Ax, o qədər yorulmuşam ki... Özü də lap çox. Yorulmaq nədir ki... Ondan da betər olmuşam. Usanmışam, bezmişəm, lap cana gəlmişəm.
Köks ötürürəm.
İlahi, gör nə qədər havalanmışam ki, kompüter qarşımda dura-dura yazıq qələm-kağızı danlayıram. Axı çoxdandır kompüterlə yazdığımı da unutmuşam. Bunu bildiyim halda nədən qələm-kağızı günahlandırdım ki... Xeyr, onların zərrə qədər də günahı yoxdur. Günahkar, bəli, günahkar məhz kompüterdir. Ax səni, kompüter, insan icadı olmağına baxmayaraq, deyəsən yavaş-yavaş insanı da üstələməkdəsən. Üstələ, üstələ görək, axırda nə edəcəksən. Ya sonumuza çıxacaqsan, ya da sən də biz insanlar kimi, özün-özündən yorulacaqsan və günlərin birində sənin kimilərini yaratdıqları üçün biz insanları danlayacaqsan, necə ki, biz də bəxtimizdən şikayət edib, bizi yaradanı, yəni Allahı müqəssir bilirik.
Ax, qarışdırdım, hər şeyi bir-birinə o qədər dolaşdırdım ki, lap həftəbecər elədim. İndi mən yazmaq istəyərkən kompüterin nə günahı var ki... Ey qələm-kağız və ey kompüter, hər birinizdən dönə-dönə üzr istəyirəm. Günahkar, bəli, əsl günahkar elə mən özüməm. Bəli, mən günahkaram, özü də xalisindən. 1.4 kq-lıq beynimi o qədər yükləmişəm ki, milyon, bəlkə də milyard kompüter ola, bu yükü üzərinə götürə bilməz, error verərək fəaliyyətini dayandıra bilər. Ah, nə isə, yaman çox zəvzəklədim. Axı mən yazmalıyam. Gecənin bir aləmi (kompüterimdə saat 00:25 göstərir) yuxuma haram qatmağımın səbəbi yazmaq deyilmi... Elə isə yazmağı bir kənara qoyub nədən başqa şeylər haqqında düşünürəm... Nə isə, başladım yazmağa. Ya Allah.
Ya Allah demişkən, bir şey yadıma düşdü. Ah, yenə fikrimi dağıdacağam deyəsən. Hə, harda qalmışdım?... Ya Allah demişkən, görəsən ateistlər yazarkən və ya hər hansı bir işə başlayarkən “Ya Allah”ın yerinə hansı ifadəni işlədirlər? Yəqin ki, “başladıq” deyərək başlayırlar işə. Amma... Amma nə? Yenə ağlıma bir şey gəldi. (Ax mən bu cızmaqaramı nə zaman yazacağam görəsən...) İllər qabaq bir ateistlə avtomobilə əyləşərkən onun “Ya Allah” deyərək sükana əyləşdiyinin özüm şahidiyəm axı. O zaman nə qədər təəccüblənmişdimsə hal-hazırda da onun təsirindən çıxa bilmirəm. Bu necə ola bilər və ya, bu qədər ziddiyyət ola bilərmi? Bu dünyada hər hansı bir ateistdən “Ya Allah” sözünü eşitmək qədər qəribə nəsə ola bilərmi? Zənn etmirəm. Ax nə isə, digərlərinin nə düşünüb-düşünmədiyi nəyimə gərək. Mən öz yazımı yazmağa çalışmalıyam. Vaxt gedir, vədə gedir. Hələ istədiklərimə tam olaraq nail ola bilməmişəm. Hər saniyəmin qızıl dəyərində olduğunu bildiyim halda mümkünsüzləri mümkün etmək haqqında düşünməyimin mənə nə faydası. Onsuz, dünya yaranan gündən yaxşı ya pis, öz axarıyla getmirmi... Kim onu dəyişməyi bacarıb ki, mən də onu dəyişə biləm... Əlbəttə, bu mənim başım üçün deyil. Onda nədən vaxtımın itirilməsinə yol verirəm. Ya Allah başladım.
Toparlanıb yazmağa başlayarkən... Ax bu Nazim. Zəng etməyə vaxt tapdın da.
-Alo!
...
-Hə bildim, necəsən?
...
-Hal-hazırda yazmaqla məşğulam.
