Super User
4 illik fasilədən sonra “Oskar” mərasimi yenidən aparıcının iştirakı ilə keçiriləcək
Amerika Kino Akademiyasının “Oskar” mükafatlarının təqdimetmə mərasimi 2018-ci ildən bəri ilk dəfə olaraq aparıcının iştirakı ilə keçiriləcək.
Bu barədə “Variety” jurnalı tədbiri yayımlayacaq ABC telekanalının əyləncə şöbəsinin rəhbəri Kreyq Erviçə istinadən xəbər verib.
Qazeta.ru-ya istinadən “Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Erviç aparıcının adını açıqlamayıb. Ancaq zarafatla qeyd edib ki, mərasimi onun özü də keçirə bilər. ABC sözçüsü qısa zamanda daha ətraflı məlumat verəcəyini vəd edib.
94-cü “Oskar” mükafatlandırma mərasimi martın 27-də ənənəvi olaraq Los-Ancelesdəki “Dolby Teatrı”nda keçiriləcək. Namizədlərin adları fevralın 8-də açıqlanacaq.
Qeyd edək ki, sonuncu dəfə 2018-ci ildə “Oskar”ın aparıcısı komediya ustası, aktyor və ssenarist Cimmi Kimmel olub.
Tarkan intihar etmiş gənclə bağlı müraciət etdi
20 yaşlı tibb fakültəsi tələbəsi Enes Karanın yataqxanada təzyiqlərə məruz qaldığını və psixoloji cəhətdən yorğun olduğunu bildirən videonu sosial şəbəkədə yaydıqdan sonra intihar etməsi bütün Türkiyəni silkələyib.
“Ədəbiyyat və incəsənət” portalı SonDakika saytına istinadən məlumat verir ki, hadisə ilə bağlı bir çox ünlülər açıqlama veriblər, reaksiya göstəriblər. O cümlədən də Türkiyənin meqa starı Tarkan.
Tanınmış müğənni bütün türk valideynlərinə, analara müraciət edərək deyib: "Ey analar! Uşaqlarınızın duyğularını və düşüncələrini həssaslıq, sevgi ilə dinləyin və hər şey bitməsin deyə qeydsiz-şərtsiz onlarla birlikdə olun. Onların azad iradəsinə, arzularına və seçiminə həmişə hörmət edin."
Tarkanın bu müraciəti geniş tirajlanmışdır. Həqiqətən, psixoloji aspektdən mütəxəssislər izah edirlər ki, Türkiyədə valideyin-övlad uçurumu Qərb səviyyəsinə çatmaqdadır, halbuki türk mentaliteti həmişə ailə humanizminə önəm verib.
ABŞ
Merilend Universitetinin tibb fakültəsinin cərrahları 7 saatlıq əməliyyat nəticəsində insana donuz ürəyi köçürmüşlər. İnsan donoru tapmayan əlacsız pasiyent sinəsində donuz ürəyinin döyünməsinə razılıq vermişdir.
AP agentliyi.
Azərbaycanda qızlara qarşı genosid
12-13 yanvarın təqvimi Varisin təqdimatında
12 yanvar
Ümumdünya Qız Övladları Günü
Hər vaxtınız xeyir. Bugünkü təqvimimizə Ümumdünya Qız Övladları Günü ilə başlayırıq, hər bir ailədə qız övladı var deyə və onlar çox sevimlidirlər deyə bu bayram xüsusi əhəmiyyət kəsb edir. Belə bir günü təqvimə Hindistanda təntənə ilə keçirilən qız övladları günündən təsirlənərək salıblar, indi bütün dünya bu günü qeyd edir.
