Super User
Musiqili Teatr rusdilli tamaşaçıları üçün “Silva”nı təqdim edib
Azərbaycan Dövlət Akademik Musiqili Teatrı rusdilli tamaşaçıları üçün “Silva” operettasını nümayiş etdirib.
Görkəmli macar bəstəkarı İmre Kalmanın dünyaca məşhur operettanın süjet xəttində iki gəncin saf, təmiz sevgi hekayəsi dayanır.
Kabaredə müğənni işləyən Silva Varesku ilə knyaz oğlu Edvin Vedlersxeym arasında yaşanan eşq ətrafdakılar, xüsusi ilə də Edvinin ailəsi tərəfindən birmənalı qarşılanmır. Valideynləri Silva ilə evlənməyə hazırlaşan Edvini başqası ilə nişanlamağa qərar verirlər. Bu qərardan sonra dinamik, gözlənilməz situasiyalarla zəngin olan operettada yeni mərhələ - iki gəncin öz sevgisi uğrunda mübarizəsi başlayır.
Qeyd edək ki, səhnə əsərinin quruluşçu rejissoru Boris Lukinski, quruluşçu dirijoru Nazim Hacıəlibəyov, quruluşçu baletmeysterləri Yelena və Zakir Ağayevlərdir.
Aktyor heyətinin məharətli çıxışı səhnə əsərini baxımlı edib, tamaşa maraqla qarşılanıb.
Prezident İlham Əliyev xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin abidəsinin açılışında iştirak edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 18-də xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin Bakıda ucaldılan abidəsinin açılışında iştirak edib.
Daha geniş matetial gün ərzində təqdim olunacaq.
Monteskyönün müdrik kəlamları
1689-cu ilin 18 yanvarında dünyaşöhrətli fransız mütəfəkkiri, dillər əzbəri olan müdrik kəlamların müəllifi Şarl Lui Monteskyö dünyaya gəlib.
“Ədəbiyyat və incəsənət” portalı bu dahinin bir neçə kəlamını diqqətinizə çatdırır:
Mütaliə etmək – darıxma saatlarını həzz saatlarına çevirmək deməkdir.
Azacıq bilmək üçün lap çox öyrənmək lazımdır.
Ən böyük tiranlıq – Ədalət bayrağı altında, Qanun adı ilə həyata keçirilən tiranlıqdır.
“Sabah hər şey yaxşı olacaq” deyiminə yalnız sabah azad olmaqla çatmaq olar.
Hər xalq öz hökmdarına layiqdir.
Şəxsiyyətin azadlığı ilə vətəndaşın azadlığı həmişə üst-üstə düşmür.
Demokratiya prinsipi təkcə cəmiyyətdə bərabərlik ruhu yaratmaq demək deyil, həm də bu bərabərlik ruhunun elə bir həddinə çatması deməkdir ki, hər kəs özünə rəhbər seçdiyi şəxslə də özünü bərabər saya bilsin.
Mel Gibsonlu Last Looks filminin treyleri yayımlanıb
Hollivud istehsalı olan "Son baxışlar" (Last Looks) bədii komediya filminin ilk treyleri nümayiş olunub.
TASS agentliyi xəbər verir ki, Tim Kirkbynin rejissorluq etdiyi filmdə baş rolları ulduz aktyor Mel Gibson, habelə Çarlie Hunnam, Morena Baccarin, Lucy Fry, Dominic Monaghan, Jacob Scipio və Clancy Brovn canlandırır.
Filmdə Valdo obrazı cəngəllikdə minimalist həyat yaşayan keçmiş “LAPD” (Los Angeles Polis İdarəsi ) detektivini izləyir. Çarlie Valdo nüfuzdan düşmüş keçmiş “LAPD” detektividir.
Meşədə özü üçün yeni bir dünya yaradan Valdonun sakit, stressiz həyatı, ani bir təkliflə yenidən dəyişir. Nə təklif? Bunu fiımə baxanda biləcəksiniz.
Koronavirus müəmması açıldı
Pandemiya dönəmində planetin ən zəngin 10 adamının varidatı yeddi yüz milyard dollardan trilyon yarım dollara qalxıb
Dünyada koronavirus pandemiyası fonunda sosial bərabərsizlik güclənib. Bu barədə Oxfam-ın - yoxsulluqla bağlı problemlərin həlli ilə məşğul olan qeyri-kommersiya təşkilatının hesabatında deyilir.
