Qarabağın tacı olan Şuşa xalqımız üçün müqəddəs və əziz məkandır. Şuşa sevgisi hər bir azərbaycanlının mənəvi varlığının ayrılmaz parçasıdır.
Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə 2022-ci il ölkəmizdə “Şuşa İli” elan olunub. Dövlət başçısının mədəniyyət paytaxtımızla bağlı bu sərəncamı Mədəniyyət Nazirliyinin də üzərinə müəyyən öhdəliklər və ciddi vəzifələr qoyur. Nazirliyin yaydığı məlumata görə, bu mötəbər hadisəni rəhbər tutaraq, Mədəniyyət Nazirliyi qədim şəhərimizin zəngin mədəni irsini tanıtmaq məqsədilə “Şuşa mədəniyyətinin inciləri” adlı layihəyə start verir.
Şuşa şəhəri Azərbaycan incəsənətinin və mədəniyyətinin mərkəzi kimi qədim tarixə malikdir. Şuşanın zəngin mədəniyyətini daha geniş əhatə etmək üçün layihə yeddi bölmədən ibarət olacaq: “Şuşanın memarlıq salnaməsi”, “Azərbaycan musiqisinin məbədi – Şuşa”, “Muğam ocağı – Şuşa”, “Qarabağ xalçaçılıq məktəbi – Şuşa”, “Şuşanın ədəbi həyatı”, “Şuşanın simaları”, “Şuşa milli geyim üslubu”.
Layihə çərçivəsində hazırlanan məlumatların internet məkanında, o cümlədən sosial media hesablarında yayımlanması nəzərdə tutulur. Təbliğat materialları ilkin olaraq Mədəniyyət Nazirliyinin rəsmi “Facebook”, “İnstagram” və “Twitter” səhifələrində yayımlanacaq.