Super User
“Azərbaycanım” adlı 5-ci Respublika Uşaq Rəsm Festivalına start verilib
Yeniyetmə və gənclərin yaradıcılığını stimullaşdırmaq, əhatə olunduqları mədəni mühitə yanaşma tərzinin təkmilləşdirmək, onların bədii zövqünü inkişaf etdirmək, Azərbaycan əsgərinin qəhrəmanlığını, işğaldan azad olunmuş ərazilərimizin mədəni irsinin daha geniş təbliği məqsədilə “Azərbaycanım” adlı 5-ci Respublika Uşaq Rəsm Festivalına start verilib. Festival çərçivəsində müsabiqə elan olunub.
Bu festival Mədəniyyət, Təhsil nazirlikləri, “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti, Xətai Rayon İcra Hakimiyyəti, Azərbaycan Rəssamlar İttifaqı, Naxçıvan Rəssamlar Birliyinin dəstəyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə təşkil olunub.
Yaşı 21-ə qədər olan istedadlı şəxslər mayın 2-dək Xətai Sənət Mərkəzinin feysbuk qrupunda təqdim etdiyi əsərin fotosu, əsərin adı, müəllifin adı, soyadı, təvəllüdü, təhsil aldığı məktəbi və əlaqə nömrəsini yerləşdirməklə müsabiqəyə qatıla bilər.
Müsabiqənin şərtlərinə görə, ən çox uşaqların öz duyğu və düşüncələri ilə işlənmiş əsərlər seçiləcək. Seçim zamanı müəllifin yaşı nəzərə alınmaqla düzgün kompozisiya, rəng seçimi və ideya əsas götürüləcək. Seçim zamanı kənar (müəllim, valideyn) müdaxiləsiz işlərə üstünlük veriləcək.
Əlavə məlumat almaq üçün 051-310-74-01 vatçap nömrəsinə yazaraq cavab almaq olar.
Sərgi Xətai Sənət Mərkəzində keçiriləcək. Əsəri sərgidə nümayiş olunan müəlliflər sertifikatla və fəal tədris mərkəzləri (dərnək, incəsənət məktəbi və s.) təşəkkürnamə ilə təltif olunacaqlar. Hər yaş qrupu üzrə ən yaxşı 10 əsərin müəllifi festivala dəvət olunacaq. Festival iştirakçıları diplom və hədiyyələrlə mükafatlandırılacaq.
Azərbaycan Televiziyası “Muğam” Televiziya Müsabiqəsinə başlayır
Azərbaycan Televiziyası “Muğam” Televiziya Müsabiqəsinə start verir.
AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsinin məlumatına görə, Azərbaycan Mədəniyyət Fondunun layihəsi olan müsabiqə Heydər Əliyev Fondunun dəstəyi, Mədəniyyət Nazirliyinin köməkliyi ilə həyata keçirilir.
Müsabiqəyə yaşı 8-dən 30-a qədər olan yeniyetmə və gənclər dəvət olunurlar. Müsabiqədə iştirak etmək istəyənlər sənədlərini aşağıdakı bölgə və şəhərlərin sözügedən təşkilatlarına təqdim etməlidirlər:
- Lənkəran, Astara, Lerik, Masallı, Cəlilabad, Yardımlı, Biləsuvardan Lənkəran Regional Mədəniyyət İdarəsinə;
- Bərdə, Yevlax, Xocalı, Xocavənd, Tərtər, Ağdam, Ağcabədi, Cəbrayıl, Füzulidən Bərdə Regional Mədəniyyət İdarəsinə;
- Şamaxı, Zərdab, Ağsu, Ucar, Ağdaş, Göyçay, Kürdəmir, Qobustan, İsmayıllıdan İsmayıllı Regional Mədəniyyət İdarəsinə;
- Quba, Xaçmaz, Qusar, Şabran, Siyəzən bölgələrindən Xaçmaz Regional Mədəniyyət İdarəsinə;
- Qəbələ, Oğuz, Qax, Zaqatala, Balakən bölgələrindən, Şəki və Mingəçevir şəhərlərindən Şəki Regional Mədəniyyət İdarəsinə;
- Sabirabad, Saatlı, Hacıqabul, Salyan, Neftçala, İmişli, Beyləqan bölgələrindən və Şirvan şəhərindən Sabirabad Regional Mədəniyyət İdarəsinə;
- Goranboy, Samux, Göygöl, Daşkəsən, Gədəbəy, Kəlbəcər, Laçın, Tovuz, Qazax, Ağstafa, Şəmkir bölgələrindən, Gəncə və Naftalan şəhərlərindən Gəncə Regional Mədəniyyət İdarəsinə;
- Naxçıvan Muxtar Respublikası ərazisində yaşayanlar MR Mədəniyyət Nazirliyinə;
- Zəngilan, Qubadlı, Şuşa, Abşeron, Xızı bölgələrindən, Sumqayıt və Bakı şəhərlərindən AzTV-nin Musiqi və əyləncəli proqramlar redaksiyasına müraciət edə bilərlər.
