Super User
Ötən günün ən çox oxunan xəbəri Özcan Dənizin səhnədə etirafı olub
Populyar türk müğənnisi Özcan Dəniz keçmiş həyat yoldaşı Feyze Aktana qarşı zorakılıqda suçlandığı iddia edilən məhkəmə qarşısında olduğunu səhnədə dilə gətirib.
“Ədəbiyyat və incəsənət” portalı SonDakika xəbər ajansına istinadən məlumat verir ki, bu, günün ən çox izlənən xəbəri olub. Dünən Özcan Dəniz çıxış edərkən deyib: "Bu, mənə qarşı çox böyük, kobud bir ədalətsizlik idi. Bu ittihamı puça çıxaran qərarın Ümumdünya Qadınlar günü, martın 8-də qəbul edilməsi isə çox yerinə düşdü. Bir qadın üzərində zorakılıq etmək kimi ittihama tuş gəlmək, təmiziyini də sübut etmək çətin bir şeydir. Amma hər halda, mənimlə belə ədalətsizlik edənləri bağışlayıram."
Günün fotosu: Rusiyanın Çernobıl AES-ə nəzarəti xof və qorxu yaradır
Günün fotosu: Rusiyanın Çernobıl AES-ə nəzarəti xof və qorxu yaradır
Rusiya Çernobıl atom elektrik stansiyasını nəzarətə götürdükdən sonra oranın 200 işçisi fasiləsiz olaraq işlədilir, stansiyanın ətraf dünya ilə əlaqəsi kəsilib.
Foto: Euronews
Beynəlxalq Muğam Mərkəzində xanəndə Canəli Əkbərovun xatirə gecəsi keçirilib
Dünən axşam Beynəlxalq Muğam Mərkəzində Xalq artisti Canəli Əkbərovun xatirə gecəsi keçirilib.
AzərTAC xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə xanəndə Canəli Əkbərovun ifasının lentə alındığı videoya baxıblar.
Əməkdar artist Azad Şükürov bildirib ki, bu təşəbbüs Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Muğam kafedrasının müdiri Xalq artisti Teyyub Aslanov tərəfindən irəli sürülüb: “O zaman Canəli sağ idi. Təəssüf ki, bu tədbir onun sağlığında keçirilmədi. Bir yerdə çalışdığımız, acılı-şirinli günləri keçirdiyimiz insanları unutmamalıyıq. Canəli Əkbərov ömrünü Azərbaycan musiqisinin inkişafına həsr edən sənətkarlardan olub”.
Tədbirdə qeyd olunub ki, Canəli Əkbərov milli xanəndəlik məktəbinin nailiyyətlərini layiqincə davam etdirib və Azərbaycanın musiqi mədəniyyəti xəzinəsinə töhfələr verib. Sələflərinin yaradıcılıq ənənələrinə sadiqlik və muğamın klassik ifa tərzinin qorunub saxlanması onun altmış ildən artıq müddət ərzindəki fəaliyyətinin başlıca qayəsini təşkil edib. Canəli Əkbərovun ifasında səslənən “Orta mahur”, “Çahargah”, “Arazbarı”, “Heyratı” və digər qədim muğamlarımız, bir çox təsniflər və xalq mahnıları, həmçinin muğam operalarında yaratdığı partiyalar Azərbaycan musiqi mədəniyyətinin inciləri sırasında özünəməxsus yer tutur.
Gecədə Xalq artistləri Teyyub Aslanov, Gülyaz Məmmədova, Əməkdar artistlər Ruzə İbişova və Bəsti Sevdiyeva çıxış edib, “Ay qəşəng Ceyran”, “Bayatı-Şiraz”, “Mahur”, “Şahnaz” təsnifləri, Leyli və Məcnun operasından görüş səhnəsi, Aşıq Qərib operasından “Ayrılıq səhnəsi”nə aid partiyalar ifa olunub.
Qeyd edək ki, Canəli Əkbərov milli musiqi mədəniyyətinin inkişafı sahəsində nailiyyətlərinə görə 2000-ci ildə “Şöhrət”, 2010-cu ildə “Şərəf” və 2020-ci ildə 1-ci dərəcəli “Əmək” ordenləri ilə təltif edilib
Paris meriyası Kiyev baletinə Şatle teatrının səhnəsini verib
Paris səhnəsində çıxışdan sonra Kiyev baletinin gənc solistləri martın 9-da vətənə dönməli idilər. Amma Ukraynada müharibənin getməsi səbəbindən onlar vətənə dönə bilmirlər.
