Super User

Super User

 

Yanvarın 26-da Azərbaycan Respublikası Mədəniyyət Naziliyi və "AVTO FM"in (107.7 FM) dəstəyi ilə hər həftənin şənbə və bazar günləri yayımlanan “Cinema Radio” kino-radio kanalının III ənənəvi “Müasir Audiovizual Baxış” mükafatının təqdimetmə mərasimi keçirilib. “Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, mərasimi açıq elan edən tədbirin aparıcısı, tanınmış aktyor Emin Nəsirli kino-radio kanal və onun mükafatı haqqında məlumat verib.

 

Mərasimdə çıxış edənlər Mədəniyyət Nazirliyinin Audiovizual və interaktiv media şöbəsinin sektor müdiri Rüfət Əliyev, "ProMediaGroup" MMC-nin təsisçisi və rəhbəri Cavid Nemətzadə, Azərbaycan Respublilası Dövlət Film Fondunun direktoru, Əməkdar incəsənət xadimi Cəmil Quliyev "Cinema Radio" kino-radio kanalının formatı, onun əhəmiyyətindən danışıblar. “Cinema Radio” kino-radio kanalının rəhbəri "AzerNyuMedia" şirkətinin icraçı direktoru Kamran Qasımov və kino-radio kanalın aparıcısı RJ Yaqut builki mükafatın sahibi onu elan ediblər.

Mükafat 2021-ci ilin audiovizual yekunlarına əsasən, aktyor, ssenarist, aparıcı Azər Aydəmirə təqdim edilib. Mərasimdə Respublikanın Əməkdar artisti Xəyyam Mustafazadə “Oxuyur Müslüm Maqomayev” və “Odlar yurdu” filmlərindən əsərlər ifa edib.

 

Mədəniyyət Nazirliyinin tabeçiliyində olan kitabxanaların fondu üçün Nazirliyin sifarişi ilə çap olunacaq və satın alınacaq nəşrlərə dair meyarların müəyyənləşdirilməsi, müvafiq sahə üzrə şəffaf və effektiv iş mexanizminin təmin edilməsi məqsədilə Nazirliyin 1 aprel 2021-ci il tarixli, 33-f nömrəli əmri ilə Nəşr Planının Tərtibi və Nəşriyyat Məhsullarının Satınalınması üzrə Komissiyası yaradılıb. Komissiya mədəniyyət, elm, ədəbiyyat, təhsil və digər aidiyyəti sahələr üzrə mütəxəssislərdən ibarət tərkibdə təşkil olunub.

 

Mədəniyyət Nazirliyinə 2021-ci il ərzində təqdim edilən 43 adda nəşr layihəsi Nəşr Planının Tərtibi və Nəşriyyat Məhsullarının Satınalınması üzrə Komissiyanın üzvləri tərəfindən oxunub, qiymətləndirilib. Komissiyanın qərarına əsasən 29 adda kitabın Nazirliyin nəşr planına daxil edilməsi məqsədəuyğun sayılıb.

Nəşr planına daxil edilən kitabların cari il ərzində nəşri başa çatdırılacaq.

Eyni zamanda 21 iyun 2021-ci il tarixində kütləvi informasiya vasitələrində “Nəşrlərin satınalınması müsabiqəsi” haqqında elanlar yerləşdirilib, müsabiqə üçün nəşr məhsullarının qəbulu 22 iyul 2021-ci il tarixinədək davam edib. Müəlliflər və müəlliflik hüququ sahibləri tərəfindən müsabiqəyə təqdim olunan kitablar Nəşr Planının Tərtibi və Nəşriyyat Məhsullarının Satınalınması üzrə Komissiyası tərəfindən bir ay müddətində qiymətləndirilib. Kitabxana fondlarının oxucuların tələbatına uyğun komplektləşdirilməsi məqsədilə Komissiyanın seçiminə əsasən Mədəniyyət Nazirliyi müsabiqəyə təqdim olunan nəşrlər arasından 233 adda kitabdan 14.755 nüsxəsinin satın alınmasını 2021-ci ilin son rübündə həyata keçirib. Kitablar Respublika Kitabxana Kollektoruna təhvil verilib, cari ildə bölgüsü başa çatdırılacaq.

