Super User

Super User

Xəbər verdiyimiz kimi, 9 mart 2022-ci il tarixində Mədəniyyət naziri Anar Kərimov rəssamlıq sənətinə böyük töhfə vermiş Azərbaycan Rəssamlar İttifaqının nümayəndələri ilə görüş keçirib. Görüş barədə daha ətraflı məlumatı “Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən diqqətinizə çatdırır.

Görüş zamanı Anar Kərimov 44 günlük Vətən müharibəsində Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun 30 ilə yaxın işğal altında olan ərazilərimizi azad etdiyini və ərazi bütövlüyümüzün bərpasından ötən müddətdə Azərbaycanın mədəniyyət və incəsənət beşiyi sayılan Qarabağa mədəniyyətin qaytarılması istiqamətində mühüm işlər görüldüyünü vurğulayıb.
Anar Kərimov “Azərbaycan Respublikasında 2022-ci ilin “Şuşa İli” elan edilməsi haqqında” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən Sərəncam imzalandığını və bununla əlaqədar Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən Tədbirlər Planının hazırlanaraq təsdiq olunduğunu qeyd edərək Mədəniyyət Nazirliyi tərəfindən bir sıra tədbirlərin hazırlandığını iştirakçıların diqqətinə çatdırıb. O, qeyd edib ki, Mədəniyyət Nazirliyi tərəfindən keçirilməsi nəzərdə tutulan tədbirlər sırasında təsviri sənət sahəsində bir sıra layihələr yer almışdır. Belə ki, layihələr çərçivəsində Azərbaycanlı rəssamların Şuşa şəhərinə səfərinin təşkili və onlar tərəfindən yaradılmış əsərlərin Şuşa və Bakı şəhərlərində təqdimat mərasimlərinin təşkil olunacağını və ən yaxşı əsərlərin müəlliflərinin mükafatlandırılacağını bildirib. O, “Şuşa ili” ilə bağlı həmçinin, bir çox beynəlxalq layihələrin də həyata keçiriləcəyini qeyd edib.
Eyni zamanda nazir cari ildə Nazirlik tərəfindən “Şuşa ili”nə həsr olunmuş Şuşa şəhərinin qədim tarixi, mədəniyyəti və dahi şəxsiyyətlərinə aid heykəltaraşlıq müsabiqəsinin təşkil ediləcəyi barədə məlumat verib. Anar Kərimov gələcəkdə də Mədəniyyət Nazirliyi tərəfindən rəssamların işlərinin alınması, respublika daxilində və xaricdə rəssamların fərdi sərgilərinin təşkil edilməsinə dəstək göstəriləcəyini bildirib.
Daha sonra Azərbaycan Rəssamlar İttifaqının sədri Fərhad Xəlilov çıxış edərək görüşün rəssamların fəaliyyətini çətinləşdirən amillərin həlli üçün imkan yaradacağını və faydalı olacağını, həmçinin rəssamların fəaliyyətinin daha da yaxşılaşdırılması üçün böyük töhfə verəcəyini bildirib. Rəssamlar İttifaqının üzvləri - Xalq rəssamı Arif Hüseynov, Aydın Rəcəbov, Xanlar Əhmədov, sənətşünas Ziyadxan Əliyev çıxış edərək rəssamların yaradıcılıq fəaliyyətinin daha da yaxşılaşdırılması üçün təkliflərini səsləndiriblər.
Sonda Mədəniyyət naziri Anar Kərimov “Nizami Gəncəvinin 880 illiyi (1141-2021)” xatirə nişanını Xalq rəssamı Fərhad Xəlilova təqdim edib.

 

Birləşmiş Krallıq və Azərbaycan arasında diplomatik münasibətlərin otuzuncu ildönümü ərəfəsində British Council, Böyük Britaniya səfirliyi və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi ilə əməkdaşlıq edərək hər il keçirilən Britaniya Film Festivalının yeddinci buraxılışına start verib.

“Ədəbiyyat və incəsənət” portalı məlumat verir ki, martın 3-də başlanan festival  martın 15-dək Nizami Kino Mərkəzi və YARAT Müasir İncəsənət Məkanında nümayişlərlə davam edəcək. 

“Biz ən həyəcanverici, düşündürücü və bəyənilən yeni filmləri Birləşmiş Krallıqdan Azərbaycana gətiririk” - deyə britaniyalılar bildirirlər. Britaniya Film Festivalının 2022-ci il buraxılışı qlobal iqlim təhlükəsini əməkdaşlıq, dialoq və fəaliyyət imkanları yaradaraq diqqət mərkəzinə çəkir.

