Arzuları necə reallığa çevirmək olar?

 

Bu günə - yanvarın 13-nə təsadüf edən əsas tarixi hadisələri “Ədəbiyyat və incəsənət” portalı diqqətinizə çatdırır. 

Köhnə yeni il barədə ayrıca məlumat vermişik. İndi isə digərlərinə keçid alaq.

 

 “Arzularını reallığa çevir” günü

Maraqlı təyinatı olan bir qeydetmə. İnsan uşaqlıqdan arzulayır, arzuları üst-üstə qalaqlanır. Onların bəzilərinin dalınca düşür, oxu daşa dəyir. Əksəriyyətinin heç dalınca da düşmür. İnsan beyni arzular qəbristanlığıdır əslində. Bax bu gün təqvim hazırlayanlar insanlara aşılayırlar ki, ilin bu günündə özlərində iradə, güc və inam formalaşdırıb arzularını reallaşdırmağa girişsinlər. İldə bir gün bunu etməyə dəyər. Hətta ən utopik arzu belə özündə bir gün reallaşmaq sehrini gizləyir, biləsiniz.

 

 Rezin ördək günü

Bu bayram lap maraqlıdır, uşaqlığın ayrılmaz atributu olmuş rezin oyuncaqları xatırlamağa xidmət edir. Düzdür, indi həmin oyuncaqlar dövriyyədən çıxardılıblar, indiki uşaqlar elmi-texniki tərəqqinin son nailiyyətləri ilə silahlanmaqdadırlar, avtomat, elektrik, kompüter  oyuncaqlarıyla oynayırlar. Amma vaxtı ilə qarnını basanda səs çıxaran rezin oyuncaqlar çox dəb idi. Ördəyi, ayısı, dovşanı vardı.

İlk belə oyuncaq isə uzaq 1925-ci ildə filadelfiyalı Lourens Smart tərəfindən hazırlanıb. İlk rezin oyuncaq məhz ördək olub.

 

ABŞ qlütenə yox deyir

Qarşıdan 20 yanvar gəlir. 1991-ci ilin 13 yanvarında eynən bizim qara yanvarımızsayağı bir qara yanvarı da Kreml Litvada düzənləyib. SSRİ-dən çıxmaqla azadlıq istəyən litvalıların üzərinə sovet tankları yeridilib. Bu gün Litvada müdafiə və azadlıq günü kimi qeyd ediləcək.

İsveçrədə Hilari günüdür, şimaldakı dörd kənddə karnaval başlayacaq, oradan da estafet bütün ölkəyə ötürüləcək, sevinc, fərəh, əyləncə karnavalıdır bu. Fransızlarda Milli Hiperhəssaslıq günüdür. Fransızca Journee nationale de Lhypersensibilite adlanan bu gündə bütün fransızlar bir-birinə qarşı, eləcə də bütün canlılara – heyvan və bitkilərə qarşı həssaslıq nümayiş etdirirlər.

Skandinavlarda bu gün Müqəddəs Knut günüdür, Miladın sonuncu – 20-ci gününün şərəfinə düzənlənən bir bayramdır bu. Hindistanda Makara-sankranti adlanan məhsul bayramıdır. Ayrıca Pəncab regionunda Loxri folklor festivalına start veriləcək.

Monqollar konstitusiya, ruslar çap, tailandlılar aviasiya, kabo-verdelilər demokratiya, toqolular azadlıq gününü qeyd edəcəklər. ABŞ-da isə bu gün Milli Melba şaftalısı günüdür. Üstəlik, Milli qlütensiz qida günüdür.

 

 Kompüter, basketbol topu, televizor və akkordeon

2000-ci ilin bu günündə hamımızın yaxşı tanıdığımız Bil Qeyts “Mikrosoft” firmasının başçısı olmaqdan imtina edib. 1999-cu ilin bu günündə Amerika basketbolunun canlı əfsanəsi Maykl Cordan basketbolçu karyerasını bitirib. 1936-cı ildə Polşa məhkəməsi Stepan Banderaya ölüm cəzası kəsib (Ukrayna tarixinin ən qatı milliyyətçisi olub bu şəxs). 1928-ci ildə ABŞ-ın Şenekdeydi şəhərciyində üç evdə General Electric kompaniyası telesiqnalları tutmaq üçün eksperimental televizorlar quraşdıraraq bəşər tarixində yeni – televiziya erasının əsasını qoyublar. 1854-cü ildə filadelfiyalı Faas Üntoni akkordeon musiqi alətini yaradıb. 1681-ci ildə rus-türk müharibəsi Baxçasaray müqaviləsinin imzalanması ilə başa çatıb.

 

 Kimlər gəldi, kimlər getdi

1977-ci ilin 13 yanvarında “Üzüklərin hökmdarı”, “Karib dənizinin quldurları” kimi ən baxılan filmlərdə çəkilmiş ingilis aktyoru Orlando Blum doğulub. 1974-cü ilin 13 yanvarında Azərbaycanın tanınmış telejurnalisti, Rusiyada, Ukraynada uşaq dünyaya gətirib sonra aradan çıxan azərbaycanlıların qənimi olaraq onların “keçmiş günahlarını” üzə çıxaran, “Səni axtarıram” kimi reytinqli proqram yaradan Xoşqədəm Hidayətqızının 48 yaşı tamam olur. Təbrik edək Xoşqədəm xanımı.

Bu gün sabiq baş prokuror Zakir Qaralovun da doğum günüdür, 66 yaşı tamam olur. Ən nəhayət, 1864-cü ilin 13 yanvarında avstriyalı fizik, qara cisim tərəfindən şüalanma və udma keyfiyyətlərinin tədqiqinə görə Nobel mükafatına layiq görülmüş Vilhelm Vin dünyaya gəlib.

2012-ci ildə Quzey Kiprıs Türk Cumhuriyyətinin ilk prezidenti olmuş Rauf Denktaş vəfat edib, ruhu şad olsun. 1920-ci ildə digər bir türk - Osmanlı İmperiyasının son illərində 4 dəfə şeyxülislamlıq vəzifəsini icra etmiş görkəmli din xadimi, Nəqşibəndi təriqətinin nümayəndəsi Musa Kazım Əfəndi vəfat edib, onun da ruhu şad olsun. 1906-cı ildə radionu kəşf etmiş rus Aleksandr Popov haqq dünyasına qovuşub.

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.