Super User

Super User

 

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində Cəlil Məmmədquluzadənin “Ölülər” pyesi əsasında hazırlanmış eyniadlı ikihissəli komediya-tamaşa yanvarın 16-da nümayiş olunacaq.

Tamaşada görkəmli bəstəkar, Xalq artisti Qara Qarayevin “Ölülər” əsəri üçün bəstələdiyi musiqi yeni versiyada təqdim olunur. 

Mədəniyyət Nazirliyinin sifarişi ilə hazırlanan səhnə əsərinin elmi məsləhətçisi akademik İsa Həbibbəylidir.

“Ölülər”in Şeyx Nəsrullahı Xalq artisti Nurəddin Mehdixanlı, Kefli İsgəndəri isə Əməkdar artist Anar Heybətov olacaq.

Xronometrajı 130 dəqiqə olan səhnə əsərində rəsmlərin quruluşu Azər Paşa Nemətova məxsusdur.

 

 

Tanınmış teatrşünas və dramaturq Çingiz Ələsgərlinin Xalq artisti Cəfər Namiq Kamalın 70 illiyinə həsr olunmuş “Tale yazısı” kitabı “Apostrof-A” nəşriyyatında çap olunub.

AzərTAC xəbər verir ki, kitabın redaktoru ssenarist və dramaturq Əhməd Orucoğlu, naşiri isə Akif Dənzizadədir. 304 səhifəlik kitabda Xalq artisti Cəfər Namiq Kamalın Azərbaycan Dövlət Gənc Tamaşaçılar və Azərbaycan Dövlət Akademik Milli Dram Teatrlarının hər birində əsrin dörddə biri qədər davam etmiş maraqlı və zəngin yaradıcılığı ətraflı şəkildə araşdırılıb. 

Kitabda maraqlı başlıqlar altında aktyorun bu gün də uğurla davam etdirilən zəngin yaradıcılıq təcrübələri, yaratdığı və ya müxtəlif səbəblərdən yaratmadığı obrazlar haqqında düşüncələri, mülahizələri, arzuları, başına gələn məzəli hadisələr, haqqında müxtəlif qəzetlərdə çap olunmuş resenziyalardan parçalar, fotolar və xatirələr toplanıb. 

Kitabın sonunda “Cəfər Namiq haqqında deyilənlər” bölümündə sənətkarın sənətkar qardaşı, “Şöhrət” ordenli, Xalq artisti, professor İlham Namiq Kamalın, Xalq yazıçısı, dramaturq Elçinin, Xalq artisti, rejissor Ramiz Həsənoğlunun, Xalq artisti Bəsti Cəfərovanın, ssenarist, rejissor Şərif Qurbanəliyevin, ssenarist, dramaturq Əhməd Orucoğlunun aktyor haqqında fikir və arzuları yer alıb. 

Kitabın geniş oxucu kütləsi, həmçinin aktyorluq, rejissorluq və teatrşünaslıq sahələri üzrə təhsil alan tələbələr üçün maraqlı olacağına əminik.

Çingiz Ələsgərlinin “Tale yazısı” kitabının təqdimat mərasimi yanvarın 17-də Bakı Kitab Mərkəzində keçiriləcək.

Cümə axşamı, 13 Yanvar 2022 11:25

Ermənilərin qəniminin ruhuna dua oxuyaq

 

1904-cü ilin bugünkü günündə - 13 yanvarında Sankt-Peterburqda bir rus jurnalisti, regionşünası, pedaqoqu və yazışısı vəfat edib, gəlin bu xristiandan Allah rəhmət eləsin kəlmələrini əsirəməyək. Söhbət “Qafqaz. Rus işi və tayfalararası məsələlər” traktatının müəllifi Vasili Veliçkodan gedir. 