Festival Oskar laureatı aktyorlar Cim Brodbent və Helen Mirrenin unudulmaz tərəfdaşlığı ilə ekranlarda iz qoyan, oğurluq və ədalət uğrunda mübarizədən bəhs edən "HERSOQ" retro-komediyası ilə açılıb. "İNSANLAR İQLİM DƏYİŞİKLİYİNƏ QARŞI" və "SƏRHƏDLƏRİN MƏHVİ: PLANETİMİZ HAQQINDA ELM" sənədli filmləri bütün diqqətimizi iqlim təhlükəsinə və bəşəriyyətin planetimizi xilas etmək üçün nə edə biləcəyinə çəkəcək.

Azərbaycanda Britaniya Film Festivalı British Council-ın Azərbaycandakı nümayəndiliyi, Böyük Britaniyanın Azərbaycandakı Səfirliyi və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən təqdim edilir. 

 

Britaniya Film Festivalı bizim bərabərlik, müxtəliflik və inklüzivlik prinsiplərinə sadiqliyimizi filmlərlə ifadə edir. Bütün filmlər ingilis dilində nümayiş etdirilir.

 

Festivalın treylerinə buradan baxa bilərsiniz: http://bit.ly/britishfilmfestival

 

Biletləri Nizami Kino Mərkəzinin kassalarından və www.nizamicinema.az saytından əldə edə bilərsiniz.

 “Vogue” təqdim edir

 

“Ədəbiyyat və incəsənət” portalı “Vogue” dərgisində dərc edilmiş “Janna Damas “Rouje” brendinin yubileyi, yeni kitabı və dəb dünyasında uğur qazanmağın yolları barədə” adlı müsahibəni oxucularına təqdim edir. Mətni əməkdaşımız Rüfət Rzayev tərcümə edib.

Janna Damasın dəb bloqeri kimi formalaşması müasir sosial şəbəkələrin yaranmasından xeyli əvvəl baş verib. Hələ 13 yaşında ikən o, fransız bloq platforması olan “Skyblog”-da səhifə açıb. Yeniyetmə qız dəb və Parisdəki həyat tərzi barədə fikirlərini qlobal internet şəbəkəsinə köçürüb. Elə oradaca Janna həmin vaxt hələ 15 yaşı olan Simon Port Jakmüs ilə tanış olub. Virtual təcrübə tədricən öz işini görüb və bu gün 30 yaşlı Damas “Instagram”-da milyon yarım izləyicisi ilə Paris estetikasının etalonuna çevrilib. Onun səhifəsi başdan-ayağa Paris həyat tərzinin təcəssümüdür. Burada siz Jannanın məişət həyatından fotoları, onun gündəlik geyimlərini, dostları ilə ev yığıncaqlarını və pişiyi Çarlinin portretlərini görə bilərsiniz. Lakin 2016-cı ildən bəri parisli xanım özünü başqa bir işə - “Rouje” brendinə həsr edib. Damasın özü, parisli dostları və adi fransız qadınları bu marka altında bütün hallar üçün hərtərəfli qarderob hazırlayıblar. Brendin beşinci ildönümü üçün Damas, valideynlərinin restoranında keçirdiyi uşaqlıq illərindən brendinin atelyesində işləməyinədək keçdiyi həyat yoluna həsr olunmuş “La Vie en Rouje” (hərfi mənada “Qırmızı rəngdə həyat”) adlı yeni kitabını dərc edib. İngilis və fransız dillərində nəşr olunan kitabı “Amazon”dan sifariş etmək olar. 

- Brendinizin beş yaşı tamam olur. Bu münasibətlə hansı hisləri keçirirsiniz?

- Bu beş il ərzində əldə etdiyimiz hər şeylə fəxr edirəm! 2016-cı ildə brendin yaradılması üzərində üç nəfər çalışıb. Hazırda isə onun heyətinə 80-dən çox şəxs daxildir. Bütün bu müddət ərzində brend hər mənada böyüyüb. Lakin onun əsas pərəstiş obyekti dəyişməz qalıb: Qadın. Ətrafımda həmişə güclü xarakterli, auralı qadınlar olub: Anam, dostlarım, bibilərim, bacım. Onların necə görünə biləcəyi, məsələn, yerişi, danışıq və geyim tərzi, jestləri kimi sadə detallar məni heyran edir.

