməyə vaxt tapdın da.
-Alo!
...
-Hə bildim, necəsən?
...
-Hal-hazırda yazmaqla məşğulam.
...
-Yox, bu nə sözdü, xoşdu qardaş.
...
-Hə, saat 5 üçün olacam “Aygün city” nin qarşısında.
...
-Görüşərik, hələlik.
...
On dəqiqədir oturmuşam kompüterin qarşısında. Allahın bir cümləsini, nəinki cümləsini, hətta bir sözünü də yaza bilməmişəm. Fikrim elə dağda, aranda. Üstəlik də bu zəng. Heç hənanın yeri idi. Mərdimazara lənət. Əstafurullah. Öz yaxın dostuma gör nə deyirəm də. Şeytana lənət. Hə lənət olsun şeytana. Odur mənim düşüncələrimi dolaşıq salaraq yazmağa qoymayan.
Azacıq sükutdan sonra davam edirəm:
Şeytan demişkən. Görəsən, o, hal-hazırda məni görürmü? Hərəkətlərimi izləyə bilirmi? Bəlkə də görməyinə görür. Yaxşı, bəs, düşüncələrimi oxuya bilirmi? Ax, deyəsən dəli oluram. Əşi şeytanın məni görüb-görməməyi nəyimə lazım. Adama deyərlər ki, a bala, otur yazını yaz da, sənin şeytanla nə işin. Yoxsa şeytanla alış- verişin var?
Beynimi vurub dağıtmaq istəyirəm, olmayan beynimi. Amma yazmaq üçün beyin lazımdır axı. Axı yazmaq mənim ən böyük ehtirasımdır. Offf... Yenə qatıb-qarışdırdım. Gah beynimi dağıtmaq istəyirəm, gah da yazmaq. Yox, yox, qoy yazım. Beynimi sonra da dağıda bilərəm. Bir də ki, beynimi dağıtmaqla nə düzələcək ki... Zaman yenə su kimi axacaq, dünya da öz oxu ətrafında həmişəki kimi fırlanacaq. Ara yerdə özümü məhv edəcəyəm. Onsuz da məhv olmuş kimiyəm. Amma indi bu müzakirələrin yeri deyil. Şeytana lənət. Yazmağa davam.
Bir qədər sükutdan sonra “Word” də ilk söz olaraq “Qaranlıqdayam” yazıram.
Qaranlıq demişkən... Bir az qaranlıqdan qorxuram axı, bəlkə də bir az yox, normadan daha çox. Bəzən qışqıraraq yuxudanqan tər içində oyanır və bəzən də yuxuyla-oyanıqlıq arasında iflic vəziyyətində qalıram. Hətta bir dəfə qapqara geyinmiş çarşablı qadın gecədən səhərə kimi qapının yanında dayanaraq düz gözlərimin içinə baxırdı. Qorxudan hərəkət etmək bir yana, heç səsimi də çıxara bilmədim ki, evdəkilər eşidərək məni bu gorbagordan xilas etsinlər. Çünki, işıqlar yandırılsa çox güman ki, bu zibildən qurtula bilərdim. Bu qarabasmalar məndən nə istəyir axı... Araşdırmalara görə, qarabasmalardan daha çox stress keçirən insanlar əziyyət çəkir. O ki qaldı, mənim kimi biri ola.
Bir neçə saniyə keçir.
Eşitdiyimə görə cinlər gecələr daha fəal olurlar, xüsusən də saat 2-4 arası. Gecələr yatarkən ayaqlarımı yorğandan çölə çıxara bilmirəm, daha çox da evdə tək olduğum zamanlar. Hətta, bəzən bütün otaqların işığını yandırıb yatmağa çalışsam da qara fikirləri beynimdən çıxara bilmirəm. Elə bilirəm, cin və ya kabus, xülasə siz nə düşünürsünüz düşünün, hər hansı bir bədheybət şey bu dəqiqə ayaqlarımdan tutub məni evboyu sürüyəcək-sürüyəcək, axırda da götürüb doqquzuncu mərtəbədən yerə vıyıldadacaq. Hər şey bununla bitsə mənim üçün daha da rahat olardı. Çünki, daha dəhşətli şeylərə beynim ssenarilər qurur. Özü də daha betərindən. Cin və ya kabus və bəlkə də hər hansı bir bədniyyətli ruh məni saçımdan sürükləyərək dəhlizə... yox, hamama gətirib ayağa qaldıraraq başımı güzgüyə çırpır. Güzgünün sınması cəhənnəm, üzüm-gözüm qana bulaşır və azacıq sonra o, başımı vannanın içinə salmağa başlayır. Vanna ağzına kimi qan içində. Boğsaydı öldürüb canımı qurtarardı və mənə yaxşılıq etmiş olardı. Amma nə boğmaq. O hələ bu mənzərəni daha da dramatikləşdirərək zövq almaq niyyətindədir. Sonra məni hamamdan çıxarıb... (burası lap dəhşətlidir) tualetə apararaq başımı unitaza soxmaqdadır. Ardınca başımı dəfələrlə divara çırpmaqdadır. Divarlara sıçramış qan qorxu filmlərindəki əcaib səhnələri xatırladır. Sanki, divarlarda qanla “ölüm” yazılmaqdadır.
Səsi qonşular eşidə bilərdi, amma tərslikdən ən yaxın qonşular bir neçə gün öncə evdən getmişdilər. Sanki, olacaqlardan xəbərdar imişcəsinə. Bəs niyə mənə deməmişdilər? Ax sizi, xainlər.
Düşünmək qabiliyyətimin tamamilə itməməsi səbəbindən bir anlıq haqsız yerə qonşuların günahını yumağımdan utandım. Axı onlar olacaqları haradan biləydilər və ya bilib nə edə biləcəkdilər ki... Kim bu ifritlə mübarizə aparmağa özündə güc tapa bilərdi... Əlbəttə, heç kim.
