Super User

Super User

Cümə, 04 Mart 2022 13:04

Hüseyn Elmalıpınar vəfat edib

 

Türkiyənin tanınmış aktyoru Hüseyn Elmalıpınar 51 yaşında vəfat edib.

Türkiyə mətbuatı xəbər verir ki, infarkt keçirən aktyor xəstəxanaya aparılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, aktyor ən çox “Ezel” serialı və “Kolpaçino” filmlərindəki rolu ilə populyarlıq qazanıb.

 

Azərbaycan Respublikasının Macarıstandakı səfirliyində keçən il macar dilində çapdan çıxmış “Qara novruzgülülər” povestinin təqdimatı keçirilib. Xocalı faciəsinə həsr edilmiş bu əsər 5 il əvvəl Londonda keçirilmiş ədəbi müsabiqədə birinci yeri tutub.

AzərTAC xəbər verir ki, povestin müəllifləri Çexiyada yaşayan şair, yazıçı, Azərbaycan Yazıçılar Birliyinin üzvü Leyla Bəyim və İsraildə yaşayan kinodramaturq Yefim Abramovdur. Hibrid formatda keçirilmiş tədbirin əvvəlində Azərbaycanın Macarıstandakı səfiri Tahir Tağızadə çıxış edib. O, Azərbaycan xalqının ağrı-acısının ədəbiyyatda və bütövlükdə incəsənətdə təsvirinin əhəmiyyəti, Xocalı qətliamının çoxsaylı qurbanları haqqında söhbət açıb. Səfir regionda əməkdaşlıq və təhlükəsizlik atmosferinin bərpası üçün keçmişdən ibrət dərsi almağın zəruriliyini vurğulayıb. Povestin həmmüəllifi Leyla Bəyim və əsərin tərcüməçi, Macarıstan-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Svetlana Abdullayeva tədbirə toplaşanların qarşısında çıxış ediblər.

Təqdimat mərasimində Xocalı soyqırımı haqqında animasiya filmi göstərilib və Xocalı faciəsinin 30 illiyinə yazılmış yeni mahnı təqdim edilib. Mahnının sözlərinin müəllifi Leyla Bəyim, musiqinin müəllifi və ifaçı Londonda yaşayan musiqiçi Emin Məcnunbəylidir.

Tədbirin sonunda Leyla Bəyim bu povesti öz kitabxanası üçün almağı arzu edən qonaqlar üçün nüsxələri imzalayıb.

 

Bu günlərdə Türkiyənin “Asmaaltı” İstanbul Nəşriyyatında şair və nasir Mina Rəşidin uşaqlar üçün qələmə aldığı “Jalənin əlləri” adlı kitabı işıq üzü görüb. 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, əsərləri türk dilinə yazıçı-tərcüməçi Abdulkadir Özkan tərcümə edib. 

9 maraqlı hekayə və nağıllardan ibarət kitab haqqında təqdimat yazısında bildirilir ki, 6-8 yaş qrupu üçün nəzərdə tutulan bu nağıl və hekayələr uşaqların xəyal dünyasını genişləndirəcək və onlar mütaliədən zövq alacaqlar. 

Uşaqlar həmçinin bu əsərlərdən gözəl söhbətin, ailəsi tərəfindən himayə edilməyin, təmizliyin, paylaşmağın, insanlarla xoş davranmağın, mehribanlığın vacibliyini də anlayacaqlar.

 

Ötən gün Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu türk xalqlarının çoxəsrlik mədəniyyətini, tarixini tanıtmaq məqsədilə “3 Ozan bir arada” adlı yeni layihə həyata keçirib.

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondundan bildirilib ki, layihə çərçivəsində türk dünyasının üç böyük şairi – Yunus Əmrə, Aşıq Ələsgər, Jambıl Jabayevin yubiley tarixləri ilə əlaqədar poçt markası çap olunub. Markalar Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Azərpoçt” MMC-nin birgə əməkdaşlığı ilə dövriyyəyə buraxılıb.

Layihə türk ədəbiyyatının böyük söz sənətkarı Yunus Əmrənin vəfatının 700-cü ildönümünə, Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi Aşıq Ələsgərin 200 illik yubileyinə, Qazaxıstanın Xalq şairi Jambıl Jabayevin 175 illik yubileyinə həsr olunub. Layihənin təqdim olunması türk dünyasının mahir söz ustadlarının zəngin yaradıcılıq nümunələrini daha geniş auditoriyalarla tanış etdirmək məqsədi daşıyır.

Şairlərin portretlərinin əks olunduğu markanın müəllifi azərbaycanlı rəssam Orxan Qarayevdir.

 

Fransada keçirilməsi planlaşdırılan 75-ci Kann Film Festivalına Rusiya ilə bağlı hər hansı qurumdan heç bir rəsmi nümayəndə heyəti qəbul edilməyəcək.

Kino dünyasının ən mühüm hadisələrindən biri kimi göstərilən festivalın təşkilatçıları yazılı açıqlama verərək, Ukrayna xalqını dəstəklədiklərini bildiriblər.