Sənədlər fevralın 28-dən martın 28-nə kimi qəbul olunur. Yaşı 13-dən 16-ya qədər oğlanlar müsabiqəyə buraxılmırlar.
Yeniyetmələr 2 ədəd fotoşəkil və doğum haqqında şəhadətnamənin surətini, gənclər isə 2 ədəd fotoşəkil və şəxsiyyət vəsiqəsinin surətini təqdim etməlidirlər.
“Mən qadınam” qısametrajlı bədii film ssenari müsabiqəsi elan olunub
Azərbaycan Kinematoqrafçılar İttifaqı “Mən qadınam” qısametrajlı bədii film ssenari müsabiqəsinə start verib.
Spzügedən müsabiqənin keçirilməsində məqsəd müasir cəmiyyətimizin bütün kataklizmlərinin, ilk növbədə, qadın talelərində əks olunduğunu, sosial və iqtisadi problemlərin daha çox qadınlara zərbə vurduğunu, Qarabağ savaşının gətirdiyi bəlaların, o cümlədən şanlı qələbəmizin əldə edilməsində Azərbaycan qadınının misilsiz rolunu, müstəqillik illərində kinomuzda parlaq qadın obrazlarının azlığını nəzərə alaraq, kinematoqrafiyamızda müasir Azərbaycan qadın qəhrəmanlarının yaradılması işinin təşviq edilməsindən ibarətdir.
Müsabiqəyə təqdim edilən ssenarinin janrından asılı olmayaraq, müasir Azərbaycan qadınının bütün çalarları ilə dolğun obrazının yaradılması, onların şəxsi rifahı və cəmiyyətin məqsədləri uğrunda mübarizəsinin, Şərq və Qərbin qovuşuğunda yaşamanın özəlliklərinin, gender ayrıseçkiliyi fəsadlarının kino dili ilə ifadəsi arzu olunandır.
Müsabiqədə iştirak üçün qısametrajlı (52 dəqiqədən çox olmamaqla) bədii filmin ssenarisi (çap olunmuş variantda 2 nüsxə, şrift Courier New, ölçü 12), müəllif haqqında məlumatın (əlaqə telefonu və e-mail ünvanı) təqdim edilməsi tələb olunur. Ssenari və müəllif haqda informasiyanın elektron versiyası Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. ünvanına , “ssenari müsabiqəsi” mövzusu göstərilməklə göndərilməlidir.
Ssenarinin çap nüsxələri mayın 15-dək Azərbaycan Kinematoqrafçılar İttifaqının ofisinə təqdim edilməlidir. Müsabiqəyə təqdim olunan ssenarinin hüquqları müəllifə məxsus olmalı, orijinal və ekranlaşdırılmamış olmalıdır.
Qaliblər diplom və pul mükafatı ilə təltif ediləcək. Qalib ssenarilər istehsalı məqsədəuyğun layihə olaraq Mədəniyyət Nazirliyinə təqdim ediləcək.
Əlavə məlumat üçün (012)5059533 nömrəsinə zəng vurmaq, yaxud Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. elektron poçtuna yazaraq cavab almaq olar.
“Qələmimi öz qanıma, batırıb yazdım şeirimi” – Sabir Yusifoğlunun şeirləri
Elə şairlər var ki, heç kəsin açdığı yol ilə getmirlər, özləri yol, ən azı cığır açıb irəliləyirlər. Onların yazdıqları şeirlər həmişə diqqət çəkir, sevilir, yaddaşlara həkk olunur. Belə şairlərdən biri də poeziyası ilə dünyaya belə sığışmayan, özü isə Sumqayıta sığışıb orada yazıb yaradan Sabir Yusifoğludur.
Özü haqda “böyük şair”, “məşhur şair” ibarələrinə yer verən, hətta hansısa divar qəzetindən aldığı mükafatı belə gözə soxan əksərlərdən fərqli olaraq Sabir Yusifoğlunun yazdığı tərcümeyi-halı da özü kimi təvazökardır: “Piriyev Sabir Yusif öğlu. 10.02.1962-ci il tarixində Cəlilabad rayonunun Adnalı kəndində anadan olmuşam”. Vəssalam.
