Super User
Akademik Musiqili Teatrı bu gün - Milli Teatr Günündə “Paris Notr-Dama ithaf” tamaşasını nümayiş etdirəcək
Azərbaycan Dövlət Akademik Musiqili Teatrı tamaşaçıların xahişini nəzərə alaraq bu gün - 10 mart – Milli Teatr Günündə, həmçinin 13 və 27 martda “Paris Notr-Dama ithaf” tamaşasını nümayiş etdirəcək.
2019-cu ilin noyabrından Akademik Musiqili Teatrın repertuarına daxil edilən bu səhnə əsəri davamlı olaraq çoxsaylı tamaşaçı kütləsini ətrafına toplaya bilir və teatrın ən çox tələb olunan tamaşalarının siyahısında ilk yerdə dayanır.
Fransalı yazıçı Viktor Hüqonun “Paris Notr-Dam” əsərinin motivləri əsasında rejissor Samir Qulamovun səhnələşdirdiyi və quruluş verdiyi "Paris Notr-Dama ithaf” tamaşasının ideya müəllifi və bədii rəhbəri Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayevdir.
Tamaşada bəşəriyyətin nadir tarixi memarlıq incisi, Avropanın əzəmətli simvollarından biri olan Paris Notr-Dam kilsəsində 2019-cu ilin aprelin 15-də baş vermiş yanğın hadisəsinə ithaf olunub.
“Paris Notr-Dama ithaf”da “Notre-Dame de Paris” müziklına görə “Ginnesin Rekordlar kitabı”na düşən Riçard Konçiantenin və dünyaşöhrətli bəstəkarların: Rixard Ştraus, Tomaso Albinoni, Jorj Bize, Samuel Barberin əsərlərindən istifadə edilib.
Əsərin quruluşçu dirijoru və orkestrləşdirmənin müəllifi Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, quruluşçu baletmeysterləri Əməkdar artistlər Zakir və Leyla Ağayevlər, xormeysteri Əməkdar artist Vaqif Məstanov, quruluşçu rəssamı Vüsal Rəhim, musiqi mətnlərinin müəllifi Azərbaycan Yazıçılar Birliyinin katibi, şair İlqar Fəhmi, dirijoru Səməd Süleymanlı, konsertmeysteri Prezident təqaüdçüsü Kamil Həsənov, rejissor assistentləri Sevinc Məmmədova və Əmrah Dadaşovdur.
Tamaşada rolları Xalq artisti Pərviz Məmmədrzayev, Əməkdar artist Nadir Xasıyev, beynəlxalq müsabiqələr laureatı Aydan Həsənova, aktyorlar Mehriban Zalıyeva, Əmrah Dadaşov, Nicat Əli, İbrahim Əlizadə, Emin Zeynallı, Hüseyn Əlili, Səmədzadə Xasiyev, Şaban Cəfərov, Telnaz Hüseynova, Murad Əliyev, Fərid Rzayev, Zaur Əliyev, Əli Kərimov, həmçinin xor və balet truppasının artistləri ifa edirlər.
Bu gün Milli Teatr Günüdür
Bu gün Milli Teatr Günüdür və bu gün öz tarixini Azərbaycanda oynanılan ilk tamaşadan götürür.
XIX əsrin 70-ci illərində Azərbaycanda milli teatrın yaranması mədəniyyətimizin tarixində çox böyük hadisə oldu. 1873-cü il martın 10-da Bakı Realnı məktəbinin teatr həvəskarları truppası tərəfindən M. F. Axundzadənin "Sərgüzəşti-vəziri-xani Lənkəran" komediyası tamaşaya qoyuldu. Bu şərəfli işdə H. Zərdabi və N. Vəzirov mühüm rol oynamışdılar. Bu tamaşa ilə Azərbaycanda milli teatrın əsası qoyuldu.
