Super User
Anna Axmatovanın ədəbi katibi Anatoli Nayman həyatdan getdi.
Anna Axmatovanın ədəbi katibi
Anatoli Nayman həyatdan getdi.
Şair, tərcüməçi, ədəbi tənqidçi Anatoli Naymanın yaşı 85 idi.
“Ədəbiyyat və incəsənət” portalı Euronews-un rus redaksiyasına istinadən xəbər verir ki, Anatoli Nayman 1950-ci illərdə əvvəlcə şeir tərcüməçisi kimi şöhrət qazanmışdır, baxmayaraq ki, bu təxəllüs altında artıq o zaman hekayələr də dərc etdirirdi. Sonra o, qələmini tərcümə sahəsində də sınadı.
Tərcümələr sayəsində o, Anna Axmatova ilə yaxınlaşdı — onlar həmmüəllif də olublar, italyan şairi Cakomo Leopardini rus dilinə birlikdə tərcümə ediblər. Sonra Nayman Axmatovanın ədəbi katibi olub.
O, öz tərcümələrində orijinal formasını maksimum canlandırmağa çalışaraq musiqi müşaiyətinin vacibliyini qeyd edirdi. Sovet dövründə onun Bodler, Tomas Eliot, Conn Donndan tərcümələri nəşr olundu, halbuki öz şeirləri və bədii nəsri samizdatda yayılırdı. Sovet ideologiyası Axmatovada olduğu kimi, Naymanda da “əksinqilabi meyillər”, “burjua təmayülü” hiss edirdi.
Yalnız SSRİ-nin dağılmasından sonra Naymanın külliyyatı çap olundu. Naymanın XX əsrin ikinci yarısında Leninqradın ədəbi həyatında açdığı xüsusi yol diqqət mərkəzinə qalxdı.
Amma ölüm də qoca yazara tərəf yol gəlməkdə idi.
Qrip teatrı repertuarını dəyişməyə məcbur edib
Ölkəmizdə tüğyan edən qrip epidemiyası teatrların fəaliyyətini də iflic etməkdədir. Aktyorların səhhətlərində yaranan problemlərlə əlaqədar Azərbaycan Dövlət “Yuğ” Teatrının repertuarında dəyişiklik olub.
"Təklif" tamaşası yanvarın 23-də deyil, 29-da, "Kloun Z" tamaşası isə 30-da nümayiş ediləcək.
Tamaşalar A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının 2-ci mərtəbəsində yerləşən səhnədə göstəriləcək.
Bakıda Rus Evi müharibə mövzusunda filmə müraciət edib
Bakıda Rus Evi Prezidentin Mədəni Təşəbbüslər Fondunun dəstəyi ilə “Qısametrajlı kino günü – 2021” Ümumrusiya aksiyası çərçivəsində və Leninqradın faşist blokadasından tamamilə azad olunması günü ilə əlaqədar “Saşka. Əsgərin gündəliyi” filminin onlayn nümayişini keçirir.
Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinin mətbuat xidməti xəbər verir ki, tanınmış aktyor, “Qızıl Qartal” mükafatı laureatı Kiril Zaytsevin debüt rejissor layihəsi olan “Saşka. Əsgərin gündəliyi” qısametrajlı hərbi dramı cəbhəçi yazıçı Vyaçeslav Kondratyevin “Saşka” povestinin motivləri əsasında çəkilib.
Filmdə Böyük Vətən müharibəsi veteranının öz cəbhə gündəliyini tapmasından və müharibənin qızğın çağında onun başına gələn hadisə ilə bağlı hissləri sanki yenidən yaşamasından söhbət açılır.
Filmin nümayişi yanvarın 25-dək davam edəcək.
Afişa: Musiqili Teatrın fevral repertuarı
Azərbaycan Dövlət Akademik Musiqili Teatrı fevral ayında bir çox maraqlı səhnə əsərləri ilə çıxış edəcək.