Sarı-sarı ağacları
Yarpaq-yarpaq soyur külək.
Bəlkə elə isinməyə
Yer axtarır soyuq külək?
Ürəyimi - xatirələr,
Yarpaqları - külək ovur.
Adamların arasıynan
Tale məni hara qovur?
Ya dəli ol, ya dərdli ol:
Biri bilsə, beşi bilməz.
Bu küləkdə hönkürtüynən
Ağlasan da eşidilməz.
Razılaşın ki, hər bir şairin qələmindən bu cür şedevr çıxa bilməz.
“Ədəbiyyat və incəsənət” portalı poeziyası bir oxunuşa sevilən şair Sabir Yusifoğlunun redaksiyaya təqdim etdiyi yeni və köhnə şeirlərindən ibarət çələngi oxucularının ixtiyarına verir. Əminik ki, bu şeirləri bəyənməyən çətin tapıla.
ANLARSAN TƏKLİYIİNİ
Yavaş-yavaş anlarsan,
anlarsan təkliyini.
Çəkib evin küncünə
ağlarsan təkliyini.
Hamıdan damla-damla,
gün-gün, il-il çıxarsan.
Heç nə yerinə dönməz-
ilan dili çıxarsan.
Uzaq da qaçar səndən,
yaxın da qaçar səndən.
Dərmanlar ovuc-ovuc,-
yuxun da qaçar səndən.
Tutub güzgü önündə
danlarsan təkliyini.
Divarlar soyuduqca
anlarsan təkliyini.
Nə sevib sarılmağa,
nə də ürək qırmağa...
O da yığışıb gedər,
gedər,
gedər-gəlməzə,
sənsə şam yandırmağa...
VƏTƏNƏ SOYUQ DƏYMƏSİN
Ürəyimin saatını
düzəldib qurdum divara.
ovuclayıb dərdlərimi
ürəknən vurdum divara.
Bu divar durub neyləsin,
bircə belini əyməsin.
Vətənə soyuq dəyməsin,-
çiynimi verdim divara.
Dünyanın başı çatışmır,-
ağlı, ya yaşı çatışmır?!
Gördüm ki, daşı çatışmır,
özümü hördüm divara.
QƏLƏMİMİ ÖZ QANIMA...
Ölümünə yeyib-içdik
bu ömrün də sağlığına
götürüb yazdım şeirimi.
bu Vətəni səngər-səngər
ömrü də gün-gün xərcləyib,
itirib yazdım şeirimi.
səs batırır bu bataqlıq
meşədə nə itim azıb
oturub yazdım şeirimi.
lap köhnə kişilər kimi
qələmimi öz qanıma
batırıb yazdım şeirimi.
yeyilib gedən dilimi
dişlərimin arasından
ötürüb yazdım şeirimi.
ARX BOYUNCA QATARLAR
Nə əlimdə daş-kəsək,
nə hürən o itlər var.
Nə arx boyunca keçən
sınıq-salxaq qatarlar.
Yenə bir səs-səmir yox,
yenə sakitçilikdi.
Üstündən illər keçən
ömrüm çilik-çilikdi.
Qapım-bacam bağlıdı,
köhnə divar yerində.
Bəlkə çıxıb gələsən
batan günün birində?..
Heç kim düşmür yadıma,-
axı, yenə niyə SƏN?!
Qapımı aç, soyuqdu-
qəlbim sınıb deyəsən...
ÇIXIRAM TORPAĞIN, DAŞIN BORCUNDAN
Çıxıram hamının borcundan bir-bir,
Çıxıram Allahın borcundan belə.
Çıxıram torpağın, daşın borcundan,
Bu canı, bədəni qaytarmaq ilə.
Başıma min oyun açan dünyanın,
Heç başım çıxmadı bu zərlərindən.
Çıxıram saralan ağ-qara şəklin
Ovcumu yandıran qız əllərindən.
Mən səni nə təhər sevdim, bilirsən?-
Yadına düşəndə səksənir Allah.
Çıxıram ömrümdən hamını bir-bir,
Tək səni çıxmıram, tək Səni, Allah...
QARA ZOLAQ
Dualarım yan keçir,
məni hər qarğış tutur.
Hər dediyim baş tutmur,
hər atılan daş tutur.
Hər tələyə düşürəm,
tilov atsam boş gəlir.
