Ankaradakı Ukrayna səfirliyi Türkiyənin məşhur rok ifaçısı Haluk Leventə öz sosial media hesabı vasitəsi ilə müraciət edib.
“Ədəbiyyat və incəsənət” portalı SonDakika xəbər ajansına istinadən məlumat verir ki, müraciətdə deyilir:
“Eurovision-2016" mahnı müsabiqəsinin qalibi, populyar Ukrayna müğənnisi Camala Rusiyanın davam edən hərbi təcavüzü səbəbindən iki uşağı ilə birgə Türkiyədə sığınacaq tapıb. Camala ilə birlikdə Ukrayna xalqı üçün xeyriyyə kampaniyamıza dəstək verən konsertdə sülh və azadlıq mahnılarını oxumaq istəmirsinizmi?"
Tvitterində səfirliyin müraciətinə cavab verən Haluk Levent isə yazıb: "Tamamilə! Məmnuniyyətlə! Bunu həm Ukrayna xalqı, həm də Yaxın Şərq xalqları üçün edək özü də. Konsertin yeri isə Fələstin olmalıdır. Mahnılar insanlar arasında fərq qoymaz. Mahnılar sərhəd dirəklərini görməz. Düşünürəm ki, bu konserti dinləmək hər kəs üçün xoş olacaq".
Xatırladaq ki, Ukrayna vətəndaşı Camalanın - Susanna Alimovna Cəmaləddinovanın atası tatar, anası ermənidir.