Azərbaycanda teatr sənəti qədim ənənələrə malikdir. Xalq arasında müxtəlif meydan tamaşaları, kukla teatr tamaşaları ("Maral oyunu", "Kilimarası"), bayram tamaşaları ("Kos-Kosa"), dini səciyyəli tamaşalar ("Şəbih") və s. geniş yayılmışdı. Hələ XVII əsrin ikinci yarısında Azərbaycanda olmuş fransız səyyahı Şarden gəlib Çuxursəd bəylərbəyisinin İrəvan şəhərindəki iqamətgahında qonaq olarkən burada ona üç hissəli bir tamaşa göstərmişdilər. Bu tamaşa Şardenə o qədər xoş təsir bağışlamışdı ki, onu "Şərqin operası" adlandırmışdı.
Milli teatrın inkişafında məşhur xeyriyyəçi-mesenat H. Z. Tağıyevin böyük xidməti olduğunu da xüsusi qeyd etmək lazımdır. O, Bakı şəhərində ilk teatr binası inşa etdirdi. Tezliklə Azərbaycan səhnəsinin Cahangir bəy Zeynalov, Hüseynqulu Sarabski, Mirzağa Əliyev, Hüseyn Ərəblinski, Ülvi Rəcəb, Abbas Mirzə Şərifzadə, Mustafa Mərdanov, Məmmədrza Şeyxzamanov, Ağasadıq Gəraybəyli, daha sonralar Əliağa Ağayev, Lütfəli Abdullayev, Nəsibə xanım Zeynalova, Mərziyə xanım Davudova kimi yüzlərlə simaları yetişdi. Azərbaycanda teatr sənətinin inkişafında Hacıbəyli qardaşlarının da böyük əməyi olmuşdur.
AXC-nin yaranması milli teatrın fəaliyyətində də canlanmaya səbəb oldu. Dövlətin fəal köməyi və müdaxiləsi nəticəsində Azərbaycan teatrının inkişafında mühüm keyfiyyət dəyişiklikləri baş verdi. Teatrın repertuarına Azərbaycan tarixi və milli azadlıq mübarizəsi ilə bağlı yeni əsərlər gəldi. Cümhuriyyət hökumətinin bu sahədə məqsədyönlü addımlarından biri də Azərbaycan Dövlət Teatrının təşkili oldu. Bu, Azərbaycan peşəkar teatrının dövlət teatrı statusu alması demək idi. Bu teatrın pərdələri ilk dəfə 1918-ci il noyabrın 4-də N. Nərimanovun "Nadir şah" faciəsinin tamaşası ilə açılmışdı. Sovet hakimiyyəti illərində Azərbaycanda teatr sənəti daha da inkişaf etdi. Sovet ideologiyasını və rejimini tərənnüm edən əsərlərlə yanaşı, xalqın həyatı, güzəranı, tarixi keçmişi ilə bağlı əsərlər də repertuarlarda geniş yer almışdı. Məhz martın 10-unun - Azərbaycan milli teatrının əsası qoyulan günün teatrsevərlər Milli Teatr Günü kimi qeyd edilməsi əlbəttə ki, ədalətli qərardır.
“Ədəbiyyat və incəsənət” portalı adından bütün teatr xadimlərini və teatrsevərləri səmimi qəlbdən təbrik edirik.
“Şuşa mədəniyyətinin inciləri” layihəsinin növbəti təqdimatı Şuşanın ədəbi həyatına həsr olunub
“Şuşa İli” münasibətilə Mədəniyyət Nazirliyi tərəfindən həyata keçirilən “Şuşa mədəniyyətinin inciləri” layihəsi davam edir.
“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, layihənin “Şuşanın ədəbi həyatı” bölməsi üzrə ilk təqdimat qala-şəhərimizin poeziya mühitinə həsr olunub.
Azərbaycan ədəbiyyatının çox tanınmış simaları Şuşada doğulub boya-başa çatıb, yaxud da həyat və fəaliyyətlərinin müəyyən dövrü bu şəhərlə bağlı olub. Molla Pənah Vaqif, Qasım bəy Zakir, Xurşidbanu Natəvan, Mir Möhsün Nəvvab, Nəcəf bəy Vəzirov, Əbdürrəhim bəy Haqverdiyev, Yusif Vəzir Çəmənzəminli, Firidun bəy Köçərli, Əhməd bəy Ağaoğlu və digər görkəmli şəxsiyyətlərin adı Şuşa ilə qoşa çəkilir.