Harda axmaq dərd varsa,
qaçıb mənə tuş gəlir.
Yollar hörümçək toru-
ilişib ayaqlarım.
Arzular göynən gedir,
ümidlər ayaqyalın.
Hansı tərəfə getsəm,
yel tutur, yağış tutur.
Dualarım yan keçir,
məni hər qarğış tutur.
ÇOX ŞEYİ ÜZƏ VURMADIM
Ta məndə ürək qalmayıb,
sıxın, sıxın qalanını.
Evinizi Allah tiksin-
yıxın,
yıxın qalanını.
Çox şeyi üzə vurmadım,
qaraldım, üzə durmadım,
mən ömrü yüzə vurmadım,-
vurun,
çıxın qalanını.
Bezdik, küsdük, küsdürüldük,
sevgimizdən asdırıldıq,
uzaq-uzaq basdırıldıq.
Bu torpağa tapşırarsız
yaxın-yaxın
qalanları
HƏSRƏTİNİN LƏZZƏTİNİ ÇƏKİRƏM
Ağlamaqnan keçir hələ günlərin,
Sağlıq olsun, güləcəksən, darıxma.
Darıxıram,
ağrıyıram,
ölmürəm...
Ölər olsam, biləcəksən,
darıxma!
Heç bilirsən sənsizliyi neynirəm?!-
Küçə-küçə döyürəm bu şəhərə.
Günçıxandan, günbatana...
fırlanıb,
O tin, bu tin
dəyirəm bu şəhərə.
Darıxmağı qəşəng bildim...
qapısı
toz bağlamış, damı daman ev kimi.
Həsrətinin ləzzətini çəkirəm,
badə-badə, qullab-qullab, keyf kimi.
Darıxıram,
ağrıyıram,
ölmürəm...
Ölər olsam, biləcəksən, darıxma.
Ağlamaqdan gözün doyar bir səhər,
sağlıq olsun, güləcəksən...
Darıxma...
BALIQLA SÖHBƏT
Dənizdən başqa kim var ki,-
bir sənsən, bir mən yuxusuz,
gəl otur danışaq, balıq.
Qum üstdə balıqqulağı,
suda səsin batıb qalıb.
Taleyimiz birdi deyə,
sözümüz də yaxşı tutur.
Mən səni ələ vermərəm,
bardaş qur, yaxından otur.
Bir az dənizin dibindən.
bir az üzündən danışaq.
Söz açaq batan səsindən,
sözün düzündən danışaq.
Başımıza bəla açıb,
sənə kürü, mənə şeir.
Əyri otur, düz danışaq,
kim kimin haqqını yeyir.
Dənizə də borcumuz var,
susmağın da hesabın ver.
Ver özünə bu dünyanın
susmaq adlı əzabın ver.
Hamımızın sonu birdi,
qum basdırır, ləpə silir.
Sən tilovdan asılarsan,
mən də...
Mən də
Allah bilir.
Gəl bir az dərdləşək balıq,
gəl otur danışaq, balıq.
Hələ balıqçılar yatır,
hələ ömrümüzdən qalıb...
PALATA ŞERİ
Mən ürəyi geniş xalqın
küncə sıxılan oğluyam.
Ümidi göydən üzülüb,
Yerə yıxılan oğluyam.
Ayağım yerə dəyəndən
qurulub tələm- düşmürəm.
Əzrayil çoxdan axtarır-,
sadəcə ələ düşmürəm.
Sağımda əvvəlki sevgi,
solumda- sağlıq qalmayıb.
Bu dünyanı qucaqlayan
qollarımın arasında
bircə qucaqlıq qalmayıb.
Əlimi göyə qaldırıb,
hansı tərəfimə keçim?
Həkim, bəlkə sən bilərsən
bu dünyanın o üzünə
hansı tərəfindən keçim?..
UZANIR BU YALTAQ SIRA
Tutalım məni vurdunuz,
yıxmağa gücünüz çatdı.
Haqdan-ədalətdən hayıf
çıxmağa gücünüz çatdı.
Saf kişilər dura-dura,
uzanır bu yaltaq sıra:
"Ura!.. kimsəsiz, fağıra,
“axmağa" gücünüz çatdı.
Pisliklərdən keçə-keçə,
mən ki, dünyayla heç-heçə.
...Allahın üzünə necə,
baxmağa gücünüz çatdı?!
HƏMİD ORMANLI'ya
Dərd ehmalca keçib yatır ürəyə,
Söz - dilində, quş - göyündə oynayır.