“Ədəbiyyat və incəsənət” portalı Euronews-a istinadən xəbər verir ki, fiziki olaraq kiyevli balerinalar Parisdə səhnədə olsalar da ruhən evdə -Ukraynada idilər, hər birinin orda əzizi düşmən işğalına məruz ərazidə qalmaqdadır.
Martın 8-də Kiyev Milli baletinin Fransa paytaxtında keçirilən turnesinin sonuncu tarixi olmalı idi. Başqa şəraitdə Dyagilevin ilk "rus mövsümü" nın keçdiyi və Nizhinskinin rəqs etdiyi əfsanəvi Şatle Teatrının səhnəsində çıxış etmək yalnız arzu olaraq qalardı, amma…
"Kiyev baletinin Parisdə qastrol səfərlərində olduğunu və təbii ki, indi evə qayıda bilməyəcəyini biləndə biz bütün resursları səfərbər etdik", - deyə Parisin meri Ann İdalqo bildirir. “Biz qərara gəldik ki, kiyevlilərə məhz Şatle səhnəsini müvəqqəti istifadəyə vermək lazımdır".
“Biz çox çətin günlər keçiririk, mənim sözüm yoxdur... Və birdən fransızların bu sürprizi. Biz bunu gözləmirdik, yer üzündə sevginin hökm elədiyini göstərdilər bizə”, - bu sözləri isə truppanın direktoru
İvan Kozlov söyləyir.
Kiyev balet truppasının direktoru
Fransada truppanın yalnız bir hissəsinin, əsasən, gənc rəqqasların qastrol səfərində oluğunu qeyd edir. Kiyev baletinin ulduzları Ukraynada qalıb və indi Parisə yetişməyə çalışırlar.
Parisdəki gənc rəqqaslardan biri isə mehriban insanların müharibə bürümüş Ukraynadan çıxardığı kiçik qızını götürmək üçün Ukrayna sərhədinə yollanıb. Allah köməyi olsun!
Paris hakimiyyəti Ukrayna rəqqaslarını yalnız Şatle-ın səhnəsi ilə deyil, həm də müvəqqəti mənzillərlə də təmin ediblər.
Dünya yaxşı insanlardan xali deyilmiş.
Rəsm qalereyası: Rövşən Bayramov, “Şuşa mənzərələri” silsiləsindən
Zəlimxan Yaqubun “Ələsgər çağırdım, Ələsgər dedim” kitabı çap olunub
Xalq şairi Zəlimxan Yaqubun yeni kitabı işıq üzü görüb. Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi Aşıq Ələsgərin anadan olmasının 200 illik yubileyinə töhfə kimi “Ozan Dünyası” Aşıq Yaradıcılığının Təbliği İctimai Birliyi tərəfindən nəşrə hazırlanan və Alik Məmmədovun maddi dəstəyi ilə “Elm və təhsil” nəşriyyatında nəfis tərtibatla işıq üzü görən kitab “Ələsgər çağırdım, Ələsgər dedim” Kitabda Xalq şairinin müxtəlif illərdə Aşıq Ələsgərə həsr etdiyi şeirlər və iki poema yer alıb.
Kitabı nəşrə hazırlayan və redaktoru Əməkdar mədəniyyət işçisi, “Ozan dünyası” Aşıq Yaradıcılığının Təbliği İctimai Birliyinin sədri və “Ozan dünyası” jurnalının baş redaktoru Musa Nəbioğlu, məsləhətçi Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva, rəyçi isə Beynəlxalq “Alaş” ədəbi mükafatı laureatı Əkbər Qoşalıdır.
“Xəzər” dünya ədəbiyyatı jurnalının yeni nömrəsi nəşr edilib
“Xəzər” dünya ədəbiyyatı jurnalının yeni nömrəsi nəşr olunub.
Jurnalın bu nömrəsində oxucular maraqlı mövzularla tanış ola biləcəklər.