Nəşr Planının Tərtibi və Nəşriyyat Məhsullarının Satınalınması üzrə Komissiyanın fəaliyyətinə dair Meyarlara əsasən Komissiya ötən il üçün işini yekunlaşdırıb və Komissiya dekabr ayında buraxılıb. Komissiyanın yeni tərkibi yaxın günlərdə təsdiq olunacaq və qaydalara əsasən şəffaflığın qorunması məqsədilə yeni tərkib haqqında məlumat cari ilin sonuna qədər konfidensial saxlanacaq.

Nəşr Planının Tərtibi və Nəşriyyat Məhsullarının Satınalınması üzrə Komissiyanın ötən ildə tərkibi və Mədəniyyət Nazirliyinin 2022-ci il üçün nəşr planı ilə ilə tanış olun: 

 

AZƏRBAYCAN RESPUBLİKASININ MƏDƏNİYYƏT NAZİRLİYİNİN

NƏŞR PLANININ TƏRTİBİ VƏ NƏŞRİYYAT MƏHSULLARININ

SATINALINMASI ÜZRƏ KOMİSSİYASININ TƏRKİBİ

 

 

KOMİSSİYANIN SƏDRİ

 

Nizami Cəfərov

Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Milli Məclisin Mədəniyyət Komitəsinin üzvü, AMEA-nın həqiqi üzvü, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının filologiya elmləri üzrə Ekspert Şurasının sədri, BDU-nun Ümumi dilçilik kafedrasının müdiri, akademik

 

KOMİSSİYANIN ÜZVLƏRİ

Rüstəm Kamal

Azərbaycan Yazıçılar Birliyinin üzvü, Rusiya Pedaqoji və Sosial Elmlər Akademiyasının həqiqi üzvü,  tənqidçi, ədəbiyyatşünas, esseist, filologiya elmləri doktoru, professor

 

Vidadi Qafarov

Teatrşünas, AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun Teatr, kino və televiziya şöbəsinin müdiri, Sənətşünaslıq üzrə fəlsəfə doktoru

 

Elnarə Akimova

Azərbaycan Yazıçılar Birliyinin üzvü, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Uşaq ədəbiyyatı şöbəsinin müdiri, ədəbiyyatşünas, tənqidçi, filologiya elmləri doktoru

 

Kərim Şükürov

AMEA-nın Elmi Şurasının üzvü, A.A.Bakıxanov adına Tarix İnstitutunun müəllimi, Azərbaycan Turizm və Menecment Universitetinin professoru, tarix elmləri doktoru

 

Əsəd Cahangir

Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair, ədəbi tənqidçi

 

Əhməd Quliyev

Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun “Azərbaycanın orta əsrlər tarixi” şöbəsinin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru

 

Rafail Həsənov

Harvard Universitetinin Mərkəzi Avrasiya Tədqiqatlar Mərkəzinin üzvü, Azərbaycan Sosiologiya Assosiasiyasının üzvü, Bakı Dövlət Universitetində “Sosiologiya” kafedrasının professoru, Sosiologiya üzrə elmlər doktoru

 

Əsərlər:

1. “Şuşanın kitab abidəsi”

2. Nizami Gəncəvi. Sirlər xəzinəsi"

3. Aqafangen Krımski“Nizami və müasirləri”470 səhifə  

4. Əkbər Ağayev “Nizami və dünya ədəbiyyatı”170 səhifə 

5. Röya Tağıyeva“Nizami obrazları xalçalarda”148 səhifə 

6. Tofiq Bakıxanov"Xeyir və Şər" məcmuəsi148 səhifə 

7. Günel Əsgərova“Xəmsənin xilası” 191 səhifə 

8. Sona Xəyal“Əbdürrəhimbəy Haqverdiyev - 150”300 səhifə 

9. Nəriman Həsənzadə“Seçilmiş əsərləri” 413 səhifə 

10. Vüqar Haqverdiyev“Döyüşçünün zirehli hərb geyimi”28 səhifə  

11. Ramilə Qurbanlı“33 pərdəli dram” II cild235 səhifə 

12. Yaqub Əlioğlu “Şamonun rənglər dünyası”63 səhifə 

13. Soltan Hacıbəyov“İsgəndər və çoban”118 səhifə 

14. Rafiq Vəliyev“Tehran Vəliyev. Ömür yolu”400 səhifə 

15. Ülkər Talıbzadə“Şaiq Nümunə Məktəbi” 159 səhifə 

16. Çingiz Ələsgərli"Səhnəyə sığmayan arzular"311 səhifə 

17. İntiqam Mehdizadə “İşığa çıxmış düşüncələr”420 səhifə 

18. İlham Nəcəfov

“S.Əsgərovun əsərlərindən seçilmiş nümunələr”