Nə isə, harada qalmışdım? Bəlkə heç ardını davam etməyim və bəlkə davam edim? İki od arasında qalmışam vallah. Axı mən yazı yazmalıyam. Bu nə qaranlıq düşüncələrdir, yenidən yaxaladı məni. Yox, heç nəyə baxmayaraq davam edəcəyəm. Hə, burda qalmışdım axı. Başımı bir neçə dəfə divara çırpdıqdan sonra məni sürüyərək mətbəxə aparıb, başımı yanmaqda olan qazın üzərinə yaxınlaşdırdı. Dərim əriyərək ətrafa süzülməkdə idi. Amma son nəfəsimi verməyənə kimi bu əzabları yaşamalı, baş verənləri müşahidə etməli idim. Çünki, Əzrayıl adlandırdığımız ölüm mələyi hələ gəlib çıxmamışdı. Deyəsən, onun da bu mənzərəyə tamaşa etməkdən xoşu gəlirdi. Özü də adını mələk qoyub. Həm də onu niyə qınayım ki, zatən adı üstündə “ölüm mələyi” deyilmi? Bu mənzərəyə şahid olan bir Əzrayıl olacaqdı. Yox, unutdum, əstafurullah, bir də ki, Allah. Ax Allah, bu bəlanı sən mənə necə qıydın? Offffff deyəsən dindən-imandan çıxıram. Yavaş-yavaş mürtədə çevrilirəm. Allah, bağışla məni! Bağışla məni, Allah! Məni bağışla ki, mən də səni bağışlayım. Çəkdiyim bu əzabları taleyimə sən yazmamısanmı? Cinləri, şeytanları, ruhları, kabusları sən yaratmamısanmı? Yaratdıqlarından daha çox səndən inciyirəm Allah. Offff, gör mən nələr danışıram, nələr düşünürəm, Allah. Xətasız qul olmaz. Allah, bağışla məni! Bağışla məni, Allah! İllər öncə yazdığım bir şeirdən bu misralar indi necə də yerinə düşür:
Nədir bu qaranlıq? nədir bu zülmət?
Varmı bu dəhşətin sonu, ilahi?
Canı sən vermisən, sənə əmanət,
Qoru qaranlıqdan onu, ilahi!
Ax, qaranlığı yazmaqdaykən haradan gəldi beynimə bu yarı sərsəm, yarı həqiqətin özü olan fikirlər? Bəlkə heç bu haqda yazmayım? Başqa maraqlı bir mövzu daha gözəl olmazmı? Yox. Elə əsas qorxduğum şeylərdən yazmaq arzusunda deyildimmi? Bu yaxşı mövzu ola bilər. Elə isə mövzunu əsla dəyişməyim.
Kompüterin enerjisi də bitmək üzrədir. 3 faiz qalıb. Görəsən enerji yükləyicisini hara qoymuşam? Ax, bayaqdan hər şeyi fikirləşirəm, xəyallarımla kainatı fəth edirəm, amma gözümün qarşısındakı enerji yükləyicisini görməyəcək qədər kor olduğumundan xəbərsizəm.
Yükləyici sayğaca qoşulduqdan bir az sonra “facebook”a ismarıc gəlir:
“Qardaş hələ yatmamısan? Saat dördə işləyir”
Bir buna deyən lazımdır ki, a zalım balası, bəs özün neyçün yatmamısan? Deyən lazımdır deyəndə ki, niyə də özüm yazmayım ki...
O, da eyni sualla ismarıc yazaraq göndərir. Unutmayaq ki, o yazanda da, yazmayanda da həmişə facebook səhifəsi “online” olur.
Nə isə yenə də mərdimazara...
Bir az da düşüncələrə dalıram.
Dörd saatdan çoxdur ki, sadəcə bir söz yazmışam: “Qaranlıqdayam”. Belə getsə deyəsən heç nə yaza bilməyəcəyəm. Səhər açılmamış soruşacaqlar ki, nə oldu, bir şey yaza bildin? “Hə” desəm, onsuz da oxumayacaqlar. “Yox” desəm, soruşacaqlar ki, bəs niyə gecədən səhərə kimi dəli kimi otururdun? “Heç olmasa başqa bir iş görəydin”- deyəcəklər. Daha nə bilsinlər, yazmağın necə mürəkkəb bir proses olduğunu. Bir cümləni yazmaq üçün bir gecənin nə qədər qısa və bəlkə də, məsələn, bir romanı yazmağın bir ömrü yaşamaqdan daha çətin olduğunu hardan bilsinlər. Onsuz da bilməyəcəklər. Bilməyəcəkləri, anlamayacaqları bir şeyi sübut etməyə çalışmağın nə faydası. Bohemada¹ yaşamağı o qədər arzulamışam ki... Şairlərin, rəssamların, ümumiyyətlə, sənət adamlarının məskunlaşdığı bir məkanda yaşamaq istəyi. Onlar da səni anlamasa, o zaman kimlər anlayacaq ki... Bəlkə də ətrafımda məni anlayacaq biriləri vardır, amma o birilərini kəşf etmək üçün olsun ki, bir ömür kifayət etməyə bilər. Bu səbəbdəndir ki, Bohema arzularım arzu olaraq qalmaqdadır. Çox təəssüf...
Amma saatlar gəlib keçməkdədir. Qarışıq düşüncələrin əlindən “Qaranlıqdayam” sözündən başqa heç nə yazılmamaqdadır. Amma nəzərə alsaq ki, bir tək “qaranlıqdayam” sözünün özü belə böyük bir məna kəsb edir, o zaman “heç nə yaza bilməmişəm” sözünün özü belə haqsızlıq sayılmazmı?