Azərbaycan ədəbiyyatında realist şeirin əsası M.P.Vaqif tərəfindən qoyulub. Xalq şeirinin ustadlarından olan şair milli ədəbiyyatın yеni istiqamətdə inkişafında mühüm rol oynayıb. Sonralar xalq şeiri Qasım bəy Zakir, Abdulla bəy Asi, Baba bəy Şakir, Abdulla Canızadə və başqaları tərəfindən inkişaf etdirilib, tənqidi realizmin üfüqləri genişlənib...
Şuşa ədəbi mühitində klassik ədəbi ənənələr də uğurla davam etdirilib. XIX əsrdə Şuşa ədəbi məclisləri divan ədəbiyyatını yaşatmaqla yanaşı, özünün çoxyönlü funksiyası, ədəbiyyata, mədəniyyətə, maarifə verdiyi töhfələrlə fərqlənib. Qarabağ xanı İbrahim Xəlil xanın nəvəsi olan Cəfərqulu xan Nəva 1829-cu ildən Rusiyadan sürgündən qayıtdıqdan sonra Şuşada 30-40 nəfər yaradıcı şəxsin iştirakı ilə müntəzəm ədəbi məclislər təşkil edib. Sonrakı illərdə Xurşidbanu Natəvanın “Məclisi-üns” (“Dostluq məclisi”, 1864) və Mir Möhsün Nəvvabın “Məclisi-fəramuşan” (“Unudulmuşlar məclisi”, 1872) ədəbi məclislərinin timsalında Şuşa Azərbaycan ədəbiyyatı tarixində məclis mədəniyyətinin əsas mərkəzlərindən biri kimi məşhur olub.
Dövrünün mühüm ədəbi birlikləri olan bu ədəbi məclislər həm də bir şeir-sənət məktəbi missiyasını yerinə yetirib. Poetik məclislərdə ədəbi müzakirələr aparılır, şeir normaları öyrədilir, nəzirələrlə ənənələr möhkəmləndirilir və gələcək nəsillərə ötürülürdü. Ədəbi məclis təmsilçilərinin xalq şeiri tərzində yazmasına əhəmiyyət verən böyük maarifçi və mətbuat xadimi Həsən bəy Zərdabi onlara bu tip şeirləri aşıqlara verməyi, xalq şənliklərində oxutmağı, xalqı maarifləndirməyi tövsiyə etmişdi. Bu isə xalq ilə ziyalı və şairlərin ünsiyyətini artırır, cəmiyyətdə maariflənmənin təşkilinə yol açırdı. Məclis yığıncaqlarında yazılan şeirlərin müzakirəsi, forma-məzmun xüsusiyyətlərinin dəyərləndirilməsi ədəbi tənqid və ədəbi prosesin inkişafına öz müsbət təsirini göstərirdi.
“Məclisi-üns”də Mirzə Rəhim Fəna, Xurşidbanu Natəvan, Mirzə Sadıq Piran, Hacı Abbas Agah, Mirzə Ələsgər Növrəs, Məmo bəy Məmai, Məhəmmədəli bəy Məxfi, Mehdiqulu xan Vəfa və başqaları iştirak edirdilər.
Mir Möhsün Nəvvabın evində fəaliyyət göstərən "Məclisi-fəramuşan"da isə Abdulla bəy Asi, Fatma xanım Kəminə, Mirzə Əbdül Şahin, Molla Saleh Bülbül, Bəhram bəy Fədai və başqaları təmsil olunurdu.
Qeyd edək ki, həmin dövrdə Azərbaycanın digər bölgələrində fəaliyyət göstərən ədəbi məclislər arasında sıx əlaqə mövcud idi və şairlər bir-biri ilə yazışır, ədəbi prosesdəki yeniliklərdən xəbərdar olurdular.
Ədəbi yığıncaqlar həm də musiqi məclisi idi və burada söz, şeirlər yanaşı muğam sənətinin yaşadılması, təbliği diqqətdə saxlanılırdı. Tarzən və xanəndələr Sadıqcan, Hacı Hüsü, Məşədi İsi, Keştazlı Haşım, Molla Abbasqulu, Molla Vəli, Məmməd Qaryağdı, Məşədi Dadaş və başqaları ədəbi məclislərdə fəal iştirak edirdilər. İncəsənətin fərqli növlərini əlaqəli formada təqdim edən Şuşa ədəbi məclisləri eyni zamanda rəssamlıq, xəttatlıq fəaliyyətini də mərkəzləşdirən mədəniyyət ocaqları idi.