Repertuarla tanış olun:
2 fevral – “Bir nəfəs qədər”
4 fevral – “Qafqazlı qardaşqızı” (rus dilində)
5 fevral – “Meşə çaqqalsız olmaz”, “Qafqazlı qardaşqızı”
6 fevral – “Yağış göbələyinin macərası” (rus dilində), “Utancaq qız”
12 fevral – “Qırmızı papaq”, “Fransızsayağı qarnir”
13 fevral – “Dəcəl çəpişlər”, “Qızıl toy”
18 fevral – “Ər və arvad”
19 fevral – “Düyməcik” (rus dilində), “Mən dəyərəm min cavana”
20 fevral – “Buratino”, “Beş manatlıq gəlin”
25 fevral – “Silva” (rus dilində)
26 fevral – “Bir nəfəs qədər”
27 fevral – “Qızıl cücə” (rus dilində)
28 fevral – “Paris Notr-Dama ithaf”
Bakıda tarixi binalar öz görkəmlərini kommersiya reklamları ucbatından itirirlər
“Ədəbiyyat və incəsənət” portalının müsahibi Azərbaycanda gözəl memarlıq layihələrinin müəllifi, Azərbaycan Reklamçılar İttifaqı İctimai Birliyinın icraçı direktoru, Ümumdünya Reklamçılar Assosiasiyasının üzvü Cahid Həsənovdur.
- Azərbaycanda, xüsusən Bakıda tarixi binaların simasına xələl gətirən reklamlar barədə ara-sıra çıxışlar edirsiniz.
- Bəli! Azərbaycanın, əsasən də Bakının memarlıq abidələrinin tarixi görkəmi vizual baxımdan bu binaların fasadlarında, xüsusi ilə də birinci mərtəbələrində fəaliyyət göstərən kommersiya obyektlərinin reklamları ucbatından öz əsrarəngiz, yaraşıqlı görkəmini itirmişdir. Əcnəbi dillərdə olan (lap Azərbaycan dilində olsun, fərq etməz) iri və kiçik həcmli reklam konstruksiyaları bu binaların üzərində tarix boyu gözəl memarların, ustaların yaratdıqları incə, kiçik və ya böyük həcmli ornametlərin oxunuşunu arxa plana salır. Halbuki, binaların ümumi gözəlliyində bu müxtəlif formalı ornametlər, detallar bir-birilərilə bir harmoniya təşkil etmişdir ki, bu da binaların gözəlləyinə dəlalət etmişdir.
Təsəvvür edin, bu binaların fasadında olan reklam konstruksiyaları ilk baxışda öndə olduğuna görə ərazini belə tarixi yadigar bina statusundan çıxarır. Milyonlarla turist qəbul edən Bakı məhz bu tarixi binalarla öyünür. Daha doğrusu, bu binalar turist axınına dəlalət edir. Bu halda isə bu xoşagəlməzliklər ümumilikdə Bakının tarixi memarlıq abidələri ərazisini sanki yeni tikililər olan əraziləri ilə eyniləşdirir.
Hələ bu başqa məsələdir ki, ümumiyyətlə tarixi binaların üzərində bu ağır konstruksiyaların quraşdırılması bu binalara texniki baxımdan xələl gətirir. Bakının Fəvvarələr Meydanı ərazisinə mütləq deyil ki, bir memar gözü ilə baxılsın. Bir anlıq bu ərazilərin keçən əsrlərin əvvəllərindəki fotolarına baxsaq, canlı olaraq tarixin o dövründəki əraziyə düşdüyümüzü hiss edərik. Yəni, binaların hər biri özü özlüyündə və hətta ətrafdakılarla bir vəhdət təşkil edir. O binalar bir-biriləri ilə harmoniya yaradır. Və bu məkan klassik memarlığı zəngin olan bir məkan statusunu daşıyır. Və məhz elə bu müstəvidə özünə dünyadan milyonlarla turistləri cəlb edir. Ölkəmizin zəngin memarlığı məhz bu binalarda özünü təcəssüm etdirir. Bu binaların birinci mərtəbələrində fəailiyyət göstərən obyektlərin reklamları ucbatından binalar sanki alabəzək bir kəmər taxmış forma alır.