232 səhifə 

19. Sahib Sultanov“Qamma və arpeciolar” 94 səhifə 

20. Xülya Cəfərova“Qaya – yenilməz şuşalı”85 səhifə 

21. Tahir Məmmədov“Rəngkarlıq, qrafika, fotoqrafiya”282 səhifə 

22. Etibar Həsənzadə"Kəsişən yollar"240 səhifə 

23. Sevda Rəsulova“Daş ilməli şəhərim”818 səhifə 

24. Gülnarə Əsgərova“Üzeyir Hacıbəylinin Ev-Muzeyi”148 səhifə 

25. Ceyhun Hüseynov“Bir millət, iki şəxsiyyət”400 səhifə 

26. Rasim AbdullayevŞeirlər toplusu 45 səhifə 

27. Olqa Çumakova

“Sehrli tətil günləri”                (Azərbaycan və rus dillərində)

I kitab - 190 səhifə 

II kitab - 144 səhifə

 

 28. İlyas Həmidov, Məmməd Qocayev,  Rəna Məmmədova, Leyla Həmidova

“Azərbaycan dilinin frazeologiya lüğəti”

I cild - 1132 səhifə                           II cild - 1039 səhifə

 

 29. “Bir saray bələdçisinin qeydləri” 202 səhifə

 

Macarıstanda yaşayan soydaşımız, Macarıstan Yazıçılar Birliyinin üzvü Rüstəm Əmirlinin “Odlar qızı” adlı şeirlər kitabı işıq üzü görüb. 

 

“Ədəbiyyat və incəsənət” portalının Azərbaycan diasporu üzrə ekspert Elnur Eltürkdən aldığı məlumata görə, kitaba yüz atlmış üç şeir daxil edilib və bu, müəllifin sayca 5-ci kitabıdır.

Rüstəm Əmirli çox gənc yaşlarından şeir yazır, istedadı dəfələrlə təsdiqlənib, kitabın çapına lazım olan vəsaiti də Macarıstan Yazıçılar Birliyi qarşılayıb. 

Kitab Macarıstan kitabxanalarına verilib, kitab mağazalarında satışa çıxarılıb. Şeirlərinin əsas ana mövzusu sevgi, həyat və ölümdür. Qeyd edək ki, Rüstəm Əmirli  atası Ramiz Əmirli "Qardaşlıq" Macar-Azərbaycanlı Birgə Cəmiyyətinin sədr müavinidir. Şərqi Avropa Azərbaycanlıları Koordinasiya Şurasının əlaqələndiricilərindən biri, Macarıstanda "Azərbaycan Evi"nin üzvüdür.

 

Beynəlxalq Türk Akademiyasının vitse-prezidenti Füzuli Məcidli Türkiyə milli təhsil nazirinin müavini Petek Aşkar ilə görüşüb.

Danışıqlar zamanı türk dünyasının elmi inteqrasiyasına yönəlmiş birgə layihələr, o cümlədən əməkdaşlığın daha da gücləndirilməsi yolları müzakirə olunub. Xüsusilə, məktəblilər üçün ortaq tarix, ədəbiyyat və coğrafiya dərslikləri üzrə ekspert komissiyasının Türkiyədə keçiriləcək yekun iclasına hazıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, hazırda Beynəlxalq Türk Akademiyasının Elmi Şurasına Türkiyə Cümhuriyyəti Milli Təhsil Nazirliyi sədrlik edir.

Cümə axşamı, 27 Yanvar 2022 15:00

Günün fotosu: Uçan avtomobil reallığa çevrildi

Slovakiyanın Klein Vision kompaniyası avtomobil və təyyarə gibridinə sertifikat alıb. Bu barədə “Ədəbiyyat və incəsənət” portalı Euronews-a istinadən məlumat verir. 

