Azərbaycan Respublikasının Xalq artisti, “Şöhrət” ordenli, Prezident təqaüdçüsü, bəstəkar Eldar Mansurovun 70 yaşı tamam oldu.
“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə “Şöhrət” ordeninə layiq görülmüş Eldar Mansurov Mədəniyyət Nazirliyi tərəfindən də təbrik edilib. Mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev Mədəniyyət naziri Anar Kərimovun təbrik məktubunu bəstəkara çatdıraraq doğum günü münasibətilə ona xoş arzular ünvanlayıb.
Eldar Mansurov sənətinə göstərilən diqqət və qayğıya görə öz dərin minnətdarlığını bildirib.
Azərbaycan bəstəkarlıq məktəbinin layiqli nümayəndəsi olan E.Mansurov “Yeddi gözəl” rok-operası, “Kleopatra”, “Olimp” rok-baletləri, 5 simfoniya, “Mahur-hindi” simfonik muğamı, skripka və simfonik orkestr üçün konsert, bir çox simfonik, kamera və xor əsərlərinin, eləcə də onlarla tamaşanın musiqisinin müəllifidir. Habelə bəstəkarın “Bəxtəvər”, “Almas İldırım”, “Bəxt üzüyü”, “Dəniz səyahəti”, “Hökm”, “Yük”, “Müqəddəs oda yanaram”, “Bala-başa bəla!”, “Babam və mən” və başqa filmlərə bəstələdiyi musiqi dillər əzbəridir.
Sənətçinin yaradıcılığında mahnı janrı xüsusi yer tutur. Onun bütün dünyaya səs salan “Bayatılar” mahnısını ilk dəfə 1989-cu ildə Xalq artisti Brilliant Dadaşova ifa etmişdir. Bu ifadan sonra məşhur olan mahnı 1990-cı ildə “Melodiya” şirkəti tərəfindən lentə alınaraq böyük tirajla çap olunmuşdur. Şair Vahid Əzizin sözlərinə yazılmış "Bayatılar" bu günə kimi ən sevimli mahnılar sırasındadır.