“Ədəbiyyat və incəsənət” bildirir ki, söhbət o Veliçkodan gedir ki, o, Qafqazda xidmət aparan rus məmuru kimi yerli xalqların simalarına bələd olduqdan sonra ermənilərin murdar xislətlərini aləmə faş eləmişdi. O, həm də ümumerməni siyasətinin çürük fəlsəfəsini də göstərmişdi: “Ermənilər haqqında çox-çox qədimlərdən pis fikir yaranıb və heç şübhəsiz ki, bu, əsassız deyildir, əsası olmasaydı bütün bir xalq haqqında, həm də müxtəlif dövrlərdə belə bir fikir yarana bilməzdi…”;“Məhz ermənilər hər cür bəhanə ilə hay-küy qoparmaq qabiliyyətinə malikdirlər. Onları özgə evinə buraxmadıqda, yaxud hər hansı bir hiylələrinin üstünü açdıqda, ya da oğrularını məhkəməyə verdikdə təkcə özləri hay-küy qoparmırlar, həm də özgə xalqdan olan, səfeh, yaxud satqın adamları da hay-küy qoparmağa məcbur edirlər”. 

Doğrudan da yazılı ədəbiyyat tarixin əsl salnaməsidir, ermənilər tarixi ha saxtalaşdırsınlar, Veliçkonun “Qafqaz” kitabını ki dəyişə bilməyəcəklər.

 

 

 

 

 

 

Heydər Əliyev Sarayında istedadlı rəssam, “Nargiz Art Studio”nun rəhbəri Nərgiz Quliyevanın fərdi sərgisi açılıb.

AzərTAC xəbər verir ki, sərgi Mədəniyyət Nazirliyi və “Mədəniyyət” kanalının birgə həyata keçirdiyi “Bizi birləşdirən mədəniyyət” layihəsi çərçivəsində təşkil olunub.

Sərgidə Azərbaycan Rəssamlar İttifaqının üzvü Nərgiz Quliyevanın müxtəlif mövzularda çəkdiyi rəsmlər nümayiş edilib. N.Quliyevanın əsərlərində əsasən, multikulturalizmə, təbiət mövzularına, peyzaj janrına üstünlük verilib. Rəssamın çəkdiyi rəsmlərdə əsas məqsəd ətrafdakı gözəllikləri canlandıraraq tamaşaçılara çatdırmaqdır.

Tədbirdə layihənin ideya müəllifi, Heydər Əliyev Sarayının direktoru, Əməkdar artist Ramil Qasımov çıxış edərək layihənin əhəmiyyətindən danışıb. Bildirib ki, layihə böyük uğur qazanmaqdadır. Çünki, bizi bir-birimizə zəngin köklərə malik olan mədəniyyətimiz bağlayır.

Sonra iştirakçılar sərgi ilə tanış olublar.

 

Mədəniyyət Nazirliyi yanında İctimai Şuranın növbəti toplantısı barədə qeydlər

 

Dünən axşam saatlarında Azərbaycan Milli Kitabxanasında Mədəniyyət Nazirliyi yanında İctimai Şuranın 2022-ci ilin planlarına, işçi qruplarının yaradılmasına dair toplantısı keçirilib. Toplantıda Mədəniyyət Nazirliyinin rəsmiləri də iştirak ediblər.

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, tədbirdə Mədəniyyət Nazirliyi yanında İctimai Şuranın cari ildə reallaşdıracağı işlərlə bağlı geniş məlumat verilib və fikir mübadiləsi aparılıb.

İctimai Şuranın sədri Gəray Əlibəyov şuranın tərkibində fəaliyyət göstərən işçi qrupları barədə məlumat verib.

Bildirib ki, ictimai şuranın tərkibində 4 işçi qrupu fəaliyyət göstərir. 

Bir işçi qrupuna Xalq artisti Vidadi Həsənov rəhbərlik edir və bu işçi qrupu Azərbaycanda fəaliyyət göstərən özəl teatrlarının fəaliyyətinə dəstək olur və özəl  teatrları festivalının təşkili ilə məşğul olmaqdadır.

Digər bir işçi qrupuna tanınmış aktyor və bədii qiraətçi, Əməkdar artist Azad Şükürov rəhbərlik edir. Bu işçi qrupu sənətə marağı olan gənclərə ustad dərsləri keçəcək. 

