Super User

Super User

 

Azərbaycan Dövlət Pantomima Teatrının repertuarında xüsusi yer tutan tamaşalardan olan - “Underground” bu gün və sabah nümayiş ediləcək. 

 

Bu tamaşanın quruluşu ümumilikdə teatrın aktyorlarına məxsusdur. 

Tamaşa aktyorların fantaziyasında qaranlıq yeraltı dünyada baş verən proseslərdən, insanın qarşılaşdığı problemlərdən necə xilas ola bilmək bacarığından bəhs edir.

Bu günə - yanvarın 15-nə təsadüf edən əsas tarixi hadisələri və bayramları “Ədəbiyyat və incəsənət” portalı diqqətinizə çatdırır. Bu günün əsas bayramı Vikipediya günüdür ki, haqqında ayrıca yazı vermişik. İndi isə digərlərinə diqqət ayıraq.

 

Şlyapa, yaxud baş geyimi günü

Dərhal yadımıza Azərbaycan kinematoqrafiyasının incilərindən biri olan “Papaq” filmi düşdü, rəhmətlik Kamil Məhərrəmovun canlandırdığı obraz düşdü.

17-ci əsrdə otuzillik müharibə zamanı bütün Avropada qəribə bir baş örtüyü geyinmək dəbi yarandı, yüngül parçadan tikilmiş enli, quş lələyi ilə bəzənən şlyapa adını alacaq həmin nəsnədən Azərbaycanda yalnız 19-cu əsrdə - milli burjuaziya formalaşanda istifadə olunmağa başlanıldı. Amma ümumilikdə baş geyimindən söhbət gedirsə, bizdə papağın məna yükü daha dərindir, papaq – kişilik rəmzi hesab olunur. Qoyun dərisindən, qaragüldən hazırlanan papaq ta ki 20-ci əsrə qədər kişi başının dəyişməz atributu olub, motal papaqlar, şiş papaqlar, qoçu papaqları, şələ papaq, buxara papaq kimi müxtəlif papaq növləri kişiləri bir növ qruplaşdırıb, kimin hansı təbəqədən olmasını ələ verib.

Hazırda yalnız çox az yerlərdə, Xınalıq, Kiş, Qırız, Lahic, Talıstan kimi el adətlərinin qorunub saxlandığı qədim yurd yerlərində kişilərin papaq geymə məcburiyyəti qorunub saxlanılmaqdadır.

Azərbaycanda məşhur bir qarğış var, deyirlər, papağın boş qalsın. Gəlin bu papaq günündə bütün kişilərin papaqlarının boş qalmamasını arzulayaq. 

 

Amerikada bayram bayrama qarışıb

 

Hindistanda Callikattu günüdür. Motodorla öküzün savaşını görmüsünüz? Təqribən o cür bir tamaşa günüdür. Buynuzuna bayraq keçirilmiş öküz insanların arasına buraxılır, bir neçə nəfər də belindəki donqarlardan yapışmaqla onun qaçmasına, buynuzunu azad etməsinə imkan vermir. 

Zambaqlar ölkəsi hansıdır? Əlbəttə ki, Niderland. Bu gün Niderlandda ən əziz bayramlardan biridir, Zanbaq günüdür. İndoneziyada okean, Misirdə ağacəkmə, Kubada elm, Koreyada əlifba, Meksikada bəstəkarlar, Nigeriyada silahlı qüvvələr günüdür.

Amerikada isə Milli çay göbələyi içkisi günüdür. Tək elə bu? Əlbəttə ki yox. Milli çiyələkli dondurma günüdür həm də. Vəssalam? Yenə də yox. Milli yeni çəkilmiş meyvə şirəsi günüdür üstəlik.

 

Pentaqonun və “Le Figaro”nun ad günü

 

1994-cü ilin 15 yanvarında “demokratiya carçısı” sayılan Türkmənistanda keçirilən “şəffaf“ referendum nəticəsində Türkmənbaşı Saparmurad Niyazovun prezidentlik müddəti 5 ildən 10 ilə artırılıb. 1993-cü ilin 15 yanvarında kişilərin qulağı dincəlib, yazıqlar rahat nəfəs ala biliblər. NBC telekanalı ilə yayımlanan “Santa Barbara” serialının sonuncu – 2137-ci seriyası efirə gedib.