- Sizcə, birinci mərtəbələrdəki obyektlər reklam quraşdırmamalıdırlarmı?
- Xeyr, quraşdıra bilərlər. Bunun üçün Avropa təcrübəsinə nəzər salmaq, oradakı qaydaları burada tətbiq etmək lazımdır. Çox təəsüf ki, biz hələ də buna nail ola bilməmişik. Belə ki, bu binaların birinci mərtəbələrində fəailiyyət göstərən müxtəlif təyinatlı ticarət obyektlərinə reklam yayımları üçün yalnız və yalnız vitrinlərində şərait yaradılmalıdır. Yəni şüşə üzərində və ya şüşə arxası sahələrdə. Binanın özünə qəti şəkildə bir mismarın belə vurulmasına icazə verilməməlidir. Bir nüansı da diqqətinizə çatdırıram. Ümumiyyətlə, təkcə bina fasadlarındakı reklamların yığışdırılması ilə bu iş həllini tapmayacaq. Mən bir memar kimi təklif edirəm ki, ümumiyyətlə, tarixi əhəmiyyətli binalarımız olan ərazilərdə belə müxtəlif kommersiya təyinatlı reklamlara yer verilməsin. Götürək elə yenə Fəvvarələr Meydanını. Bu ərazi Bakının qonaq otağıdır. Respublikamıza kim gəlirsə mütləq bu ərazidə qonaq olur. Məhz elə buna görə bura gələcək turistlərə məhz burada bizə şans yaranır ki, tarixi mədəni irsimizi çatdıra bilək. Ona görə də bu ərazilərdə telefon, kompyuter və s. kimi reklamlar yerləşdirilməməlidir, indi rastlaşdığımız kimi. Burada Azərbaycanın, Bakı və bölgələrimizin memarlıq abidələri, incəsənət inciləri, xalçaçılıqla, dulusçuluqla, zərgərliklə, ipəkçiliklə bağlı reklam konstruksiyaları yerləşdirilib yayımlanmalıdır. Bir sözlə, Bakının bu qonaq evi sayılan ərazisi sosial reklam məkanına çevrilməlidir. Yəni burada bir, iki saat müddətində qonaq olan hər kəsə Azərbaycanın tarixi haqda informasiyanın çatdırılması şansı verilir bizlərə.
Digər tərəfdən də yuxarıda dediyim kimi, bu tarixi lövhələr bu tarixi binalarla vəhdət təşkil etməklə bu ərazinin tarixiliyini obrazlı şəkildə dünya ictimaiyyətinə çatdırmış olar.
- Buna nəzarət edən qurum varmı?
- Açıq məkanda reklamlara nəzarət edən qurum əvvəllər Bakı şəhəri İcra Hakimiyyəti idi. Sonradan bu səlahiyyətlər yeni yaranan Azərbaycan Dövlət Reklam Agentliyinə şamil edildi. Hal-hazırda da elə bu quruma aiddir. Bilirsiniz, bu qurum da reklam yayım vəsaitlərinin yığımı ilə məşğul olan qurum kimi, “təbii” olaraq marağındadır ki, bu ərazilərdə açıq məkan reklamlarının sayı, hətta həcmləri çox olsun. Çünkü açıq məkanda reklama görə 1m2 üçün qiymət tətbiq olunub. Lakin həcmindən, sahəsindən, formasından asılı olmayaraq bu kimi binalarda reklamların quraşdırılması tam yasaq olunmalıdır. Dediyim kimi, vitrinlərdəki yayım şəraiti elə kifayətdir.