Sənətşünaslıq üzrə fəlsəfə doktoru Günel Seyidəhmədlinin rəhbərlik etdiyi üçüncü işçi qrupunun fəaliyyəti maddi mədəni irsimizlə bağlıdır. 

Beynəlxalq əlaqələr adlanan dördüncü qrup isə Əməkdar incəsənət xadimi, musiqişünas Cahangir Səlimxanovun rəhbərliyi altında fəaliyyət göstərir. 

İclasda çıxış edən Azad Şükürov deyib ki, o, Mədəniyyət və İncəsənət Universiteti, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası və digər qabiliyyət yönümlü təhsil ocaqları ilə danışıqlar aparıb. Qeyd edib ki, qrupun məqsədi regionlardakı istedadlı gəncləri üzə çıxararaq, onların mədəniyyət və incəsənət sahəsində təhsillərinə yardımçı olmaqdır. Həmçinin o, bölgələrdə  mədəniyyət xadimləri ilə yerli əhalinin görüşlərini keçirməyi də məqsədəuyğun sayıb. “Biz istedadlı, qabiliyyətlı gənclərə dəstək olmalıyıq ki, bütövlükdə mədəniyyətimiz inkişaf etsin”, - deyə Azad Şükürov fikrini tamamlayıb.

Günel Seyidəhmədova tarixi abudələrin mühafizəsinin mövcud vəziyyəti barədə çıxış edib, baxımsız qalmış və dağılmaq üzrə olan abidələrə diqqət yönəldib. 

Cahangir Səlimxanov mədəniyyət sahəsində beynəlxalq əlaqələrin qurulmasında prioritet məsələlərdən bəhs edib. 

Milli Məclisin deputatı Fazil Mustafa mədəniyyət sahəsində bir sıra problemlərin olduğunu diqqətə çatdırıb. İctimai Şuranın fəaliyyətinin bu problemlərin aradan qaldırılmasına təkan verəcəyinə ümidvar olduğunu bildirib.

İctimai Şura sədrinin müavini Əkbər Qoşalı ictimai şuralar barədə dövlət siyasətinin məğzi ilə bağlı çıxış edib, fəaliyyət zamanı vacib olan ictimai nəzarət faktorunu diqqətdən kənarda qoymamağı vacib sayıb. 

İctimai şura sədrinin müavini Şahin Qədirov, şura üzvü Rauf Zeyni, ekspert Elçin Alovlu da müzakirə olunan məsələlərə münasibət bildiriblər. 

Tədbirə dəvət almış Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Günel Səfərova bu iki qurum arasında fəaliyyətin koordinə edilməsi barədə təkliflərini səsləndirib. 

Mədəniyyət Nazirliyinin şöbə müdiri İsmayıl Əbdüləzimov çıxış edərək şura tərəfindən irəli sürülən təkliflərə münasibət bildirib: “İctimai şura ilə birgə əməkdaşlıq problemlərin həlli yollarının tapılmasına kömək ola bilər. Vətəndaşlar bizim birgə fəaliyyətdən yararlanmalıdırlar. Bütün işimiz vətəndaş yönümlü olmalıdır. Faydalılıq artdıqca problemlər də azalacaq. Biz İctimai Şuranın həll yönümlü təkliflərini dinləməyə hazırıq. İnanıram ki, qarşılıqlı əməkdaşlıq nəticəsində birgə problemlərin öhdəsindən gələcəyik”.

Yazıçı Varis Yolçiyev öz çıxışında mədəniyyətin bir qolu olan ədəbiyyatın diqqətdən kənarda qalmaması üçün kitab nəşri və ədəbiyyat üzrə də bir işçi qrupunun yaradılması barədə təklif verib, ictimai şuranln sədri Gəray Əlibəyov bu təklifi dəstəkləyib, Kitab və Yaradıcılıq üzrə işçi qrupunun yaradılması qərara alınıb. 