1970-ci ildə Liviyada kral İdrisi devirərək 28 yaşlı polkovnik Muammar Qəddafi hakimiyyətə gəlib. 1943-cü ilin bu günündə Vircinya ştatında Pentaqonun – ABŞ Müdafiə Nazirliyinin binası tikilib istifadəyə verilib. 1920-ci ildə Rusiyada admiral Kolçak həbs edilib. 1892-ci ildə doktor Ceyms Neysmit ABŞ mətbuatında basketbolun qaydalarını açıqlayaraq yeni idman oyununun yaranışını rəsmiləşdirib. 1826-cı ilin bu günündə Fransanın məşhur “Le Figaro” qəzetinin ilk sayı işıq üzü görüb. 1776-cı ildə Lvovda “Gazette de Leopol” adlı Ukrayna ərazisində ilk qəzet işıq üzü görüb. 1759-cu ildə Britaniya muzeyi qapılarını tamaşaçıların üzünə açıb. 1700-cü ildə 1-ci Pyotr dvoryanlara uzun və rahatsız xələtlərini Avropasayağı kostyumlarla əvəzləməyə icazə verib. 

 

Osip Mendelştamın silentiumu

 

1981-ci ilin 15 yanvarında Pitbull ləqəbli populyar ispan müğənnisi Armando Peres doğulub. 1963-cü ildə ən məşhur Amerika kriptoqrafı Brüs Şneyder, 1945-ci ildə populyar rus bəstəkarı Maksim Dunayevski, 1929-cu ildə qaradərilərin məşhur hüquq müdafiəçisi Martin Lüter Kinq, 1891-ci ildə ən sevdiyim rus şairlərindən biri, yəhudi əsilli Osip Mendelştam (o birisi də, yenə də yəhudi əsilli İosif Brodskidir), 1794-cü ildə məşhur rus yazıçısı, “Ağıldan bəla” əsərini yazmış Sergey Qriboyedov dünyaya gəliblər. 

İstədik Mendelştamdan azərbaycanca bir bənd şeir də verək, “Mendelştam” yazıb google-da axtarış verdik, Varisin 7 yanvar 2014-cü ildə yazdığı və Kulis portalında dərc edilən yazısı çıxdı. Orda belə yazılıb: 

“Rus poeziyasında xüsusi yeri və çəkisi olan iki şairi – Osip Mendelştamla İosif Brodskini bir çox şeylər birləşdirir. Ən əsası isə 60 ildən sonra birincinin nisbətən sadə həyat fəlsəfəsi ikinci tərəfindən nisbətən mürəkkəb şəkildə inkişaf etdirilib.

“Soyuq, fənərlərin verdiyi azacıq işığin darıxdırıcı qaranlığı, Yeni il küknarlarını bəzəyən oyuncaq canavarlar, ölü kətanı xatırladan səma, ətrafdakı yad və laqeyd insanlar toplusu, həyatdan öldürücü dərəcədə yorulmaq və şirin həblər udmaq təsəllisi...”

Osip Mendelştamdan.

“Tutqun payız və qış mənzərələrinin daimi növbələşməsi, işığa, hərarətə olan həsrət, çiçəyin üstünün tozu anlamında insanın çiyninin ağırlığı, küləkdən, nəmişlikdən və donmuş dənizin əksindən ibarət natürmort, ərzaq növbəsinə dayanmış qəzəbli və ac insanlar, axının əksinə getmək istəyən su damlası...”

İosif Brodskidən.

Və hər ikisinin daxili üsyanı, harayı, sonra pıçıltıları və son anda susmaları...

Silentium!!!”

 

“Buhenvald ifritəsi”nin taleyi

 

2010-cu ilin 15 yanvarında ABŞ biokimyaçısı, genetiki, genetik kodu deşifrə etdiyinə görə Nobel mükafatı qazanmış Nirenberq vəfat edib. 