 - “Rouje” markasının yubileyi münasibəti ilə kitab çap etdirdiniz. Onu yazmaq ideyası necə yarandı? 

-Bir il əvvəl mən və komandam brendin beş il ərzində ən yaxşı fotoşəkillərini topladıq. Köhnə arxivimdə, ailə fotoalbomlarımda və “iPhone”-da şəkillər axtardım. Onların çoxunu tamamilə unutmuşdum. Yeni kitabı vərəqlədikdə brendin tarixini əks etdirən qəhrəmanlara - Lea Seydu, İzabell Adjani, Maya Houk, Emma Korrin kimi model və aktrisalara rast gəlirik. Kitab həm də oxucunun Parisdə, Fransanın cənubunda, Mərakeşdə və ya Kaliforniyada çəkilmiş fotoşəkilləri tapa biləcəyi bir səyahət gündəliyidir. Mən “Rouje” brendinin gözəl hekayəsini yeni baxış bucağından danışmaq və göstərmək istədim. 

- “Rouje” (Azərbaycanca oxunuşu Ruj) un yaradıcı direktoru olaraq işinizin ən yaxşı, eləcə də ən çətin tərəfləri hansılardır? 

-Ən yaxşı tərəfi səyahətdir. Mən daim yollardayam. Məsələn, qışda yay kolleksiyası üçün çəkilişlər edəndə günəşli yerlərə, boz Parisdən uzaqlara gedirik. Mən həmişə fotoqraf dostlarım və eyni makiyaj komandası ilə işləyirəm. Birlikdə təkcə gözəl kadrlar deyil, həm də xatirələr yaradırıq. Biz tətildə olan kiçik bir ailə kimiyik - işləyirik, gülürük, həyatdan həzz alırıq. Əminəm ki, fotoşəkillərimizdə səyahətlərimizin ab-havası hiss olunur. Ən çətin tərəfə gəlincə isə bu, şəxsi üslubuma bənzəyən bir fərdiliyi qorumaqla, marka olaraq böyüməkdir.

 - Son beş ildə ən yadda qalan anlarınızdan danışa bilərsinizmi?

- İlk an, cəmi iki saat ərzində satılan ilk kolleksiyamın buraxılışı ilə bağlıdır. İkincisi, Rouje gözəllik xəttinin işə salınmasıdır. 2019-cu ilin yaz-yay kolleksiyası üçün rejissor Bertrand LePluard ilə mini filmlər çəkdik. Kadrlar yayda çəkilmiş kimi görünsə də, əslində yaz idi. Hava da dəhşətli idi. Mən buzlu hovuzda üzməli oldum. Bununla belə, unudulmaz bir çəkiliş oldu! Və nəhayət, “Chez Jeanne” restoranımın açılışı. O, Parisin ikinci rayonunda, Başomon küçəsindəki studiyamızın birbaşa altında yerləşir və komandamız üçün bir növ yeməkxana rolunu oynayır. Yeri gəlmişkən, valideynlərimin restoran biznesi olsa da, heç vaxt belə bir obyekt açmaq məqsədim olmayıb. 

- Hər gün haradan ilham alırsınız? 

-Hər yerdən. Mən ideyalarımı Paris küçələrindən, foto albomlarımdan, sevimli filmlərimdən və ya “Instagram”dan alıram. Yeni kolleksiya yaradanda ikinci əl mağazalarına getməyi və maraqlı rənglərdən, materiallardan və ya naxışlardan ilham almağı xoşlayıram. 

- Ən çox sevdiyiniz “Rouje” əşyaları hansılardır? 

-Bunlardan üçünü deyə bilərəm: Hər şeyə uyğun olan və günəşli günlər üçün yüngül versiyada təqdim edilən “Jacques boyfriend” gödəkçəsi, qırmızı xallı “Gabin” paltarı və bir cüt myüli (sabo –red.). 

- Geyindirmək arzusunda olduğunuz qadınlar varmı?

- Bəli! Monika Belucci, Emmanuell Bear, Penelope Kruz kimi məşhur aktrisaları geyindirmək istərdim. İstənilən yaşda onların qadın cazibədarlığına heyranam. 

- Bu beş ildə bir sahibkar kimi nəyi öyrəndiniz? 