Bir maraqlı məsələ də burasındadır. Deməli, hər hansı sahibkar obyekt açarkən iri həcmli, böyük formatlı ad -reklam quraşdırmasına meyillidir bizdə. Bu, sovet dönəmindən qalmış bir primitiv ənənədir. Belə ki, sovetlər dövründə reklamları hətta binaların damında yerləşdirirdilər. Binanın fasadının eni 50 metr olurdusa, mütləq damdakı reklam da 50 metr uzunluğunda olmalı idi. O reklamlar ümumi panoram fotolarında görünürdü, lakin bu binaların yaxınlığında olanlar heç o damda olan reklamı belə çox vaxt oxuya bilmirdilər. SUM, MUM, QUM üzərində, hətta inzibati binalarda belə. Yəni vizual baxımdan, rakus baxımından gözlə görünmürdü belə reklamlar. Amma dünyada daha fərqlidir. Ticarət obyektinin üzərində olan adları, yəni reklamları nə qədər böyük həcmdə olsa, əslində effektliyini bir o qədər itirir. Görürsünüz dünya brendlərini? Ən bahalı qiymətlərə mallarını satan brendlərin adları, reklamları çox kiçik həcmli olur. Yəni obyektin fasad sahəsinin 100-də 1-i qədər. Burada əmtəənin effektli çatdırılmasından gedir söhbət. Ticarət obyekti boyu uzun-uzadı, iri həcmli reklamlara ehtiyac yoxdur. Və son illərdə, deyərdim ki, bu sahədə irəliləyişlərimiz vardır. Yavaş-yavaş bizdə də bu tendensiya baş tutacaq.
Bir məsələ də burasındadır ki, ərazisinə görə xüsusi reklamdaşıyıcı konstruksiyalar yerləşdirmək qaydaları tətbiq edilməlidir. Yəni klassik abidələr ərazisində, yollarında belə klassik formalı reklam yayım konstruksiyaları tətbiq olunmalıdır. Açıq məkan reklamı ilə məşğul olan millli reklam firmalarımız bu işin öhdəsindən məharətlə gələ bilərlər. Memarlar, dizaynerlər, rəssamlar, konstruktorlar və d. üçün yeni-yeni iş yerləri də açılmış olar. Bakını bu başından o başınadək, yeri gəldi-gəlmədi rəqəmsal adı ilə yad ünsürlü reklam konstruksiyaları ilə doldurmaq qəti olmaz. Kimin gəlir götürəcəyi burada amil olmamalıdır. Burada milli dəyərlərdən, memarlıq və şəhərsalmadan gedir söhbət. Bu ərazilərdə yerləşdirlən bu ekranlar ərazinin gözəlliyinə baxışdan insanı yayındırır. İçərişəhər istiqamətində olan ərazilərdə, tarixi qoruğumuz Bakı bulvarında prospekt boyu dəmir konstruksiyaların yerləşdirilməsi də yasaq olunmalıdır. Bu əraziləri bu monitorlarla kinoteatra döndərmək olmaz.
- Müsahibənizdə açıq məkanda sosial reklamın genişləndirməsini vurğuladınız.