Açıqlamada bildirilib ki, Rusiyadan heç bir rəsmi nümayəndə heyəti və federasiyaya bağlı hər hansı qurum qəbul edilməyəcək.

 

Martın 3-də Nizami Kino Mərkəzində “British Council”, Böyük Britaniyanın ölkəmizdəki səfirliyi və Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə VII Britaniya Film Festivalın açılış mərasimi keçirilib.

AzərTAC xəbər verir ki, builki festivalda tanınmış kino tənqidçilərinin rəğbətini qazanan Britaniyanın ən yeni filmləri yer alıb.

Nizami Kino Mərkəzinin direktoru Leyli Mirzəyeva VII Britaniya Film Festivalına ev sahibliyi etdiyi üçün məmnunluğunu ifadə edib. Bildirib ki, festival çərçivəsində tamaşaçıları maraqlı sənədli və bədii filmlər gözləyir. O, festivalın proqramının zəngin olduğunu söyləyib. Bildirib ki, festivalda qlobal məsələlərə toxunan, beynəlxalq mükafatlar almış ekran əsərləri yer alıb.

Böyük Britaniya səfirinin müvəqqəti işlər vəkili Filip Barkley festivalın əhəmiyyətindən danışıb: “Mən çox şadam ki, biz bir daha Britaniya filmlərini Azərbaycana gətirməklə “British Council”a dəstək verə bildik. Bu, həm də Böyük Britaniya-Azərbaycan əlaqələrinin otuzuncu ildönümünü qeyd etmək üçün gözəl fürsətdir. Ümid edirəm, ətraf mühitin korlanması mövzusuna həsr olunan festivalda nümayiş edilən filmlər auditoriyanın marağına səbəb olacaq”.

“British Council” təşkilatının Azərbaycan üzrə direktoru Frensis Qardener-Trexo Azərbaycan auditoriyasına Britaniyanın ən son filmlərini gətirməkdən məmnun olduğunu vurğulayıb: “Məqsədimiz kinematoqrafiya təcrübəsini bölüşmək üçün bir daha kinosevərlərlə görüşməkdir. Bu ilin mövzusu tarixin həlledici məqamına təsadüf edir. Mövzu həm də bizi müzakirələr aparmağa, maariflənməyə və daha yaxşı gələcək naminə qlobal mübarizəyə qoşulmağa çağırır”.

Festivalın ilk günü quldurluq və ədalət uğrunda mübarizədən bəhs edən “Hersoq” retro-komediyası nümayiş olunub.

Qeyd edək ki, martın 15-dək davam edəcək festival çərçivəsində 7 film nümayiş ediləcək. Filmin nümayişləri Nizami Kino Mərkəzi və YARAT Müasir İncəsənət Məkanında olacaq.

 

Monteneqronun Azərbaycandakı fəxri konsulu Vüqar Əliyevin “Monteneqro - Adriatik sahilinin Incisi” adlı kitabı işıq üzü görüb. “Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, kitabda müəllif tərəfindən son 10 il ərzində Azərbaycan və Monteneqro arasındakı siyasi, iqtisadi, mədəni, turizm, idman, səhiyyə, elm, təhsil, humanitar və gənclər siyasəti sahəsində bütün əlaqəlar haqqında mükəmməl şəkildə məlumatlar  verilib və bu əlaqələrin yeni müstəvidə dinamik inkişafı ilə bağlı şərhlər dərc edilib. 

Qeyd edək ki, Vüqar Əliyevin iki ölkə arasında əlaqələrin inkişafında müstəsna rolu vardır. 

Portalımız adından onu  “Monteneqro - Adriatik sahilinin Incisi” kitabının işıq üzü görməsi münasibəti ilə təbrik edir, gələcək fəaliyyətində uğurlar arzulayırıq.

Günün Fotosu:
Lavrovun BMT-də boykotu fotosu gündəmdən düşmür

 

Rusiyanın xarici işlər naziri Sergey Lavrovun BMT-də video çıxışının boykotu gündəmdən düşmür. Bu tarixi bir ittihamdır: Hamı zaldan çıxıb, qalanlarsa ona arxa çeviriblər. 

 

Foto: Euronews

 

Cek London socialist idi, həm də tarixdə ilk olaraq milyon dollar qazanmış yazıçı idi. 

Nikolay Qoqol əl tikişi üçün özündə  hədsiz ehtiras hiss edirdi. Şarf və kəmərlər toxuyur, bacılarına libaslar tikir, yay boyunca nazik boyun örpəkləri tikirdi.

Mirzə Ələkbər Sabir sabun bişirib baqqal dükanında satırdı.

Aqata Kristi disqrafiyadan  əziyyət çəkir, praktiki olaraq əl ilə yaza bilmirdi. Onun bütün məşhur romanları diktə etməklə yazılmışdı.

Fyodor Dostoyevski azartlı oyunlara meyl edirdi, dövrünün məşhur qumarbazı idi.

Edqar Allan Po bütün ömrü boyu qaranlıqdan qorxurdu.

Onore de Balzak isə həmişə qaranlıqda - cüzi şam işığının müşayiəti ilə yazırdı.