Doğru olmağına doğrudur. Amma söhbət hansı qaranlıqdan gedir, onu oxuculara əsaslandırmalı, bir səhifə də olsun nəsə bir şey yazmalıyam. Əks halda, “qaranlıqdayam” sözü nəinki oxuculara, hətta özümə belə həmişə qaranlıq qalacaq. Bu qaranlığı yarmaq üçün kiçik bir hekayə belə yetər. Kiçik şeylərin çox zaman böyük iztirablardan doğduğunun fərqindəsinizmi?
Düşüncələrlə keçən növbəti bir saatımdan sonra bayırdan sübh azanı eşidilir.
Bəli, Allah böyükdür. Bizim dərk edə bilməyəcəyimiz qədər böyük. Elə isə nədən ikinci cümləni “Allah böyükdür” olaraq yazmayım? Bundan gözəl söz varmı... O zaman bu sözü mütləq yazmalıyam. Bax bu da iki cümlə...”Qaranlıqdayam. Allah böyükdür”. Bəs növbəti cümlə necə yazılmalıdır? Ah mən necə də səfehəm. Səfehin ta yekəsiyəm. Bax bu da növbəti, üçüncü cümlə: “Qaranlıqdan Allahın böyüklüyünə sığınıram”.
Və beləcə, “Qaranlıqdan Allaha sığınanlar” adlı altı səhifəlik bir hekayə günəş doğmaqda olarkən tamamlanmış olur.
1.Bohema-Nyu-Yorkda yerləşir
Rejissor Arif Qazıyev vəfat edib
Azərbaycanın tanınmış televiziya rejissoru Arif Qazıyev fevralın 24-də 84 yaşında vəfat edib.
AzərTAC xəbər verir ki, bu barədə mərhumun bacısı oğlu Mətləb Nəcəfov məlumat verib.
Qeyd edək ki, rejissor 1938-ci ildə anadan olub. Arif Qazıyev 2008-ci ildə "Şöhrət" ordeni ilə təltif olunub, 2017-ci ildə isə Azərbaycan Prezidentinin fərdi təqaüdünə layiq görülüb.
Xalq artisti Yalçın Rzazadənin xatirə axşamı keçirilib
R.Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında görkəmli müğənni, Xalq artisti Yalçın Rzazadəyə həsr olunan xatirə axşamı keçirilib.
“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadəb məlumat verir ki, nazirliyin İncəsənət və qeyri-maddi mədəni irs şöbəsinin müdiri Fərəh Acalova çıxış edərək sənətkarın həyat və sənət yolundan söz açıb. Bildirib ki, Yalçın Rzazadə ötən il dünyasını dəyişsə də, onun ifa etdiyi nəğmələr tamaşaçıların qəlbində əbədi yaşayacaq: “Yalçın Rzazadənin özünəməxsus ifa tərzi onun həqiqi sənətkar olduğunun göstəricisidir. Azərbaycan musiqi sənətinin ən parlaq nümayəndələrindən olan Yalçın Rzazadə bir çox görkəmli bəstəkarlarımızın mahnılarının ilk və mahir ifaçısı kimi tanınıb. Cahangir Cahangirov, Emin Sabitoğlu, Tofiq Quliyev, Oqtay Kazımi, Eldar Mansurov kimi bəstəkarlar onun üçün mahnılar bəstələyiblər. “Qayınana”, “Dədə Qorqud”, “Baladadaşın ilk məhəbbəti”, “Gün keçdi” kimi filmlərimizə də Yalçın Rzazadə bənzərsiz ifası ilə ölməzlik bəxş edib”.
Sonra Dövlət Mahnı Teatrının ansamblı və solistləri sənətkarın repertuarından olan mahnılardan ibarət konsert proqramı ilə çıxış etdilər.
Proqram Xalq artisti Salman Qəmbərovun fortepianoda müşayiəti ilə Emin Sabitoğlunun “Bakı, sabahın xeyir” mahnısı ilə başlanıb. Konsert boyu “Taleyim mənim”, “Gəl barışaq”, “Durnalar”, “Şirin dil”, “Ay Laçın” və digər mahnılar səsləndirilib.
Solistlər Rövşən Qəhrəmanov, Fəxri Kazım-Nicat və Aynur İsgəndərli, Mətin Rzazadə, Xalq artistləri Heydər Anatollu, Gülyaz və Gülyanaq Məmmədovalar, Əməkdar artist Aygün Qurbanova ifaları ilə ötən illərin nəğmələrinə yeni nəfəs veriblər.
Yalçın Rzazadənin övladları Mətin və Orxan Rzazadələr atalarının xatirəsinə göstərilən ehtirama görə tədbirin təşkilatçılarına və iştirakçılara minnətdarlıqlarını ifadə ediblər.
Tədbirdə iştirak edən Əməkdar artist Nüşabə Ələsgərli sənətkarla bağlı xatirələrini KİV media nümayəndələri ilə bölüşüb: “Yalçın Rzazadə ilə bizim tanışlığımız 90-cı illərə təsadüf edir. Biz bir yerdə konsert proqramlarında çıxış etmişdik. O kübar, mədəni, ətrafındakılara sevgi ilə yanaşan bir insan idi. Tale elə gətirdi ki, Mədəniyyət və İncəsənət Universitetinə daxil olanda o bizim kafedranın müdiri idi. Biz bir yerdə on il çalışdıq. İşinə məsuliyyətli, tələbələrə qarşı tələbkar bir insan kimi yadımda qalıb. Geyimindən tutmuş repertuar seçiminə qədər ondan kübarlıq yağırdı. Onunla bir səhnəni bölüşdüyüm üçün özümü şanslı hiss edirəm...”.