2007-ci ildə Azərbaycan ədəbiyyatı xalq şairi Nəbi Xəzrini itirib. 83 il ömür sürmüş şair 1-ci Fəxri Xiyabanda uyuyur, Allah rəhmət eləsin!

1919-cu ilin 15 yanvarında isə almanların marksizm ideoloqları Roza Lükdemburq və Karl Libknext öldürülüblər.

15 yanvardan danışırıqsa mütləq bir ibrətamiz hadisəyə də toxunmalıyıq. 1951-ci ilin bu günündə faşistlərin məşhur Buhenvald konslagerinin komendantının həyat yoldaşı, “Buhenvald ifritəsi” ləqəbi ilə tanınan, məhbuslara qarşı görünməmiş vəhşiliklər edən, yüzlərlə insanı şəxsən öldürən İlza Kox (belə zərif məxluqmu olar, Tanrım?) məhkəmənin hökmü ilə ömürlük həbs cəzasına məhkum olundu. Sonra həbsxanada bu insan elədiyi günahlara görə vicdan əzabı çəkəcəkdi, rahatlıq tapa bilməyəcəkdi və 16 il keçəndən sonra yataq mələfəsi ilə özünü asıb öldürəcəkdi.

Çoxlarına qan udduran hakimi-mütləq mütləq sonda öz cəzasını almalıdır. Allah zülmkarları cəzasız buraxmır heç zaman.

Şənbə, 15 Yanvar 2022 10:40

Vikipediya günü

 

Bu gün həyatımıza möhkəm daxil olmuş Vikipediyanın yaranışının ildönümüdür. 

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Internet hələ yaranmamışdan ensiklopediya deyilən bir kitab var idi, orada hər şeydən və hər kəsdən yazırdılar, o vaxtlar bu bahalı kitablara hələm-hələm adamın əli çatmazdı, ona görə də hər kəs və hər yer barədə hər adam xəbərdar ola bilmirdi. Amma indi internet Vikipediya deyilən virtual ensiklopediya yaradıb, 2001-ci ilin 15 yanvarından fəaliyyətdə olan viki-ensiklopediya saytı indi hər kəsə istədiyi məlumatı girib asanca tapmağa imkan yaradır. O cümlədən Azərbaycanda da Vikipediya – çağdaş dövrümüzün ən yeni trendi aktualdır, yüzlərlə fədakar həmyerlimiz yorulmadan tariximiz, görkəmli şəxsiyyətlərimiz barədə məqalələr yazlb onları Vikipediyada yerləşdirir.

Gəlin Azərbaycanımızın bütün Vikipediya könüllülərini bayramları münasibəti ilə təbrik edək.

 

Hüquq müdafiəçiləri Dövlət Təhlükəsizliyi Xidmətinin istintaq təcridxanasında monitorinq keçirib. 

 

Bu barədə Lent.az-a İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Tural Hüseynov məlumat verib.

O qeyd edib ki, komitənin hüquq şöbəsinin rəhbəri Rövşən Məmmədovla birgə DTX-nın istintaq təcridxanasında saxlanılan şəxslərlə görüşüb:

“Görüşdüyümüz şəxslərdən biri də, həbsdə olan Şəmkirin keçmiş icra başçısı Alimpaşa Məmmədov idi. Alimpaşa Məmmədov saxlanma şəraitindən heç bir narazılıq ifadə etmədi. O, namaza başlayıb, şeir yazır və asudə vaxtlarında iqtisadi layihələr üzərində işləyir”.

Portalımız çalışacaq ki, Alimpaşa müəllimin şeirlərini əldə eləyib dərc etsin.

Xəbər verdiyimiz kimi, bu  gün Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında görkəmli italiyalı bəstəkar Cüzeppi Verdinin "Traviata" operası nümayiş ediləcək. 

 

Məşhur fransız yazıçısı Aleksandr Dümanın (oğul) “Kameliyalı qadın” əsərindən operaya uyğunlaşdırılan “Traviata” Alfred və Violettanın nakam sevgisindən bəhs edir.  