Amma mən nikbin yox, bədbin notlarla danışacağam. Çox ağrılı bir mövzu var. Azərbaycan bu gün dünyada əhali artımı seçiminə görə Çindən sonra ikinci yerə qalxıb. Çində məsələ aydındır, ikinci uşaq dünyaya gətirməyə qadağa qoyulduğundan yeganə övladın nəsil davamçısı olan oğlan olması qeydinə qalırlar. Bizdə isə son illərdə ailələrin məhz oğlan uşağı seçimi etmələri səbəbindən heç kəs danışmır. Halbuki əksərən dolanışıq ucbatından gənc ailələrin cəmi bir uşağa üstünlük vermələri Azərbaycanı demoqrafik prosesin tam pozulmasına sürükləyir. Bu gün hər doğulan 100 qız uşağına 116 oğlan uşağı düşür. Bu tendensiya davam etsə, yaxın 50 ildə ölkəni demoqrafik fəlakət gözləyəcək.
Benzinin, işığın, suyun, qazın, çörəyin, bütün gündəlik təlabat mallarının qiymətlərinin qalxmasına “piyada gəzmək, az yemək faydalıdır” deyə bəraət qazandıran buyruq ekspertləri bu məsələdə də orijinallıq nümayiş etdirirlər, hətta arsız-arsız “Oğlanların çox doğulması qorxulu deyil, onsuz da böyüyəndə ya iş dalınca xaricə üz tutacaqlar, ya da müharibədə öləcəklər” deyərək baş altına yastıq qoymağa çalışanlar da var. Belələrinə söz tapıb demək olmur.
İki yol var. Ya dölün ana bətnində müəyyənləşdirilməsi rəsmən qadağan olunmalıdır. Ya da insanların güzəranı yaxşılaşdırılmalıdır, uşaqpulları verilməlidir, valideyinlərin dünyaya bir neçə uşaq gətirməkdə stimulları olmalıdır.
Nağılvarı vəhşı adamlar günü
Nağıllarımızda belələri var, onlar əslində adam deyillər, mifik obrazlardır, Divdir, Təpəgözdür, Yeddibaşlı əjdahadır. Bu günün anlamı ondadır ki, bu sayaq mifik obrazların daha yaranmadığı, inandırıcı olmadığı mövcud elm və texnika yüksəlişi dövründə bu obrazların şər xislətli dağıdıcılıq missiyasını həyata keçirən insanlar diqqət mərkəzində dursunlar, onlara ümumi xalq nifrəti formalaşdırılsın. Kimlərdir bunlar? Təbii ki, diktatorlar, aqressorlar, manyaklar, seriya qatilləri və digərləri.
Kürəni öpmək günü
ABŞ-da keçirilməsi ənənəsi olan bu bayram tezliklə bütün Qərb dünyasını əhatə edib, kökündə əyləncə dayanır. Sən həmin gün ətrafında olan kürən adamı müəyyənləşdirib öpürsən.
Deyilənə görə bu, kürənlər üçün əsl bayramdır, xüsusən, onların bundan sui-istifadə edənləri üçün. Məsələn, kürən oğlan ona diqqət göstərməyən bəyəndiyi qızın, kürən işçi ondan razı olmayan müdirinin qarşısında peyda olurlar ki, buyur, öp məni. Maraqlı təyinatdır, deyilmi?
Bu da sizin üçün türkmənlər
Yennayer günüdür. Şimali Afrikada yaşayan ərəb xalqlarının – Mərakeş, Misir, Əlcəzair, Liviya, Zənzibar əhlinin Yeni ili başlayır bu gün. Qədim təqvimlərdə bu gün Aqrar Barbarların yeni ili kimi qeyd olunur.
Biz Türkmənistanı diktaturanın mövcud olduğu ən qapalı ölkə hesab edirik, hətta bu cəhətdən onu Şimali Koreyaya da bənzədirik. Amma türkmənlərin də diş qıcamaları var. Məsələn, bu gün onlar Xatirə günü keçirəcəklər. 12 yanvar 1881-ci ildə Aşqabad yaxınlığındakı Göy-Təpədə rus işğalçıları tərəfindən öldürülən türkmən əsgərlərinə yas tutacaqlar.