- Bəli. Sosial reklam mühüm əhəmiyyət kəsb edir. Dediyim kimi, Bakını ekranlarla doldurmaq lazım deyil. Xüsusi ərazilər təyin olunmalıdır. Həmin ərazilərdə reklam yayım ekranları deyil, Azərbaycanın tarixi-mədəni irsini tərənnüm etdirən kiçik memarlıq formaları, hətta kiçik həcmli heykəl kompozisiyalar qurulmalıdır, məhz elə o İçərişəhər istiqamətində, Azneft dövrəsindən Dəniz vağzalınadək, Bakı bulvarı ilə Neftçilər prospekti boyunca. Belə ki, Azərbaycanda xalçaçı xanımın xalça toxumasını, dulusçularımızın iş fəailiyyəti anını, ipək parçalar formalarını və s. tərənnüm etdirən heykəl kompozisiyalar yerləşdirilsə, bu dediyim zolaqda görün nə qədər maraqlı bir format alınar. Bununla yanaşı, Zəfər tariximizi əks etdirən formatlar da tətbiq oluna bilər. Tarixi memarlıq abidələrimizin maket formaları belə tətbiq oluna bilər. Çində bu tendensiya çoxdan vardır. Bilirsiniz, ölkəmiz, xüsusi ilə Bakı şəhəri artıq neçə illərdir ki, dünya səviyyəli tədbirlər məkanına çevrilib. Ard-arda müxtəlif beynəlxalq tədbirlər keçirilir. Şəhərə qonaq gələn, deyək ki, hansısa bir idmançının parklara, meydanlara çıxmağa vaxtı olmaya bilər. Lakin əsas yollar kənarlarında, dediyim kimi, tariximizi əks etdirən formatlar olarsa, o, bunu görmüş olar. Bu da onun beynində dərin iz buraxmış olar, yaddaşına həkk olunmuş olar. Və bu yerlər haqda maraqlı təəsüratlar yaratmış olar. Bu dediyim formaları həm də regionlarımıza gedən yolətrafı zolaqlarda da tətbiq etmək olar. Yəni, sosial reklam o demək deyil ki, hansısa konsert proqramı, tamaşa, fləşmob tədbiri olsun. Sosial reklamın daha zəngin formatları elə dediklərim formatlardır.
- Müsahibə üçün çox sağ olun, Cahid müəllim.
- Siz sağ olun!
Moskvada Azərbaycan Kinosu həftələri keçiriləcək
Yanvarın 22-dən fevralın 20-dək Moskvada, Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin (XTNS) “Azərbaycan” pavilyonunda Azərbaycan Kinosu həftələri keçiriləcək.
XTNS-in mətbuat xidmətindən AzərTAC-a verilən məlumata görə, bu pavilyonun qonaqları hər həftənin istirahət günlərində Azərbaycan kinematoqrafçılarının ən yaxşı filmlərinə tamaşa edə biləcəklər. Giriş sərbəstdir.
Kino həftələri çərçivəsində Eldar Quliyev, Anar Rzayev, Rasim Ocaqov, Ramiz Fətəliyev, Yuli Qusman və başqa məşhur rejissor və ssenaristlərin sovet dönəmində və postsovet dövründə çəkilmiş filmləri nümayiş etdiriləcək.
Filmlərdə əsas rollarda Azərbaycan və Rusiya aktyorları - Fəxrəddin Manafov, Aleksandr Kalyaqin, Lev Durov, Həsən Məmmədov, Fuad Poladov, Muxtarbəy Kantemirov, Polad Bülbüloğlu, Leyla Şıxlinskaya, Nəsibə Zeynalova, Şəfiqə Məmmədova, Həsən Turabov və başqaları çəkiliblər.
Seansların cədvəli ilə XTNS-in saytında tanış ola bilərsiniz.
Əməkdar artist Teymur Əmrah Fəxri fərmanla təltif olunub
Mədəniyyət naziri Anar Kərimov əməkdar artist, tanınmış müğənni Teymur Əmrahın 50 illik yubileyi münasibətilə Fəxri Fərman imzaıayıb, Fəxri Fərman sənətkara təqdim olunub.
Əməkdar artistə mükafatı İncəsənət və qeyri-maddi mədəni irs şöbəsinin müdiri Fərəh Acalova təqdim edib. Sevilən sənətkara mədəniyyət nazirinin ən xoş arzularını çatdıran F. Acalova ona gələcək fəaliyyətində uğurlar azulayıb.
Nobel mükafatçısı Svetlana Aleksieviç “Forbes”in siyahısına görə 50 ən nüfuzlu qadından biridir
Amerikanın “Forbes” jurnalı “50 Over 50” siyahısında Avropa, Yaxın Şərq və Afrika bölgəsində (EMEA) 50 yaşdan yuxarı 50 ən nüfuzlu qadının adını açıqlayıb.