Sonda toplantı üzvləri fikir mübadiləsi aparıblar. 

Mədəniyyət Nazirliyi yanında İctimai Şura qısa müddıtdə həqiqətən böyük uğurlara imza atıb. 2022-ci ildəki hədəflər belə deməyə əsas verir ki, ölkə mədəniyyətinin çiçəklənməsi üçün fədakar ictimaiyyətçilər bir araya gəliblər.

Cümə axşamı, 13 Yanvar 2022 10:15

Arzuları necə reallığa çevirmək olar?

 

Bu günə - yanvarın 13-nə təsadüf edən əsas tarixi hadisələri “Ədəbiyyat və incəsənət” portalı diqqətinizə çatdırır. 

Köhnə yeni il barədə ayrıca məlumat vermişik. İndi isə digərlərinə keçid alaq.

 

 “Arzularını reallığa çevir” günü

Maraqlı təyinatı olan bir qeydetmə. İnsan uşaqlıqdan arzulayır, arzuları üst-üstə qalaqlanır. Onların bəzilərinin dalınca düşür, oxu daşa dəyir. Əksəriyyətinin heç dalınca da düşmür. İnsan beyni arzular qəbristanlığıdır əslində. Bax bu gün təqvim hazırlayanlar insanlara aşılayırlar ki, ilin bu günündə özlərində iradə, güc və inam formalaşdırıb arzularını reallaşdırmağa girişsinlər. İldə bir gün bunu etməyə dəyər. Hətta ən utopik arzu belə özündə bir gün reallaşmaq sehrini gizləyir, biləsiniz.

 

 Rezin ördək günü

Bu bayram lap maraqlıdır, uşaqlığın ayrılmaz atributu olmuş rezin oyuncaqları xatırlamağa xidmət edir. Düzdür, indi həmin oyuncaqlar dövriyyədən çıxardılıblar, indiki uşaqlar elmi-texniki tərəqqinin son nailiyyətləri ilə silahlanmaqdadırlar, avtomat, elektrik, kompüter  oyuncaqlarıyla oynayırlar. Amma vaxtı ilə qarnını basanda səs çıxaran rezin oyuncaqlar çox dəb idi. Ördəyi, ayısı, dovşanı vardı.

İlk belə oyuncaq isə uzaq 1925-ci ildə filadelfiyalı Lourens Smart tərəfindən hazırlanıb. İlk rezin oyuncaq məhz ördək olub.

 

ABŞ qlütenə yox deyir

Qarşıdan 20 yanvar gəlir. 1991-ci ilin 13 yanvarında eynən bizim qara yanvarımızsayağı bir qara yanvarı da Kreml Litvada düzənləyib. SSRİ-dən çıxmaqla azadlıq istəyən litvalıların üzərinə sovet tankları yeridilib. Bu gün Litvada müdafiə və azadlıq günü kimi qeyd ediləcək.

İsveçrədə Hilari günüdür, şimaldakı dörd kənddə karnaval başlayacaq, oradan da estafet bütün ölkəyə ötürüləcək, sevinc, fərəh, əyləncə karnavalıdır bu. Fransızlarda Milli Hiperhəssaslıq günüdür. Fransızca Journee nationale de Lhypersensibilite adlanan bu gündə bütün fransızlar bir-birinə qarşı, eləcə də bütün canlılara – heyvan və bitkilərə qarşı həssaslıq nümayiş etdirirlər.

Skandinavlarda bu gün Müqəddəs Knut günüdür, Miladın sonuncu – 20-ci gününün şərəfinə düzənlənən bir bayramdır bu. Hindistanda Makara-sankranti adlanan məhsul bayramıdır. Ayrıca Pəncab regionunda Loxri folklor festivalına start veriləcək.

Monqollar konstitusiya, ruslar çap, tailandlılar aviasiya, kabo-verdelilər demokratiya, toqolular azadlıq gününü qeyd edəcəklər. ABŞ-da isə bu gün Milli Melba şaftalısı günüdür. Üstəlik, Milli qlütensiz qida günüdür.