Amerikalıları isə bu gün masa arxasına birdən-birə üç bayram toplayacaq. Milli marzipan günü. Marzipan – unun, badamın və şəkər siropunun qarışığından hazırlanan məşhur qənnadı məmulatıdır, bizim halvaya bənzəyir. Milli toyuq karrisi günü. Toyuq karrisi – toyuğun Hindistan sousu olan bol ədvalı, istiotlu karridə qızardılmasıdır. Milli ponçik günü. Ponçik isə üstünə şəkər tozu səpilmiş bitki yağında qızardılan kökədir ki, bizim uşaqlar da onu çox sevirlər.
9 və 8 yaşlı valideyinlər
2010-cu ilin bu günündə son illəfrin ən dəhşətli zəlzələlərindən biri baş verib, Haitidə iyirmi dəqiqə ərzində 7 və 6 bal gücündə iki yeraltı təkan nəticəsində minlərlə bina dağılıb, 250 000 insan həlak olub, ölkəyə 9 milyard dollarlıq ziyan dəyib. 2007-ci ilin bu günündə Çin bütün beynəlxalq protokolların ziddinə gedərək kosmosda silah tətbiq edib, özü öz metereoloji peykini vurub. 1998-ci ilin bu günündə Avropa İttifaqının 19 ölkəsi insan klonlaşdırılmasını qadağan edən protokol imzalayıb. 1990-cı ildə Şərqi Avropa ölkələri arasında ilk olaraq Rumıniya rəsmən Kommunist Partiyasının fəaliyyətini qadağan edib. 1954-cü ildə Avstriyanın Forarlberq əyalətində qar uçqunu 200 nəfərin həyatına son qoyub. Onun qurtardığını düşünüb evlərinə qayıdan evakuasiya olunmuş əhali tezliklə daha bir uçquna da məruz qalıb, daha 115 nəfər həlak olub.
1950-ci ildə SSRİ-də satqınlıq, şpionaj və sabotaja görə yenidən ölüm hökmü tətbiq edilməyə başlanılıb. 1928-ci ildə ABŞ-da ilk dəfə olaraq elektrik stulunda qadın edam olunub. 1913-cü ildə İosif Cuqaşvili ilk dəfə Stalin imzası ilə çıxış edib.
Tarixdə ən azyaşlı valideyinlər Çin vətəndaşlarıdır, onlar – 9 yaşlı ata və 8 yaşlı ana 1910-cu ilin bu günündə dünyaya övlad gətiriblər (Allah uzaq eləsin). 1722-ci ilin bu günündə isə 1-ci Pyotr yeni orqan yaradıb – prokurorluq. Və Rusiyanın ilk baş prokuroru Yaqujinski olub. Bu münasibətlə də ruslar bu gün Prokurorluq gününü qeyd edirlər.
Ədəbiyyatla bağlı gün
Bu gün bəşərin iki böyük yazıçısının doğum günüdür. Onlardan biri bizim çağdaşımızdır, 1949-cu ildə Yaponiyanın Kioto şəhərində dünyaya göz açan, tək elə bir “Norveç meşəsi” romanı ilə ədəbiyyat tarixinin ən gözəl səhifələrindən birinin yaradıcısı olan Haruki Murakami bu gün özününü 73 yaşını qeyd edir. Yazıçını sidqi-ürəkdən təbrik edir, zalımcasına hər yetənə mükafatı qıyıb ona qıymayan Nobel komissiyasına isə “bəsdirin, yetər” deyirik.
İkinci böyük yazıçı isə 1876-cı ildə ABŞ-da, San-Fransiskoda doğulan, ötən əsrin qızıl klassiklər pleadasında yer tutan, “Martin İden” kimi ölməz əsər yazan Jek Londondur, ona da rəhmət diləyək.
Bu 12 yanvar gününü ümumiyyətlə bir ədəbiyyat simvollu gün hesab etmək olar, 1628-ci ildə dünya ədəbiyyat tarixində silinməz iz qoyan, uşaqlıqdan hamımızın kitablarını sevə-sevə oxuduğumuz Şarl Perro dünyaya gəlib.