-Mən hələ də hər gün iş qadını olmağı öyrənirəm. Dəb dünyasında işləməyə 15 yaşım olanda fransız “Maisons”-un reklam kampaniyaları üçün poza verməklə başladım və şübhəsiz ki, bu, hazırki işimdə mənə kömək oldu. Zaman keçdikcə mən öz görünüşümü və obrazımı, eləcə də digər incəlikləri inkişaf etdirdim. “Rouje”da mən komandanı necə idarə etməyi və müştərilərin istəklərini dinləməyi öyrənməli oldum. Dizayner kimi mən davamlılıq və yerli bazarın dəstəklənməsi kimi yeni sahələri kəşf etməliyəm. Yeri gəlmişkən, geyimlərimizin 85 faizi Avropada, 65 faizdən çoxu ekoloji təmiz parçalardan hazırlanır. 

- Öz dəb brendini yaratmaq istəyənlərə nə məsləhət görərdiniz? 

-Müşahidə etmişəm ki, çox vaxt gənclər özlərinə arxayın olmurlar. Onlarda inamsızlıq sindromu var. Özünə hörmət üzərində işləmək və özünə inanmaq çox vacibdir. Amma mənim əsas məsləhətim odur ki, özünüzü motivasiyalı insanlarla əhatə edin və tərəfdaşlarınızla daim ünsiyyətdə olun. Komanda işi və inam olmadan heç vaxt “Rouje”u yarada bilməzdim.

-Brendinizə rəhbərlik etməklə yanaşı, xeyriyyə işləri ilə də məşğul olursunuz, eləmi? 

-Mən “Maison des Femmes” (Qadınlar Evi –red.) – zorakılıq qurbanları da daxil olmaqla, problemləri olan qadınlara kömək edən bir təşkilatın səfiriyəm. Bu gün bu məqsəd uğrunda mübarizə apardığım üçün fəxr edirəm. 2020-ci ilin yayında rəssam dostum Nina Kolçitskaya və mən təşkilata dəstək olmaq üçün kapsul kolleksiyası yaratdıq. Bu yaxınlarda “Rouje” təkrar emal edilmiş parça kolleksiyası təqdim etdi. Onun gəlirləri “Maison des Femmes”-ə gedəcək. Təşkilatla digər birgə layihələr üçün də planlarımız var. Tezliklə öyrənəcəksiniz. 

- Gələcəklə bağlı planlarınız nədən ibarətdir? 

-Mən qadınları sevindirəcək şeylər yaratmağa davam etmək istəyirəm. Qarşıda böyük bir layihə də var – “Les Filles en Rouje” xəttinin yeni gözəllik məhsulları ilə rebrendinqi. Xaricdə də mağazalar açmağı planlaşdırırıq.

-Təşəkkürlər.

 

Fotolar: Vogue.com

@dərc edərkən istinad məcburidir.

 

 

Martın 10-da Azərbaycan Teatr Xadimləri İttifaqında Milli Teatr Gününə həsr olunmuş tədbir keçirilib.

AzərTAC xəbər verir ki, tədbirdə Mədəniyyət Nazirliyinin nümayəndələri, tanınmış mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.

Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, Xalq artisti Azər Paşa Nemətov çıxış edərək Milli Teatr Gününün əhəmiyyətindən söz açıb, bununla əlaqədar hər il ölkəmizdə müxtəlif tədbirlərin təşkil olunduğunu qeyd edib: “Bu gün peşəkar Azərbaycan teatrının 149 yaşı tamam olur. Buna baxmayaraq Azərbaycanda teatr sənətinin kökləri çox qədimdir. 1873-cü il martın 10-da isə Azərbaycanda peşəkar teatrın əsası qoyulub. Həmin gün görkəmli ictimai xadim Həsən bəy Zərdabi və onun tələbəsi, dramaturq Nəcəf bəy Vəzirovun təşəbbüsü ilə M.F.Axundzadənin “Lənkəran xanının vəziri” komediyası Bakıda realnı məktəbin tələbələri tərəfindən tamaşaya hazırlanıb.

Zəngin və mürəkkəb tarixi yol keçən Azərbaycan teatrının müasir inkişaf səviyyəsinə çatmasında görkəmli dramaturqlar, aktyor və rejissorlar böyük rol oynayıblar. Həsən bəy Zərdabinin, Mirzə Fətəli Axundzadənin, Cəlil Məmmədquluzadənin, Əbdürrəhim bəy Haqverdiyevin, Nəcəf bəy Vəzirovun, Nəriman Nərimanovun, Hüseyn Cavidin, Cəfər Cabbarlının, İlyas Əfəndiyevin milli teatrın təşəkkülündə və inkişafında xidmətləri danılmazdır.

