Dövlət Turizm Agentliyi (DTA) və Medianın İnkişafı Agentliyinin (MEDİA) KİV nümayəndələri arasında elan etdiyi “Azərbaycanın turizm potensialını tanıt” mövzusunda keçirilən müsabiqədə birinci yeri tutan qaliblərin mükafatalandırılması mərasimi keçirilib.
DTA-dan AzərTAC-a bildirilib ki, mükafatlandırma “Dubai Expo-2020” beynəlxalq sərgisində turizm həftəsi çərçivəsində baş tutub.
Mükafatlandırma mərasimində qaliblərə sertifikatlar Azərbaycan Turizm Bürosunun Baş icraçı direktoru Florian Zenqstşmid tərəfindən təqdim olunub.
Xatırladaq ki, müsabiqədə yazı kateqoriyası üzrə “Əsrlərdir saflığını qoruyan kənd - "Təbiət muzeyi"ndən reportaj” məqaləsi ilə Samirə Əli, TV süjeti kateqoriyası üzrə “Ağdam şəhəri işgüzar turizmin mərkəzi olacaq” süjeti ilə Çinarə Qambayeva və Elşad Məmmədov, foto kateqoriyası üzrə Anar Bayramlı I yeri tutaraq “Dubai Expo-2020” tədbirində Azərbaycan pavilyonunu ziyarət etmək üçün 3 günlük iştirak haqqı əldə ediblər.
Qeyd edək ki, “Dubai Expo-2020” beynəlxalq sərgisində yanvarın 9-dan 15-dək təşkil olunan turizm həftəsi çərçivəsində Azərbaycan turizm şirkətləri tərəfindən Novruz ənənləri və elementləri, milli mətbəx nümunələri, müalicəvi Naftalan nefti, saxsı qablar və milli ornamentli zinət və dekorativ əşyaların hazırlanması nümayiş etdirilib, eləcə də ölkəmizin turizm imkanları təqdim olunub.