Ayrıca bura böyük türk şairi, böyük türkçü və turançı, 1905-ci ildə Kadıköydə dünyaya göz açmış Nihal Atsızı, habelə daha bir müasirimizi – Azərbaycan yazıçısı və ssenaristi, 1956-cı il təvəllüdlü Sadıq Elcanlını əlavə etsək mənzərə tam aydın olar.
Amma 12 yanvarın ədəbiyyatla bağlılığı tək bu gün doğulanlarla deyil, bu gün vəfat edənlərlədir həm də. 2013-cü ildə Xırdalanda Əliağa Vahiddən sonra əsl xalq sevgisi qazanmağa müəssər olmuş el şairi, əslən Göyşə mahalından olan Aşıq Alqayıt 73 yaşında dünyadan köçüb. 1976-cı ildə isə “detektiv janrının kralıçası” titulunu qazanmış, bütün romanları bestseller olan ingilis yazarı Aqata Kristi vəfat edib.
Bu da sizin üçün 12 yanvar.
Məkub yazıb Ceff Bezosu təbrik edə bilərsiniz
Bu gün dünyaya göz açanlar tək məşhur ədəbiyyat xadimləri deyil təbii ki. Müasir dünyamızın ən varlı adamı, xüsusən pandemiya dövründə sərvəti sürətlə artan, 200 milyard dollar həddini tarixdə ilk kəs keçən Ceff Bezosun – “Amazon.com” şirkətinin yaradıcısının bu gün 58 yaşı tamam olur. 1964-cü ildə ABŞ-ın Nyu-Meksiko ştatında doğulmuş Bezosun bu yaxınlarda müsahibəsini oxumuşam. Deyəsən ədəbiyyatla bağlı mistik 12 yanvar günündə doğulması hər halda öz sözünü deyir, Bezos etriaf edib ki, onun indiki səviyyəyə çatmasında əsas rolu kitablar oynayıblar, xüsusən də Kadzio İsiquronun “Günəşin qalıqları” romanı.
1941-ci ilin bu günündə məşhur Belarus musiqiçisi, Sovetlər dönəmində çox sevilən “Pesnyarı” qrupunun rəhbəri Vladimir Mulyavin, 1936-cı ildə məşhur latış bəstəkarı, sovetlər dönəmində Mulyavindən də çox sevilən, Alla Puqaçovanın oxuduğu və dillər əzbəri olan “Milyon qızılgül” mahnısının müəllifi Raymond Pauls dünyaya gəlib. 1903-cü ildə sovet atom bombasının atası İqor Kurçatov, 1893-cü ildə 3-cü reyxin ən qəddar başçılarından olan Qerman Qerinq, 1878-ci ildə Azərbaycan Xalq Cumhuriyyətinin səhiyyə naziri olmuş Xudadat bəy Rəfibəyov, ən nəhayət, 1822-ci ildə daxili yanma mühərrikini kəşf etmiş Etyen Lenuar dünyaya gəliblər.
13 yanvar
Köhnə yeni il
Bayram həvəskarları Yeni ilin abu-havasından hələ çıxmayıblar, odur ki yanvarın 13-dən 14-nə keçən gecə Köhnə yeni ili də qeyd etmək məhz onlar üçündür. Amma heç düşünürükmü, hardan peyda olub bu ənənə? Sən demə, Sovetlər yenicə qurulanda – 1918-ci ildə kommunist başbilənlər köhnə Yulian təqvimi ilə yeni Qriqorian təqvimləri arasında 13 gün fərq olduğuna diqqət çəkərək “niyə bu yeni təqvimlə bayram edirik, köhnəylə etmirik?” deyiblər və Köhnə yeni il bayramının ənənəsini qoyublar. Biz azərbaycanlılar da sovetlər dönəmində bu xristian adətlərinə uyub bu bayramı keçirmişik. Bu gün də evlərdə bayram olacaq, dəqiq bilirəm. Olur olsun da. Bayramın nəyi pisdir. Bu acılarla dolu dünyada insan sevinməyə bəhanə tapırsa, bu yaxşı əlamətdir. Təki matəm olmasın.