Gözümüzdən işıq çəkən lal sular
sinəsinə daş dəyəndə oynayır.
Göz yaşıdır tüstülənən ocaqlar,
bu nə dağdı, yaxın qaçar, yad ağlar?!
Budağından yetim qalan yarpaqlar
dəli külək başlayanda oynayır.
Bəxt bir gözəl,- çəkir bizi oyuna,
qolun qalxmır?!
Yan-yörənə bax, oyna!
Canım, dərdin havasıdı, çıx oyna,
sümüyünə düşməyən də oynayır...
Öz içini didib-sökür buludlar,
Hələ bir də göyərməyə ümid var,
nə yaxşı ki, bir Ormanlı Həmid var,-
Daşlayan da, daş dəyən də oynayır!..
BU DA BELƏ BİR "SƏNSİZ"
Güllə yerini yalayan
yalquzaq kimi ulayan,
Mənəm sənsiz…
Baş götürüb gedim hara?!
Qəlbimdəki arzulara
Kəfənəm sənsiz…
Bəxtim bir yol gətiribmiş,
indi daha itirilmiş
Vətənəm sənsiz…
BALACA ZƏHRAYA
Göy üzündən sallanıb
Topa-topa buludlar.
Hayandan gəlir belə
Çapa-çapa buludlar.
Uzadıb əllərini,
Silib yerin tərini.
Böyüyür bir-birini
Tapa-tapa buludlar.
Göyü ayırdı yerdən,
Nə boyda oldu birdən.
Dənizlərdən, göllərdən
Qopa-qopa buludlar.
Pəncərəndən qara bax,
Bəxtin kimi ağappağ.
Saçlarına qonacaq
Lopa-lopa buludlar.
EHTİRAM İLHAMA
Nə xəbər var oralardan,-
əsir düşən yurddan, adam?
Dağlar gözünə dəyirmi
ay ucaboy cırtdan adam?!
Burda nə savad, nə bilik,
vicdan?-
çoxdan dəlik-dəlik.
Bir az cavanlıq, evlilik...
düşür köhlən atdan adam.
Ötdü yüz il, gələr min il,
yerindədi, deyim?-
minir!
Hansı mərtəbəyə enir,
çıxır hansı qatdan adam?!
Yalan və düz də yaşayır,
könüldə, gözdə yaşayır.
YALANDI!
Üzdə yaşayır,-
ölür altdan-altdan adam.
Ömrü verib uşaqlara,
qatarlara, uçaqlara,
çixıb getdi uzaqlara
ürəydəki çatdan adam!..
SÖKÜLƏN, TİKİLƏN ŞƏHƏR...
Daha çökür bu şəhərin
mənimlə yaşıd evləri.
Rəngi-ruhu öləziyir,
saralır yaşıl evləri.
Qocalıb əldən düşəni
saxlaya bilmir bu şəhər.
Özünə də fərli bir gün
ağlaya bilmir bu şəhər.
Divarların daş üzündə
qırışları yağış yumaz.
Bu dünyanın çıxışların,
girişlərin yağış yumaz.
Çökən evlərin dalınca,
köçən evlərin dalınca
düşüb qaçar xatirələr.
Diksinərik...
Başımıza,
üstümüzə evlər kimi
birdən uçar xatirələr?!
Gələndən haqq-hesab sorub,
gedənləri ötürmədi.
Ömrümüzü rüşvət verdik,
dərdimizi götürmədi.
Indi bizi ayaqlayıb,
göyə dırmaşır evləri.
Mənimlə qocalan deyil,
nəvəmlə yaşıd evləri.
Buludların ayağından
tutub yapışan bu evlər.
Ayaq üstdə, boş-boşuna
yatan, yatışan bu evlər.
Oturub kimi gözləyir
bu şəhərin boş evləri?!
Evlənməyə yaşı düşən
oğlumla tay-tuş evləri.
Divarların daş üzündə
qırışları yağış yumaz.
Bu dünyanın çıxışların,
girişlərin yağış yumaz...
MƏN BU ÖMRÜN DÖNGƏSİN DƏ DÜZ KEÇDİM
Al ömrümün qalanını,
sür getsin,-
Bəlkə sən bir gün görərsən, qarışqa.
Heç qıymazdım bir kimsəyə bu ömrü,
əvəzində nə verərsən, qarışqa?!
Tutdu bizi batan yurdun qarğışı,
gah qıraqda, gah arada qalmışıq.
Darıxanda bu xaraba qalmışı
ağı deyib dindirərsən, qarışqa.
Nə danışım o xanımdan, qadından?!