 

 Kompüter, basketbol topu, televizor və akkordeon

2000-ci ilin bu günündə hamımızın yaxşı tanıdığımız Bil Qeyts “Mikrosoft” firmasının başçısı olmaqdan imtina edib. 1999-cu ilin bu günündə Amerika basketbolunun canlı əfsanəsi Maykl Cordan basketbolçu karyerasını bitirib. 1936-cı ildə Polşa məhkəməsi Stepan Banderaya ölüm cəzası kəsib (Ukrayna tarixinin ən qatı milliyyətçisi olub bu şəxs). 1928-ci ildə ABŞ-ın Şenekdeydi şəhərciyində üç evdə General Electric kompaniyası telesiqnalları tutmaq üçün eksperimental televizorlar quraşdıraraq bəşər tarixində yeni – televiziya erasının əsasını qoyublar. 1854-cü ildə filadelfiyalı Faas Üntoni akkordeon musiqi alətini yaradıb. 1681-ci ildə rus-türk müharibəsi Baxçasaray müqaviləsinin imzalanması ilə başa çatıb.

 

 Kimlər gəldi, kimlər getdi

1977-ci ilin 13 yanvarında “Üzüklərin hökmdarı”, “Karib dənizinin quldurları” kimi ən baxılan filmlərdə çəkilmiş ingilis aktyoru Orlando Blum doğulub. 1974-cü ilin 13 yanvarında Azərbaycanın tanınmış telejurnalisti, Rusiyada, Ukraynada uşaq dünyaya gətirib sonra aradan çıxan azərbaycanlıların qənimi olaraq onların “keçmiş günahlarını” üzə çıxaran, “Səni axtarıram” kimi reytinqli proqram yaradan Xoşqədəm Hidayətqızının 48 yaşı tamam olur. Təbrik edək Xoşqədəm xanımı.

Bu gün sabiq baş prokuror Zakir Qaralovun da doğum günüdür, 66 yaşı tamam olur. Ən nəhayət, 1864-cü ilin 13 yanvarında avstriyalı fizik, qara cisim tərəfindən şüalanma və udma keyfiyyətlərinin tədqiqinə görə Nobel mükafatına layiq görülmüş Vilhelm Vin dünyaya gəlib.

2012-ci ildə Quzey Kiprıs Türk Cumhuriyyətinin ilk prezidenti olmuş Rauf Denktaş vəfat edib, ruhu şad olsun. 1920-ci ildə digər bir türk - Osmanlı İmperiyasının son illərində 4 dəfə şeyxülislamlıq vəzifəsini icra etmiş görkəmli din xadimi, Nəqşibəndi təriqətinin nümayəndəsi Musa Kazım Əfəndi vəfat edib, onun da ruhu şad olsun. 1906-cı ildə radionu kəşf etmiş rus Aleksandr Popov haqq dünyasına qovuşub.

Cümə axşamı, 13 Yanvar 2022 10:06

Bu gün Köhnə yeni ildir

 

Bayram həvəskarları Yeni ilin abu-havasından hələ çıxmayıblar, odur ki yanvarın 13-dən 14-nə keçən gecə Köhnə yeni ili də qeyd etmək məhz onlar üçündür. Amma heç düşünürükmü, hardan peyda olub bu ənənə? 

“Ədəbiyyat və incəsənət” portalı bildirir ki, Sovetlər yenicə qurulanda – 1918-ci ildə kommunist başbilənlər köhnə Yulian təqvimi ilə yeni Qriqorian təqvimləri arasında 13 gün fərq olduğuna diqqət çəkərək “niyə bu yeni təqvimlə bayram edirik, köhnəylə etmirik?” deyiblər və Köhnə yeni il bayramının ənənəsini qoyublar. Biz azərbaycanlılar da sovetlər dönəmində bu xristian adətlərinə uyub bu bayramı keçirmişik. 

