Super User

Super User

 

Brüsseldə nüfuzlu mədəniyyət mərkəzlərindən olan “Flaje” konsert zalında Xocalı soyqırımının 30-cu ildönümünə həsr olunmuş xatirə konserti keçirilib.

AzərTAC xəbər verir ki, Azərbaycanın Belçikadakı səfirliyinin təşkilatçılığı ilə keçirilmiş anım tədbirində Brüsseldə fəaliyyət göstərən səfirliklərin nümayəndələri, Avropa İttifaqı qurumlarında çalışan rəsmilər, ölkənin ictimai-siyasi xadimləri, elm, incəsənət, media və tədqiqat mərkəzləri nümayəndələri, Belçika, Hollandiya və Lüksemburqdan olan Azərbaycanlı icmaların nümayəndələri və soydaşlarımız iştirak edib.

Çıxış edən Azərbaycanın Belçikadakı səfiri Vaqif Sadıqov Xocalı soyqırımı haqqında ətraflı məlumat verərək, bu soyqırımının Azərbaycan xalqının tarixində ən ağır və dəhşətli qara səhifə olduğunu qeyd edib, 44 günlük Vətən müharibəsinin nəticəsində 2020-ci ilin noyabr ayında Azərbaycan xalqının tarixi torpaqlarını geri qaytararaq Zəfər əldə etdiyini bildirib, hazırda orada gedən irimiqyaslı bərpa işlərindən danışıb.

Daha sonra konsert baş tutub, Avropanın müxtəlif ölkələrində yaşayan gənc soydaşlarımız Nərmin Nəcəfli (piano), Ağarəhim Quliyev (fleyta) və Əzizə Salahova (skripka) Azərbaycan və xarici bəstəkarların əsərlərini ifa ediblər.

 

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) 2 nömrəli kitabxana filialında Xocalı soyqırımının otuzuncu ildönümü ilə əlaqədar Əsli Xəlilqızının “Güllələnmiş uşaqlıq” kitabının təqdimatı keçirilib.

Təqdimatdan öncə Xocalı soyqırımı və Vətən müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edənlər tarixi torpaqlarımızda məskunlaşmış ermənilərin dövlətimizə qarşı daim ərazi iddiasında olmaları, faşist xislətlərindən irəli gələrək məkrli və təcavüzkar siyasət yürütmələri, əlverişli strateji və coğrafi mövqedə olan Xocalıda və digər yaşayış məntəqələrimizdə xüsusi amansızlıqla çoxlu sayda dinc sakinləri qətlə yetirmələri barədə məlumat veriblər.

Kitab haqqında məlumat verən Əsli Xəlilqızı iştirakçılara və tədbirin təşkilatçılarına minnətdarlığını bildirib.

 

Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimov Polşa Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Rafal Poborski ilə görüşüb.

“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən məlumat verir ki, səfiri  salamlayan nazir Anar Kərimov iki ölkə arasında tarixən mövcud olan dərin dostluq və əməkdaşlıq əlaqələrindən söhbət açıb. Ölkələr arasında mədəni əməkdaşlığın daha da genişləndirilməsi üçün əlverişli imkanların olduğunu vurğulayıb.

Nazir ölkəmizin irəli sürdüyü "Mədəniyyət naminə sülh" (Peace4Culture) qlobal kampaniyasından söz açıb və Polşanı da bu qlobal çağırışa qoşulmağa dəvət edib. Bildirib ki, bu kampaniya mədəni irsin qorunması, dinc və dayanıqlı sülhsevər cəmiyyətlərin qurulması, eləcə də sülhün əldə olunmasında mədəniyyətin rolu ilə yanaşı, mədəniyyətin inkişafında sülhün rolunun öyrənilməsi məqsədi daşıyır.  

Qəbula görə nazirə təşəkkürünü bildirən səfir Rafal Poborski iki ölkə arasında mədəniyyət sahəsində əlaqələrin sıx olduğunu və hərtərəfli münasibətlərin dərinləşməsinə töhfə verəcəyini bildirib.

Görüşdə Azərbaycan Respublikası ilə Polşa Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi ilə əlaqədar ölkələrimiz arasında səmimi dostluq münasibətlərindən məmnunluq ifadə edilib.

 

Baş ofisi Rusiyada fəaliyyət göstərən Beynəlmiləl Yazıçılar İttifaqının fəxri prezidenti, tanınmış ABŞ yazıçısı Mark Suenvik öz postundan istefa verib.

“Ədəbiyyat və incəsənət” portalı  Beynəlmiləl Yazıçılar İttifaqının saytına istinadən xəbər verir ki, Suenvik təşkilatın icraçı direktoru Aleksandr Qritsenkonun ünvanına belə bir məktub göndərib:

“Ser, Mən Beynəlmiləl Yazıçılar İttifaqının  fəxri prezidenti vəzifəsindən istefa verdiyimə görə çox təəssüflənirəm. Bu ərizənin dərhal qüvvəyə minməsini xahiş edirəm. Rusiyanın Ukraynaya müdaxiləsini nəzərə alaraq, mən Vladimir Putinə, onun hökumətinə və onların ekspansionist ambisiyalarına dolayısı ilə də dəstək verə bilmərəm.