Mədəniyyət nazirinin iştirakı ilə İctimai Şuranın iclası keçirilib
Mədəniyyət naziri Anar Kərimovun iştirakı ilə Mədəniyyət Nazirliyi yanında İctimai Şuranın iclası keçirilib.
“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, tədbiri giriş sözü ilə açan A.Kərimov bu tədbirin əldə edilən uğurlardan sonra ilk görüş olduğunu bildirib. 2022-ci ilin “Şuşa ili” elan edilməsini vurğulayaraq, cari ilin Şuşa bayramı kimi keçiriləcəyi iclas iştirakçılarının nəzərinə çatdırılıb.
İctimai Şuranın sədri Gəray Əlibəyov çıxış edərək, şuranın fəaliyyətindən bəhs edib. Şura tərkibində 7 işçi qrupu yaradıldığı bildirilib. Teatr və kino sahəsi üzrə işçi qrupunun keçirəcəyi 1-ci Müstəqil teatrlar festivalı haqda məlumat verilib. 17 özəl teatrın festivalda iştirak edəcəyi bildirilib. Digər işçi qruplarının da görəcəyi işlərdən danışıb. Növbəti 6 ay üçün 100-ə yaxın tədbirin baş tutacağı qeyd olunub.
A.Kərimov çıxışında bildirib ki, tədbirlərin sayına yox, keyfiyyətinə önəm verilməlidir. İctimai Şuradan gözləntimiz budur ki, ictimaiyyət ilə Mədəniyyət Nazirliyi arasında körpü yaratsın. Vətəndaş cəmiyyətinin səsini bizə çatdırsın. Vətəndaş cəmiyyətinin baxışı bizim üçün vacibdir. İctimai Şura vəzifədir, imtiyaz deyil. İctimai Şuranın vəzifəsi məsuliyyətdir. Bu baxımdan nazirlik ilə konstruktiv əməkdaşlıq edilməlidir.
İctimai Şuranın sədr müavini Şahin Qədirov çıxış edərək bildirib ki, işə götürmə sahəsində problemlər mövcuddur.
A.Kərimov həmçinin qeyd edib ki, işə götürülmə üçün platforma, meyar müəyyən edilməlidir. Vətəndaşlar platformaya çıxsın, şəffaf şəkildə işə götürülmə həyata keçirilsin. Bildirilib ki, sistem formalaşmalıdır ki, pərakəndəlik olmasın. Əks halda şəffaflıq və keyfiyyət olmayacaq. Artıq 1 ildi islahatlara başlanılıb. Uşaq musiqi və incəsənət məktəblərinə Dövlət İmtahan Mərkəzi ilə birgə şəffaf şəkildə imtahanlar keçiriləcək. Bu nümunə teatrlar, mədəniyyət klubları və digər mədəniyyət müəssisələrinə də tətbiq olunacaq.
Nazir habelə bildirib ki, islahatlar uzunmüddətli olaraq uğura yol açmalıdır.
“Nazirlik keçid dövründədir. İslahatların arxasında sağlam niyyət var. Uzun illərdən qalan problemləri həll etmək lazımdır”.
Sədr müavini Əkbər Yolçuyev çıxış edərək, işğaldan azad olunmuş ərazilərdə mədəni irsimizlə bağı möcud olan problemlərdən danışıb. Birgə həll yolları müzakirə olunub.
Strateji inkişaf və layihələrin idarə edilməsi şöbəsinin əməkdaşı Elgün Əliyev aidiyyəti üzrə görülən işlərdən bəhs edərək bildirib ki, 194 şəhid ailəsi üzvü işlə təmin olunub. Qeyd edilib ki, işə götürülmə ilə bağlı sözügedən fəaliyyət davam etdirilir.
Sonda A.Kərimov bildirib ki, aidiyyəti şöbələr ilə İctimai Şura arasında ayda bir dəfədən az olmayaraq görüş keçirilməlidir. Mədəniyyət əyləncə deyil, sərvətdir, mirasdır, güc-qüvvədir. Mədəniyyət çox mühüm məsələdir. Gələcək nəsillər qarşısında öhdəliyimiz var. Məhz buna görə də, İctimai Şura ilə birlikdə produktiv, effektiv, səmərəli fəaliyyət qurulmalıdır.
Xalq şairi Zəlimxan Yaqubun şeiri “Usare” dərgisində dərc olunub
Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatı tərəfindən gerçəkləşdirilən “Azərbaycan Aşıq sənətinin inkişafına dəstək” layihəsi çərçivəsində Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, xalq şairi, fərdi prezident təqaüdçüsü Zəlimxan Yaqubun “Şəhidlərim yatan yerdə” adlı şeiri qardaş Türkiyə Cümhuriyyətinin Kahramanmaraş şəhərində fəaliyyət göstərən Ebrar Vakfı Kültür Yayın orqanı olan “Usare” - iki aylık kültür, ədəbiyyat, sənət dərgisinin 27-ci sayında dərc olunub. Özü də Azərbaycan dilində.
Bu barədə portalımıza Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti və İctimaiyyətlə Əlaqələr şöbəsindən məlumat verilib.
“Azərbaycan Aşıq sənətinin inkişafına dəstək” layihəsinin rəhbəri və müəllifi Azərbaycan Aşıqlar Birliyinin katibi, “Ozan dünyası” jurnalının Baş redaktoru, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğludur.
Layihənin koordinatoru və məsul katibi Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidmətinin rəhbəri, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, “Kümbet” və “Usare” dərgilərinin Azərbaycan təmsilçisi Kamran Murquzovdur.
