Dövlət Tərcümə Mərkəzi ədəbiyyatımızın dünyada təbliği işinə töhfələr verməkdədir. Növbəti əməkdaşlıq
İordaniya Krallığı ilə baş tutub. Krallığın Mədəniyyət Nazirliyinin “Əfkar” ədəbiyyat jurnalı Azərbaycan Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq aləmdə” layihəsi çərçivəsində görkəmli nasirlərimiz İsa Muğannanın “Qalın palto”, İsmayıl Şıxlının “Namərd gülləsi”, Fərman Kərimzadənin “Bir ürək yanmalıdır” və Nəriman Əbdülrəhmanlının “Kəpənək” hekayələrini nəşr edib.
Dövlət Tərcümə Mərkəzindən bildirilib ki, tanınmış İordaniya yazıçısı Samih əl-Məhariqin Azərbaycan ədəbiyyatı haqqında “Azərbaycan ədəbiyyatı ilə tanışlıq” məqaləsi ilə təqdim edilən hekayələrin ərəb dilinə tərcümə müəllifi tanınmış Misir tərcüməçisi Əhməd Sami Elaydidir.
Qeyd edək ki, 1966-cı ildən nəşr olunan jurnal mütəmadi olaraq səhifələrində dünya ədəbiyyatının ünlü nümayəndələrini dərc edir.