Multikultural dəyərlərin təşviq olunduğu ölkəmizdə beynəlxalq teatr konfranslarının, teatr festivallarının keçirilməsi, bir sıra teatrların xarici festival və qastrollarda iştirakı, həmçinin nüfuzlu beynəlxalq təşkilatlara üzv qəbul edilməsi milli teatrımızın dünya teatr məkanına inteqrasiyasını daha da sürətləndirib. Bu gün qlobal miqyasda böyük nüfuz qazanan, dünyanın qabaqcıl ölkələri ilə möhkəm iqtisadi, siyasi və mədəni əməkdaşlıq əlaqələri quran müstəqil Azərbaycanın incəsənəti, o cümlədən teatr sənəti özünün yeni inkişaf mərhələsinin astanasındadır. 2013-cü ildən Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 10 Mart - Milli Teatr Günü kimi qeyd edilir”.

Mədəniyyət Nazirliyinin şöbə müdiri Fərəh Acalova Azərbaycan teatrının uğurlarından, teatrların maddi-texniki bazasının müasir dünya standartlarına uyğunlaşdırılmasından söz açıb.

Sonra 10 Mart - Milli Teatr Günü münasibətilə Azərbaycan teatrının inkişafında xidmətləri olan bir qrup sənət adamına Azərbaycan Teatr Xadimləri İttifaqının fəxri fərmanlar təqdim edilib.

Tədbirdə bayram günü ilə əlaqədar tamaşa nümayiş edilib.

Azərbaycan Dövlət Akademik Musiqili Teatrı tamaşaçıların xahişini nəzərə alaraq 10 Mart – Milli Teatr Günündə “Paris Notr-Dama ithaf” tamaşasını nümayiş etdirib.

2019-cu ilin noyabrından repertuara daxil edilən bu səhnə əsəri davamlı olaraq çoxsaylı tamaşaçı kütləsini ətrafına toplaya bilir və teatrın ən çox tələb olunan tamaşalarının siyahısında ilk yerdə dayanır.

Tamaşadan əvvəl teatrın direktoru, Əməkdar incəsənət xadimi Əliqismət Lalayev çıxış edərək sənət ocağının kollektivini və iştirakçıları Milli Teatr Günü münasibətilə təbrik edib.

Sonra tamaşa nümayiş etdirilib.

Dünyaşöhrətli yazıçı Viktor Hüqonun “Paris Notr-Dam” əsərinin motivləri əsasında rejissor Samir Qulamovun səhnələşdirdiyi və quruluş verdiyi "Paris Notr-Dama ithaf” tamaşasının ideya müəllifi və bədii rəhbəri Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayevdir.

Tamaşada bəşəriyyətin nadir tarixi memarlıq incisi, Avropanın əzəmətli simvollarından biri olan Paris Notr-Dam kilsəsində 2019-cu ilin aprelin 15-də baş vermiş yanğın hadisəsinə ithaf olunub.

“Paris Notr-Dama ithaf”da “Notre-Dame de Paris” müziklına görə “Ginnesin rekordlar kitabı”na düşən Riçard Konçiantenin və dünyaşöhrətli bəstəkarların: Rixard Ştraus, Tomaso Albinoni, Jorj Bize, Samuel Barberin əsərlərindən istifadə edilib.

Əsərin quruluşçu dirijoru və orkestrləşdirmənin müəllifi Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, quruluşçu baletmeysterləri Əməkdar artistlər: Zakir və Leyla Ağayevlər, xormeysteri Əməkdar artist Vaqif Məstanov, quruluşçu rəssamı Vüsal Rəhim, musiqi mətnlərinin müəllifi Azərbaycan Yazıçılar Birliyinin katibi, şair İlqar Fəhmi, dirijoru Səməd Süleymanlı, konsertmeysteri Prezident təqaüdçüsü Kamil Həsənov, rejissor assistentləri: Sevinc Məmmədova və Əmrah Dadaşovdur.

