Martın 10-da Azərbaycan Teatr Xadimləri İttifaqında Milli Teatr Gününə həsr olunmuş tədbir keçirilib.
AzərTAC xəbər verir ki, tədbirdə Mədəniyyət Nazirliyinin nümayəndələri, tanınmış mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.
Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, Xalq artisti Azər Paşa Nemətov çıxış edərək Milli Teatr Gününün əhəmiyyətindən söz açıb, bununla əlaqədar hər il ölkəmizdə müxtəlif tədbirlərin təşkil olunduğunu qeyd edib: “Bu gün peşəkar Azərbaycan teatrının 149 yaşı tamam olur. Buna baxmayaraq Azərbaycanda teatr sənətinin kökləri çox qədimdir. 1873-cü il martın 10-da isə Azərbaycanda peşəkar teatrın əsası qoyulub. Həmin gün görkəmli ictimai xadim Həsən bəy Zərdabi və onun tələbəsi, dramaturq Nəcəf bəy Vəzirovun təşəbbüsü ilə M.F.Axundzadənin “Lənkəran xanının vəziri” komediyası Bakıda realnı məktəbin tələbələri tərəfindən tamaşaya hazırlanıb.
Zəngin və mürəkkəb tarixi yol keçən Azərbaycan teatrının müasir inkişaf səviyyəsinə çatmasında görkəmli dramaturqlar, aktyor və rejissorlar böyük rol oynayıblar. Həsən bəy Zərdabinin, Mirzə Fətəli Axundzadənin, Cəlil Məmmədquluzadənin, Əbdürrəhim bəy Haqverdiyevin, Nəcəf bəy Vəzirovun, Nəriman Nərimanovun, Hüseyn Cavidin, Cəfər Cabbarlının, İlyas Əfəndiyevin milli teatrın təşəkkülündə və inkişafında xidmətləri danılmazdır.
Multikultural dəyərlərin təşviq olunduğu ölkəmizdə beynəlxalq teatr konfranslarının, teatr festivallarının keçirilməsi, bir sıra teatrların xarici festival və qastrollarda iştirakı, həmçinin nüfuzlu beynəlxalq təşkilatlara üzv qəbul edilməsi milli teatrımızın dünya teatr məkanına inteqrasiyasını daha da sürətləndirib. Bu gün qlobal miqyasda böyük nüfuz qazanan, dünyanın qabaqcıl ölkələri ilə möhkəm iqtisadi, siyasi və mədəni əməkdaşlıq əlaqələri quran müstəqil Azərbaycanın incəsənəti, o cümlədən teatr sənəti özünün yeni inkişaf mərhələsinin astanasındadır. 2013-cü ildən Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 10 Mart - Milli Teatr Günü kimi qeyd edilir”.
Mədəniyyət Nazirliyinin şöbə müdiri Fərəh Acalova Azərbaycan teatrının uğurlarından, teatrların maddi-texniki bazasının müasir dünya standartlarına uyğunlaşdırılmasından söz açıb.
Sonra 10 Mart - Milli Teatr Günü münasibətilə Azərbaycan teatrının inkişafında xidmətləri olan bir qrup sənət adamına Azərbaycan Teatr Xadimləri İttifaqının fəxri fərmanlar təqdim edilib.
Tədbirdə bayram günü ilə əlaqədar tamaşa nümayiş edilib.