 

Tarixdə ilk dəfə belə bir gibrid Bratislava üzərinə uçub. 

AirCar 200 uçuş edib, ümumən 75 saat səmada olub. 

Bir vaxtlar uçan avtomobil ən böyük möcüzə sayılırdı. Artıq bunu da gördük.

 

“Ədəbiyyat və incəsənət” portalı şair Əlizadə Nurinin yeni şeirini təqdim edir. 

 

Bu qəmlə bələkdə tanış olmuşuq-

Mən elə bu qəmlə tay-tuşam, ana

Yerdə yer tapmadım yuva qurmağa,

Göyə çöp daşıyan bir quşam, ana.

 

Bu sel quruyarmı günəşə sərsəm?

Sən qədim mövzusan, təzə əsərsən.

Dünyanın ən qoca ağacı sənsən,

Mən də o ağacda koğuşam, ana.

 

Qanadım var idi, qırıldı bu gün,

Sonuncu ümid də vuruldu bu gün...

Dərd mənə qalxınca yoruldu bu gün-

Mən tanrı dağına yoxuşam, ana.

 

O dağlar uludan uludu, sənsən?!

Bəlkə danışdıran bu udu, sənsən?

Bəlkə göy üzünün buludu sənsən-

Mən səndən tökülən yağışam, ana?

 

Sənin haqq bildiyin haqq-hesab imiş...

Ölüm-iynə imiş, ömür-sap imiş.

İçdiyim süd imiş, ya şərab imiş-

Dünyaya gələndən sərxoşam, ana?!..

 

Britaniyalı aktyor Devid Suşe yaratdığı belçikalı detektiv Erkül Puaro obrazına görə cəngavər rütbəsi alıb. “Cəngavər bakalavr” ordeninin təqdimat mərasimi Vindsor qəsrində keçirilib.

 

TASS xəbər verir ki, dramaturgiya və xeyriyyəçilik sahəsində xidmətlərinə görə aktyora ordeni Kembric hersoqu şahzadə Uilyam təqdim edib. 

Hersoq bildirib ki, Britaniya təltif sistemində “Cəngavər bakalavr” ordeni yalnız kişilərə verilir: “Fəxri ad şəxsin monarx tərəfindən cəngavər olmasını təsdiqləyir, lakin onun Böyük Britaniyanın mütəşəkkil cəngavər ordenlərinə daxil olmasını nəzərdə tutmur”.

Qeyd edək ki, britaniyalı aktyorun karyerası 1960-cı illərdə televiziya şouları və seriallarda görünməsi ilə başlayıb. Aktyor Aqata Kristinin “Puaro” əsəri əsasında çəkilən serialda (1989-2013) detektiv Erkül Puaro rolu ilə dünya şöhrəti qazanıb.

David Suşe Britaniya Kino və Televiziya Sənəti Akademiyasının üzvü və beş dəfə BAFTA mükafatına namizəd olub. 2011-ci ildə aktyor Britaniya İmperiyası ordeninin komandoru adına layiq görülüb.

Suşe öz təəssüratlarını sosial mediada paylaşıb: “Kembric hersoqu bu gün Vindsor qəsrində məni cəngavər elan etdikdən sonra qürur hissi keçirir və bir qədər də sıxılıram”.

Cümə axşamı, 27 Yanvar 2022 14:00

2022-ci ilin ilk “Ulduz”u çıxdı

 

"Ulduz" jurnalının 2022-ci ildə ilk sayı çap olunub. 

Jurnalda ilk olaraq Səlim Babullaoğlunun "Yanvar: Qarın şərhi" adlı şeiri, ardından isə gənc yazar Orxan Cuvarlının özüylə söhbəti və hekayəsi təqdim edilib. 

 

"Qısa fikirlər xəzinəsi"ni Məhəmməd Əmin Rəsulzadənin kəlamları bəzəyir. 

“Yazı masası"nın budəfəki qonağı dərginin qocaman əməkdaşı, rəssam Ədalət Həsəndir. 