Bütövlükdə Şuşanın necə bir ədəbiyyat və mədəniyyət mərkəzi olmasını, mədəni inkişafa verdiyi töhfələri elə şəhərdəki ədəbi məclislərin fəaliyyəti nümunəsində də görmək mümkündür.
Əməkdar artist Sona Mikayılovanın 65 illik yubileyi qeyd olunub
Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyində tanınmış teatr və kino aktrisası, Əməkdar artist Sona Mikayılovanın 65 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.
Teatrdan AZƏRTAC-a bildirilib ki, tədbiri giriş sözü ilə muzeyin direktoru, Əməkdar mədəniyyət işçisi Sevinc Mikayılova açaraq təbriklərini çatdırıb.
Muzeyin elmi katibi Aytən Məmmədova aktrisanın sənət fəaliyyətindən ətraflı söhbət açıb.
Tədbirdə iştirak edən qonaqlardan Azərbaycan Dövlət “Yuğ” Teatrının direktoru İslam Həsənov, Azərbaycan Dövlət Kukla Teatrının direktoru, Əməkdar mədəniyyət işçisi Rəşad Əhmədzadə, teatrşünas, Əməkdar incəsənət xadimi Aydın Talıbzadə, rejissor, Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə, Azərbaycan Dövlət “Yuğ” Teatrının ədəbi hissə müdiri, teatrşünas Elçin Cəfərov, rejissor Gümrah Ömər, Əməkdar artist Gülşad Baxşiyeva, Xalq artisti Həmidə Ömərova, Əməkdar artist Gülzar Qurbanova və başqaları aktrisanı doğum günü münasibətilə təbrik edib və onunla bağlı ürək sözlərini bölüşüblər. Təbriklərə, eyni zamanda Mədəniyyət Nazirliyinin əməkdaşı Günay Hümbətova da qoşulub.
Tədbir çərçivəsində S. Mikayılovanın həyat və yaradıcılığını əks etdirən videoçarx nümayiş olunub. Həmçinin aktrisanın oynadığı tamaşalardan və çəkildiyi filmlərdən fraqmentlər göstərilib.
Sonda Azərbaycan Milli Konservatoriyasının nəzdində fəaliyyət göstərən musiqi kollecinin tələbəsi Məryəm Babayeva musiqi nömrələri ilə çıxış edib.
Müğənnilərimiz “Türkiye Exclusive Ödülleri 2022” ilə təltif olunublar
Türkiyənin məşhur layihəsi olan "Türkiye Exclusive Ödülleri 2022"nin Bakıda təqdimat mərasimi keçirilib.
“Avand Production" və "Oya Ulucan Event"in birgə təşkilatçılığı ilə baş tutan mükafatlandırma gecəsində il ərzində fərqlənən, fəaliyyəti ilə yaddaqalan müxtəlif peşə sahibləri, o cümlədən mədəniyyət xadimləri təltif olunublar.
“Türkiye Exclusive Ödülleri 2022” mükafatına layiq görülənlər arasında Xalq artistləri Mələkxanım Əyyubova, Məleykə Əsədova, Əməkdar artistlər Aybəniz Haşımova, Fərqanə Qasımova, Elza Seyidcahan, Gülüstan Əliyeva və başqaları yer alıblar.
Layihənin beynəlxalq direktoru Oya Ulucan, Azərbaycan üzrə direktoru "Avand Production"ın rəhbəri Ayaz Məmmədovdur.
Bağdadda Füzuli yaradıcılığına həsr olunan beynəlxalq elmi konfrans keçirilib
Bağdadda “Azərbaycan ədəbiyyatında mütaliə - şair Füzuli əl-Bağdadi nümunəsində” mövzusunda beynəlxalq konfrans keçirilib.
