Opera və Balet Teatrında “Traviata” nümayiş etdiriləcək

 

Bu gün Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında görkəmli italiyalı bəstəkar Cüzeppi Verdinin "Traviata" operası nümayiş ediləcək. 

 

Məşhur fransız yazıçısı Aleksandr Dümanın (oğul) “Kameliyalı qadın” əsərindən operaya uyğunlaşdırılan “Traviata”, Parisin elit təbəqəsinin tanınmış simalarından olan Violetta adlı dəbdəbəni sevən gənc qadının enişli-yoxuşlu həyatını əks etdirir.

Alfred və Violettanın nakam sevgisindən bəhs edən tamaşa Azərbaycan Dövlət Akademik Opera və Balet teatrının böyük heyətlə çıxış edən solistləri, orkestri və xoru tərəfindən sənətsevərlərə təqdim olunacaq. 

Dünyanın opera teatrlarında ən çox səhnələşdirilən əsərlərdən biri olan və sonu bədbəxtliklə bitən sevgi hekayəsindən bəhs edən əsərin baş rollarında Əməkdar artistlər Ramil Qasımov (Alfred) və İnarə Babayeva (Violetta) çıxış edəcəklər.

Dirijoru Xalq artisti Fəxrəddin Kərimov, xormeysteri Əməkdar incəsənət xadimi Sevil Hacıyeva olan səhnə əsərində digər rollarda Xalq artistləri Əli Əsgərov (Markiz), Əkrəm Poladov (Doktor D' Obinyi), Əməkdar artistlər Cahangir Qurbanov (Jermon), Tural Ağasıyev (Qaston) və solistlər Nina Makarova (Flora), Mahir Tağızadə (Baron Bufol), Səbinə Bağırova (Anina) iştirak edəcəklər.

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.