Milli Teatr Günündə Füzuli Dövlət Dram Teatrında Səbinə Haqverdiyevanın "Nar şirəsi" pyesi əsasında bir pərdəli psixoloji dram janrında hazırlanmış eyniadlı tamaşanın premyerası olub.
“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyi yanında İctimai Şuranın mətbuat katibi Aysel Kərimə istinadən xəbər verir ki, premyerada əsəri rus dilindən tərcümə edən xalq artisti Vidadi Həsənov, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında İctimai Şuranın sədri Gəray Əlibəyov, Kürdəmir Regional Mədəniyyət İdarəsinin rəisi Faiq Xudanlı, “Human” teatrının direktoru Şamil Heydərov, Füzuli Rayon İcra Hakimiyyətinin nümayəndəsi Qabil Əliyev iştirak edib. Həmçinin rayon ictimaiyyəti, məktəblilər premyerada olublar.
Tamaşadan əvvəl teatr sexləri (musiqi, geyim, dekorasiya) ilə tanış olunub, tamaşa üçün hazırlanan eskiz, paltar, butaforlara baxış keçirilib. Teatrın unudulmaz sənətkarlarına, rəğbət qazanmış
tamaşalarına həsr olunan Foto stendə baxılıb.
Tamaşanın quruluşçu rejissoru Nicat Mirzəzadə, quruluşçu rəssamı Ellinaz Balaşova, musiqi tərtibatçısı Sənan Sevindikzadədir. Tamaşada rolları Sehran Xanlarov, Sevinc Məmmədova, İntizar Quliyeva, Emin Abışov, Nicat Süleymanzadə, Orxan Təvəkküllü və başqaları ifa edir. Tamaşada həyatı sevmək, yaşamaq mübarizəsi, cəmiyyətin fiziki qüsurlu insanlara sərgilədiyi mövqe, nəcib insanların təsiri altında belə insanların sağalması ön plana çəkilir.
Sonda premyera iştirakçıları xatirə şəkli çəkdiriblər.