Belə ki, jurnalın rubrikalarında Sara Nəzirlinin “Ehtiraslı gecə” hekayəsi, Rut Cabvalanın “İsti və toz” romanı”, Rollan Seysenbayevin essesi və Oljas Süleymenovun şeirləri, Anatoli Kimin “Neustroyevin qoxusu” hekayəsi, Somerset Moemin “Cənab Çoxbilmiş” hekayəsi, Edqar Allan Ponun “Məşhurluq”, Nikolay Leskovun “Xırda xəta”, “Nihilistlə səyahət” hekayələri və Marlen Ditrixin “Ürəkdən gələn sözlər”i yer alıb. Bundan başqa, oxucular jurnalın budəfəki nömrəsində V.M.Mayakovskinin məktubları, Bohumil Hrabalın “Mən ingilis kralına qulluq etmişəm” romanı, “Tövrat”, Karel Çapekin “Ağ xəstəlik” pyesi, “Həyat və kino gündəlikləri” və digər əsərlər ilə tanış ola biləcəklər.
Musiqili Teatrda “Həyatdan səhnəyə” sərgisi açılacaq
10 mart – Milli Teatr Günündə Azərbaycan Dövlət Akademik Musiqili Teatrının foyesində “Həyatdan səhnəyə” adlı sərgi nümayiş olunacaq.
Teatrdan AZƏRTAC- a bildirilib ki, ölkəmizdə peşəkar teatrın yaranmasının 149-cu ildönümü münasibətilə hazırlanan layihənin ideya müəllifi teatrın direktoru, Əməkdar incəsənət xadimi, fəlsəfə doktoru Əliqismət Lalayev, kuratoru teatrın baş rəssamı Vüsal Rəhimdir.
Sərgidə uzun illər teatrda fəaliyyət göstərmiş peşəkar rəssamların - Əməkdar rəssamlar İsmayıl Məmmədov və Nabat Səmədovanın, eyni zamanda, Validə Ümman və Vusal Rəhimin teatrla bağlı müxtəlif əsərləri, kompozisiyaları, müəllifi olduqları səhnə eskizləri və səhnə geyimləri nümayiş olunacaq.
112-ci mövsümünü yaşayan Akademik Musiqili Teatrın sərgisində, həmçinin teatrın tarixini özündə əks etdirən lövhə, teatrın maketi, retro səhnə əsərlərinin afişaları, korifey sənətkarların oynadığı tamaşalardan fotoşəkillər, yaradıcı heyətin müxtəlif beynəlxalq tədbirlərdə aldıqları mükafatlar da sərgilənəcək.
Qeyd edək ki, martın 10-dan etibarən ay ərzində teatrın tamaşalarına baxmağa gələn hər kəs sərgini izləyə biləcək.
“Bu bumbuz, qaranlıq dünyada tək-tənha ölürəm!” - polyak şairəsi Halina Posviatovskanın şeirləri Ümid Nəccarinin tərcüməsində
“Ədəbiyyat və incəsənət” portalı oxucularına Polşa şairəsi olan Halina Posviatovskanın şeirlərini təqdim edir. Halina Posviatovska (1935 -1967) çox qısa ömür yaşasa da gözəl lirik şeirlər ortaya qoyub. Şeirlərinin əsas motivi sevgi və ölümdür. Onun ayrıca aforizmləri də şox sevilir. Dünyaya ürək xəstəliyi ilə göz açan, erkən nikaha girən və cəmi 21 yaşında dul qalan, 23 yaşında ağır ürək əməliyyatı keçirən və bütün ömrü boyu ölümünü gözləyən şairə sağlığında 4 kitabının sevincini yaşayıb. Öləndən sonra çoxlu çap edilməmiş şeirləri, eləcə də “Dostum üçün hekayət” adlı avtobioqrafik povesti şap olunub.
Səndən yazmaq istəyirəm
Səndən yazmaq istəyirəm
Adından bir sığınacaq yapam
Qırılmış budaqlar üçün
Donmuş gilas ağacı üçün.
Dodaqlarından
Ki ayparanı xatırladır.
Kirpiklərindən
Ki aldadaraq qaranı xatırladır.
İstəyirəm barmaqlarımı
Saçlarında rəqs etdirəm
Boğazındaki sümüyə toxunam.
Toxunam səssizcə səsli yerinə,
O yerə ki ürək dodaqlarının sözünə baxmır!
İstəyirəm sənin adını birləşdirəm
ulduzlarla
qanla
ki yanında yox
içində olam...
gecənin dənizində qeyb olmuş
yağışdan bir damcı kimi
yox olmaq istəyirəm...