Siyahıda iki yazıçı - Svetlana Aleksieviç və Bernardine Evaristo da yer alıblar.
73 yaşlı yazıçı və jurnalist Svetlana Aleksieviç 2015-ci ildə Ədəbiyyat üzrə Nobel mükafatını alan ilk Belarus vətəndaşıdır. O, Belarus Yazıçılar Birliyinin üzvü, Beynəlxalq PEN Klubun vitse-prezidenti, Belarus PEN Mərkəzinin sədridir.
Nigeriya mənşəli ingilis yazıçısı 62 yaşlı Bernardin Evaristo “Buker Mükafatı -2019” da daxil olmaqla bir neçə ədəbi mükafatın qalibidir. O, 2004-cü ildə Kral Ədəbiyyat Cəmiyyətinə qəbul edilib.
Bu gün görkəmli bəstəkar Şəfiqə Axundovanın doğum günüdür
Xalq artisti, bıstəkar Şəfiqə Axundovanın anadan olmasından 98 il ötür.
Yaşadığı keşməkeşli ömür yoluna baxmayaraq, o, heç vaxt sənətindən küsməmiş, yazdığı mahnılarla həm özünün, həm də başqalarının qəlbini ovundurmuş, milyonların sevimlisinə çevrilərək yaradıcılıq zirvələrini fəth etmişdi.
Xalq artisti, “Şöhrət” ordenli Şəfiqə Axundova 1924-cü ildə Şəki şəhərində dünyaya göz açıb. A.Zeynallı adına Bakı Musiqi Məktəbində oxuyarkən bəstəkar Üzeyir Hacıbəylidən dərs alıb, müəlliminin tövsiyəsi ilə təhsilini Azərbaycan Dövlət Konservatoriyasında (indiki Bakı Musiqi Akademiyası) davam etdirib və bəstəkarlıq ixtisası üzrə Boris Zeydmanın sinfini bitirib.
İlk bəstəsi olan “Bala” mahnısını müəllimi Üzeyir Hacıbəyliyə göstərərək onun xeyir-duasını almış Şəfiqə Axundova ustadından əxz etdiyi yaradıcılıq ənənələrinə və yüksək insani keyfiyyətlərə ömrünün sonunadək sadiq qalıb. Təsadüfi deyil ki, Şəfiqə Axundovanın əsərləri milli musiqi və professional bəstəkarlıq ənənələrini özündə birləşdirir. O, 1972-ci ildə yazdığı “Gəlin qayası” operası ilə Şərqdə ilk opera yazan qadın bəstəkar kimi tarixə düşüb.
“Gəlin qayası” operasında klassik musiqi ilə muğamın qovuşması Üzeyir Hacıbəyli üslubunun saxlanmasını bir daha təsdiq edir. Operada ariyalarla yanaşı, muğam parçalarının da səslənməsi bəstəkarın xalq musiqisini mükəmməl bilməsindən irəli gəlir və əsərə uğur qazandırır.