“Arzularını reallığa çevir” günü
Maraqlı təyinatı olan bir qeydetmə. İnsan uşaqlıqdan arzulayır, arzuları üst-üstə qalaqlanır. Onların bəzilərinin dalınca düşür, oxu daşa dəyir. Əksəriyyətinin heç dalınca da düşmür. İnsan beyni arzular qəbristanlığıdır əslində. Bax bu gün təqvim hazırlayanlar insanlara aşılayırlar ki, ilin bu günündə özlərində iradə, güc və inam formalaşdırıb arzularını reallaşdırmağa girişsinlər. İldə bir gün bunu etməyə dəyər. Hətta ən utopik arzu belə özündə bir gün reallaşmaq sehrini gizləyir, biləsiniz.
Rezin ördək günü
Bu bayram lap maraqlıdır, uşaqlığın ayrılmaz atributu olmuş rezin oyuncaqları xatırlamağa xidmət edir. Düzdür, indi həmin oyuncaqlar dövriyyədən çıxardılıblar, indiki uşaqlar elmi-texniki tərəqqinin son nailiyyətləri ilə silahlanmaqdadırlar, avtomat, elektrik, kompüter oyuncaqlarıyla oynayırlar. Amma bizim dövrümüzdə qarnını basanda səs çıxaran rezin oyuncaqlar çox dəb idi. Ördəyi, ayısı, dovşanı vardı.
İlk belə oyuncaq isə uzaq 1925-ci ildə filadelfiyalı Lourens Smart tərəfindən hazırlanıb. İlk rezin oyuncaq məhz ördək olub.
ABŞ qlütenə yox deyir
Qarşıdan 20 yanvar gəlir. 1991-ci ilin 13 yanvarında eynən bizim qara yanvarımızsayağı bir qara yanvarı da Kreml Litvada düzənləyib. SSRİ-dən çıxmaqla azadlıq istəyən litvalıların üzərinə sovet tankları yeridilib. Bu gün Litvada müdafiə və azadlıq günü kimi qeyd ediləcək.
İsveçrədə Hilari günüdür, şimaldakı dörd kənddə karnaval başlayacaq, oradan da estafet bütün ölkəyə ötürüləcək, sevinc, fərəh, əyləncə karnavalıdır bu. Fransızlarda Milli Hiperhəssaslıq günüdür. Fransızca Journee nationale de Lhypersensibilite adlanan bu gündə bütün fransızlar bir-birinə qarşı, eləcə də bütün canlılara – heyvan və bitkilərə qarşı həssaslıq nümayiş etdirirlər.
Skandinavlarda bu gün Müqəddəs Knut günüdür, Miladın sonuncu – 20-ci gününün şərəfinə düzənlənən bir bayramdır bu. Hindistanda Makara-sankranti adlanan məhsul bayramıdır. Ayrıca Pəncab regionunda Loxri folklor festivalına start veriləcək.
Monqollar konstitusiya, ruslar çap, tailandlılar aviasiya, kabo-verdelilər demokratiya, toqolular azadlıq gününü qeyd edəcəklər. ABŞ-da isə bu gün Milli Melba şaftalısı günüdür. Üstəlik, Milli qlütensiz qida günüdür.
Kompüter, basketbol topu, televizor və akkordeon
2000-ci ilin bu günündə hamımızın yaxşı tanıdığımız Bil Qeyts “Mikrosoft” firmasının başçısı olmaqdan imtina edib. 1999-cu ilin bu günündə Amerika basketbolunun canlı əfsanəsi Maykl Cordan basketbolçu karyerasını bitirib. 1936-cı ildə Polşa məhkəməsi Stepan Banderaya ölüm cəzası kəsib (Ukrayna tarixinin ən qatı milliyyətçisi olub bu şəxs). 1928-ci ildə ABŞ-ın Şenekdeydi şəhərciyində üç evdə General Electric kompaniyası telesiqnalları tutmaq üçün eksperimental televizorlar quraşdıraraq bəşər tarixində yeni – televiziya erasının əsasını qoyublar. 1854-cü ildə filadelfiyalı Faas Üntoni akkordeon musiqi alətini yaradıb. 1681-ci ildə rus-türk müharibəsi Baxçasaray müqaviləsinin imzalanması ilə başa çatıb.