“Ədəbiyyat və incəsənət” portalı Euronews-a istinadən xəbər verir ki, Oxfam-ın məlumatına görə, 2020-ci ilin yazından etibarən planetin ən zəngin adamlarından onunun ümumi maddiyyatlarının vəziyyəti yeddi yüz milyard dollardan trilyon yarım dollara, yəni iki dəfədən çox artmışdır.
Eyni zamanda, hesabata görə, bu koronavirus məhdudiyyətləri dönəmində hər gün aclıq və tibbi yardım almaq üçün məhdud imkan səbəblərindən 21 000 nəfər həlak olur.
Oxfam-ın icraçı direktoru Gabriela Bucher deyir: "Aydındır ki, belə davam edə bilməz. Bu il ərzində özündənrazı milyarderlərin kosmosa necə yüksəldiyini də gördük, insanların əksəriyyəti isə pandemiyadan əziyyət çəkir. Bu problemi necə həll etmək olar? Bizcə, zəngin insanların gəlirlərinə mütərəqqi vergitutmanı daxil etmək lazımdır, bu isə insanların pandemiyanın öhdəsindən gələ bilmədikləri bir sıra səbəbləri aradan qaldırmaq üçün resursları təmin edəcək, çünki milyonlarla insanın səhiyyə sisteminə və əsas xidmətlərə çıxışı yoxdur".
Qeyd edək ki, hazırda planetin ən zəngin insanı “Tesla” və “Space X” şirkətlərinin təsisçisi Ilon Maskdır. Reytinqdə ikinci yerdə Jeff Bezos – “Amazon”un yaradıcısı gedir. Üçüncü sırada Bernar Arno - LVMH holdinqinin sahibi qərarlaşıb.
Onluqda milyarderlər Mark Zukerberq (“Facebook)” və Bill Qeyts (“Microsoft”) də möhkəm yer alıblar.
Ekspertlər göstərir ki, dünyanın ən zəngin insanlarının vəziyyəti fond bazarında qiymətlərin artması ilə müəssisələrin fəaliyyətinin kifayət qədər tənzimlənməməsi, inhisarçılığın güclənməsi və nəzarətsiz özəlləşdirmənin artması ilə bağlıdır. Bu durumu isə gətirən koronavirus pandemiyasıdır.
İndi aydınlaşmırmı ki, koronavirus süni yollarla yayılır?
Eldar Quliyev, Nahid Hacızadə, Seyfəddin Dağlı
Bu günə təsadüf edən əsas tarixi hadisələri və bayramları diqqətinizə çatdırırıq. Bu gün beynəlxalq sferada daha bir ədəbiyyat yönümlü bayram keçirilir. Vinni Pux günü adlanan həmin bayram barədə artıq ayrıca məlumat vermişik. İndi isə gəlin keçid alaq digərlərinə.
Marqarita Vengerski və Pekinsayağı ördək günləri
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, xristian dünyası bu gün Marqarita Vengerskinin xatirə gününü qeyd edəcək. Bu, katoliklərin ənənəvi bayramıdır, Marqarita Vengerski macar kralı 4-cü Belanın qızı olub, Bizans imperatoru Nikeyin də həyat yoldaşı. Katolik kilsəsinin çiçəklənməsində, müsbət insanlıq keyfiyyətlərinin – nəcibliyin, xeyirxahlığın, düzgünlüyün bərqərar olmasında əhəmiyyətli rol oynayıb.
Yaddan çıxarmayaq ki, bu gün Amerikadakı mətbəx bayramı ikidir: Milli qurmanlar üçün kofe günü, bir də Milli Pekinsayağı ördək günü.
Tezaurus günü
Latıncadan mənası xəzinə olan tezaurus dilin leksikasını tam dəqiqliklə, tam geniş izah edən lüğətdir. Bu bayram 1779-cu ilin 18 yanvarında doğulmuş Piter Markın ad gününə salınıb, belə ki, Mark bütün həyatını filosoflar üçün xüsusi lüğət kitabını hazırlamağa sərf edib.
Yeri gəlmişkən, Azərbaycanda da tezauruslara ciddi ehtiyac var, biləsiniz. Bizim dilimiz gözəldir, amma o, xüsusən rus dilindən ixrac olunan sözlər və vulqar ifadələrlə (dajelər, ujelər, vapşelərlə) korlanıb. Üstəlik, fellərin əksəriyyəti (qoymaq, soxmaq, salmaq, basmaq, çalmaq və s.) “türkün sözü” sığortası ilə “ayıb ifadə” vermək anlamı daşıyır. Bu da dilə ciddi təpkidir. Dilin yeni söz yaratmaq ənənəsi də çox süni görünür. Bir ara çimərlik paltarına “geyçim”, hamam xələtinə isə “çimgey” adını vermələri yəqin ki yadınızdadır.