Tamaşada rolları Xalq artisti Pərviz Məmmədrzayev, Əməkdar artist Nadir Xasıyev, beynəlxalq müsabiqələr laureatı Aydan Həsənova, aktyorlar: Mehriban Zalıyeva, Əmrah Dadaşov, Nicat Əli, İbrahim Əlizadə, Emin Zeynallı, Hüseyn Əlili, Səmədzadə Xasiyev, Şaban Cəfərov, Telnaz Hüseynova, Murad Əliyev, Fərid Rzayev, Zaur Əliyev, Əli Kərimov, həmçinin xor və balet truppasının artistləri ifa ediblər.

Mədəniyyət Nazirliyinin Muzey, qalereya və sərgilər şöbəsinin Muzey və daşınar mədəni irs sektorunun müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Altun Mikayıllı 4-6 mart 2022-ci il tarixlərində keçirilən “18-ci Karpat Hövzəsi Ənənəvi Tekstil Festivalı”nda qədim tarixə, zəngin ənənələrə malik Azərbaycan dekorativ tətbiqi sənət sahələri olan xalça və bədii tikmə nümunələrinə dair “Azərbaycan xalçaları və tikmələri” adlı məruzə və təqdimatla çıxış etmişdir. O, Azərbaycan xalça sənəti və bədii tikmələri, o cümlədən onlardan istifadə qaydaları, xalqımızın həyatındakı rolu və s. haqqında iştirakçılara geniş məlumat vermişdir. Altun Mikayıllı festivalda iştirakına və uğurlu təqdimatına görə təşkilatçılar tərəfindən sertifikata layiq görülmüşdür.

Qeyd edək ki, festival Macarıstanın Bekeşçaba şəhərində Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY), Macarıstan İrs Evi, Ənənəvi Macarıstan İncəsənəti Assosiasiyası, Bekeşçaba şəhər Xalq Sənəti Dərnəyinin və Gal Ferenc Universitetinin təşkilatçılığı ilə keçirildi. Festivalı açılış nitqi ilə açan TÜRKSOY-un baş katibi Dusen Kasseinov ənənəvi xalq sənət nümunələrinin yaşadılmasının vacibliyini vurğulayaraq belə tədbirlərin əhəmiyyətli olduğunu qeyd etdi. Festival çərçivəsində 300 nəfərin iştirakı ilə konfrans və ənənəvi tikmə, geyim və tekstil sahəsində çalışan sənətkarların 2000-ə yaxın əl işi nümunələrindən ibarət sərgi təşkil edilmişdir.

Festivalda Türkiyə, Sloveniya, Slovakiya, Bolqarıstan, Qırğızıstan, Qazaxıstan, Koreya və bir çox digər ölkələrin nümayəndələri də iştirak etdilər.

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi sistemində fəaliyyətin və idarəçiliyin təkmilləşdirilməsi, regionlardakı mədəniyyət müəssisələrində işinin effektivliyinin artırılması məqsədilə bölgələrə səfər planı hazırlanıb. “Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, plana uyğun olaraq mədəniyyət naziri Anar Kərimov martın 10-da Lənkəran şəhərinə səfər edib.

Xatırladaq ki, nazir fevral ayının əvvəlində qərb bölgəsinə səfər etmiş, Gəncə və Şəmkirdə mədəniyyət ocaqlarına baş çəkmişdi.

Nazir Anar Kərimov və Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov əvvəlcə ümummilli lider Heydər Əliyevin şəhərin mərkəzindəki abidəsini ziyarət edib, önünə gül dəstəsi qoyublar.

Anar Kərimov icra başçısının müşayiəti ilə Lənkəran şəhər Heydər Əliyev Mərkəzinə baş çəkib, müəssisənin fəaliyyəti ilə tanış olub. Foyedə açılan “Mərhəmət dünyanı xilas edəcək” adlı sərgi ilə tanışlıq zamanı məlumat verilib ki, təqdim olunan əsərlər mərkəzin rəsm studiyasının üzvləri tərəfindən hazırlanıb.

Anar Kərimov və Taleh Qaraşov vaxtilə Lənkəran Dövlət Rəsm Qalereyasının fəaliyyət göstərdiyi yerli əhəmiyyətli tarixi abidə – Dairəvi qalanı ziyarət ediblər. 