Prokurorluq orqanlarındakıların işləri yüngülləşib
1977-ci ilin 13 yanvarında “Üzüklərin hökmdarı”, “Karib dənizinin quldurları” kimi ən baxılan filmlərdə çəkilmiş ingilis aktyoru Orlando Blum doğulub. 1974-cü ilin 13 yanvarında Azərbaycanın tanınmış telejurnalisti, Rusiyada, Ukraynada uşaq dünyaya gətirib sonra aradan çıxan azərbaycanlıların qənimi olaraq onların “keçmiş günahlarını” üzə çıxaran, “Səni axtarıram” kimi reytinqli proqram yaradan, ən nəhayət, bir müddət mehriban bağ qonşumuz olan Xoşqədəm Hidayətqızının 48 yaşı tamam olur. Təbrik edək Xoşqədəm xanımı.
Bu gün sabiq baş prokuror Zakir Qaralovun da doğum günüdür, 66 yaşı tamam olur. Təsəvvür edin, indi Zakir müəllim vəzifədə qalsaydı prokurorluq əməkdaşları ona bahalı hədiyyələr vermək üçün necə uzun bir sıra növbəsi gözləyəsi olacaqdılar. Canları qurtarıb bu xərcdən və əziyyətdən.
Ən nəhayət, 1864-cü ilin 13 yanvarında avstriyalı fizik, qara cisim tərəfindən şüalanma və udma keyfiyyətlərinin tədqiqinə görə Nobel mükafatına layiq görülmüş Vilhelm Vin dünyaya gəlib.
Ermənilərin qəniminin ruhuna dua oxuyaq
2012-ci ildə Quzey Kiprıs Türk Cumhuriyyətinin ilk prezidenti olmuş Rauf Denktaş vəfat edib, ruhu şad olsun. 1920-ci ildə digər bir türk - Osmanlı İmperiyasının son illərində 4 dəfə şeyxülislamlıq vəzifəsini icra etmiş görkəmli din xadimi, Nəqşibəndi təriqətinin nümayəndəsi Musa Kazım Əfəndi vəfat edib, onun da ruhu şad olsun.
1906-cı ildə radionu kəşf etmiş rus Aleksandr Popov haqq dünyasına qovuşub. 1904-cü ildə Sankt-Peterburqda başqa bir rus vəfat edib, amma mən bu xristiandan Allah rəhmət eləsin kəlmələrini əsirgəyə bilmirəm. Söhbət “Qafqaz. Rus işi və tayfalararası məsələlər” traktatının müəllifi Vasili Veliçkodan gedir. O Veliçkodan ki, Qafqazda xidmət aparan rus məmuru kimi yerli xalqların simalarına bələd olduqdan sonra ermənilərin murdar xislətlərini aləmə faş eləmişdi. O, həm də ümumerməni siyasətinin çürük fəlsəfəsini də göstərmişdi: “Ermənilər haqqında çox-çox qədimlərdən pis fikir yaranıb və heç şübhəsiz ki, bu, əsassız deyildir, əsası olmasaydı bütün bir xalq haqqında, həm də müxtəlif dövrlərdə belə bir fikir yarana bilməzdi…”;“Məhz ermənilər hər cür bəhanə ilə hay-küy qoparmaq qabiliyyətinə malikdirlər. Onları özgə evinə buraxmadıqda, yaxud hər hansı bir hiylələrinin üstünü açdıqda, ya da oğrularını məhkəməyə verdikdə təkcə özləri hay-küy qoparmırlar, həm də özgə xalqdan olan, səfeh, yaxud satqın adamları da hay-küy qoparmağa məcbur edirlər”.