Mark Tven yaxşı ixtiraçı idi. Onun ixtiraları arasında jurnalistlər üçün vərəqləri qoparılan bloknot, sürüşmə rəfləri olan şkaf, həmçinin onun ixtiralarının ən dahiyanəsi - qalstukların bağlanması üçün maşın var idi.

Dikkensin qəribə xüsusiyyəti vardı, kabinetindəki stol və stulların hər hansının bir qarış yeri dəyişiləndə işləyə bilmirdi.

Lord Bayronun isə dörd sevimli ev qazı var idi ki, hər yerdə, hətta ictimai toplantılarda da onu izləyirdilər.

Bu gün Ümumdünya Yazıçılar Günüdür, belə bir günün təqvimə düşməsi 12-18 yanvar 1986-cı il tarixində keçirilən Beynəlxalq PEN-klubun 48-ci Konqresinin qərarı ilə rəsmiləşib, PEN-klub özü isə 1921-ci ildə yaradılıb və hazırda dünya yazarlarının ən nüfuzlu təşkilatıdır. Təşkilatın abreviaturasının açması bu cürdür:  poets - şair, essayists – esse (oçerk) yazan, novelists – romançı. İngilis sözlərinin ilk hərflərindən yaradılan bu PEN qısaltması, qeyd etmək lazımdır ki, ingilis dilindən qələm kimi tərcümə edilən “pen” sözü ilə də üst-üstə düşür.

PEN-klubun yaradılması ideyası ingilis yazıçısı Ketrin Emi Douson-Skotta məxsusdur. PEN-klubun ilk prezidenti yazıçı Con Qolsuorsi olub. 1923-cü ildə Londonda PEN-klubun Birinci Beynəlxalq Konqresi keçirilib, o vaxt pen-mərkəzlər dünyanın 11 ölkəsində yaradılıb. Bu gün bu cür mərkəzlər 130 ölkədə fəaliyyət göstərir.

PEN-klubun Xartiyasında deyildiyi kimi, "PEN-klub hər bir ölkənin daxilində və bütün ölkələr arasında informasiya azadlığı prinsiplərini müdafiə edən Beynəlxalq yazıçılar birliyidir. Onun üzvləri öz mənsub olduqları ölkələrdə və cəmiyyətlərdə, eləcə də bütün dünyada, mümkün olduğu halda, söz azadlığının hər hansı şəkildə yatırılmasına qarşı çıxmağı öhdələrinə götürürlər. PEN klub söz və mətbuat azadlığının qorunması üçün çalışır və sülh dövründə senzuranın özbaşına tətbiqinə qarşı çıxış edir. PEN-klub hesab edir ki, bəşəriyyətin siyasi və iqtisadi təşkilatların daha yüksək formalarına doğru lazımi şəkildə irəliləməsi hökumətin, idarəetmə orqanlarının və siyasi institutların azad tənqidini tələb edir. Azadlıq könüllü təmkinlik nümayişini nəzərdə tutduğuna görə, PEN-klubun üzvləri saxta nəşrlər, qəsdən saxtalaşdırma, faktların təhrif edilməsi və ya siyasi, qrup və şəxsi məqsədlər naminə onların qərəzli, namuslu interpretasiyası kimi mənfi cəhətlərə qarşı çıxmağı öhdələrinə götürürlər”.

Bəli, bu gün yazarların günüdür. Qələmini hansısa hakimiyyətlərə və şəxslərə xidmət mənbəyinə çevirməyən, düzü düz, əyrini əyri yazan, xalqına və ədəbiyyata xidmət edən bütün vicdanlı yazarlara təbrik düşür!

 

Ankaradakı Ukrayna səfirliyi Türkiyənin məşhur rok ifaçısı Haluk Leventə öz sosial media hesabı vasitəsi ilə müraciət edib.

“Ədəbiyyat və incəsənət” portalı SonDakika xəbər ajansına istinadən məlumat verir ki, müraciətdə deyilir: 

“Eurovision-2016" mahnı müsabiqəsinin qalibi, populyar Ukrayna müğənnisi Camala Rusiyanın davam edən hərbi təcavüzü səbəbindən iki uşağı ilə birgə Türkiyədə sığınacaq tapıb. Camala ilə birlikdə Ukrayna xalqı üçün xeyriyyə kampaniyamıza dəstək verən konsertdə sülh və azadlıq mahnılarını oxumaq istəmirsinizmi?"

Tvitterində səfirliyin müraciətinə cavab verən Haluk Levent isə yazıb: "Tamamilə! Məmnuniyyətlə! Bunu həm Ukrayna xalqı, həm də Yaxın Şərq xalqları üçün edək özü də. Konsertin yeri isə Fələstin olmalıdır. Mahnılar insanlar arasında fərq qoymaz. Mahnılar sərhəd dirəklərini  görməz. Düşünürəm ki, bu konserti dinləmək hər kəs üçün xoş olacaq".

Xatırladaq ki, Ukrayna vətəndaşı Camalanın - Susanna Alimovna Cəmaləddinovanın atası tatar, anası ermənidir.

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.