Qeyd edək ki, bundan öncə gerçəkləşdirilən eyniadlı layihə çərçivəsində sevimli xalq şairimiz Zəlimxan Yaqubun “Ömrün yolları” şeiri qardaş Türkiyə Cümhuriyyətinin Bilecik şəhərində fəaliyyət göstərən “Kardelen” üçaylıq mədəniyyət, ədəbiyyat, incəsənət dərgisinin 109-cu sayında Azərbaycan dilində dərc olunmuşdu.
“Ağ xalatlı mələklər” – Nemət Tahirin hekayəsi
-Ülkər, sən çox yorulmusan. Ayaq üstə yatırsan. Keç dəhlizdəki kresloda gözünün acısını al, mən burdayam, narahat olma.
-Yox, Afət, bir azdan xəstələrin hərarətin ölçməliyik, -deyib Ülkər saata baxır. Saat 03:15-dir. Sonra sözünə davam edir:
-Elə bil səhər açılmayacaq, axşam olanda sanki boğuluram, xəstələrin də vəziyyəti pisləşir. Nənəm deyərdi ki, şər qarışan kimi şər qüvvələr ortaya çıxır (Başını bulayıb gülümsəyir). Deyəsən, başım xarab olur.
-Ay qız, hamısı yorğunluqdandır. Düz bir aydır ki, gücləndirilmiş rejimdə işləyirik.
-Hə, təki insanlar sağalsın, dözərik, dözməliyik.
-Amin.
Ülkər Lerikin dağ kəndindəndir. Tibb Universitetini fərqlənmə ilə bitirib. Sonra rezidenturanı Almaniyada oxuyub. Orada oxuya-oxuya özəl klinikaların birində işə düzəlib. Artıq 7 ildir, Almaniyada yaşayır. 30 yaşı var, amma ailə qurmaq barədə düşünmür. Deyir ki, mənim sevgim Talış dağlarında ya dumana düşüb, ya meşədə azıb, ya da uçurumdan yuvarlanıb.
Pandemiya ilə bağlı vətənə qayıdıb, qayıdıb ki, millətinə xidmət eləsin, insanların sağlamlığının keşiyində dursun. Halbuki qayıtmaya da bilərdi...
-Ülkər, bilirsən, mənə nə maraqlı gəlir
-Nə, əzizim?
(Buradakı tibbi personalın əksəriyyəti bir-birini 1 aydır ki, tanıyır, amma aralarında çox səmimi və mehriban bir mühit yaranıbdır. Tam bir komandadırlar. Deyirlər, dar gün insanları birləşdirir)
-Xaricdə oxumağa gedən vətəndaşlarımızın çoxu oxuyub qurtardıqdan sonra Vətənə qayıtmaq istəmirlər. Bunun üçün əsaslı və əsassız səbəblər gətirirlər. Nə yaxşı sən qayıtdın, özü də belə çətin bir vaxtda? Halbuki, qayıtmamaq şansın vardı.
-Hə, Afət, burada bu sualı verən artıq beşinci insansan (Gülümsəyir).
-Sən Allah, xətrinə dəyməsin, sadəcə, maraqlı gəldi deyə soruşdum.
-Xeyr, xətrimə dəymir, yaxşı elədin, səmimi olmaq lazımdır. Mən fikirləşirəm ki, orda qalmaq üçün yox, qayıtmaq üçün şansım olduğuna çox xoşbəxtəm. Bilirsən, Afət, mənim atam Qarabağda şəhid olub. Onda mənim 2 yaşım vardı, atamın üzünü xatırlaya bilmirəm. Anam deyir ki, bir dəfə yaralı gətirdilər, əməliyyat oldu, altı ay xəstəxanada yatandan sonra qazi kimi ordudan tərxis olunmaq şansı vardı, ancaq Vətən darda olduğu üçün yenidən cəbhəyə qayıtdı. Bax buna görə mən də qayıtmalı idim, Afət. Vətən dardadır...
(Səsi titrəyir, göz yaşlarını gizlətmək üçün əllərini üzünə tutur.)
Bir müddət əvvəl Rusiyadan vətənə qayıtmaq istəyən vətəndaşları gətirdilər. Analizləri götürülən, hərtərəfli yoxlanan vətəndaşlar karantinə yerləşdiririldi. Analizləri müsbət çıxanları klinikaya göndərdilər. Onları qəbul edənlər arasında Ülkər də var idi. Gələnlərin arasındakı sarışın, ucaboy, enlikürək, saçları pırpız oğlanı görəndə sanki Ülkəri cərəyan vurdu. Ancaq əynindəki xüsusi geyimə görə onun bu halını heç kim hiss etmədi. Heç oğlan da Ülkərin nə keçirdiyin hiss etmədi...
Bu o idi, illər əvvəl ucqar dağ kəndində - məktəbdə dağ havası kimi təmiz, saf sevgi ilə sevdiyi Rəsul...
Rəsul 11-ci sinifdə oxuyanda Ülkər 10-cu sinifdə oxuyurdu. O qədər həyalı və təmiz oğlan idi ki, özü utandığından Ülkərə bir söz deyə bilməmişdi. Axırda bacısını göndərmişdi ki, Ülkərə onu sevdiyini bildirsin.
Əslində Ülkər bunu çoxdan hiss etmişdi. Rəsulun oğrun-oğrun ona baxmasından, onu hər yerdə bir kölgə kimi izləməsindən.
Rəsul həm də bu sevgidən qorxurdu. Çünki bu dağ kəndində şəhid ailəsi hamının baş tacı idi. Şəhid qızını sevdiyi üçün sanki böyük bir günah işlədiyini, müqəddəs ayini pozduğunu düşünürdü...
