“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin “Ədibin Evi” Ədəbiyyata Dəstək Fondu ilə birgə “Söz yaddaşındakı Xocalı” adlı xatirə axşamında bu il 30 illiyi qeyd edilən qətliam anılıb.
“Ədəbiyyat və incəsənət” portalına “Söz” ədəbi layihəsinin rəhbəri, tanınmış şairə Nigar Həsənzadənin verdiyi məlumata görə, Nigar Həsənzadə tərəfindən təqdim edilən xatirə axşamında II Qarabağ müharibəsi veteranları, işğal edilmiş Azərbaycan torpaqlarının azad edilməsində medallarla təltif edilən gənc istedadlı şairlər Cavid Əli, Nicat Ağayev, Həsən Kür və Kərəm Aydın Xocalıya həsr etdikləri şeirlərini ifa ediblər.
Xatirə axşamında həmçinin Xocalı faciəsinin şahidləri Əsəd Fərəcov, Valeh Hüseynov və Dürdanə Ağayevanın qətliam gecəsi yaşadıqları, daha sonra əsir düşərək erməni vəhşiliyinin qurbanlarına çevrildikləri, günahsız mülki əhaliyə qarşı işğalçının insanlığa sığmayan qəddarlığı barədə çətin və ağrılı xatirələri dinlənilib.
Xatirə axşamı iştirakçılarına video müraciətlərini beynəlxalq təhlilçilər - ABŞ-ın Delaver Universitetinin Qlobal Araşdırmalar Mərkəzinin eksperti Aleksandr Selimov, İsraildən Xocalı faciəsinə həsr olunmuş “Ağrı” romanının müəllifi, siyasi təhlilçi Arye Qut, Fransadan “Xocalı 613” simfonik poemasının müəllifi Pier Tiloy göndərərək dünya ictimaiyyətini “Xocalıya Ədalət” kampaniyasına qoşulmağa, bu qətliamı tanımağa çağırmışlar. Axşamın bədii hissəsində Böyük Britaniyadan Avropa Mədəniyyəti Parlamentinin üzvü, skripka ifaçısı Səbinə Rakçeyeva və Respublika İncəsənət Gimnaziyasının muğam triosu Xocalı faciəsinin qurbanlarına musiqili ithafla çıxış ediblər. Əməkdar artist Gülzar Qurbanova isə Rəsul Rzanın “Mən, istəyirəm” şeirini ifa etməklə Azərbaycan xalqının ağrılı tarixinə baxmayaraq sülhpərvər və humanist dəyərlər üzərində kökləndiyini xatırladıb.
Axşamın sonunda “Ədibin Evi” Ədəbiyyata Dəstək Fondunun təsisçisi Ədibə Paşayeva II Qarabağ müharibəsi veteranlarına “Ədibin Evi” və “İçərişəhər” adından xatirə hədiyyələri təqdim edib.
“Söz yaddaşındakı Xocalı” adlı xatirə axşamında Müdafiə Nazirliyi, Mədəniyyət Nazirliyi, Təhsil Nazirliyi, YAŞAT Fondu və digər təşkilatlardan nümayəndələr iştirak ediblər.
Tədbirin informasiya dəstəyini Azərbaycan Televiziyasının “Mədəniyyət” telekanalı həyata keçirib.