AzərTAC xəbər verir ki, Azərbaycan Respublikasının İraqdakı səfirliyi ilə İraqın Mədəniyyət, Turizm və Tarixi Abidələr Nazirliyinin birgə təşkil etdiyi beynəlxalq konfransda səsləndirilən mühazirələrdə Məhəmməd Füzulinin yaradıcılığına müxtəlif aspektlərdən yanaşılıb, onun həm ərəb-Azərbaycan ədəbi əlaqələri, həm də Azərbaycan ədəbiyyatındakı mövqeyindən söhbət açılıb.
Konfransda çıxış edən azərbaycanlı şərqşünas Həşim Məmmədov dahi şairimiz Məhəmməd Füzuli yaradıcılığı barədə geniş məruzə ilə çıxış edib. Nəzərə çatdırıb ki, Məhəmməd Füzulinin yaradıcılığının zirvəsi olan "Leyli və Məcnun" poeması Azərbaycan, eləcə də Şərq və dünya poeziyasının nadir incilərindəndir. Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin ilk dəfə yazılı ədəbiyyata gətirdiyi "Leyli və Məcnun" mövzusunun bir çox türk, fars, hind, özbək və tacik şairləri tərəfindən qələmə alınmasına baxmayaraq, Məhəmməd Füzulinin ana dilində yaratdığı əsər orijinallığı ilə bu mövzuda əvvəllər yazılmış poemalardan seçilir.
Məhəmməd Füzuli qədim yunan və Şərq fəlsəfəsi ilə tanış idi. Onun fəlsəfi görüşləri əsasən ərəb dilində nəsrlə yazdığı “Mətləül-etiqad” əsərində əksini tapıb. Məhəmməd Füzuli burada Aristotel, Platon, Demokrit və başqa filosofların fikirlərindən, fəlsəfi irsindən təsirlənib.
Məhəmməd Füzulinin başqa əsərlərində də ədəbi fəlsəfi fikirlərə təsadüf edilir.
Məruzələr konfrans iştirakçıları tərəfindən yüksək qiymətləndirilib və Azərbaycan təmsilçisi Həşim Məmmədova sertifikatlar təqdim edilib.
Günün fotosu: Qarı İrpendən göz yaşları içində evakuasiya olunur
Günün fotosu:
Qarı İrpendən göz yaşları içində evakuasiya olunur
Milyonlarla insan birinin siyasi və şovinist ambisiyalarının qurbanına çevrilməkdədir. Kiyevətrafı İrpen şəhərindən evi-eşiyi viran qalmış bu qarı göz yaşları içində evakuasiya olunur.
Foto: Euronews
Vogue dünyanın 17 möcüzəli muzeyini təqdim edir: Luvr və Metropoliten
“Ədəbiyyat və incəsənət” portalı nüfuzlu Vogue gözəllik dərgisinin təqdimatında sizlərə dünyanın ən möcüzəli muzeylərini nümayiş etdirir.
Sırada birinci Parisdə yetləşən Luvr muzeyidir.
Hal — hazırda Luvr dünyanın ən zəngin və ən müxtəlif sənət əşyaları kolleksiyalarına malik, eləcə də ən çox ziyarət edilən, ən böyük muzeyidir. Kral Filip Avqust dövründə yaradılan Luvr XVI əsrin sonunda IV Henrinin rəhbərliyi altında Tuilery Sarayı (Fransa krallarının o zamanki iqamətgahı) ilə birləşdirildi. Əvvəlcə bura monarxlar üçün (XIV Lüdovik dövründə) incəsənət əsərlərinin kolleksiyalaşdırılması yeri kimi xidmət edib və yalnız fransız inqilabından sonra muzeyə çevrilib.
Hazırda burada 500 mindən çox sənət əsəri saxlanılır. Onlardan ən məşhurları Leonardo Da Vinçinin "Cokonda", Lukas Kranaxın "Üç zəriflik", Teodor Jerikonun "Meduza", Jan-Ogüst Dominik Enqrın "Böyük odaliska" tabloları, Miloslu Venera heykəlidir ki, bunları izləmək məcburidir. Getsəniz, qaçırmayın.
Sırada ikinci Nyu-Yorkun Metropoliten muzeyi dayanır.