Ölüb getdim, çıxmadı ki yadımdan...
Nəsə tapsan ocağından, odundan,
qəbrim üstə göndərərsən, qarışqa.
Dən boydadı yer kürəsi gözündə,
qarışqayıq hamımız yer üzündə.
Çiynindəki bu dünyadan bezəndə,
dartıb qəbrə endirərsən, qarışqa.
Keçiləsi bir can vardı, tez keçdim,
öz bəxtimə düşəndən də vaz keçdim,
Mən bu ömrün döngəsin də düz keçdim,
hara gəldi sən sürərsən qarışqa...
AD GÜNÜNƏ
Dünyaya gəldiyin gündü,
Dünyanın ki, sonu deyil.
Lap elə bil ayrı gündü
Heç ayın da onu deyil.
Nə Adəm yaşıdın olub,
Nə də ki, Həvva gözaltın.
Xəyallar aldadıb səni,
Nağıllarda qaçır atın.
Nəyə gəlmişdin, bilmədin,
Bilmirsən nəynən gedirsən.
Göydə Allahın var deyə,
Ölsən də göynən gedirsən.
Bu yaşda nəynən qazandın
Bu ağlıqda saç-saqqalı?
Ay evin qara günlüsü,
Ay dərdlərin ağsaqqalı.
Nə beşulduz otelin var,
Nə banklarda əmanətin.
Vətən üçün öldüyünü
Nə şah bildi, nə millətin…
BƏXT TƏRƏF QURAQ OLSA DA
Nə kimindi, kim kimnəndi,
kim nəyindi, kim kimdi ki?..
Ömür - ustad əlində saz,
Adam - qırılan simdı ki!..
Qara bulud gəlir hardan?
Çıxararmı bizi dardan?-
Ay bunu başa çıxardan,
bu lap ağıldan kəmdi ki...
Hər yan çilçıraq olsa da,
hər dərdə maraq olsa da.
Bəxt tərəf quraq olsa da,
gözümüz yenə nəmdi ki...
Saçını yol, üzünü did,
bəxt yazanın gözünü did!
Bizi yaşadan son ümid,
...və bir də sonsuz qəmdi ki!..
PAYIZ YAĞIŞLARI HOPUR CANIMA
Buludlar dənizi qaldırıb yerdən,
Çırpır küçələrin boz sifətinə.
İslanmış kölgələr qaçır işıqdan,
Oğru adam kimi qısılır tinə.
Bəlkə bir nadanın günahı üstə,
Hamının başına döyür bu yağış.
Kiminin gözündə yağışdı elə,
Kiminin içini oyur bu yağış.
Mamır bağlayacaq daşların üzü,
Dərdsiz ürəklərin divarı - yosun.
Belə yağandısa mənim qəlbimdən
Vəfasız bir qızın izini yusun.
Bu payız yağışlar hopur canıma,
Daha itirilmiş torpaq kimiyəm.
Yağışlar yorulub kəsəcək bir gün,
Mən bundan o yana çətin kiriyəm.
Nə qədər gözlərdə görünməz oldum,
Məni gəzən gözlər islanır harda?
Çiçəklər, yarpaqlar quruyub ölür,
Göyərib öləcəm bu yağışlarda.
Mədəniyyət Nazirliyinin “Şuşa mədəniyyətinin inciləri” layihəsində növbəti təqdimat Şuşa muğamlarına həsr olunub
Mədəniyyət Nazirliyinin “Şuşa İli” münasibətilə həyata keçirdiyi “Şuşa mədəniyyətinin inciləri” layihəsinin “Muğam ocağı – Şuşa” bölməsi üzrə növbəti təqdimat Şuşa muğamlarına həsr olunub. Bu barədə “Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən məlumat verir.
Məlum olduğu kimi, Azərbaycanda bir neçə muğam ifaçılıq məktəbi var. Xüsusi maraq doğuran Qarabağ muğam məktəbi əsasən Şuşada formalaşıb. Vaxtilə Şuşa həm də muğam məclisləri ilə şöhrətlənmişdi. Nəticədə musiqi mədəniyyəti baxımından Cənubi Qafqazda və yaxın ölkələrdə nadir məkana çevrilmişdi. “Şuşada uşaqlar “Segah” üstə ağlayır, “Şahnaz” üstə gülürlər” və digər bu qəbildən deyimlər mədəniyyət paytaxtımızın Azərbaycan muğam, musiqi sənətinin inkişafındakı əhəmiyyətli rolundan xəbər verir.