Bu tamaşa Azərbaycan Dövlət Akademik Opera və Balet teatrının böyük heyətlə çıxış edən solistləri, orkestri və xoru tərəfindən sənətsevərlərə təqdim olunacaq.  Dünyanın opera teatrlarında ən çox səhnələşdirilən əsərlərdən biri olan və sonu bədbəxtliklə bitən sevgi hekayəsindən bəhs edən əsərin baş rollarını Əməkdar artist Ramil Qasımov (Alfred) və İnarə Babayeva (Violetta) çıxış edəcəklər.

Operanın baş rol ifaçısı Opera və Balet Teatrının solisti, Əməkdar artist Ramil Qasımovun sözlərinə görə, “Traviata” dahi Cüzeppe Verdinin yazdığı operalar sırasında özünəməxsusluğu ilə hər zaman seçilən və İtaliya musiqisində ədəbi olaraq iz qoymuş çox tarixi və klassik operalardandır. 

Ramil Qasımov AzərTAC-a açıqlamasında bildirib: “Əbədiyaşar operada oynadığım Alfred obrazı debüt ifamdır. Deyim ki, bu obraz çox fərqli və özünəməxsus koloritli obrazdır. Məndə öz növbəmdə Azərbaycan Dövlət Akademik Opera və Balet teatrının solisti kimi öhdəmə düşən rolun üzərindən gəlməyə çalışıram. Həmçinin, tamaşanın dirijoru Xalq artisti Fəxrəddin Kərimovun çox məsuliyyətli və qızğın məşqləri hər birimizə böyük şövq verir və bunu tamaşada mənimlə tərəf müqabili olan bütün dostların təsdiq edə bilərlər. Qeyd edim ki, hər bir opera, hər bir tamaşa mənim yaradıcılığımda yeni bir nailiyyətdir və böyük bir uğurdur. Bu gün ölkəmizdə klassik vokal sənətinin təbliği və inkişafı üçün geniş zəmin yaradılıb, misilsiz işlər görülüb və qürur hissi ilə deyə bilərəm ki, məndə bu yolda əlimdən gələni edirəm və edəcəyəm. Hətta xeyli müddətdir ki, xüsusi müəllim ilə italyan dilini öyrənirəm. Fikrimcə, klassik vokal sənətinə hər zaman ciddi yanaşmaq və daha ciddi məşğul olmaq tələb olunur. İtalyan dilini öyrənməyim ifamın mükəmməlləşməsi, obrazların daxili aləmini daha yaxından anlamağım, qəhrəmanların hiss və həyacanlarını istənilən səviyyədə ifadə edə bilmək baxımından çox vacibdir. Sonda fürsətdən istifadə edib teatrımızın bütün yaradıcı və texniki heyətinə uğurlar arzulayıram”.

 

Bu gün Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında görkəmli italiyalı bəstəkar Cüzeppi Verdinin "Traviata" operası nümayiş ediləcək. 

 

Məşhur fransız yazıçısı Aleksandr Dümanın (oğul) “Kameliyalı qadın” əsərindən operaya uyğunlaşdırılan “Traviata”, Parisin elit təbəqəsinin tanınmış simalarından olan Violetta adlı dəbdəbəni sevən gənc qadının enişli-yoxuşlu həyatını əks etdirir.

Alfred və Violettanın nakam sevgisindən bəhs edən tamaşa Azərbaycan Dövlət Akademik Opera və Balet teatrının böyük heyətlə çıxış edən solistləri, orkestri və xoru tərəfindən sənətsevərlərə təqdim olunacaq. 

Dünyanın opera teatrlarında ən çox səhnələşdirilən əsərlərdən biri olan və sonu bədbəxtliklə bitən sevgi hekayəsindən bəhs edən əsərin baş rollarında Əməkdar artistlər Ramil Qasımov (Alfred) və İnarə Babayeva (Violetta) çıxış edəcəklər.