 Mən Beynəlmiləl Yazıçılar İttifaqının mənə göstərdiyi şərəfə görə minnətdaram və hələ də dürüst ədəbi yaradıcılığın və onun daha yaxşı bir dünya yaratmaq potensialının vacibliyinə inanıram. Əgər mən bu məqsədlərə nail olmaqda kömək edə bilsəm, əlimdən gələni əsirgəməyəcəyəm.

Səmimiyyətlə Maykl Suenvik”

 

Dövlət Tərcümə Mərkəzi ədəbiyyatımızın dünyada təbliği işinə töhfələr verməkdədir. Növbəti əməkdaşlıq 

İordaniya Krallığı ilə baş tutub. Krallığın  Mədəniyyət Nazirliyinin “Əfkar” ədəbiyyat jurnalı Azərbaycan Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq aləmdə” layihəsi çərçivəsində görkəmli nasirlərimiz İsa Muğannanın “Qalın palto”, İsmayıl Şıxlının “Namərd gülləsi”, Fərman Kərimzadənin “Bir ürək yanmalıdır” və Nəriman Əbdülrəhmanlının “Kəpənək” hekayələrini nəşr edib.

Dövlət Tərcümə Mərkəzindən bildirilib ki, tanınmış İordaniya yazıçısı Samih əl-Məhariqin Azərbaycan ədəbiyyatı haqqında “Azərbaycan ədəbiyyatı ilə tanışlıq” məqaləsi ilə təqdim edilən hekayələrin ərəb dilinə tərcümə müəllifi tanınmış Misir tərcüməçisi Əhməd Sami Elaydidir.

Qeyd edək ki, 1966-cı ildən nəşr olunan jurnal mütəmadi olaraq səhifələrində dünya ədəbiyyatının ünlü nümayəndələrini dərc edir.

 

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin “Ədibin Evi” Ədəbiyyata Dəstək Fondu ilə birgə “Söz yaddaşındakı Xocalı” adlı xatirə axşamında bu il 30 illiyi qeyd edilən qətliam anılıb. 

“Ədəbiyyat və incəsənət” portalına “Söz” ədəbi layihəsinin rəhbəri, tanınmış şairə Nigar Həsənzadənin verdiyi məlumata görə, Nigar Həsənzadə tərəfindən təqdim edilən xatirə axşamında II Qarabağ müharibəsi veteranları, işğal edilmiş Azərbaycan torpaqlarının azad edilməsində medallarla təltif edilən gənc istedadlı şairlər Cavid Əli, Nicat Ağayev, Həsən Kür və Kərəm Aydın Xocalıya həsr etdikləri şeirlərini ifa ediblər.

Xatirə axşamında həmçinin Xocalı faciəsinin şahidləri Əsəd Fərəcov, Valeh Hüseynov və Dürdanə Ağayevanın qətliam gecəsi yaşadıqları, daha sonra əsir düşərək erməni vəhşiliyinin qurbanlarına çevrildikləri, günahsız mülki əhaliyə qarşı işğalçının insanlığa sığmayan qəddarlığı barədə çətin və ağrılı xatirələri dinlənilib.

Xatirə axşamı iştirakçılarına video müraciətlərini beynəlxalq təhlilçilər - ABŞ-ın Delaver Universitetinin Qlobal Araşdırmalar Mərkəzinin eksperti Aleksandr Selimov, İsraildən Xocalı faciəsinə həsr olunmuş “Ağrı” romanının müəllifi, siyasi təhlilçi Arye Qut, Fransadan “Xocalı 613” simfonik poemasının müəllifi Pier Tiloy göndərərək dünya ictimaiyyətini “Xocalıya Ədalət” kampaniyasına qoşulmağa, bu qətliamı tanımağa çağırmışlar. Axşamın bədii hissəsində Böyük Britaniyadan Avropa Mədəniyyəti Parlamentinin üzvü, skripka ifaçısı Səbinə Rakçeyeva və Respublika İncəsənət Gimnaziyasının muğam triosu Xocalı faciəsinin qurbanlarına musiqili ithafla çıxış ediblər. Əməkdar artist Gülzar Qurbanova isə Rəsul Rzanın “Mən, istəyirəm” şeirini ifa etməklə Azərbaycan xalqının ağrılı tarixinə baxmayaraq sülhpərvər və humanist dəyərlər üzərində kökləndiyini xatırladıb.

Axşamın sonunda “Ədibin Evi” Ədəbiyyata Dəstək Fondunun təsisçisi Ədibə Paşayeva II Qarabağ müharibəsi veteranlarına “Ədibin Evi” və “İçərişəhər” adından xatirə hədiyyələri təqdim edib.

“Söz yaddaşındakı Xocalı” adlı xatirə axşamında Müdafiə Nazirliyi, Mədəniyyət Nazirliyi, Təhsil Nazirliyi, YAŞAT Fondu və digər təşkilatlardan nümayəndələr iştirak ediblər.

