Londonda Xocalı soyqırımının 30-cu ildönümünə həsr edilmiş tamaşa nümayiş olunub.
AzərTAC xəbər verir ki, tamaşanın nümayişi “Xocalı - həyatda qalmaq haqqında oyun” layihəsi çərçivəsində Britaniya Azərbaycanlıları İcması (BAC) və London Azərbaycan Evinin dəstəyi, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin maliyyə dəstəyi ilə “St Paul’s” kilsəsində reallaşıb.
Tamaşanın açılışında çıxış edən Azərbaycanın Böyük Britaniya və Şimali İrlandiya Krallığındakı səfiri Elin Süleymanov Azərbaycan xalqına qarşı törədilmiş bu faciəni XX əsrin ən qanlı hadisələrindən biri adlandırıb.
“Debunk” teatrı tərəfindən yaradılan layihə bir neçə il əvvəl britaniyalı rejissor, yazıçı və layihənin müəllifi və Debunk Teatrının prodüseri Sənan Əliyevin Azərbaycana səfəri çərçivəsində baş tutub. Səfər zamanı Xocalıdan olan məcburi köçkünlərlə görüşən yaradıcı heyət daha sonra yığılmış materiallar əsasında pyes hazırlayıblar. Pyesin əsas süjeti Xocalıdakı insanların müharibədən əvvəl, müharibə dövrü və müharibədən sonrakı həyatını əhatə edir.
Tamaşanın yaradıcı heyəti və aktyorları Britaniyadan olan teatr xadimləridir.