Ötən gün Qərbi Kaspi Universitetində imtahan sessiyasının gedişini müşahidə etmək məqsədi millət vəkilləri, tanınmış elm və ədəbiyyat xadimləri və kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirakı ilə Açıq Qapı Günü təşkil olunub.
“Ədəbiyyat və incəsənət” portalına təhsil ocağından verilən məlumata görə, Açıq Qapı Günü ayrı-ayrı auditoriyalarda imtahan prosesini izləyən qonaqlara elektron universitet, eləcə də keyfiyyətə nəzarət şöbəsinin fəaliyyəti barədə məlumat verilib. Bildirilib ki, tələbələr imtahanların nəticələri barədə məlumatları universitetin saytından, öz şəxsi kabinetlərinə daxil olaraq əldə edə bilirlər.
Qonaqlar universitetin bir sıra laboratoriyalarında tədqiqat və praktik məşğələlər üçün yaradılmış şəraitlə tanış olub, eləcə də kitabxana, idman zalı və yeməkxanaya baxış keçiriblər.
Açıq Qapı Günündə Milli Məclisin deputatları – Hikmət Babaoğlu və Ceyhun Məmmədov, əməkdar jurnalist, professor Qulu Məhərrəmli, yazıçı, əməkdar jurnalist Varis Yolçiyev və “Bakupost” saytının baş redaktoru Elçin Zahiroğlu iştirak ediblər.
Qonaqlar universitetin imtahanları təşkiletmə və tələbələri qiymətləndirmə yanaşmasını, eləcə də peşəkar kadrların hazırlanması üçün yaradılmış şəraiti yüksək qiymətləndiriblər.