“Yaradıcı Sənayelərdə Çağırışlar və Biznes İmkanları” mövzusunda İctimai Müzakirə keçiriləcək

 

 

Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), AR-nın Mədəniyyət Nazirliyi və AR-nın Əqli Mülkiyyət Agentliyinin dəstəyi ilə Azərbaycan Yaradıcı Sənayelər Federasiyası və KOBİA yanında İctimai Şura tərəfindən bu gün -  23 fevral tarixində “Yaradıcı Sənayelərdə Çağırışlar və Biznes İmkanları” mövzusunda İctimai Müzakirə təşkil olunacaqdır.

“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən məlumat verir ki, iqtisadiyyatı, mədəniyyəti, qabaqcıl texnologiyaları və innovasiyaları özündə birləşdirən yaradıcı sənayelər dünyada dinamik surətdə inkişaf edir. Ədəbiyyat və nəşriyyat, dizayn və memarlıq, musiqi, rəqs və teatr, moda və təsviri sənət, film, video və foto sənəti, oyunlar və yaradıcı texnologiyalar, reklam və s. kimi sahələrdən ibarət olan yaradıcı sənayelər ölkədə milli gəlirlərin artmasında və məşğulluq imkanlarının genişlənməsində böyük potensial vəd edir. Xüsusilə, post-pandemiya reallıqları kontekstində, yaradıcı sənaye təmsilçiləri olan biznes subyektləri – şirkətlər, fərdi sahibkarlar və frilanserlər, eləcə də qeyri-kommersiya təmsilçiləri olan ictimai birliklər və assosiasiyarla dinləmələrin və müzakirələrin keçirilməsinə böyük ehtiyac vardır.

Bu məqsədlə keçiriləcək ictimai müzakirədə aşağıdakı mövzular ətrafında fikir mübadiləsi aparılacaqdır:

Post-pandemiya reallıqları, çağırışlar və yeni imkanlar, qazanılmış təcrübə və yeni texnoloji həllər;

Yaradıcı sənayelərin müasir biznes çağırışları (maliyyəyə çıxış, vergi, gömrük, əqli mülkiyyət, milli məzmun yaradıcılığında dəstək, bilik-bacarıqların artırılması, innovasiyalar və s.);

Dövlət-özəl təfədaşlığının inkişafı, bilik-bacarıqların artırılması, effektiv sahəvi təşkilatlanma, müvəqqəti vergi güzəştlərinin və sərfəli kredit imkanlarının yaradılması, milli məzmun yaradıcılığı və istehsalın təşviqi, tələbin stimullaşdırılması və s.

Pandemiya ilə bağlı məhdudiyyətlərə görə tədbirdə iştirak xüsusi dəvətnamə ilə olacaq.

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.