Nyu-Yorkun qəlbində yerləşən MET dünyanın ən böyük incəsənət muzeylərindən biridir. O, 1872-ci ildə açılıb və indiyədək dünyanın hər yerindən-antik heykəllərdən Fransa rəssamlarının əsərlərinə qədər iki milyondan artıq incəsənət əsərinə malikdir. Əlbəttə ki, onun divarları arasında nisbətən yeni dövrə aid Amerika incəsənətinin böyük kolleksiyası da təqdim olunur. Muzeyin tematik sərgi və tədbirləri hər dəfə yeni kəşflərlə tanış olmaq üçün tamaşaçı rekordları vurur. Məhz burada ən yeni kostyumların ball— Met Gala keçirilir - muzey illik paltar sərgisinə hətta öz qanadlarından birini də həsr edib. Daimi ekspozisiyada Vincent Van Qoqun "Arlezianka", Andrey Verrokkyonun “Madonna” tablolarına, Tiffany & Co-nun bəzək kolleksiyasına baxmaq məsləhətdir.
Lopabığ Ambarsum həkim və sancılanmış 20 yaşlı azərbaycanlı qız - Mina Rəşid yazır
Hacı Zeynalabdin Tağıyevin heykəli önündə düşüncələr
Millətinə böyük yaxşılıqlar edən, xeyir işlərlə adını tarixə yazdıran milyonçu-mesenat Hacı Zeynalabdin Tağıyevin adı zaman keçdikcə daha hörmətlə yad edilir. Yazıçı H.Abbaszadənin dediyi kimi, yaxşı insan qızıl kimidi...
H.Z.Tağıyev 1823-cü ildə, başmaqçı ailəsində doğulub, kiçik yaşlarında anasını itirib. 10 yaşından bənna kimi çalışmağa başlayıb. O, çox işgüzar və mübariz bir insan olub. İllərlə çalışıb və qazandığı pulla iki şəriki ilə torpaq sahəsi alıb. Həmin torpaqdan neft çıxarmağı düşünüb. Ançaq buna asanlıqla nail ola bilməyib. Axırda iki şəriki mübarizədən əlini üzdükdə onların torpaq paylarını da satın alıb. İnadından dönmək istəməyən Hacının qazdırdığı quyu nəhayət bir gün neft fantanı vurub. Beləcə o, tezliklə milyonçuya çevrilib. Ancaq mal, pul onu insanlıqdan çıxarmayıb. Əksinə, o, bir vaxt bənna kimi işlətdiyi baltasını yaraşıqlı evinin görkəmli yerindən asıb ki, keçmişini unutmasın...
H.Z.Tağıyev qazandığı pulların çox hissəsini xalqının güzəranına, onun övladlarının maariflənməsinə sərf edib, savab işlər görüb. Su kəməri, Toxucuuq fabriki, Teatr binası, müsəlman şərqində ilk qızlar məktəbi və çətinliklə başa gələn bir çox xeyir əməlləri onun adını tarixin yaddaşına həkk edib. Açdığı məktəbdə təhsil alan imkansız uşaqların bütün ehtiyaclarını qarşılayıb. Naxçıvanda, Gəncədə, Şamaxıda, Tiflisdə və başqa yerlərdə olan məktəblərə yardımlar edib. Onun Bakı Dövlət Universitetinin yaradılmasında da xidmətləri böyükdür. O vaxt dövlətin xarici ölkələrdə oxutdurduğu tələbələri də unutmayıb. Tağıyevin Vətəni, milləti yolunda böyük xeyriyyəçilik işlərini, soydaşlarına etdiyi yaxşılıqları saymaqla bitməz. Hələ onun kitab nəşrinə, mətbuata verdiyi töhfələrdən danışmırıq... Elə buna görə də, H.Z.Tağıyev cəmiyyətdə “El atası” kimi hörmət qazanmışdı.