Doğrudan da yazılı ədəbiyyat tarixin əsl salnaməsidir, ermənilər tarixi ha saxtalaşdırsınlar, Veliçkonun “Qafqaz” kitabını ki dəyişə bilməyəcəklər.
Misirdə Dünya Gənclər Teatrının təqdimatı olub
Azərbaycanlı gənclərin də iştirak etdikləri Dünya Gənclər Forumu çərçivəsində müasir gəncliyin bəşəriyyətin aktual problemlərini incəsənətin dili ilə ifadə edəcək Dünya Gənclər Teatrının təqdimatı olub.
AzərTAC xəbər verir ki, Misir Prezidenti Əbdülfəttah əl-Sisi və bu ölkənin birinci xanımı İntizar əl-Sisinin də iştirak etdikləri təqdimatda foruma qatılan müxtəlif ölkələrin gəncləri iştirak ediblər.
Dünya Gənclər Teatrının Şarm əl-Şeyxin Konqres Mərkəzində təqdim edilən ilk tamaşası bütün insanlığı narahat edən silahlı münaqişələr, COVID-19 pandemiyası, bu fəlakətlərlə mübarizədə gənclərin həmrəyliyinə həsr olunub. Tragikomediya janrında səhnələşdirilmiş premyerada gənclərin ictimai-siyasi xadimlərə, liderlərə yeni qlobal çağırışlar fonunda daha qətiyyətli addımlar atmaq, dünyada ədaləti və insanların bərabərliyini təmin etmək, yoxsullara yardım göstərmək çağırışları yer alıb. Tamaşada, həmçinin texnologiyanın ən son nailiyyətlərindən də istifadə olunmaqla interaktiv səhnələr təqdim olunub.
Bir sıra nüfuzlu televiziya kanalları tərəfindən canlı yayımlanan tamaşa forum iştirakçılarının alqışları ilə qarşılanıb. Dünya Gənclər Teatrının yaxın gələcəkdə dünya turuna çıxacağı bildirilir.
Opera və Balet Teatrında bu gün “Leyli və Məcnun” tamaşası oynanılacaq
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı bu ay tamaşaçılarına maraqlı səhnə əsərləri vəd edir.
Teatrın mətbuat xidmətindən bildirilib ki, bu gün - yanvarın 12-də sənət ocağının səhnəsində “Leyli və Məcnun” operası, yanvarın 15-də “Traviata” operası, 16-da isə “Romeo və Cülyetta” baleti nümayiş ediləcək.
Həmçinin yanvarın 19-da “Sevil” operası, 22-də “Jizel” baleti, 23-də “Zoluşka” operası göstəriləcək.
"The Bob's Burgers Movie"nin treyleri nümayiş olunub
Hollivudun ən böyük studiyasından biri olan “20th Century Studios” məşhur cizgi filmi seriyası əsasında çəkilmiş "The Bob's Burgers Movie"nin ilk treylerini yayımlayıb.
İki dəfə “Emmi” mükafatına layiq görülmüş komediya seriyasından uyğunlaşdırılan "The Bob's Burgers Movie" cari ilin mayın 27-də ABŞ-da kinoteatrlarda nümayiş olunacaq.
Film hamburger restoranı işlədən Belçer ailəsinin sərgüzəştlərindən bəhs edir.
“Paramount Pictures” “Dəyişilməyən kütbeyin” filminin son treylerini təqdim edib
ABŞ-ın “Paramount Pictures” kino şirkəti “Dəyişilməyən kütbeyin” filminin son treylerini təqdim edib.
TASS agentliyi xəbər verir ki, filmin rejissoru əvvəllər franşizanın 3 hissəsini çəkən Ceff Treymeyndir. Filmdə Conni Noksvill, Ceyson Akunya, Stiv O, Kris Pontius, Eren MakQexi, Preston Leysi və başqaları rol alıb. Epizodlarda Machine Gun Kelly və Tyler, The Creator, yumorist Erik Andre, skeytbordçu Tony Houk, basketbolçu Şakil Onil görünəcək.