Qarabağ muğam məktəbinin nümayəndələri milli musiqi mədəniyyətimizin inkişafında xüsusi rol oynayıblar. Azərbaycan muğamları içərisində Şuşada yaranan, təkmilləşən muğamlar, şöbələr və guşələr var.
Məsələn, "Kürdü" və "Şahnaz"ın birləşməsindən əmələ gələn kiçik muğam "Kürdü-Şahnaz" adlanır. O, "Şahnaz", "Dilkəş", "Kürdü" və "Zil Şahnaz" şöbələrindən ibarətdir. Bu muğamı XIX əsrin ikinci yarısında məşhur şuşalı xanəndə Hacı Hüsü yaradıb.
Kiçik həcmli vokal instrumental muğam olan "Qatar" əvvəllər "Bayatı-kürd" muğamı üstündə şöbə kimi oxunub, sonralar həcm etibarilə genişləndirilərək müstəqil muğama çevrilib. Qarabağ xanəndələri "Qatar"a bayatını də əlavə edərək birlikdə "Qatar-bayatı" oxuyublar. Cabbar Qaryağdıoğlu, Məşədi Məmməd Fərzəliyev, Segah İslam, Cahan Talışinskaya həmin muğamın mahir ifaçıları olublar. "Qatar", əsasən, tarın, "Qatar-bayatı" isə yastı balabanın müşayiəti ilə oxunur.
"Rast"ın tərkibinə daxil olan "Mahur-hindi" muğamı "Mahur"un iki növündən biridir. Həm melodik quruluşuna, həm də şöbələrinin xüsusiyyətlərinə görə "Rast"ın xarakterinə uyğun gəlir.
"Həmid Segahı" XIX əsrin ikinci yarısı – XX əsrin əvvəllərində yaşamış "Rast" və "Segah" muğamlarının ən mahir ifaçılarından hesab olunan Malıbəyli Həmidin adı ilə adlandırılıb.
XIX əsrin birinci yarısında Şuşada yaranmış zərbi-muğam olan "Qarabağ şikəstəsi" "Segah" muğamı kökündədir, ağır tempdə oxunur. Üzeyir Hacıbəyli "Əsli və Kərəm", Müslüm Maqomayev "Şah İsmayıl", Zülfüqar Hacıbəyov "Aşıq Qərib", Reynhold Qlier "Şahsənəm" operalarında həmin ritmik muğamdan istifadə ediblər.
Şəkillərdə təqdimatdan fraqmentləri görürsünüz.
E.B.Mansurovun “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan musiqi sənətinin inkişafında xidmətlərinə görə Eldar Bəhram oğlu Mansurov “Şöhrət” ordeni ilə təltif edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 28 fevral 2022-ci il
Bu gün Od çərşənbəsidir
Bu gün Novruz bayramı ərəfəsində keçirilən çərşənbələrdən ikinci çərşənbə - Od çərşənbəsidir.
Bu qeydetmə insanın yaradılış prosesinin ikinci mərhələsinin - od komponenti ilə bağlı mərhələsinin ifadəsidir.
Bu çərşənbədə tonqal qqlanması, tonqal üzərindən tullanmaq kimi rituallar yerinə yetrilir. Od çərşənbəsində oda ehtiram ifadə edilir.
Novruzun ilk çərşənbəsi olan Su çərşənbəsi fevralın 22-də qeyd edilib.
Martın 8-də Hava (yel), martın 15-də isə axırıncı - Torpaq çərşənbəsi və ya ilaxır çərşənbə qeyd olunacaq.
Yaz fəsli Azərbaycana martın 20-də Bakı vaxtı ilə saat 20:15-də daxil olacaq.
Bu dəfəsə Bahar xalqımıza xoşbəxtlik və firavanlıq gətirsin təki.
Mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev bəstəkar Eldar Mansurovla görüşüb
Azərbaycan Respublikasının Xalq artisti, “Şöhrət” ordenli, Prezident təqaüdçüsü, bəstəkar Eldar Mansurovun 70 yaşı tamam oldu.
“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə “Şöhrət” ordeninə layiq görülmüş Eldar Mansurov Mədəniyyət Nazirliyi tərəfindən də təbrik edilib. Mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev Mədəniyyət naziri Anar Kərimovun təbrik məktubunu bəstəkara çatdıraraq doğum günü münasibətilə ona xoş arzular ünvanlayıb.
Eldar Mansurov sənətinə göstərilən diqqət və qayğıya görə öz dərin minnətdarlığını bildirib.