DVD-nin yarandığı gün
1996-cı ilin bu günündə Digital Video Disc – yəni DVD yaranıb. 6 diskdən ibarət CD –ROM-da yerləşən məlumatlar bir DVD diskində yerləşdirilib.
1995-ci ilin 18 yanvarı yaponlar üçün qara gəlib, Kobede baş verən 7,2 ballıq zəlzələ nəticəsində 6,5 min nəfər həlak olub. 1991-ci ildə Bundestaq dalbadal 4-cü dəfə Helmut Kolu federal kansler seçib. 1964-cü ildə The Beatles ilk dəfə ABŞ hit paradında yer alıb, “I want to hold your hand” mahnısı ilə. 45-ci olan mahnı cəmi iki həftə sonra artıq 1-ciliyə yüksəlib.
Siqaret qutularının üzərinə yazılan “Siqaret çəkmək sizin sağlamlığınız üçün ziyanlıdır” yazısının mənşəyini bilirsinizmi? 1964-cü ilin 18 yanvarında ABŞ həkimləri Konqresə çağırış ediblər ki, siqaret qutularının üzərinə onların ziyanı barədə mütləq qeyd yazılmalıdır, Konqres də belə bir tapşırıq verib. Sonra bu ənənə ÜST-ün də xoşuna gəlib, bütün dünyada yayılıb.
1926-cı ildə Arbatdakı “Xudojestvennaya” kinoteatrında Sergey Eyzenşteynin “Potyomkin zirehli gəmisi” filminin premyerası olub. Bu film SSRİ-nin ilk kult filmidir, eləcə də dünya kino tənqidçiləri hər zaman onu bəşəriyyətin ən dəyərli filmləri sırasına salırlar.
1919-cu ilin bu günündə Londonda “Bentli Motors” kompaniyası yaranıb. 1919-cu ilin bu günündə həm də Versal sülh konqresi keçirilib, bu barədə də portalımızda ayrıca yazı verilib.
İki yazarın anım günü
1947-ci ilin bu günündə görkəmli rəqqasə Afaq Məlikova dünyaya gəlib. Xaıq artistimizin 75 illiyi ilə bağlı ayrıca yazı verilib. 1941-ci ilin bu günündə mərhum dahi kinorejissorumuz (tək elə “Bir cənub şəhərində” filmi nəyə desəniz dəyər) Eldar Quliyev, 1933-cü ilin bu günündə videomaqnitafonu kəşf etmiş Rey Dolbi, 1876-cı ildə bir vaxtlar abidələri ucaldılan, rayonlar, küçələr adı ilə adlandırılan, əslində Azərbaycanın müstəqillik haqqını əlindən alıb ruslara verməkdə yardımçı olan Məşədi Əzizbəyov dünyaya gəliblər.
18 yanvar həm də iki tanınmış Azərbaycan yazıçısının vəfatı günü kimi yaddaşlarda qalıb. 2018-ci ilin bu günündə yazıçı, Azərbaycan Respublikası Xatirə kitabının baş redaktoru Nahid Hacızadə 82 yaşında dünyadan köçüb.
1983-cü ilin bu günündə isə yazıçı-dramaturq, “Onun bəlalı sevgisi” filmi ilə, eləcə də “Kəcil qapısı” romanı ilə milyonların rəğbətini qazanmış Seyfəddin Dağlı 61 yaşında vəfat edib.
Ruhları şad olsun.
Narkomaniya mövzusunda videoçarx ssenariləri müsabiqəsinin qalibləri elan olunub
Xəbər verdiyimiz kimi, Mədəniyyət Nazirliyi tərəfindən narkomaniyanın zərərləri mövzusunda videoçarx ssenariləri müsabiqəsi keçirilirdi. Ötən gün müsabiqəyə yekun vurulub.
“Ədəbiyyat və incəsənət” portalı Mədəbiyyət Nazirliyinə istinadən məlumat verir ki, Mədəniyyət Nazirliyinin Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 22 iyul tarixli 1334 nörməli Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nın 4.4.30-cu yarımbəndinin icrasını təmin etmək, eləcə də mədəniyyət və incəsənət sahəsində təhsil alan gənclərin yaradıcılığını stimullaşdırmaq və yeni yaradıcı qüvvələri audiovizual sahəyə cəlb etmək məqsədilə tələbələr arasında keçirdiyi müsabiqədə ssenarilər 2021-ci il dekabr ayının 1-dən 30-a qədər qəbul olunmuşdu.
