Birləşmiş Krallıq və Azərbaycan arasında diplomatik münasibətlərin otuzuncu ildönümü ərəfəsində British Council, Böyük Britaniya səfirliyi və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi ilə əməkdaşlıq edərək hər il keçirilən Britaniya Film Festivalının yeddinci buraxılışına start verib.
“Ədəbiyyat və incəsənət” portalı məlumat verir ki, martın 3-də başlanan festival martın 15-dək Nizami Kino Mərkəzi və YARAT Müasir İncəsənət Məkanında nümayişlərlə davam edəcək.
“Biz ən həyəcanverici, düşündürücü və bəyənilən yeni filmləri Birləşmiş Krallıqdan Azərbaycana gətiririk” - deyə britaniyalılar bildirirlər. Britaniya Film Festivalının 2022-ci il buraxılışı qlobal iqlim təhlükəsini əməkdaşlıq, dialoq və fəaliyyət imkanları yaradaraq diqqət mərkəzinə çəkir.
Festival Oskar laureatı aktyorlar Cim Brodbent və Helen Mirrenin unudulmaz tərəfdaşlığı ilə ekranlarda iz qoyan, oğurluq və ədalət uğrunda mübarizədən bəhs edən "HERSOQ" retro-komediyası ilə açılıb. "İNSANLAR İQLİM DƏYİŞİKLİYİNƏ QARŞI" və "SƏRHƏDLƏRİN MƏHVİ: PLANETİMİZ HAQQINDA ELM" sənədli filmləri bütün diqqətimizi iqlim təhlükəsinə və bəşəriyyətin planetimizi xilas etmək üçün nə edə biləcəyinə çəkəcək.
Azərbaycanda Britaniya Film Festivalı British Council-ın Azərbaycandakı nümayəndiliyi, Böyük Britaniyanın Azərbaycandakı Səfirliyi və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən təqdim edilir.
Britaniya Film Festivalı bizim bərabərlik, müxtəliflik və inklüzivlik prinsiplərinə sadiqliyimizi filmlərlə ifadə edir. Bütün filmlər ingilis dilində nümayiş etdirilir.
Festivalın treylerinə buradan baxa bilərsiniz: http://bit.ly/britishfilmfestival
Biletləri Nizami Kino Mərkəzinin kassalarından və www.nizamicinema.az saytından əldə edə bilərsiniz.