Tədbirin informasiya dəstəyini Azərbaycan Televiziyasının “Mədəniyyət” telekanalı həyata keçirib.

Günün fotosu:

NATO-nun baş katibi Avropada sülhə son qoyan Rusiyanı ittiham edib

 

NATO-nun baş katibi Yens Stoltenberq Brüsseldə, NATO-nun mənzil-qərargahında jurnalistlər qarşısında çıxış edərək Avropada sülhə son qoyan Rusiyanı ittiham edib, onun Ukraynaya hücumunu kəskin pisləyib.

 

Beynəlxalq Muğam Mərkəzində “Cadenza” orkestri Xocalı soyqırımının 30-cu ildönümünə həsr olunmuş konsert proqramı təqdim edib.

Muğam Mərkəzindən  bildirilib ki, “Koordinat 39°54'47" şm.e. 46°47'25" ş.u.; qar üzərindəki ayaq izləri ilə” adlı ədəbi-musiqili gecədə Aqşin Əlizadənin “Muğam”, Qara Qarayevin 14 və 24 nömrəli prelüdləri, Ayaz Qəmbərlinin “Hüzn”, Tahir İbişovun “Epitafiya”, Rəhilə Həsənovanın “Ulduzların laylası” və Üzeyir Hacıbəylinin “Cəngi” əsərləri səslənib.

Konsertdən əvvəl musiqişünas Şəfaqət Məmmədova çıxış edərək layihənin konsepsiyası ilə bağlı fikirlərini bölüşüb. Bildirib ki, əsərlərin seçimi Xocalı faciəsi baş verən o məşum gecənin musiqi ilə sanki portretini çəkir. A.Əlizadənin "Kənd süitası"ından “Muğam”la başlayan proqram hələ heç nədən xəbəri olmayan Xocalı sakinlərinin faciəyə addım-addım yaxınlaşmalarını, bu əsərin ardınca, səslənən əsərlər isə bütünlüklə Xocalı qətliamının musiqi ilə rənglərini nümayiş etdirir. Sonda səslənən "Cəngi" isə qələbə rəmzidir...

Konsert proqramı boyunca monitorda Xocalı faciəsindən lentə alınan kadrlar nümayiş olunub.

Ədəbi-musiqili gecənin konsertmeysteri Samir Əsədov, qiraətçi Cavid Baba, videoart müəllifi Elnur Mehdiyevdir.

Qeyd edək ki, səslənən əsərlərdən A.Əlizadənin “Muğam” əsəri bəstəkarın “Kənd süitası”ndan Mustafa Mehmandarov tərəfindən işlənib. Ü.Hacıbəylinin “Cəngi” əsərini isə orkestr üçün Ayaz Qəmbərli hazırlayıb. Q.Qarayevin 14 və 24 nömrəli prelüdlərini Səid Qəni işləyib.

Xatırladaq ki, 2016-cı ildən fəaliyyət göstərən “Cadenza” orkestri Azərbaycanda müasir musiqi ifaçılığı və ənənəsini yaşatmağı, çağdaş musiqi ənənələrini davam etdirməklə yanaşı, musiqi maarifçiliyini həyata keçirməyi, müxtəlif auditoriyalar üçün konsertlər təşkil etməyi qarşısına məqsəd qoyub. Orkestrin bədii rəhbəri bəstəkar Türkər Qasımzadədir.

 

Qazaxıstanın Almatıdakı Kasteyev adına Milli İncəsənət Muzeyində TÜRKSOY-un təşkilatçılığı ilə Oljas Süleymenovun əsərlərindən ibarət albomun təqdimatı keçirilib.

AzərTAC xəbər verir ki, TÜRKSOY-un nəşr etdirdiyi “Oljas Süleymanovu oxuyuruq” adlı kitabda türk dünyasının rəssamlarının qələmə aldığı fotolar, sənət əsərləri yer alıb.

Oljas Süleymenovun da qatıldığı tədbirdə TÜRKSOY-un baş katibi Düsen Kaseinov, ölkəmizin Qazaxıstandakı səfirliyinin müşaviri, Almatıdakı nümayəndəsi Anar Hüseynzadə, Türkiyənin Almatıdakı baş konsulu Ali Rza Akıncı iştirak ediblər.

 

Azərbaycan Rəssamlıq Akademiyasının Muzey-Sərgi Kompleksində tanınmış rəssam, akademiyanın müəllimi Adalet Karanın Xocalı soyqırımının 30 illiyinə həsr olunmuş “Xəyallarımın arxasında” adlı fərdi sərgisi açılıb.

Sərgidə rəssamın 70 əsəri nümayiş olunub.

Sərginin məqsədi Xocalı soyqırımı həqiqətlərinin ictimaiyyətə çatdırılmasına, faciənin qurbanlarının xatirələrinin yad edilməsinə, onların gənc nəsil tərəfindən unudulmamasına yönəlib.

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.