Rəsul çox gözəl dülgər idi, atası kimi. Orta məktəbi bitirib Bakıya peşə məktəbinə getdi. Peşəsini daha da təkmilləşdirdi. Bir il sonra Ülkər ali məktəbə qəbul oldu. Bakıda tez-tez görüşürdülər. Artıq kənddə də hamı bu sevgidən xəbər tutmuşdu.
Bir müddət keçmiş Ülkər Rəsulun onunla görüşə gələndə kefsiz olduğunu, ondan nəsə gizlətdiyini hiss edirdi. Amma “Bəlkə də, işdən yorğun gəlir, ona görədir”- deyib özünü təsəlli edirdi.
Bir gün Ülkərin qorxduğu başına gəldi. Rəsul yoxa çıxdı. Kəndə xəbər göndərdi, -Bura gəlməyib ,- dedilər. Tanıdığı ünvanlara getdi, soruşmalı olduğu adamlardan soruşdu... Amma Rəsuldan xəbər çıxmadı. Sanki iynə idi, samanlığa düşmüşdü.
Aylarla Ülkər əzab içində qovruldu, dərd çəkdi, anasının və yoldaşlarının köməyi ilə yalnız uzun müddət sonra özünə gəldi.
İndi bütün bunların səbəbkarı olan Rəsul qarşısında idi. Onu tapdığına sevinsinmi, bu illər ərzində ona yaşatdıqları üçün yaxasından tutub hesab sorsunmu, yoxsa virusa düşdüyü üçün onun halına yansınmı?
Qarışıq fikirlər qurd kimi Ülkərin beynini yeyirdi sanki.
Həkim yoldaşının: -Həkim, sizə nə olub, narahatsınız? - deməyinə özünə gəldi.
-Xeyr, hər şey yaxşıdır, - cavabını verdi.
-Hə, onda bu xəstələri palataya yerləşdirək.
***
Artıq bir həftə idi ki, Rəsul bu xəstəxanada müalicə alırdı, qayğı görürdü. Özü də illər əvvəl heç bir səbəb demədən tərk edib getdiyi Ülkərdən...
Ülkər yaxınlaşıb soruşdu:
-Vətəndaş Qurbanov, bu gün özünüzü necə hiss edirsiniz, əvvəlki kimi boğulma yoxdur ki?
Təbii ki, xüsusi qoruyucu paltarda, üzü bağlı olan Ülkəri tanımadan Rəsul cavabında söylədi:
-Xeyr, həkim, Allah köməyiniz olsun, bu gün çox yaxşıyam. Bizə yaman əziyyət çəkirsiniz, hamınız 24 saat biz xəstələrin qulluğundasınız, sizin haqqınızı necə ödəyəcəyik? Burdakı xəstələr bəs etmirmiş kimi, biz də gəlib sizə yük olduq...
Ülkər narazı və qəti şəkildə dedi:
-O nə sözdür, siz də bizdənsiniz. Soydaşımız, canımız, qanımızsınız. Heç vətəndaş da vətənə yük olarmı? Elə söz danışmayın, xahiş edirəm.
Rəsul xəfifcə gülümsədi:
-Uşaq vaxtı nənəm deyərdi ki, bala, ağ qanadlı mələklər səni qorsun. Elə deyəsən, o mələklər sizsiniz. Ağ qanadlı yox, ağ xalatlı mələklər, - dedi.
Ülkər də bu sözlərdən çox xoşlandı və o da gülümsədi. Rəsul ilk dəfə onun açıqda qalmış gözlərini gördü. Xatirələr ox kimi beyninə, qəlbinə batdı, onu keçmişə çəkdi. Bir an xəyala daldı.
Nəsə soruşmaq istəyəndə Ülkər bunu hiss edib: -Siz dincəlin, mən digər xəstələrə baş çəkməliyəm, -deyərək palatadan çıxdı...
Günorta yeməyində bütün həkimlər dilxor idi, bəziləri hətta ağlayır, çoxu yemək belə yemirdi. Halbuki 24 saat gücləndirilmiş rejimdə işləmək üçün mütləq yeməlisən ki,ümmunitetin zəif düşməsin, yoxsa nə geyinməyinə baxmayaraq, virusa yoluxma riskin çoxalar...
Bu dilxorçuluğa səbəb isə 67 yaşlı Rüstəm kişi idi. Şəkərli diabet olduğu üçün virusa qalib gələ bilməmişdi. Bu gün vəfat etmişdi.
Tibb bacılarından biri: -Rüstəm dayı çox müdrik və ölümdən qorxmayan biri idi, ailəsi ilə hər dəfəsində görüntülü danışırdı. Həyat dolu insan idi. Yoldaşı, oğlu, nəvələri onun sağalacağına çox inanırdılar. Bizə inanırdılar, heyif ki, onu qurtara bilmədik, -deyib hönkür-hönkür ağladı.
Həkimlərdən biri əlavə etdi:
-Süni nəfəs aparatına qoşulandan sonra ailəsi ilə ancaq bu gün danışmaq istədi. Sanki sağalmışdı, normal nəfəs alırdı. Ailə üzvləri ilə danışandan sonra yoldaşına dedi ki, uşaqları otaqdan çıxart, sənə sözüm var. Qadına vəsiyyət elədi, halallaşdı, qadın orda ağlayırdı, mən də donub qalmışdım, bilmirdim nə edim. Sözünü qurtaran kimi, rəngi ağardı, boynu düşdü yana. O an çox pis vəziyyətə qaldım, yaxşı ki,Ülkər həkim gəldi. Telefonda “Rüstəm, baba, ata,” qışqırtıları hələ də qulağımdan getmir.
Həkim ağladı. Hamı kövrəldi.
Tibb bacılarından biri aranı sakitləşdirmək, yoldaşlarını gərginlikdən çıxartmaq üçün televizorun səsini yüksəltdi.