...
-Yox, bu nə sözdü, xoşdu qardaş.
...
-Hə, saat 5 üçün olacam “Aygün city” nin qarşısında.
...
-Görüşərik, hələlik.
...
On dəqiqədir oturmuşam kompüterin qarşısında. Allahın bir cümləsini, nəinki cümləsini, hətta bir sözünü də yaza bilməmişəm. Fikrim elə dağda, aranda. Üstəlik də bu zəng. Heç hənanın yeri idi. Mərdimazara lənət. Əstafurullah. Öz yaxın dostuma gör nə deyirəm də. Şeytana lənət. Hə lənət olsun şeytana. Odur mənim düşüncələrimi dolaşıq salaraq yazmağa qoymayan.
Azacıq sükutdan sonra davam edirəm:
Şeytan demişkən. Görəsən, o, hal-hazırda məni görürmü? Hərəkətlərimi izləyə bilirmi? Bəlkə də görməyinə görür. Yaxşı, bəs, düşüncələrimi oxuya bilirmi? Ax, deyəsən dəli oluram. Əşi şeytanın məni görüb-görməməyi nəyimə lazım. Adama deyərlər ki, a bala, otur yazını yaz da, sənin şeytanla nə işin. Yoxsa şeytanla alış- verişin var?
Beynimi vurub dağıtmaq istəyirəm, olmayan beynimi. Amma yazmaq üçün beyin lazımdır axı. Axı yazmaq mənim ən böyük ehtirasımdır. Offf... Yenə qatıb-qarışdırdım. Gah beynimi dağıtmaq istəyirəm, gah da yazmaq. Yox, yox, qoy yazım. Beynimi sonra da dağıda bilərəm. Bir də ki, beynimi dağıtmaqla nə düzələcək ki... Zaman yenə su kimi axacaq, dünya da öz oxu ətrafında həmişəki kimi fırlanacaq. Ara yerdə özümü məhv edəcəyəm. Onsuz da məhv olmuş kimiyəm. Amma indi bu müzakirələrin yeri deyil. Şeytana lənət. Yazmağa davam.
Bir qədər sükutdan sonra “Word” də ilk söz olaraq “Qaranlıqdayam” yazıram.
Qaranlıq demişkən... Bir az qaranlıqdan qorxuram axı, bəlkə də bir az yox, normadan daha çox. Bəzən qışqıraraq yuxudanqan tər içində oyanır və bəzən də yuxuyla-oyanıqlıq arasında iflic vəziyyətində qalıram. Hətta bir dəfə qapqara geyinmiş çarşablı qadın gecədən səhərə kimi qapının yanında dayanaraq düz gözlərimin içinə baxırdı. Qorxudan hərəkət etmək bir yana, heç səsimi də çıxara bilmədim ki, evdəkilər eşidərək məni bu gorbagordan xilas etsinlər. Çünki, işıqlar yandırılsa çox güman ki, bu zibildən qurtula bilərdim. Bu qarabasmalar məndən nə istəyir axı... Araşdırmalara görə, qarabasmalardan daha çox stress keçirən insanlar əziyyət çəkir. O ki qaldı, mənim kimi biri ola.
Bir neçə saniyə keçir.
Eşitdiyimə görə cinlər gecələr daha fəal olurlar, xüsusən də saat 2-4 arası. Gecələr yatarkən ayaqlarımı yorğandan çölə çıxara bilmirəm, daha çox da evdə tək olduğum zamanlar. Hətta, bəzən bütün otaqların işığını yandırıb yatmağa çalışsam da qara fikirləri beynimdən çıxara bilmirəm. Elə bilirəm, cin və ya kabus, xülasə siz nə düşünürsünüz düşünün, hər hansı bir bədheybət şey bu dəqiqə ayaqlarımdan tutub məni evboyu sürüyəcək-sürüyəcək, axırda da götürüb doqquzuncu mərtəbədən yerə vıyıldadacaq. Hər şey bununla bitsə mənim üçün daha da rahat olardı. Çünki, daha dəhşətli şeylərə beynim ssenarilər qurur. Özü də daha betərindən. Cin və ya kabus və bəlkə də hər hansı bir bədniyyətli ruh məni saçımdan sürükləyərək dəhlizə... yox, hamama gətirib ayağa qaldıraraq başımı güzgüyə çırpır. Güzgünün sınması cəhənnəm, üzüm-gözüm qana bulaşır və azacıq sonra o, başımı vannanın içinə salmağa başlayır. Vanna ağzına kimi qan içində. Boğsaydı öldürüb canımı qurtarardı və mənə yaxşılıq etmiş olardı. Amma nə boğmaq. O hələ bu mənzərəni daha da dramatikləşdirərək zövq almaq niyyətindədir. Sonra məni hamamdan çıxarıb... (burası lap dəhşətlidir) tualetə apararaq başımı unitaza soxmaqdadır. Ardınca başımı dəfələrlə divara çırpmaqdadır. Divarlara sıçramış qan qorxu filmlərindəki əcaib səhnələri xatırladır. Sanki, divarlarda qanla “ölüm” yazılmaqdadır.