Məni adımla səslə
Məni adımla səslə
Ki sənə sarı gəlim,
Ey canımda olanım!
Məni adımla səslə
Soruşma ki,
adım bir quşmu
göy üzündə?
Ya da bir kol
Ki kök salıbdır torpağa caynağıyla
Və boyayır qan rənginə
Göy üzünü.
Sorma
Ki nədir adım
Özüm də bilmirəm...
Axtarıram,
Adımı axtarıram.
Bilirəm əgər eşitsəm adımı
Dünyanın harasında olsam
Cəhənnəmin dibində belə
Tapıb gələcəm...
Diz çökürəm qarşında
Və yorğun başımı
Sənin əllərinə tapışırıram.
Mən öləndə…
Sevgili!
Günəşi tərk edəcəm
mən öləndə
Hündür kədərli canlıya dönəcəm
Qucağına alıb basacaqsanmı bağrına?
Saracaqsanmı qollarını kəmərimə?
Dəyişəcəksənmi qəddar taleyin sonunu?
Səni düşünürəm gahdan
Sənə yazıram gahdan
Sevgiylə, gülümsəməylə dolu boş məktubları
Gizlədirəm odların içində.
Odlar daha da alovlanır,
Sevgili!
Alovlara gözümü dikdikcə
Fağırlaşıram.
Sevgidən susuz olan ürəyimin sonunun
necə olacağından gərək qorxummu?
Amma sənin mərhəmətin yox ki
bu bumbuz,
qaranlıq dünyada
Tək tənha ölürəm!
Azərbaycan və Türkiyə arasında kitabxana və nəşriyyat işi sahələrində əməkdaşlıq və təcrübə mübadiləsi həyata keçirilir
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Türkiyə Respublikasının Mədəniyyət və Turizm Nazirliyi arasında kitabxana və nəşriyyat işi sahələrində geniş şəkildə əməkdaşlıq və təcrübə mübadiləsinin həyata keçirilməsinə başlanılıb.
“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən məlumat verir ki, Türkiyə Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəvəti ilə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin və Azərbaycan Milli Kitabxanasının əməkdaşlarından ibarət nümayəndə heyəti İstanbul şəhərində təşkil olunan İstanbul Beynəlxalq Naşirlər Həftəsi və kitabxana işi üzrə təlimlərə qatılıb.
Nümayəndə heyəti 2022-ci ilin 6 mart tarixində təşkil olunan Türkiyə Respublikası Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində olan xalq kitabxanalarının fəaliyyətinə dair təlimlərdə iştirak etmişdi. Xalq kitabxanalarında tətbiq olunan təsnifləşdirmə və indeksləşdirmə sistemləri ilə tanış olunmuş, UOT (Universal Onluq Təsnifatı), KBT (Kitabxana Biblioqrafiya Təsnifatı) mövzularında fikir mübadiləsi aparılmış, iki ölkə arasında kitabxana işi üzrə sistemlərin eyniləşdirilməsi perspektivləri müzakirə edilmişdir.
Nümayəndə heyəti 7 mart 2022-ci ildə təşkil olunan Naşirlərin Fikir Maratonu (Ideathon) və Beynəlxalq Ədəbi Tərcümə Proqramının açılış mərasimlərində iştirak etmiş və keçirilən tədbirlərin formatı və iş prinsipi ilə tanış olmuşdur.
İstanbul Beynəlxalq Naşirlər Həftəsində kitabxana və nəşriyyat işi üzrə 72 ölkədən 332, Türkiyə Respublikasından isə 223 iştirakçı təmsil olunur.
9 mart 2022-ci il tarixində Granda Cavahir Oteldə Naşirlərin Fikir Maratonunun (Ideathon) qaliblərinin mükafatlandırma mərasimi keçiriblər.
Kitabxana və nəşriyyat işi üzrə təlimlər və tərcrübə mübadiləsi mart ayının 13-dək davam edəcək.
Nümayəndə heyətinin tərkibinə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyin Kitab sənayesi şöbəsinin Nəşriyyatlarla iş sektorunun müdiri Xəyal Məmmədov, həmin şöbənin baş məsləhətçisi İslam Hüseynov və Azərbaycan Milli Kitabxanasının əməkdaşı Nazim Azakov daxildir.