Televizorda polislərin küçəyə icazəsiz çıxan, karantin rejimini pozan vətəndaşlara xəbərdalıq etməyi, tabe olmayanları cərmələməyi barədə xəbərlər verirdilər.
Afət replika atdı:
-Hələ də insanlara bu xəstəliyin ciddiliyi çatmır. Hamı deyir ki, boş söhbətdir, Çinin, Amerikanın oyunudur.
Digər tibb bacısı da münasibət bildirdi:
-Kimin işidir, kimin oyunudur, bilmirəm. Bu böyük bir bəladır və insanlarımız ayılmalıdır. Qoyulan qaydalara ciddi yanaşmalıdır. Əgər ölkəmizdə pandemiya krizi yaransa, uzaq olsun, çox pis nəticəsi olacaq.
-Hə, hə...elədir.
Yerbəyerdən ağ xalatlılar dilləndilər.
Həkimlərdən biri dedi:
-İnaşallah, olmaz. Biz burada, polislərimiz küçələrdə gecə-gündüz dayanmadan işləyirik ki, bunun qarşısı alınsın. İki uşaqla anamı evdə tək qoyub gəlmişəm, bilirsiniz.
-Hə, bilirik, onların vəziyyəti necədir?
Yerdən soruşdular.
-Yaxşıdır. Binadan bir neçə gənc ərzaq alıb gətirib, anam da deyib ki, bala çox sağ olun. Bu yardımı ehtiyacı olana verin. Bizə köməyiniz o olsun ki, pul verim, bizə bazarlıq edin. Gənclər indi hər gün nə lazım olsa,alıb gətirirlər.
Dil-ağız eləyənlər dərhal tapıldı:
-Hə sağ olsunlar. Millətimizin belə çətin gündə birləşə bilməyi adama qürur verir.
-Hə. Elədir. Qızımla oğlum deyirlər ki, müəllimlərimiz də telefonda onlayn qrup yaradaraq dərslərimizi keçirlər, - həkim söylədi.
-Hə, bizim uşaqlar da elə deyir, -deyə tibb bacısı təsdiqlədi.
Televizorda növbəti xəbər eşidildi:
“Qarabağın erməni icmasının üzvləri Azərbaycan icmasının sədri Tural Gəncəliyə kömək üçün müraciət edib.”
Bir tibb bacısı “Elə hamısı qırılsa yaxşıdır. Lənətə gəlmişlər...” – söylədi.
Sevda həkim ani sakitlik yarananda söhbətə qoşuldu:
-Qızlar, hamınıza bir sual verim: Əgər sabah Qarabağ alınsa, orada yaşayan erməniləri virusdan sağaltmaq üçün ora gedərsiniz? Səmimi olun.
Müxtəlif cavablar oldu. Amma son sözü Ülkər həkim dedi:
-Bilirəm ki, bütün olanlara baxmayaraq, hamımız gedərik və onlara bir vətəndaş kimi xidmət edərik. Çünki biz çox hümanist xalqıq. Elə başımıza da nə gəlirsə bunun ucbatından gəlir.
***
Artıq Rəsul tam sağalmışdı, klinikadan evə buraxılırdı. Dəhlizdə Ülkərlə üz-üzə gəldilər.
Rəsul:
-Sizə nə qədər təşəkkür etsəm, azdır. Var olun, Allah sizin hamınızı qorusun, həkim. Bura düşməyənə qədər bu xəstəliyin necə bir bəla olduğunu zənn etməzdim.
Ülkər:
-Şükür ki, sağaldınız, yaxınlarınıza, doğmalarınıza mütləq deyin, gigeyena qaydalarına ciddi yanaşsınlar.
Və qəfildən Ülkər özünü “yandırdı”: -Yəqin, Lerikə gedəcəksiniz.
Rəsul təəccübləndi və şübhələri daha da artdı:
-Siz hardan bilirsiniz ki, mən Lerikdənəm? Yoxsa, siz...
-Sizin sənədlərdə yazılıb haradan olduğunuz.
Rəsul inanmadı, amma razılaşdı həkimlə:
-Hə, heç olmasa üzünüzü görmədim ki, məni xilas edən insanı tanıyım.
Ülkər gülümsəyərək: -Nənəniz deməmişdi, mələklər barədə? Mələyin üzünü görmək olmaz axı.., - deyib gülümsədi.
Və -Xoşca qalın,- deyərək Rəsula getməsinin zamanı çatdığına işarə elədi.
-Sağ olun. Xudahafiz, -deyib Rəsul da bu istəyə tabe olub aralanmaq istədikdə bu zaman tibb bacısı yaxınlaşıb: -Bağışlayın, Ülkər həkim, sizi Sevda həkim gözləyir, -dedi.
Rəsul təəccüb və sevinc içində: -Ülkər, bilirdim, bilirdim, bu sənsən. Sadəcə şübhəli qalmışdım. Kənddən demişdilər, Almaniyadasan. İnanmırdım ki, qayıdarsan bura. Gör harda qarşılaşdıq?
Ülkərin gözləri doldu, səsi titrədi:
-Bəli, Rəsul bəy, mənəm, Ülkər. Sənin Ülkər ulduzun...Öyrənmişəm hamısını, bacın danışdı. Niyə qəfildən yoxa çıxmısan, niyə getmisən, hara getmisən? Heyif, o sevgiyə, o məhəbbətə, Rəsul...
Rəsul pərt halda:
-Mən səhvimi anlamışam,Ülkər. Sadəcə uzaqda olduğun üçün sənə doğru gələ bilmədim. Uşaqca qısqanclığın bəlasına düşdüm mən...
-Nəsə bunlar oldu, keçdi. Deyiləsi, soruşulası çox sözüm var, Rəsul, amma bura yeri deyil. Heç faydası da yoxdur.
