“Mənfi sənsiz dərəcə” deyən gənc şair Aqşin Evrənin şeirləri Türkiyə portalında yayımlanıb

 

Türkiyənin “dibace.net” ədəbiyyat portalı Azərbaycan Dövlət Tərcümə Mərkəzinin “Ən yeni Azərbaycan ədəbiyyatı” layihəsi çərçivəsində gənc şair Aqşin Evrənin türk dilinə tərcümə olunmuş “Yaş köynəyin fotosu”, “Ağrımağın resepti” və “Unutmağın resepti” şeirlərini yayımlayıb.

Hər üç şeirin türk dilinə tərcümə müəllifi Dövlət Tərcümə Mərkəzinin türk dili üzrə mütəxəssisi Kəmalə Ələkbərovadır.

Yeri gəlmişkən, gənc şairin bir neçə şeiri  ölkəmizdə şeirsevərlər arasında çox populyardır. “Unutmağın resepti”ni “Ədəbiyyat və incəsənət” portalı oxucularına təqdim edir:

 

Hərdən onun toxunduğu yerlər qopar bədənindən

hissə-hissə yoxa çıxarsan hərdən

Hərdən “qayıt, ölürəm” kimi oxunar

ona yazdığın bircə “Salam. Necəsən?”

Sıxılarsan...

Bilməzsən hara qoyasan bu nəhəng ayrılığı

Görərsən saçların onun çiyni üçün darıxır

Ayrılıq sevgiyə yox, ölümə daxildi, qızım...

Bunu da öyrənmişdin uşaqlıq paltarından

Gör ayrılığın üstündən neçə payız keçib e,

onun qoxusu hələ də çəkilmir paltarından

Hərdən ovulub gedərsən...

Burnunun ucu göynəyər tanış qoxudan ötrü

Yağış yağar, görərsən ki,

altında bir boş yer qalıb əlindəki çətirin

Hərdən boynunu üşüdər onun aldığı şərf də

barmaqların əllərindən sırsıra tək sallanar.

Boş küçədə öskürər xatirələr astaca

Cədvəllərdə yazılar: “mənfi sənsiz dərəcə”

Hərdən heç nə dəyişməz...

Bir görüş yeri boyda boşluq qalar içində

Hərdən büdrəyərsən... yıxılarsan

xatirələrin yanından keçəndə...

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.