Ancaq o, milyonlar xərcləyərək milləti üçün bir çox xeyir işləri həyata keçirməyə başlayarkən ona çox maneələr törədilib. Yoluna daş atanlar elə öz millətinin qaraguruhçuları olan ədabaz bəylər, savadsız dindarlar və avam adamlar olub. Elə bu adamlar qız məktəbinin açılmasında onu və tərəfdarlarını ölümlə hədələyir, camaat arasında onun xeyirxah işlərinə kölgə salmağa çalışırdılar. Nəhayət bir gün bütün təhdidləri, təhlükəni gözə alan Hacı məscidə gedib ruhanilər qarşısında çıxış etməyə başlayır: “...Təzə məktəblərdə qızlara ehkami-şəriyyət, paltar tikmək, toxuculuq, mətbəx işləri, müsəlman (Azərbaycan) və rus dilində oxuyub-yazmaq, elm-hesab, tifillərə tərbiyə vermək öyrədiləcək. Burda nə pis iş var? Molla Əli Hacı Xəlil oğlu! Qulaq as! Mən qızları ismətsiz etmək istəmirəm, naməhrəmlə üzü açıq olmağa çağırmıram. Sırağa gün gecə iyirmi yaşlı ortancıl qızın sancılanmışdı, az qalmışdı ölsün. Lopabığ Ambarsum həkimi gətizdirdin, qızı yoxladı, dava dərman elədi, qız ölümdən qurtardı. İndi de görüm, Lopabığ Ambarsumun əvəzinə müsəlman arvad həkimi olsaydı, şəriətə hansı düzgün gələrdi? Arvad həkimlərinə, müəllimlərinə ehtiyacımız çoxdur. O məktəbi mən bizə padşahlıqdan vəhşi deyiləndən sonra qərara gəldim, açdırdım. Ətək dolusu pul töküb bu məqsədlə bina tikdirmişəm. Dərs deyənlər zənən xeylağı olacaq"...
Bax bu parçanı oxuduqdan sonra heç unuda bilmirəm. Gör bu işıqlı insan necə bir qaranlıqları aydınladıb. Görəsən o “qaragüruhçu iri əmmaməli, qara əbalı ruhanilər, yekəqarın, enliqurşaq, saqqalı hənalı hacılara bundan da tutarlı bir cavab olardımı?
Elə buna görə də, bu gün dövlətimiz tərəfindən H.Z.Tağıyevin xatirəsinin əbədiləşdirilərək onun heykəlinin Bakıda “İçərişəhər” metrostansiyasının qarşısında bax beləcə ucaldılması milyonlardan biri kimi məni də çox sevindirdi...
Sonda H.Z.Tağıyevin bir kəlamını da yada salmaq istərdim: “Pul qazan, amma şərəfini itirmə. Pul bir gün gedər, nə vaxtsa gələr. Amma şərəf gedər, gəlməz!”
Deyirəm, H.Z.Tağıyev kimi milləti düşünən işıqlı insanlara hər zaman ehtiyac var. Necə ki, Peyğəmbərimiz (s) buyurub: “Həmişə xeyir işlərdə yarışın!”
Allah H.Z.Tağıyevə rəhmət eləsin, məzarı nurla dolsun.
Stiven Kinq və Linvud Barkley Rusiyada kitablarını nəşr etdirmək üçün müqavilələri uzatmayacaqlar
Amerikalı və kanadalı yazıçılar Stiven Kinq və Linvud Barkley Rusiyada kitablarını nəşr etmək üçün müqavilələri uzatmayacaqlar. Bu yazarlar sosial mediada - Twitter hesablarında məlumat veriblər.
Xəbəri “Ədəbiyyat və incəsənət” portalı TASS agentliyinə istinadən yayır.
"Razılaşıram ki, bu elə də böyük qurban deyil, hər halda mən Rusiyada kitablarımın çapı üçün müqavilələri uzatmıram", - Barkley qeyd edib. "Mən də", - deyə Kinq Barkleyin qeydinin altında imza atıb.
Təbii ki, bu addımlar Rusiyanın Ukraynaya silahlı təcavüzünə cavab olaraq atılıb.
Xatırladaq ki, Stiven Kinqin kitabları bütün dünyada çoxmilyonlu tirajla nəşr olunur (cəmi 350 milyon nüsxə satılıb). Onun əsərləri kino və televiziya üçün uğurla adaptasiya olunur, yazıçı çoxlu sayda ədəbi mükafatlara malikdir.
Şəkildə: Stiven Kinq