Şəfiqə Axundovanın zəngin yaradıcılığına “Ev bizim, sirr bizim” operettası, böyük simfonik orkestr üçün süitaları, xor üçün silsilə əsərləri, “Aydın”, “Əlvida Hindistan!”, “Nə üçün yaşayırsan?” səhnə əsərlərinə, “Təlxəyin nağılı”, “Dovşanın ad günü” və digər uşaq tamaşalarına yazdığı musiqilər, yüzlərlə mahnı və romans daxildir. Onun “Sənin nəğmən”, “Çinar və mən”, “Həyat, sən nə şirinsən?!”, “Sular qızı”, “Ötür illər”, “Nədən oldu”, “Bu torpağa borcluyam”, “İlhamını alar aşiq”, “Doğma diyarım”, “Şəki”, “Gözlərimin işığı sənsən”, “Gəl, ey səhər”, “Mehriban olaq”, “Yaşatdın elləri”, “Sevgi ölmür” və digər lirik mahnıları xalq arasında çox məşhurdur. Bu əsərlər ən kədərli vaxtlarımızda dərdimizə su səpir, bizə xoş ovqat bəxş edir. Bəstəkarın musiqi yazdığı şeirlər Azərbaycan poeziyasının ən gözəl nümunələridir. O, Süleyman Rüstəm, Xanımana Əlibəyli, Nəbi Xəzri, Bəxtiyar Vahabzadə, Zivər Ağayeva, Nəriman Həsənzadə, Mustafa İsgəndərzadə, Rüxsarə İbadova, Məsum Əliyev, Paşa Qəlbinur və başqalarının əsərlərinə mahnılar yazıb.
Şəfiqə Axundovanın əsərlərini Şövkət Ələkbərova, Gülağa Məmmədov, Fatma Mehrəliyeva, Anatollu Qəniyev, Rübabə Muradova, Zeynəb Xanlarova, Elmira Rəhimova, Zaur Rzayev, Səkinə İsmayılova, Gülyaz və Gülyanaq Məmmədova bacıları, Eldar Ələkbərov, Türkiyədə İbrahim Tatlısəs, Əhməd Şəfəq, istedadlı gənc ifaçı Berna Karagözoğlu və başqaları tərəfindən sevilə-sevilə oxunub və bu gün də ifa edilir.
Görkəmli musiqiçinin sənəti yeni nəslin təlim-tərbiyəsində də mühüm rol oynayıb. O, bir pedaqoq kimi ömrünün böyük hissəsini Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində keçirib, gənc nəslin təhsilinə töhfələr verib. Bəstəkarın sənət naminə çəkdiyi zəhmət Azərbaycan xalqı və hökuməti tərəfindən ən yüksək fəxri adlara layiq görülüb.
Şəfiqə Axundova 2013-cü il iyulun 26-da Bakıda vəfat edib, II Fəxri xiyabanda dəfn olunub.
Bəstəkarın insan duyğularına toxunan mahnıları dinləyicilərin qəlbində ona əbədilik qazandırıb.
20 yanvarla əlaqəli “Bir nəfəs qədər” tamaşası növbəti dəfə göstərilib
Azərbaycan Dövlət Akademik Musiqili Teatrında şəhidlərə, qazilərə, əsgərlərə və Zəfərimizin əsas simasına çevrilən analarımıza həsr olunan "Bir nəfəs qədər" (pyesin müəllifi: Samir Qulamov) tamaşası növbəti dəfə nümayiş edilib.
SSRİ Xalq artisti Fikrət Əmirovun musiqisi əsasında hazırlanan bu səhnə əsərinin ideya müəllifi və bədii rəhbəri Əməkdar incəsənət xadimi, fəlsəfə doktoru Əliqismət Lalayev, quruluşçu rejissoru Samir Qulamov, quruluşçu dirijoru və musiqi tərtibatçısı Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, quruluşçu rəssamı Vüsal Rəhim, quruluşçu baletmeysteri Əməkdar artist Leyla Ağayeva, konsertmeysteri Kamil Həsənov, rejissor assistentləri Sevinc Məmmədova və Əmrah Dadaşovdur.
Tamaşada, eyni zamanda, Prezident təqaüdçüsü, gənc pianoçu Kamil Həsənovun fortepiano musiqisindən də istifadə olunub.
Səhnə əsərində Əməkdar artist Nahidə Orucova, aktyorlar Gülnarə Abdullayeva, Gülcahan Salamova, Əmrah Dadaşov, İbrahim Əlizadə, Nəzrin İsmayılzadə, Mehriban Zaliyeva, Səmədzadə Xasıyev, Hidayət Əliyev, Əli Kərimov, Murad Əliyev iştirak ediblər.