Bildirilib ki, Dairəvi qala restavrasiya olunsa da, 2015-ci ilin fevral ayında güclü qar yağması nəticəsində qalanın dam örtüyünün müəyyən hissəsi dağılıb. Tikili uzun illər təmir olunmadığından yağıntılar binanın içərisinə daxil olmaqla daxili konstruksiyaya öz mənfi təsirini göstərib. Lənkəran Şəhər İcra Hakimiyyəti tərəfindən Dairəvi qalanın əsaslı təmiri ilə bağlı Nazirlər Kabinetinə və əlaqədar qurumlara müraciət edildikdən sonra tarixi abidənin bərpası Mədəniyyət Nazirliyində 2020–2023-cü illərdə dövlət büdcəsindən əsaslı vəsait qoyuluşu hesabına icrası nəzərdə tutulan layihələrin siyahısına daxil edilib. Hazırda abidənin əsaslı təmiri ilə bağlı layihə-smeta sənədləri hazırlanır. Dövlət büdcəsindən vəsait ayrılandan sonra burada təmir-bərpa işlərinə başlanılacaq.

Qeyd edək ki, Lənkərаn Dövlət Rəsm Qаlеrеyаsı hazırda fəaliyyətini müvəqqəti olaraq şəhər Mədəniyyət Mərkəzində davam etdirir.

Sonra Anar Kərimov Lənkəran Tarix-Diyarşünaslıq Muzeyinə baxış keçirib. Nazir 1924-cü ildən fəaliyyət göstərin muzeyin ekspozisiyasının müasir tələblərə uyğun yenidən qurulmasının vacibliyini bildirib, bununla bağlı müvafiq tapşırıqlar verib. Bildirək ki, muzey 1991-ci ildə Lənkəranın ilk çoxmərtəbəli binası olan Mir Əhməd xanın sarayına köçürülüb. Nazirə məlumat verilib ki, hazırda muzeydə 6678 eksponat mühafizə olunur. Muzeydəki eksponatlar Lənkəranın zəngin tarixini, mədəniyyətini, adət-ənənələrini əks etdirir.

Daha sonra mədəniyyət naziri tank qoşunları generalı, iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun Lənkəran şəhərindəki ev-muzeyində olub. Bildirilib ki, muzey 1969-cu ildə açılıb və beş ekspozisiya zalından ibarətdir. 125 kvadratmetr sahəsi olan muzeydə 2373 eksponat mövcuddur.

Lənkəran şəhərinin mərkəz hissəsində yerləşən və XIX əsrdə inşa olunan tarixi-memarlıq abidəsi – Böyük bazar məscidinə baxış keçirən mədəniyyət naziri məscidin yaxınlığındakı yerli əhəmiyyətli tarix-memarlıq abidəsi Hacı Qurban hamamının (XIX əsr) da vəziyyəti ilə tanış olub.

Lənkəran mayakı ilə tanışlıq zamanı Anar Kərimova məlumat verilib ki, mayakdan onunla eyni vaxtda inşa edilən Dairəvi qalaya vaxtilə yeraltı yol var imiş. 1747–1786-cı illərdə tikildiyi ehtimal edilən mayak Lənkəran qalasının dayaq məntəqələrindən biri olub.

Nazir Lənkəran şəhər Uşaq rəssamlıq məktəbində olub. Diqqətə çatdırılıb ki, təhsil ocağının yerləşdiyi bina tarixi əhəmiyyəti nəzərə alınaraq yeni aşkar olunmuş abidələrin siyahısına daxil edilib. Anar Kərimov tikilinin qorunması və bərpası, habelə binanın Mədəniyyət Nazirliyinin balansına keçirilməsi ilə bağlı müvafiq tapşırıqlarını verib.

Qeyd edək ki, binanın qəzalı vəziyyətdə olması səbəbindən Uşaq rəssamlıq məktəbi müvəqqəti olaraq Lənkəran şəhər Mədəniyyət Mərkəzində fəaliyyətini davam etdirir.

 

Milli Teatr Günündə Füzuli Dövlət Dram Teatrında Səbinə Haqverdiyevanın "Nar şirəsi" pyesi əsasında bir pərdəli psixoloji dram janrında hazırlanmış eyniadlı tamaşanın premyerası olub. 

“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyi yanında İctimai Şuranın mətbuat katibi Aysel Kərimə istinadən xəbər verir ki, premyerada əsəri rus dilindən tərcümə edən xalq artisti Vidadi Həsənov, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında İctimai Şuranın sədri Gəray Əlibəyov, Kürdəmir Regional Mədəniyyət İdarəsinin rəisi Faiq Xudanlı, “Human” teatrının direktoru Şamil Heydərov, Füzuli Rayon İcra Hakimiyyətinin nümayəndəsi Qabil Əliyev iştirak edib. Həmçinin rayon ictimaiyyəti, məktəblilər premyerada  olublar. 