Müsabiqəyə təqdim edilən videoçarx ssenariləri əsasında Münsiflər heyəti aşağıda adları qeyd olunan layihələri qalib olaraq seçib.
Yer Qalibin adı Layihənin adı
1-ci yer Murad Şükürlü“ Kilid ekranı”
2-ci yer Çinarə Əlişli“ Həyat ağacı”
3-cü yer Ziyafət Kazımov“ Bir qrossmeysterin hekayəti”
Qaliblər müvafiq olaraq 1500, 1000 və 500 manat məbləğində pul mükafatı ilə mükafatlandırılacaqlar. Qaliblərin mükafatlandırılması mərasiminin fevral ayının ikinci yarısında, Ali təhsil qurumlarında ikinci semestr başladıqdan sonra keçirilməsi nəzərdə tutulur.
Müsabiqənin münsiflər heyətinin sədri Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Kino və televiziya fakültəsinin dekanı, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Elnur Mehdiyev, üzvləri isə ADMİU-nun Kinoşünaslıq və ekran dramaturgiyası kafedrasının müdiri, dramaturq Əli Əmirli, sənətşünas, kino və televiziya redaktoru Nadir Bədəlov olub.
Bu gün tanınmış rəqqasə Afaq Məlikovanın 75 illik yubileyidir
Bu gün Azərbaycanın xalq artisti, incəsənətimizə layiqli töhfələr vermiş məşhur rəqqasə Afaq Məlikovanın ad günüdür, 75 illik yubileyidir.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Afaq Məlikova 1947-ci il yanvar ayının 18-də Bakıda anadan olub. Uşaqlığı müharibədən sonrakı çətin illərə təsadüf edib. Kiçik Afaq uşaqlıqdan rəqs etməyi sevirdi, rəqsə hədsiz marağını görən valideynləri onu Bakı Xoreoqrafiya Məktəbinə qoyublar. Leyla Vəkilovadan dərs alan gənc xanım istedadı sayəsində xalq artisti adına qədər yüksəlib.
O, 1963–1974-cü illərdə Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının solisti, sonradan həm də məşqçi pedaqoqu olub, 1982-ci ildən isə ansamblının bədii rəhbəri vəzifəsində çalışıb. Azərbaycan xalq rəqslərinin mahir ifaçısı olan Afaq xanımın repertuarına Şərq xalqları rəqsləri də daxildir. Türkiyə, Polşa, Fransa, Almaniya, İspaniya, Kanada kimi bir sıra xarici ölkədə çıxışlar edən rəqqasə 2001-ci ildə “Şöhrət”, 2017-ci ildə “Şərəf” ordenlərinə layiq görülüb. Afaq xanımı yubileyi münasibəti ilə təbrik edirik!
“Dubai Expo-2020”də DTA və MEDİA-nın elan etdiyi müsabiqənin qaliblərinə mükafatlar təqdim olunub
Dövlət Turizm Agentliyi (DTA) və Medianın İnkişafı Agentliyinin (MEDİA) KİV nümayəndələri arasında elan etdiyi “Azərbaycanın turizm potensialını tanıt” mövzusunda keçirilən müsabiqədə birinci yeri tutan qaliblərin mükafatalandırılması mərasimi keçirilib.
DTA-dan AzərTAC-a bildirilib ki, mükafatlandırma “Dubai Expo-2020” beynəlxalq sərgisində turizm həftəsi çərçivəsində baş tutub.
Mükafatlandırma mərasimində qaliblərə sertifikatlar Azərbaycan Turizm Bürosunun Baş icraçı direktoru Florian Zenqstşmid tərəfindən təqdim olunub.
Xatırladaq ki, müsabiqədə yazı kateqoriyası üzrə “Əsrlərdir saflığını qoruyan kənd - "Təbiət muzeyi"ndən reportaj” məqaləsi ilə Samirə Əli, TV süjeti kateqoriyası üzrə “Ağdam şəhəri işgüzar turizmin mərkəzi olacaq” süjeti ilə Çinarə Qambayeva və Elşad Məmmədov, foto kateqoriyası üzrə Anar Bayramlı I yeri tutaraq “Dubai Expo-2020” tədbirində Azərbaycan pavilyonunu ziyarət etmək üçün 3 günlük iştirak haqqı əldə ediblər.
Qeyd edək ki, “Dubai Expo-2020” beynəlxalq sərgisində yanvarın 9-dan 15-dək təşkil olunan turizm həftəsi çərçivəsində Azərbaycan turizm şirkətləri tərəfindən Novruz ənənləri və elementləri, milli mətbəx nümunələri, müalicəvi Naftalan nefti, saxsı qablar və milli ornamentli zinət və dekorativ əşyaların hazırlanması nümayiş etdirilib, eləcə də ölkəmizin turizm imkanları təqdim olunub.