Səsi qonşular eşidə bilərdi, amma tərslikdən ən yaxın qonşular bir neçə gün öncə evdən getmişdilər. Sanki, olacaqlardan xəbərdar imişcəsinə. Bəs niyə mənə deməmişdilər? Ax sizi, xainlər.
Düşünmək qabiliyyətimin tamamilə itməməsi səbəbindən bir anlıq haqsız yerə qonşuların günahını yumağımdan utandım. Axı onlar olacaqları haradan biləydilər və ya bilib nə edə biləcəkdilər ki... Kim bu ifritlə mübarizə aparmağa özündə güc tapa bilərdi... Əlbəttə, heç kim.
Nə isə, harada qalmışdım? Bəlkə heç ardını davam etməyim və bəlkə davam edim? İki od arasında qalmışam vallah. Axı mən yazı yazmalıyam. Bu nə qaranlıq düşüncələrdir, yenidən yaxaladı məni. Yox, heç nəyə baxmayaraq davam edəcəyəm. Hə, burda qalmışdım axı. Başımı bir neçə dəfə divara çırpdıqdan sonra məni sürüyərək mətbəxə aparıb, başımı yanmaqda olan qazın üzərinə yaxınlaşdırdı. Dərim əriyərək ətrafa süzülməkdə idi. Amma son nəfəsimi verməyənə kimi bu əzabları yaşamalı, baş verənləri müşahidə etməli idim. Çünki, Əzrayıl adlandırdığımız ölüm mələyi hələ gəlib çıxmamışdı. Deyəsən, onun da bu mənzərəyə tamaşa etməkdən xoşu gəlirdi. Özü də adını mələk qoyub. Həm də onu niyə qınayım ki, zatən adı üstündə “ölüm mələyi” deyilmi? Bu mənzərəyə şahid olan bir Əzrayıl olacaqdı. Yox, unutdum, əstafurullah, bir də ki, Allah. Ax Allah, bu bəlanı sən mənə necə qıydın? Offffff deyəsən dindən-imandan çıxıram. Yavaş-yavaş mürtədə çevrilirəm. Allah, bağışla məni! Bağışla məni, Allah! Məni bağışla ki, mən də səni bağışlayım. Çəkdiyim bu əzabları taleyimə sən yazmamısanmı? Cinləri, şeytanları, ruhları, kabusları sən yaratmamısanmı? Yaratdıqlarından daha çox səndən inciyirəm Allah. Offff, gör mən nələr danışıram, nələr düşünürəm, Allah. Xətasız qul olmaz. Allah, bağışla məni! Bağışla məni, Allah! İllər öncə yazdığım bir şeirdən bu misralar indi necə də yerinə düşür:
Nədir bu qaranlıq? nədir bu zülmət?
Varmı bu dəhşətin sonu, ilahi?
Canı sən vermisən, sənə əmanət,
Qoru qaranlıqdan onu, ilahi!
Ax, qaranlığı yazmaqdaykən haradan gəldi beynimə bu yarı sərsəm, yarı həqiqətin özü olan fikirlər? Bəlkə heç bu haqda yazmayım? Başqa maraqlı bir mövzu daha gözəl olmazmı? Yox. Elə əsas qorxduğum şeylərdən yazmaq arzusunda deyildimmi? Bu yaxşı mövzu ola bilər. Elə isə mövzunu əsla dəyişməyim.