Bu gün də evlərdə bayram olacaq, dəqiq bilirik. Olur olsun da. Bayramın nəyi pisdir ki? Bu acılarla dolu dünyada insan sevinməyə bəhanə tapırsa, bu yaxşı əlamətdir. Təki matəm olmasın.

 

 

 

Orta yaşlı və yaşlı nəsildə bir nostalji hissləri oyadan məşhur San Remo musiqi festivalı bir vaxtlarkı populyarlığını geri qaytarmaq əzmindədir. 

Məşhur italyan aktrisası Ornella Muti fevralın 1-dən 5-dək keçiriləcək və İtaliyanın “RAI” dövlət televiziyasında canlı yayımlanacaq növbəti San Remo pop mahnı festivalının beş gecəsindən birində  aparıcısı olaraq məşhur şoumen Amadeusla birgə səhnə böləcək. 

“Ədəbiyyat və incəsənət” portalı  TASS agentliyinə istinadla xəbər verir ki, bu barədə “RAI” xəbərlərinin efirində, festivalın bədii rəhbəri qismində çıxış edən, məşhur şoumen Amadeus bildirib.

Bir qayda olaraq, festivalın daimi məkanı olan “Ariston” tarixi teatrının səhnəsində müxtəlif illərdə tanınmış şoumenlər və musiqiçilərin aparıcılığı ilə yanaşı, qadınların – aktrisalar, modellər, müğənnilərin də çıxış etdiyini deyən Amadeus bildirib ki, bu il ona Ornella Muti ilə yanaşı, daha bir tanınmış aktrisa - Paolo Sorrentinonun “Oskar” mükafatı qazanan “Böyük gözəllik” (La grande bellezza, 2013) filmində rol almış Sabrina Ferilli də daxil olmaqla, ümumilikdə beş aparıcı kömək edəcək.

Builki San Remoda gənc ifaçılar yarışacaqlar. Amma bir neçə pop musiqi ulduzu da festivala qatılacaq, onların adlarını Amadeus açıqlamayıb, sirr olaraq saxlayıb.

 

 

ABŞ-ın “Netflix” yayım şirkəti “Tinder fırıldaqçısı” (The Tinder Swindler) filminin treylerini yayımlayıb. 

TASS məlumat verir ki, yeni sənədli film -  “Tinder fırıldaqçısı” özünü varlı bir iş adamı kimi təqdim edərək internetdə tanış olduğu qadınları aldadan bir kişinin hekayəsindən bəhs edir.

“Tinderdə kiçik bir sürüşmə həyatınızı dəyişə bilər” sözləri ilə başlayan treylerdə 31 yaşındaki fırıldaqçı Şimon Hayutun təqdim etdiyi möhtəşəm həyata heyran olan qadınlar aldadıldıqlarını hiss edirlər və intiqam almaq üçün hərəkətə keçirlər.

Filmin ekranlara çıxma tarixi hələ elan edilməyib.

 

 

Azərbaycan aktrisası və rəssamı, Əməkdar artist Suğra Bağırzadə BMT-nin İctimai Mükafatlar Şurası (UNCOPA) tərəfindən dünya mədəniyyətinə verdiyi xidmətlərinə görə “Leonardo Da Vinci” medalı ilə təltif olunub.

Bu barədə AzəraTAC “Azərbaycanfilm” Kinostudiyasının ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Lətif Lətifsoya istinadən məlumat verib.

Qeyd edək ki, "Floristika" İncəsənətə Dəstək İctimai Birliyinin yaradıcısı olan Suğra Bağırzadə bundan əvvəl də mədəniyyət və incəsənət sahəsinə verdiyi töhfələrə görə bir çox beynəlxalq mükafatlarla təltif olunmuşdur. “Ulduz” filminin Yetəri, “Alma almaya bənzər”in telefonçu qızı, “Güllələnmə təxirə salınır!...”ın Nərgizi, daim gözəl və gənc qalan istedadlı aktrisamızı bu münasibətlə təbrik edir və ona yaradıcılığında tükənməz ambisiya, bol uğurlar arzu edirik!

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.