Versal sülh konfransının ildönümü
Tarixdə elə beynəlxalq miqyaslı hadisələr baş verib ki, onlar bu və ya digər şəkildə Azərbaycanın taleyində önəmli rol oynayıb. Eləcə də haqqında baş açacağımız bu konfrans.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, 1919-cu ilin 18 yanvarında Parisdə, Versalda Paris Sülh Konfransı öz işinə başlayıb. Bu tarix simvolik bir tarix idi. Alman imperatoru l Vilhelm 1871-ci ilin 18 yanvarında Versalda "Güzgülü zalda" Fransa-Prussiya müharibəsindən qısa müddət sonra öz hakimiyyətini elan etmişdi. Həm də 18 yanvar 1701-ci ildə Prussiya krallığının da yarandığı gün idi.
Burada 27 ölkə, o cümlədən də müstəqilliyini elan etmiş Azərbaycan Xalq Cumhuriyyəti təmsil olunurdu. Məğlub ölkələr və Sovet Rusiyası konfransa dəvət almamışdılar. Konfransda aparıcı rolu "Böyük dördlük" - ABŞ prezidenti Vudro Vilson, Böyük Britaniyanın baş naziri Lloyd Corc, Fransanın və İtaliyanın baş nazirləri Jorj Klemanso və Vittorio Orlando oynayırdı. Konfransda məqsəd Almaniya və məğlub dövlətlərlə sülh müqavilələrini hazırlamaq idi. Müqavilənin əsasını V.Vilsonun konqresə təqdim etdiyi 14 maddə təşkil edirdi. Bu maddələrin məğzini dünyanın ədalətli surətdə yenidən qurulması prinsipləri təşkil edirdi.
Azərbaycan Cümhuriyyətini Paris Sülh konfransında təmsil edən Əlimərdan bəy Topşubaşovun rəhbərliyi altında nümayəndə heyətinin tərkibinə ölkənin tanınmış ictimai-siyasi xadimləri və görkəmli ziyalılar daxil idilər.
Müharibəni məğlubiyyətlə başa vuran "Dördlər ittifaqı"nın üzvləri, yaxud neytral ölkələr Azərbaycanın müstəqilliyinin beynəlxalq miqyasda tanınması üçün o qədər də mühüm, həlledici iş görə bilməzdilər. Burada əsas söz sahibi qalib tərəf -Antanta idi. Çox şey onların istək və iradəsindən, ümumi məşvərət əsasında verəcəkləri qərarlardan asılı idi. Bu elə bir zaman idi ki, məhz Osmanlıya yaxınlıqlarına görə ingilis və fransızlar Birinci Dünya müharibəsində səngərin əks tərəflərində vuruşduqları türklərə qarşı hələ də sönməyən qəzəbi onların azərbaycanlı qardaşlarına yönəltmişdilər. Nümayəndə heyətimizə Parisə getməyə viza belə verilmirdi, bununla belə fədakar və vətənpərvər həmyerlilərimiz bütün çətinliklərə baxmayaraq Paris sülh konfransına ilk gündən olmasa da, hər halda qatıla bildilər, 1919-cu il mayın 28-də İstiqlal günü ABŞ prezidenti Vilson Azərbaycan nümayəndə heyətini qəbul etdi. Vilsondan Azərbaycanın istiqlalının tanınması, Vilson prinsiplərinin Azərbaycana aid edilməsi, Azərbaycanın Millətlər Cəmiyyətinə qəbul olunması, ABŞ-ın Azərbaycana hərbi ləvazimat sahəsində yardım göstərməsi xahiş olunurdu.Vilson Azərbaycan nümayəndə heyətinə ümidverici bir şey demədi. O, sülh konfransının dünyanı kiçik hissələrə parçalamaq niyyətində olmadığını dedi və bildirdi ki, Azərbaycan məsələsi rus məsələsindən əvvəl həll edilə bilməz. Bununla belə, 1920-ci il yanvarın 11-də Lord Kerzonun təklifi ilə Paris konfransının ali şurasında Azərbaycanın istiqlalını de-fakto tanımaq haqqında yekdilliklə qərar qəbul olundu.
İstiqlalın tanınmasından 3 gün sonra bu tarixi xəbərin sədasını almış Azərbaycan bayram libasına büründü.
İndi o tarixi günü şərəf və qürurla anırıq!