Kompüterin enerjisi də bitmək üzrədir. 3 faiz qalıb. Görəsən enerji yükləyicisini hara qoymuşam? Ax, bayaqdan hər şeyi fikirləşirəm, xəyallarımla kainatı fəth edirəm, amma gözümün qarşısındakı enerji yükləyicisini görməyəcək qədər kor olduğumundan xəbərsizəm.
Yükləyici sayğaca qoşulduqdan bir az sonra “facebook”a ismarıc gəlir:
“Qardaş hələ yatmamısan? Saat dördə işləyir”
Bir buna deyən lazımdır ki, a zalım balası, bəs özün neyçün yatmamısan? Deyən lazımdır deyəndə ki, niyə də özüm yazmayım ki...
O, da eyni sualla ismarıc yazaraq göndərir. Unutmayaq ki, o yazanda da, yazmayanda da həmişə facebook səhifəsi “online” olur.
Nə isə yenə də mərdimazara...
Bir az da düşüncələrə dalıram.
Dörd saatdan çoxdur ki, sadəcə bir söz yazmışam: “Qaranlıqdayam”. Belə getsə deyəsən heç nə yaza bilməyəcəyəm. Səhər açılmamış soruşacaqlar ki, nə oldu, bir şey yaza bildin? “Hə” desəm, onsuz da oxumayacaqlar. “Yox” desəm, soruşacaqlar ki, bəs niyə gecədən səhərə kimi dəli kimi otururdun? “Heç olmasa başqa bir iş görəydin”- deyəcəklər. Daha nə bilsinlər, yazmağın necə mürəkkəb bir proses olduğunu. Bir cümləni yazmaq üçün bir gecənin nə qədər qısa və bəlkə də, məsələn, bir romanı yazmağın bir ömrü yaşamaqdan daha çətin olduğunu hardan bilsinlər. Onsuz da bilməyəcəklər. Bilməyəcəkləri, anlamayacaqları bir şeyi sübut etməyə çalışmağın nə faydası. Bohemada¹ yaşamağı o qədər arzulamışam ki... Şairlərin, rəssamların, ümumiyyətlə, sənət adamlarının məskunlaşdığı bir məkanda yaşamaq istəyi. Onlar da səni anlamasa, o zaman kimlər anlayacaq ki... Bəlkə də ətrafımda məni anlayacaq biriləri vardır, amma o birilərini kəşf etmək üçün olsun ki, bir ömür kifayət etməyə bilər. Bu səbəbdəndir ki, Bohema arzularım arzu olaraq qalmaqdadır. Çox təəssüf...
Amma saatlar gəlib keçməkdədir. Qarışıq düşüncələrin əlindən “Qaranlıqdayam” sözündən başqa heç nə yazılmamaqdadır. Amma nəzərə alsaq ki, bir tək “qaranlıqdayam” sözünün özü belə böyük bir məna kəsb edir, o zaman “heç nə yaza bilməmişəm” sözünün özü belə haqsızlıq sayılmazmı?
Doğru olmağına doğrudur. Amma söhbət hansı qaranlıqdan gedir, onu oxuculara əsaslandırmalı, bir səhifə də olsun nəsə bir şey yazmalıyam. Əks halda, “qaranlıqdayam” sözü nəinki oxuculara, hətta özümə belə həmişə qaranlıq qalacaq. Bu qaranlığı yarmaq üçün kiçik bir hekayə belə yetər. Kiçik şeylərin çox zaman böyük iztirablardan doğduğunun fərqindəsinizmi?
Düşüncələrlə keçən növbəti bir saatımdan sonra bayırdan sübh azanı eşidilir.
Bəli, Allah böyükdür. Bizim dərk edə bilməyəcəyimiz qədər böyük. Elə isə nədən ikinci cümləni “Allah böyükdür” olaraq yazmayım? Bundan gözəl söz varmı... O zaman bu sözü mütləq yazmalıyam. Bax bu da iki cümlə...”Qaranlıqdayam. Allah böyükdür”. Bəs növbəti cümlə necə yazılmalıdır? Ah mən necə də səfehəm. Səfehin ta yekəsiyəm. Bax bu da növbəti, üçüncü cümlə: “Qaranlıqdan Allahın böyüklüyünə sığınıram”.
Və beləcə, “Qaranlıqdan Allaha sığınanlar” adlı altı səhifəlik bir hekayə günəş doğmaqda olarkən tamamlanmış olur.
1.Bohema-Nyu-Yorkda yerləşir