Dirijoru Xalq artisti Fəxrəddin Kərimov, xormeysteri Əməkdar incəsənət xadimi Sevil Hacıyeva olan səhnə əsərində digər rollarda Xalq artistləri Əli Əsgərov (Markiz), Əkrəm Poladov (Doktor D' Obinyi), Əməkdar artistlər Cahangir Qurbanov (Jermon), Tural Ağasıyev (Qaston) və solistlər Nina Makarova (Flora), Mahir Tağızadə (Baron Bufol), Səbinə Bağırova (Anina) iştirak edəcəklər.

Bu yaxınlarda XXL dərgisi siyasi elitadakıların ən sevdikləri filmlərin adlarını açıqlayanda orada ön sırada böyük fərqlə bir film dayanmışdı: Frensis Ford Koppolanın “Xaç atası” filmi.

 

1972-ci ildə çəkilən bu ölməz filmin  bərpa olunmuş versiyası fevralın 24-də ekran əsərinin 50 illik yubileyi münasibətilə təkrar prokata çıxarılacaq. Bu, düşünürük ki, kinosevərlər üçün ən gözəl töhfə olacaq. 

“Ədəbiyyat və incəsənət” portalı  TASS agentliyinə istinadla xəbər verir ki, bu barədə Rusiyanın film distributor şirkəti “Central Partnership” məlumat yayıb.

Mario Puzonun eyniadlı romanı əsasında ekranlaşdırılan film Nyu–Yorkdakı Siciliya mafiya ailəsi bosu Don Korleonenin həyat hekayəsindən bəhs edir. 

Trilogiyanın ilk filmi 1972-ci il martın 24-də ekranlara çıxıb. 

Yəqin gözəl xatırlayırsınız, filmdə rolları Marlon Brando, Al Paçino, Daiyan Kiton və başqaları ifa ediblər.

Filmin bərpası üzərində işlər düz üç il davam edib. Neqativlərdə olan ləkələrin, zədələnmələrin və digər anomaliyaların aradan qaldırılmasına 4 min saatdan çox vaxt sərf edilib, mütəxəssislər min saatdan çox rəng korreksiyası ilə məşğul olublar. Bütün işlər rejissorun şəxsi nəzarəti altında həyata keçirilib. Nəticədə, film sanki yeni çəkilmiş kimi keyfiyyət əldə edib.

Film Amerikada və Avropada eyni zamanda ekranlarda görünəcək. Onun Bakıda da nümayiş etdiriləcəyi ümidi ilə!

Bu gün İctimai Nəzarət Mərkəzi “Vətəndaşların sosial problemləri və ictimai nəzarət” mövzusunda onlayn konfrans keçirib.

Bu haqda xəbəri “Ədəbiyyat və incəsənət” portalına Milli QHT Forumundan veriblər. 

Konfransda bir sıra dövlət qurumları, QHT və media nümayəndələri iştirak edib. 

 

 Mərkəzin sədri Rauf Zeyni dünyada və ölkəmizdə mövcud olan sosial problemlər, onların həlli üçün keçirilən tədbirlər barədə iştirakçılara məlumat verib.

Sonra “Vətəndaşların Sosial Rifahı Naminə” İctimai Birliyinin sədri İradə Rzazadə tədbir iştirakçılarına həyata keçirilən sosial islahatların əhəmiyyəti barədə danışıb.

