Azərbaycan Milli Xalça Muzeyində qobelen və xalça üzrə tanınmış rəssam Tamilla Abdullayevanın “Rəngarəng qobelen dünyası” adlı sərgisi açılıb.
Sərgidə xalçaçı rəssamın 1990-2022-ci illərdə yaratdığı 50-dən artıq əsər – qobelen, xalça və xalça eskizi nümayiş olunur.
Həmçinin sərgidə “Kəpənəklər”, “Ağaclar”, “Qədim Azərbaycan rəmzləri”, “Təbiət ünsürləri”, “Dörd fəsil” adlı silsilə əsərləri, o cümlədən abstrakt və çiçək kompozisiyalı əsərlər təqdim olunur.
Rəssam bu əsərləri yaradarkən əksər hallarda hazır eskizdən deyil, yalnız bədii ideya və improvizasiya bacarığından bəhrələnib.
Sərgidə T.Abdullayevanın ustadı, görkəmli rəssam Lətif Kərimovun yaradıcılıq yolunu davam etdirərək yaratdığı “İslimibəndlik”, “Əfşan”, “Saxsıda güllər” xalçaları da yer alır.
Yüksək zövq və romantik qəlbə sahib rəssamın bu əsərlərində rəng və ornamentlər arasında çox gözəl bağlılıq qurulub.
Qeyd edək ki, sərgi çərçivəsində mühazirə, rəssamla görüş, qobelentoxuma üzrə ustad dərslər, tematik ekskursiyalar da keçiriləcək.
Sərgi fevralın 25-dək davam edəcək.