Qeyd edək ki, əvvəlcə filmin nümayişi 2021-ci ildə nəzərdə tutulurdu, lakin onun ABŞ-da premyerası 2022-ci il fevralın 3-nə, Rusiyada isə mart ayına keçirilib.
“Euronews” Azərbaycanın xalq mahnıları və rəqsləri barədə süjet hazırlayıb
“Kökləri qədim zamanlara gedən Azərbaycan xalq rəqsləri çox rəngarəngdir. Onları həm şıltaq gözəlliyi, həm də ifadəli atletizmi ilə fərqləndirmək olar.”
Bu fikirlər dünyanın məşhur televiziyası “Euronews”un Azərbaycanın folklor mahnıları və xalq rəqsləri haqqında süjetində yer alıb.
Süjetdə xalq rəqslərinin Azərbaycan mədəniyyətində xüsusi yer tutduğu vurğulanır. Telekanal onu da qeyd edir ki, 1938-ci ildə yaradılan Azərbaycan Dövlət Rəqs Ansamblı dünyanın müxtəlif ölkələrində çıxış edib. Ansambl geyim, saç düzümü, qrim detallarına diqqətlə yanaşması ilə seçilir.
Rəqs müəllimi Saina Əhmədovanın sözlərində görə, qadınların rəqs etdiyi havalar bir çox xüsusiyyətlərilə fərqlənir. Burada bədənin yuxarı hissəsinin hərəkəti, baxışlar xüsusi əhəmiyyət kəsb edir: “Stəkanlarla rəqs, dediyim özəlliklərdən biridir. Qızlar şərbətlə doldurulan stəkanla elə rəqs etməlidir ki, bir damcı da olsun su yerə tökülməsin”.
Ansamblın rəhbəri Rüfət Xəlilzadə kişilərin rəqsi barədə danışaraq deyib: “Azərbaycanda kişi rəqsi dağın başında qanadlarını pərvazlandıraraq uçmağa hazırlaşan qartalı simvolizə edir. Rəqqaslar oynayarkən bəzi elementləri barmaqlarının ucunda edir. Bu çox çətindir. Ümumiyyətlə kişi rəqsləri əsl idman yarışmasını xatırladır. İştirakçılar sanki bir-birlərilə bəhsə girərək daha yuxarı tullanmağa, hərəkətləri daha sürətli etməyə çalışırlar”.
“Öyrədərək öyrənirəm” adlı layihəsi çərçivəsində Bəxtiyar Xanızadənin ustad dərslərinə start verilib
Xəbər verdiyimiz kimi, 2022-ci ilin yanvar ayından Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi “Öyrədərək öyrənirəm” adlı layihəyə start verib.
“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən məlumat verir ki, layihə çərçivəsində Azərbaycan Dövlət Pantomima Teatrında Xalq artisti, Prezident təqaüdçüsü Bəxtiyar Xanızadənin ustad dərsləri başlayıb.
Peşəkar və gənc aktyorların iştirakı ilə baş tutan “Həqiqi hisslərlə yaşamaq azdır” adlı birinci təlimdə Bəxtiyar Xanızadə iştirakçılara K.S.Stanislavskinin, M.Çexovun sistemindən və dünya təcrübəsində tətbiq olunan müxtəlif aktyor təlimi metodlarından, həmçinin öz təcrübəsindən bəhs edib, onlara etüdlər göstərərək fikirlərini praktiki formada izah edib.
“Şekspirin Hamleti. Hamlet kimdir?” adlı növbəti təlim yanvarın 13-də rejissorların iştirakı ilə keçiriləcək. Nəhayət, yanvarın 14-də təşkil olunacaq “Teatr və mən – mən və teatr” adlı təlim isə teatrşünasların iştirakı ilə baş tutacaq.
Bildiririk ki, təlimlər Azərbaycan Dövlət Pantomima Teatrında saat 11:00-da başlayır.