“Azərbaycanım” adlı 5-ci Respublika Uşaq Rəsm Festivalına start verilib

 

Yeniyetmə və gənclərin yaradıcılığını stimullaşdırmaq, əhatə olunduqları mədəni mühitə yanaşma tərzinin təkmilləşdirmək, onların bədii zövqünü inkişaf etdirmək, Azərbaycan əsgərinin qəhrəmanlığını, işğaldan azad olunmuş ərazilərimizin mədəni irsinin daha geniş təbliği məqsədilə “Azərbaycanım”  adlı 5-ci Respublika Uşaq Rəsm Festivalına start verilib. Festival çərçivəsində müsabiqə elan olunub.

Bu festival Mədəniyyət, Təhsil nazirlikləri, “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti, Xətai Rayon İcra Hakimiyyəti, Azərbaycan Rəssamlar İttifaqı, Naxçıvan Rəssamlar Birliyinin dəstəyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə təşkil olunub.

Yaşı 21-ə qədər olan istedadlı şəxslər mayın 2-dək Xətai Sənət Mərkəzinin feysbuk qrupunda təqdim etdiyi əsərin fotosu, əsərin adı, müəllifin adı, soyadı, təvəllüdü, təhsil aldığı məktəbi və əlaqə nömrəsini yerləşdirməklə müsabiqəyə qatıla bilər.

Müsabiqənin şərtlərinə görə, ən çox uşaqların öz duyğu və düşüncələri ilə işlənmiş əsərlər seçiləcək. Seçim zamanı müəllifin yaşı nəzərə alınmaqla düzgün kompozisiya, rəng seçimi və ideya əsas götürüləcək. Seçim zamanı kənar (müəllim, valideyn) müdaxiləsiz işlərə üstünlük veriləcək.

Əlavə məlumat almaq üçün 051-310-74-01 vatçap nömrəsinə yazaraq cavab almaq olar.

Sərgi Xətai Sənət Mərkəzində keçiriləcək. Əsəri sərgidə nümayiş olunan müəlliflər sertifikatla və fəal tədris mərkəzləri (dərnək, incəsənət məktəbi və s.) təşəkkürnamə ilə təltif olunacaqlar. Hər yaş qrupu üzrə ən yaxşı 10 əsərin müəllifi festivala dəvət olunacaq. Festival iştirakçıları diplom və hədiyyələrlə mükafatlandırılacaq.

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.