“Ədəbiyyat və incəsənət” portalı gənc şair İltimas Səmiminin “Ulduz” jurnalının “Şeir vaxtı” bölümündə dərc edilmiş şeirlərini təqdim edir.
YORULDU
Əllərin istisini itirmiş
Soyuq ocaq kimidir.
Kövrək baxışların
Dörd divar arasında
Xatirələri
Saf-çürük etməkdən
Bezikmiş tənhaları
Xatırladır...
İçində intihar etmiş
Arzuların,
Gözlərində ümidsizlik,
Nəfəsin ölüm qoxuyur.
Daha heç nə
Təsəlli deyil,
Bu yolları adlamaqdan
Çoxları yoruldu.
XOŞBƏXTLİYİN
Sən də belə yaşamısan,
Əllərin hələ
Nə qış görüb,
Nə ayrılığın soyuğundan
Üşüyüb.
Ürəyin təkliyin,
Tənhalığın nə olduğunu
Hardan bilsin?
Gözlərin yol çəkməyib...
Danışmağa
Dənizə üz tutmamısan,
Gecə dörd divar arasında
Taleyindən bezikib
Hönkür-hönkür ağlamamısan.
Sən də belə yaşamısan,
Qəmsiz-kədərsiz.
Üzündə xoş təbəssüm,
Ürəyində arzular.
Atalı-analı,
Bir də yanında xoşbəxtliyin...
DANIŞAR
Ruhumu yoran
Bu yolun
Sonu bilinmir.
Ünvanım bir damla
Göz yaşıdı,
Süzülür yanağıma.
Bir ovuc torpaq,
Bir arşın ağ,
Bir də göy üzünə son pıçıltım...
Əlvida, kölgəsində
Dincəldiyim şam ağacı,
Budaqlarına quşlar qonar,
Xatirələrimi yağış yuyub apararaq.
Ayaq izlərim yollara tökülən
Payız yarpağı kimi...
Sükut yoxluğumdan
Danışar...
QIRILAN ÜRƏYİMDİR
Xatirələrə bürünən yollar
Göz yaşı qoxuyur.
Nə bir qapı var
Çıxıb getməyə,
Nə dərdləşməyə
Adam...
Məndən qabaq
Bu məkanda kim olub?
Qan qoxuyur elə bil.
Bu saralan yarpaqlar
Kimin arzularıdır?
Artdıqca qayğılarım
Kədərimi bükməyə
Bir arşın ağ tapılmır:
Qırılan ürəyimdir.
KƏSİLİR
Sevmədiklərim
Gözümə yaman dürtülür,
Sevdiklərimin xatirələrin
Ürəyim daşımaqdan
Köz-köz yanır.
Döyür məni
Payız yağışı,
Ayaq izlərim yollardan silinir...
İllər ötdükcə
Ümid də azalır.
Ruhuma yad olan duyğular
İçimdə ot-ot göyərdikcə
Elə bil nəfəsim kəsilir.
DUYURSANMI?
Çevir üzünü
Bir də keçmişə,
Darıxır səndən ötrü
Unutduğun doğmalar.
Darıxır səndən ötrü
Adladığın yollar,
Döydüyün qapılar...
Sevincindən süzülən
Göz yaşların
Xatirələrə çevrilib.
Daha nə sevinə bilirsən,
Nə də darıxmağa
Vaxtın var.
Zaman qapını döyən
Küləklər kimi,
Sənə nələri xatırladır...
Uşaqlığına,
Gəncliyinə əlvida
Deyə-deyə
İçindəki ağrılarını duyursamı?
GÖRMƏDİYİM YUXULARDIR
Tanrım,
Gördüyüm yuxulardan
Bir nicat tapmadım,
Susdum…
Yuxular mənə
Nə bir qarış yol oldu,
Nə bir isti ocaq.
Nə üstümə işıq saldı,
Nə üzümə açılan
Bir qapı...
Heç nə təsəlli deyilmiş,
Çiynimdə daşıdığım
İllərin ağrılarıdır.
Yorğunluğum bitməz,
Ürəyimi köz-köz yandıran
Görmədiyim yuxulardır…
QOXUYUR
Bir də səsini eşitməzsən,
Bir də səni çağırmaz.
Nə sevincdən,
Nə kədərdən...
Büküldü beş arşın ağa,
Bir ovuc torpaq olub susdu.
Kölgəsi bir də
Bu yollarda dolaşmaz,
Yuxu kimi
Göy üzünə çəkildi...
Gözünün önündə xatirələri,
Bir də o illər.
Qayğısız,
Xoş arzularla
Böyüdüyün çağlar...
Daha qayğılardan
Nəfəsin kəsilir.
Çiynlərində
Tabut-tabut daşıdığın
Taleyin ağrıları,
Göz yaşların
Xatirələr qoxuyur...
DONDUĞU KİMİ
Sənə bir yol deyim –
Hələ heç kimin
Adlayıb gedə
Bilmədiyi yol...
Nə uzundur,
Nə qısa.
Bir az qarşıda gördüyün
Kölgəyə bənzəyir,
Bir az da
Xəzərin sahilə çırpılan
Dalğalarına.
Bir kimsə adlayıb gedə bilmir,
Donur yerindəcə,
Göz yaşın yanaqda
Donduğu kimi.
TƏNHALAR
Hardan yağış qoxusu
Burnuna gəlsə,
Bil ki,
Hələ ümidlərim solmayıb.
Yollar ayaq səsindən
Ötrü darıxdığı kimi,
Darıxır əllərim
Qara tellərindən ötrü.
Buludlar arxasında
Günəş də darıxır,
Dənizin küləkdən ötrü
Darıxdığı kimi.
Hələ rahatlıq tapmayıb
Nə günəş,
Nə dəniz,
Nə də yalqızlıqdan
İlan-ilan qıvılan tənhalar...
ÜMİDLƏRİMDİR
Toxunma o ağaca,
Kölgəsində xatirələrim
Dincəlir.
Gəncliyimin son anları –
Qayğılarla dolu...
Şeirə çevrilən
Ümidlərim
Buludlar arxasında
Günəş kimi,
Yayın bürküsündə,
Şəhərin küçələrində
Yorğun-yorğun yeriyən
Ümidlərimdir.
ARZULAR
Gedəsi bir ünvanım varsa,
O da yaşadığın küçə,
Hər gün açıb-bağladığın
Qırmızı qapı –
Sevgi dolu yol,
Ömrümə işıq saçan
İlıq nəfəsin,
Ürəyinin səsi,
Döyünən nəbzin,
Qara saçlarının bahar qoxusu.
Xəyalımda sən,
Qulağımda gülüş səslərin,
Qarlı qışı bahara çevrilən
Sevgidir.
Böyüyür yarpaq-yarpaq,
Qovuşmaq ümidiylə
Sevgi adlı arzular.
YAŞAMAQDAN
Gülməz üzümüzə
Bir yarpaq
Kölgəsi olmayan
Ümid ağacı.
Hər açılan sabahı
Təsəlli bilib,
Bəlkə də, aldanmışıq.
Küçə-küçə yorulan şəhər –
Dəniz də yorulub,
Biz də.
Sən səs-küydən,
Dəniz küləkdən,
Biz isə gümansız yaşamaqdan.