Tamaşadan əvvəl teatr sexləri (musiqi, geyim, dekorasiya) ilə tanış olunub, tamaşa üçün hazırlanan eskiz, paltar, butaforlara baxış keçirilib. Teatrın unudulmaz sənətkarlarına, rəğbət qazanmış 

tamaşalarına həsr olunan Foto stendə baxılıb. 

Tamaşanın quruluşçu rejissoru Nicat Mirzəzadə, quruluşçu rəssamı Ellinaz Balaşova, musiqi tərtibatçısı Sənan Sevindikzadədir. Tamaşada rolları Sehran Xanlarov, Sevinc Məmmədova, İntizar Quliyeva, Emin Abışov, Nicat Süleymanzadə, Orxan Təvəkküllü və başqaları ifa edir.                                                Tamaşada həyatı sevmək, yaşamaq mübarizəsi, cəmiyyətin fiziki qüsurlu insanlara sərgilədiyi mövqe, nəcib insanların təsiri altında belə insanların sağalması ön plana çəkilir. 

Sonda premyera iştirakçıları xatirə şəkli çəkdiriblər.

 

Mədəniyyət Nazirliyinin 2021-ci ilin dekabr ayında elan etdiyi “Tammetrajlı bədii film layihələrinə dəstək 2022” müsabiqəsinin bədii seçim mərhələsi yekunlaşıb.

Nazirlikdən bildirilib ki, müsabiqəyə ümumilikdə 45 layihə təqdim edilib. Münsiflər heyətinin müzakirələri və qiymətləndirməsi nəticəsində 45 layihədən 12-si növbəti mərhələyə - pitçinq mərhələsinə buraxılıb.

Müsabiqənin pitçinq mərhələsi martın 18-də Dövlət Film Fondunda təşkil olunacaq. Pitçinqdə layihələrin təqdimatı müəlliflər tərəfindən həyata keçiriləcək, iştirakçılar layihələrini açıq pitçinqdə təqdim edəcəklər. Müsabiqənin pitçinq mərhələsi canlı yayım formasında Dövlət Film Fondunun rəsmi yutub kanalında ictimaiyyətə nümayiş etdiriləcək. Müsabiqənin qalibləri pitçinqdən sonra Mədəniyyət Nazirliyinin rəsmi internet saytında (www.culture.gov.az) və “Mədəniyyət” qəzetində elan ediləcək.

Müsabiqə milli kinematoqrafiya sahəsində fəaliyyət göstərən yaradıcı şəxslərə dəstək olmaq, bu istiqamətdə çalışan müstəqil prodüser mərkəzlərinin və istehsal şirkətlərinin fəaliyyətini stimullaşdırmaq, milli-mənəvi və ümumbəşəri dəyərləri filmlərlə təbliğ etmək, kino peşəkarlarının təcrübələrini daha da artırmaq məqsədilə keçirilir. Qeyd edək ki, hər qalib layihəyə ən çox 100.000 (yüz min) manata qədər maliyyə dəstəyinin göstərilməsi nəzərdə tutulur. Müsabiqənin ümumi dəstək fondu 300.000 (üç yüz min) manat təşkil edir.

Müsabiqənin münsiflər heyətinin sədri Oleq Səfərəliyev, münsiflər heyətinin üzvləri İlqar Fəhmi, Mehriban Ələkbərzadə, Asif Rüstəmov, Şamil Süleymanov, Nadir Əliyev və Hacıbala Səfərovdur.

 

Tanınmış vokalçı, Cafarlinsky production təsisatının Art direktoru Türkay Məlikova ilin ən uğurlu xanımı kimi “Dünya Qadın 2022” mükafatına layiq görülüb. 

Bu münasibətlə xanım ifaçı öz sevincini sosial mediada bu cür bölüşüb: “Builki 8 mart hədiyyəm cox xususi oldu. İlin ən uğurlu xanımı  olaraq "Dunya Qadin 2022" mukafatına layiq görüldüm.

Özü də bu mukafata təkcə vokalçı olaraq deyil, həmçinin Cafarlinsky production-un Art Direktoru olaraq layiq görülməyim məni ikiqat xoşbəxt etdi. Xüsusi təşəkkürüm, həmişəki kimi, mənim əzizim, doğmam, uğuruma uğur, gücumə güc qatan insana -  Nurlan Cəfərlinskiyədir.”

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.