Qahirədə keçirilən Beynəlxalq Kitab Sərgisində Azərbaycan haqqında kitabların təqdimatı olub

 

Dünyanın 51 ölkəsinin qatıldığı 53-cü Qahirə Beynəlxalq Kitab Sərgisi çərçivəsində misirli tədqiqatçı Əhməd Tərabikin Azərbaycanın Vətən müharibəsinə həsr etdiyi “Dəmir yumruq...2020-ci ilin Qarabağ müharibəsi” və Əhməd Sami Elaydinin ərəb dilinə tərcümə etdiyi məşhur şərqşünas alim Yevgeni Bertelsin “Nizami Gəncəvi yaradıcılığı” kitablarının təqdimatı olub.

 

AzərTAC xəbər verir ki, tədbirdə Misir ictimaiyyətinin nümayəndələri, jurnalistlər, sərgiyə gələn ziyarətçilər, diaspor nümayəndələri və Azərbaycanın Misirdəki səfirliyinin əməkdaşları iştirak ediblər.

Tədbiri açan Azərbaycan Mədəniyyət Nazirliyinin Kitab Sənayesi şöbəsinin müdiri Akif Marifli qeyd edib ki, sərginin ölkəmizə dair stendində nazirliyin nəşriyyatında çapdan çıxmış kitablar nümayiş etdirilir. Onların sırasında ulu öndər Heydər Əliyev, Prezident İlham Əliyevin fəaliyyəti, Azərbaycanın tarixi və mədəniyyəti haqqında nəşrlər var.

Beynəlxalq Avrasiya Mətbuat Fondunun dəstəyi ilə işıq üzü görmüş “Dəmir yumruq...2020-ci ilin Qarabağ müharibəsi” kitabının müəllifi Əhməd Tərabik özünün tədqiqat əsəri haqqında ətraflı məlumat verib. O bildirib ki, Azərbaycanın 44 günlük Vətən müharibəsində möhtəşəm Qələbəsi və ərazi bütövlüyünü bərpa etməsi bütün dünyada, o cümlədən ərəb ölkələrində mühüm bir hadisə kimi qiymətləndirilib. Kitabda müharibənin xronologiyası, həmçinin Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin xalqa müraciətləri və beynəlxalq media orqanlarına müsahibələrindən əsas məqamlar yer alıb.

Azərbaycan Mədəniyyət Nazirliyinin nəşr etdirdiyi “Nizami Gəncəvi yaradıcılığı” kitabını ərəb dilinə tərcümə etmiş Ayn-Şəms Universitetinin professoru Əhməd Sami Elaydi tədbir iştirakçılarına dahi Azərbaycan şairi və mütəfəkkirinin həyatı və zəngin ədəbi irsi barədə ətraflı məlumat verib. O, bu qiymətli əsərin ərəbdilli elm xadimləri və tələbələrə təqdim edilməsini mühüm hadisə adlandırıb.

Tədbirin sonunda kitabların müəllifləri iştirakçıların suallarını cavablandırıblar.

 

 Oqtay Bayramov

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.