"Şeir vaxtı"nda Gülnar Ümid, Bəsti Məmməd, Ülkər Nicatlı, İltimas Səmimi, Əbülfət Mədətoğlu, Aysel Nəsirzadə və Zöhrab Mehdinin poeziya nümunələri dərc olunub. 

Əli Əmirlinin ənənəvi "Ustad dərsləri"nin cari mövzusu "Mənim personajlarım"dır.

Günel Hacıyevanın "Lili möhtəşəm qadın idi", Zəka Vilayətoğlunun "Çöhrəgülü", Çinarə Ömrayın "Hamiləlik testi", Firuz Mustafanın "Bülbül yuvası" kimi hekayələri nəsr bölməsini bəzəyir. 

Eminqueyin "Məmməd Arazın sufi həqiqətinə çatmış "Dünya"sı" adlı essesi Məmməd Arazın "Dünya sənin, dünya mənim" şeirinin bədii təhlilini gerçəkləşdirir. 

Tarix üzrə fəlsəfə doktoru Leyla Abbasovanın Sevinc Nuruqızının "Ağca və Cubbulu" əsərinin quruluşu, redaktəsi, nəşri məsələlərini özündə ehtiva edən yazısı diqqət çəkir.

Xuraman Hüseynzadənin "Uzaqlar yordu məni..." adlı tənqidi yazısı Nazim Əhmədli yaradıcılığına işıq tutur. 

Şəfa Vəlinin "Əvvəldən yeri Yuxarıbaş olub" başlıqlı müsahibəsində Xalq şairi Bəxtiyar Vahabzadənin Şəkidəki ev-muzeyinin direktoru Elşən Zəkəriyyəbəyli söhbətə çəkilir. 

"Təbriz eli" rubrikasında Pərvanə Məmmədlinin "İstərəm Vətənimdə qanım rəngli bir kilidlə azadlığa yollar açam" başlıqlı yazısı, "Türk eli" rubrikasında isə Cahit Günayın şeirləri təqdim olunur. 

"Dərgidə kitab"da Əflatun Amaşovun "Qanıq, Hasan, bir də Qaragöz" romanı, "Sərgi"də isə Ədalət Həsənin qrafik rəsmləri yer alıb.

Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasəti Azərbaycan gəncliyinin inkişafında xüsusi önəm kəsb edir. Ulu Öndərin 1997-ci il fevralın 2-də imzaladığı fərmana əsasən, fevralın 2-si Azərbaycan Gəncləri günü elan edilib. Həmin vaxtdan etibarən bu gün MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda təntənəli şəkildə qeyd edilməyə başlanıb.

 

“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən məlumat verir ki, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə cari ilin 2-4 fevral tarixlərində Gənclər günü münasibətilə “Yeni gənclik” musiqi günləri adı altında bir neçə konsert keçiriləcək.

Belə ki, 2 fevral tarixində Azərbaycan Dövlət Akademik Filarmoniyasında Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri ilə (bədii rəhbər və baş dirijor, Xalq artisti Fəxrəddin Kərimov) “Gənclərə dəstək” layihəsinin iştirakçılarının konserti, Azərbaycan Dövlət Mahnı Teatrında gənc caz ifaçılarının “Gaudeamus Jazz” adlı konserti, 3 fevral tarixində Beynəlxalq Muğam Mərkəzində Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Detaşe” violinoçular ansamblının konserti (ansamblın rəhbəri Xalq artisti Zəhra Quliyeva), 4 fevral tarixində Azərbaycan Dövlət Akademik Filarmoniyasında Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin konserti (dirijor – Mustafa Mehmandarov, solist-pianoçu, Prezident təqaüdçüsü Vüsalə Babayeva (piano)) keçiriləcək.

 

Azərbaycan "Eurovision 2022" mahnı müsabiqəsində ikinci yarımfinalda çıxış edəcək.

 

Belə ki, püşkatmanın nəticəsinə görə Azərbaycan təmsilçisi mayın 12-də səhnəyə çıxacaq. Birinci yarımfinal isə mayın 10-da baş tutacaq.

Qeyd edək ki, builki müsabiqə İtaliyanın Turin şəhərində keçiriləcək.

Azərbaycanı kimin təmsil edəcəyi hələ müəyyənləşməyib.

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.