Bağdadda Füzuli yaradıcılığına həsr olunan beynəlxalq elmi konfrans keçirilib

 

Bağdadda “Azərbaycan ədəbiyyatında mütaliə - şair Füzuli əl-Bağdadi nümunəsində” mövzusunda beynəlxalq konfrans keçirilib.

AzərTAC xəbər verir ki, Azərbaycan Respublikasının İraqdakı səfirliyi ilə İraqın Mədəniyyət, Turizm və Tarixi Abidələr Nazirliyinin birgə təşkil etdiyi beynəlxalq konfransda səsləndirilən mühazirələrdə Məhəmməd Füzulinin yaradıcılığına müxtəlif aspektlərdən yanaşılıb, onun həm ərəb-Azərbaycan ədəbi əlaqələri, həm də Azərbaycan ədəbiyyatındakı mövqeyindən söhbət açılıb.

Konfransda çıxış edən azərbaycanlı şərqşünas Həşim Məmmədov dahi şairimiz Məhəmməd Füzuli yaradıcılığı barədə geniş məruzə ilə çıxış edib. Nəzərə çatdırıb ki, Məhəmməd Füzulinin yaradıcılığının zirvəsi olan "Leyli və Məcnun" poeması Azərbaycan, eləcə də Şərq və dünya poeziyasının nadir incilərindəndir. Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin ilk dəfə yazılı ədəbiyyata gətirdiyi "Leyli və Məcnun" mövzusunun bir çox türk, fars, hind, özbək və tacik şairləri tərəfindən qələmə alınmasına baxmayaraq, Məhəmməd Füzulinin ana dilində yaratdığı əsər orijinallığı ilə bu mövzuda əvvəllər yazılmış poemalardan seçilir.

Məhəmməd Füzuli qədim yunan və Şərq fəlsəfəsi ilə tanış idi. Onun fəlsəfi görüşləri əsasən ərəb dilində nəsrlə yazdığı “Mətləül-etiqad” əsərində əksini tapıb. Məhəmməd Füzuli burada Aristotel, Platon, Demokrit və başqa filosofların fikirlərindən, fəlsəfi irsindən təsirlənib.

Məhəmməd Füzulinin başqa əsərlərində də ədəbi fəlsəfi fikirlərə təsadüf edilir.

Məruzələr konfrans iştirakçıları tərəfindən yüksək qiymətləndirilib və Azərbaycan təmsilçisi Həşim Məmmədova sertifikatlar təqdim edilib.

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.