Heydər Əliyev Sarayında istedadlı rəssam, “Nargiz Art Studio”nun rəhbəri Nərgiz Quliyevanın fərdi sərgisi açılıb.
AzərTAC xəbər verir ki, sərgi Mədəniyyət Nazirliyi və “Mədəniyyət” kanalının birgə həyata keçirdiyi “Bizi birləşdirən mədəniyyət” layihəsi çərçivəsində təşkil olunub.
Sərgidə Azərbaycan Rəssamlar İttifaqının üzvü Nərgiz Quliyevanın müxtəlif mövzularda çəkdiyi rəsmlər nümayiş edilib. N.Quliyevanın əsərlərində əsasən, multikulturalizmə, təbiət mövzularına, peyzaj janrına üstünlük verilib. Rəssamın çəkdiyi rəsmlərdə əsas məqsəd ətrafdakı gözəllikləri canlandıraraq tamaşaçılara çatdırmaqdır.
Tədbirdə layihənin ideya müəllifi, Heydər Əliyev Sarayının direktoru, Əməkdar artist Ramil Qasımov çıxış edərək layihənin əhəmiyyətindən danışıb. Bildirib ki, layihə böyük uğur qazanmaqdadır. Çünki, bizi bir-birimizə zəngin köklərə malik olan mədəniyyətimiz bağlayır.
Sonra iştirakçılar sərgi ilə tanış olublar.