-Mən səni gözləyim, icazə al, gedək, danışaq, Ülkər.. Bəlkə, bir şans...
-Xeyr, Rəsul. Yadındadır, ədəbiyyat müəllimimiz deyərdi ki, sevən insanlar qızardılmaq üçün doğranmış soğan kimidir. Yağ tökülməli, qızardılmalıdır, yəni sevginin odunda soğan kimi qızarmalıdırlar, əl-ələ tutmuş sevgililərin yanaqları kimi, həyadan, təbiilikdən qızarmalıdırlar. Tez götürsən, soğan çiy qalar, gec götürsən, soğan yanar, kömür olar. Biz gecikdik, Rəsul...
Rəsul üzüntüylə sual etdi:
-Ülkər, qəlbində mənə heçmi yer qalmayıb?
Amma Ülkər qətiyyətli idi:
-Xeyr, sən mənim qəlbimdəsən. Həmişə də orada olacaqsan. Müqəddəs və toxunulmaz bir büt kimi. Anam deyir ki, kişini Allahdan çox qadın yaradıb, ona görə də kişi qadına çox bağlıdır, bəzən sitayiş edir. Kişi bir qadının bətnindən doğulur, başqa qadının qəlbində dəfn olunur. Anam öz ürəyində atamı, mən isə səni dəfn etmişəm, Rəsul... Məndən ümidini üz, get qızının yanına. Hər şeyi bilirəm, evlənmisən, qızın dünyaya gələndə yoldaşın ölüb. Onu eşidəndə çox pis oldum. Qızın da, sən də yetim qalmısınız... Qızının adı nədir?
Rəsul başını aşağı salıb pərt və tutqun halda: -Günəş, - söylədi.
-Hə, gözəl adı var. Adı ilə böyüsün. Xoşbəxt olsun. Get, get ona bərk-bərk sarıl. Ətrafında pərvanə ol. Yetimliyin nə olduğun mən yaxşı bilirəm. Anasını itirib, Allah səni ona çox görməsin... Ülkər ulduzunu itirdin, xahiş edirəm, Günəşinisə itirmə, Rəsul...
Azacıq susub sual etdi:
-Sənə olan sevgim bilirsən nəyə bənzəyir?
-.....??
-Şahın zülmündən qurtulmaq üçün qaçıb Əsabi-Kəhf mağarasında 300 il yatanlara... Sənə olan sevgim də sənsizliyin zülmündən qəlbimdən qaçıb Talış dağlarındakı mağaraya getdi.... Səbrin çatarmı 300 il gözləməyə???....
Artıq Rəsul klinikanın pilləkənləri ilə düşürdü. Ülkər isə ikinci mərtəbənin pəncərəsindən için-için ağlaya-ağlaya ona baxırdı...
İçində rahatlıq tapmışdı. İtkin düşmüş oğlunun cəsədini tapan ana kimi...
Bir anda içəridən həkimlərin sevinc səsi yüksəldi. Ülkər ona tərəf qaçan tibb bacısını gördü:
-Ayıldı, həkim,süni nəfəs aparatında olan xəstə ayıldı....
Günün fotosu: Avroittifaq ölkələrinə gələn turistlərin vaksin nəzarəti ləğv edilib
Günün fotosu:
Avroittifaq ölkələrinə gələn turistlərin vaksin nəzarəti ləğv edilib
Avropa ittifaqı ölkələrinə gələn turistlərin vaksin nəzarəti 27 ölkədə ləğv edilib. Qərar dünəndən qüvvəyə minib.
Foto:Euronews
Mədəniyyət Nazirliyi yanında İctimai Şura “Teatr baharı” festivalını keçirəcək
Mart ayının 2-dən 6-dək Mədəniyyət Nazirliyi yanında İctimai Şura “Teatr baharı” festivalını keçirəcək.
Xalq artisti, İctimai Şuranın teatr və kino ilə bağlı işçi qrupunun rəhbəri Vidadi Həsənov qeyd edib ki, “Teatr baharı” festivalı Bakıda 17-ə yaxın müstəqil teatrların ilk tədbiridir. O deyib:
“Festivalda panellər keçiriləcək, tamaşaların müzakirəsi aparılacaq, eyni zamanda müxtəlif insanlarla görüşlər olacaq. Bütün teatr sevərləri, gəncləri və tələbələri bu festivalda görmək istəyirik”.
Qeyd edək ki, festivalın 2 məkanda - Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrı səhnəsində və Şah Mat Teatrında keçiriləcəyi planlaşdırılır.
Festivalın proqramını ilə aşağıdakı fotodan tanış ola bilərsiniz.
Mədəniyyət naziri Anar Kərimovun BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi Migel Angel Moratinos ilə görüşü keçirilib
2022-ci ilin 22 fevral tarixində mədəniyyət naziri Anar Kərimovun BMT-nin Sivilizasiyalar Alyansının (BMTSA) ali nümayəndəsi Migel Angel Moratinos ilə qarşı tərəfin təşəbbüsü ilə onlayn formatda görüşü baş tutub.
“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, görüşdə Azərbaycan və BMTSA arasında əməkdaşlığın hazırki vəziyyəti və gələcək perspektivləri barədə fikir mübadiləsi aparılıb və davamlı əməkdaşlığın əhəmiyyətindən bəhs edilib.
Bu kontekstdə, 2021-ci il ərzində Mədəniyyət Nazirliyi tərəfindən irəli sürülmüş və BMTSA və İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) birgə tərəfdaşlığı ilə həyata keçirilən “Mədəniyyət naminə sülh” Qlobal Kampaniyası (“Peace for Culture”) və bu Kampaniyanın Fəaliyyət Planı layihəsinin hazırlanması barədə müzakirələr aparılıb.