Konfrans müddətində bir sıra dövlət qurumları və QHT nümayəndələri, ictimai şura üzvləri – Mədəniyyət Nazirliyi yanında İctimai Şuranın sədri Gəray Əlibəyov, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında İctimai Şuranın sədri Elşad Məmmədov, Şəmkir Təlim və Resurs Mərkəzinin sədri Fuad Bədəlov, “Azərbaycan Sahibkar Qadınlar” İctimai Birliyinin sədri Zenfira Ağayeva, Balakən Rayon İcra Hakimiyyətinin ictimai, siyasi və humanitar məsələlər üzrə şöbəsinin baş məsləhətçisi Aynur Omanova, “Cəmiyyətin və Vətəndaş Münasibətlərinin İnkişafı İB-nin sədri Əhməd Abbasbəyli, ATXƏM-in sədri İlham İsmayılov, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun rəhbər müavini Tanrıverdi Aydınov, Əbdürrəhim bəy Haqverdiyev Mərkəzinin rəhbəri Eldar Məlik-Abbas, Dövlət Miqrasiya Xidmətinin əməkdaşı Adəm Salahov, Bakı Şəhər İcra Hakimiyyətinin nümayəndəsi İsrafil Kərimov, “İnkişafa və İslahatlara Dəstək” İB-nin sədri Ramil Əliyev, Azadlıq Hərəkatçıları Birliyinin sədri Təhmasib Novruzov, “İnkişaf və Rifah Naminə” İB-nin sədri Zəminə Səfərova, Dövlət Gömrük Komitəsinin nümayəndəsi Vüqar Əliyev, Sumqayıt Şəhər İcra Hakimiyyətinin şöbə müdiri Fərman Kazımov, Şirvan Rayon İcra Hakimiyyətinin şöbə müdiri Adəm Hüseynov, Əlil Qadınlar Cəmiyyətinin sədri Məhluqə Rəhimova, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşı Ülvi Qiyasov və digər iştirakçılar çıxış edərək öz fikir və təkliflərini bildiriblər. 

Yekunda İ. Rzazadə verilən sualları cavablandırıb və sosial problemlərin həllinə dair öz təkliflərini irəli sürüb.

 

Milli kinematoqrafiya sahəsində fəaliyyət göstərən yaradıcı şəxslərə dəstək olmaq, bu istiqamətdə çalışan müstəqil prodüser mərkəzlərinin və istehsal şirkətlərinin fəaliyyətini stimullaşdırmaq, milli-mənəvi və ümumbəşəri dəyərləri filmlərlə təbliğ etmək, kino peşəkarlarının təcrübələrini daha da artırmaq məqsədilə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən 2021-ci il dekabr ayının 1-dən elan olunmuş “Tammetrajlı bədii film layihələrinə dəstək 2022” müsabiqəsinə layihələrin qəbulu reqlamentə əsasən yanvar ayının 17-də başa çatır.

 

Lakin, müsabiqəyə göndərilən sənədlərin toplanması və bəzi müəlliflər tərəfindən ssenarilərinin tamamlanması üçün əlavə vaxt verilməsi ilə bağlı edilən müraciətləri nəzərə alaraq müsabiqənin layihələrin qəbulu mərhələsinin yanvar ayının 31-ə qədər uzadılmasına qərar verilib. 

Bu barədə nazirlik məlumat yayıb. 

Məlumat üçün bildiririk ki, müsabiqənin digər mərhələləri reqlamentə uyğun olaraq davam edəcək. Reqlamentlə http://mct.gov.az/az/bfdestek2022 linki vasitəsilə ətraflı şəkildə tanış olmaq mümkündür.

Nəticələr isə mart ayının sonunda www.culture.gov.az saytında və “Mədəniyyət” qəzetində elan olunacaq.

 

"Report"un Avropa bürosunun məlumatına görə, kinorejissor Ramiz Əliyev (Hindarx) 84 yaşında uzun sürən xəstəlikdən sonra Niderlandin Dodrext şəhər xəstəxanasında dünyasını dəyişib.

 

Qeyd edək ki, R.Əliyev 15 mart 1938-ci ildə Ağcəbədi rayonu Hindarx qəsəbəsində anadan olub. 1956-cı ildə "Azərbaycanfilm"də fəaliyyətə başlayan soydaşımız müxtəlif illərdə rejissor assistenti, ikinci rejissor və rejissor kimi Azərbaycan kinosuna töhfələr verib. O, rejissor kimi "Bəyin oğurlanması", "Dəli Kür", "Həm ziyarət, həm ticarət", "İnsan məskən salır", "İstintaq", "Qaynana", "Qızmar günəş altında", "Möcüzələr adası", "O olmasın, bu olsun", "Otel otağı", "Ölsəm, bağışla", "Şir evdən getdi", "Yenilməz batalyon" və digər 40-a qədər film üzərində çalışıb.

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.