Azərbaycan bəstəkarlıq məktəbinin layiqli nümayəndəsi olan E.Mansurov “Yeddi gözəl” rok-operası, “Kleopatra”, “Olimp” rok-baletləri, 5 simfoniya, “Mahur-hindi” simfonik muğamı, skripka və simfonik orkestr üçün konsert, bir çox simfonik, kamera və xor əsərlərinin, eləcə də onlarla tamaşanın musiqisinin müəllifidir. Habelə bəstəkarın “Bəxtəvər”, “Almas İldırım”, “Bəxt üzüyü”, “Dəniz səyahəti”, “Hökm”, “Yük”, “Müqəddəs oda yanaram”, “Bala-başa bəla!”, “Babam və mən” və başqa filmlərə bəstələdiyi musiqi dillər əzbəridir.
Sənətçinin yaradıcılığında mahnı janrı xüsusi yer tutur. Onun bütün dünyaya səs salan “Bayatılar” mahnısını ilk dəfə 1989-cu ildə Xalq artisti Brilliant Dadaşova ifa etmişdir. Bu ifadan sonra məşhur olan mahnı 1990-cı ildə “Melodiya” şirkəti tərəfindən lentə alınaraq böyük tirajla çap olunmuşdur. Şair Vahid Əzizin sözlərinə yazılmış "Bayatılar" bu günə kimi ən sevimli mahnılar sırasındadır.
Londonda Xocalı soyqırımına həsr edilmiş tamaşa göstərilib
Londonda Xocalı soyqırımının 30-cu ildönümünə həsr edilmiş tamaşa nümayiş olunub.
AzərTAC xəbər verir ki, tamaşanın nümayişi “Xocalı - həyatda qalmaq haqqında oyun” layihəsi çərçivəsində Britaniya Azərbaycanlıları İcması (BAC) və London Azərbaycan Evinin dəstəyi, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin maliyyə dəstəyi ilə “St Paul’s” kilsəsində reallaşıb.
Tamaşanın açılışında çıxış edən Azərbaycanın Böyük Britaniya və Şimali İrlandiya Krallığındakı səfiri Elin Süleymanov Azərbaycan xalqına qarşı törədilmiş bu faciəni XX əsrin ən qanlı hadisələrindən biri adlandırıb.
“Debunk” teatrı tərəfindən yaradılan layihə bir neçə il əvvəl britaniyalı rejissor, yazıçı və layihənin müəllifi və Debunk Teatrının prodüseri Sənan Əliyevin Azərbaycana səfəri çərçivəsində baş tutub. Səfər zamanı Xocalıdan olan məcburi köçkünlərlə görüşən yaradıcı heyət daha sonra yığılmış materiallar əsasında pyes hazırlayıblar. Pyesin əsas süjeti Xocalıdakı insanların müharibədən əvvəl, müharibə dövrü və müharibədən sonrakı həyatını əhatə edir.
Tamaşanın yaradıcı heyəti və aktyorları Britaniyadan olan teatr xadimləridir.
Amerikanın nüfuzlu Kino Aktyorları Gildiyası əsas mükafatçılarını elan edib
Ötən gün ABŞ-ın Kino Aktyorları Gildiyası (Screen Actors Guild Award, SAG) rejissor Siana Hederin “CODA: Kar valideynlərin övladı (“CODA: A child of deaf parents”)
ekran əsərinə gildiyanın əsas mükafatını təqdim edib.
“Ədəbiyyat və incəsənət” portalı TASS agentliyinə istinad edərək xəbər verir ki, “Ən yaxşı aktyor” və “Ən yaxşı aktrisa” kateqoriyalarında mükafatın qalibləri aşağıdakılar olublar: Uill Smit - “Kral Riçard” (King Richard) filminə görə, Vinus Vilyams və Cessika Çesteyn - “Temmi Feyin gözləri” (The Eyes of Tammy Faye) filminə görə.
Qeyd edək ki, ABŞ-ın Kino Aktyorları Gildiyası 1933-cü ildə yaradılıb və kino və televiziya aktyorlarının və bu sənayedə çalışan digər yaradıcı insanların maraqlarını təmsil etməkdədir.
Təşkilat öz mükafatını 1995-ci ildə təsis edib. O vaxtdan indiyədək hər il aktyorluqda yüksək nailiyyətlər əldə etmiş şəxslər üçün fəxri mükafatların təqdimetmə mərasimi keçirilir.
Vaxt olaraq həmişə fevralın son günləri seçilir.
Şəkildə: Qalib filmdən fraqment.