Super User
İtə 75 min funt xərclənirsə, bu, azı 7500 insanın çörəyinin kəsilməsi bahasına başa gəlir
14-15 yanvarın təqvimi Varisin təqdimatında
14 yanvar
Ümumdünya Məntiq Günü
Hər vaxtınız xeyir! Məntiqlə başlayaq. Çünki dünyada hər bir şeyin öz məntiqi olmalıdır.
YUNESKO ilə Beynəlxalq Humanitar Elmlər və Fəlsəfə Şurasının təşəbbüsü ilə təqvimə daxil edilən bu gün 2019-cu ildən qeyd edilir. Bu günü qeyd etməkdə məqsəd beynəlxalq elmi birliklərin və cəmiyyətlərin diqqətini məntiqin praktik tətbiqinə, intellektual tarixinə, konseptual əhəmiyyətinə yönəltməkdir.
Nədir məntiq? Məntiqi dillə intellekt dərketmənin qanunları, metodları və formaları haqqında elmdir. İnsan hər bir şeydə məntiq axtarmalıdır, məntiqsizlik – xaos və anarxiya deməkdir.
Evdə rahatçılığın təşkili günü
Biz günlərin axarına o qədər alüdə olmuşuq, o qədər qaça-qovda yaşayırıq ki, bəzən öz evimizdə elementar rahatçılığı belə qurmağa əhəmiyyət vermirik. Kimsə narahat nimdaş divanını yenisi ilə əvəzləmək, kimisi kiçikekranlı televizorunu böyükekranlısına dəyişmək, kimisi qızdırıcı quraşdırmaq, kimisi mətbəxdəki qaz plitəsinin nazaslığını düzəltdirmək, kimisi adicə yanmış lampanı dəyişmək kimi işləri hər gün təxirə sala-sala öz rahatçılığını təmin etmir, bu sıraya ağrıyan dişinin müalicəsini, yaxşı getməyən avtomobilinin təmirini yubatmağı və digər bu sayaq işləri də əlavə etsək mənzərə tam aydın olar. Bu günün işini sabaha qoymaq bir vərdişdir, hamını özünə yoluxdurub. Bu 14 yanvar günündə hamı dəyişməli, ilin bu bircə gününü öz rahatçılığının qeydinə qalmalıdır.
Ev heyvanlarına ecazkar libas almaq günü
Mən bu günü gərək qeyd etməzdim, bizim xalq ev heyvanlarına paltar geyindirən əndrəbadi xalqlardan deyil, amma bizdə elə əndazəsini aşmışlar var ki, çapıb-taladıqları korrupsiya pulu ilə ev heyvanlarını bəzəyib-düzəmək işində ən cəfakeş əcnəbini belə kölgədə qoyurlar.
Bir dəfə xarici ölkələrin birində bir marketdən itinə 75 min funtluq əyin-baş alan bir azərbaycanlı aşkar ediləndə bütün dünyanın təəccübdən gözləri bərəlməmişdimi? Bu cür tələbxərc həmyerlilərimiz bayramdan xəbər tutsalar heyvanlarını lap qızıl-qumaşa bürüyəcəklər.
Onu da nəzərə alaq ki, kimsə itinə 75 min funt xərcləyirsə, bu, azı 7500 insanın çörəyinin kəsilməsi bahasına başa gəlir.
Uikend Çellenc – Bermud Üçbucağı Marafonu
Bu cümə-bazar günlərində ekstrim gəzən insanlar ekstrimin ən ideal məkanı sayılan Bermud adalarına gedib orda aktiv turizmlə məşğul olacaqlar. Dünyanın hər yerindən gənclər adalara toplaşacaq, bir-birinin bəhsinə müxtəlif təmrinlər yerinə yetirəcəklər.
Təbii ki, bu zövqü ancaq varlı insanlar yaşaya bilirlər, kasıbın nə işi var bahaçılıqda ad çıxarmış Bermud adalarında?
Uzunqulaq bayramı
İlk dəfə 11-ci əsrdə qeyd edilən bu bayram Məryəmlə balaca İsanı belində Misirə aparan uzunqulağın şərəfinədir.
Heyvanların ən zəhmətkeşi olan yazıq uzunqulağı nədənsə insanlar həmişə aşağılayırlar, ən mənfur saydıqları insanlara “eşşək oğlu eşşək” deyə söyüş edirlər.
Molla Nəsrəddinin eşşəyi, yaxud Məhəmmədhəsən əminin eşşəyi istər folklordan, istərsə bədii ədəbiyyatdan bizlərə yaxşı tanışdır, yəni “nümunəvi eşşək” obrazına hətta qələm əhli də biganə qalmayıb, xaçpərəstlərin onun ayrıca bayramını keçirməsini də bura əlavə etsək, heyvanlar arasında gülümsəməyi bacaran bu yeganə canlıya simpatiya yaranmazmı, yaranar. Odur ki, bu bayram günündə barı bu yazıq heyvanları incitməməliyik.
İş yerlərini sahmana salmaq bayramı
Bu günə təqvimyazanlar evdə rahatlıq yaratmaq barədə bayram salmaqla kifayətlənməyiblər, iş yerlərinin də qeydinə qalıblar. Bu gün həm də İş yerlərini sahmana salmaq bayramıdır.
Qonşu Gürcüstanda milli bayraq günüdür, 2004-cü ilin bu günündə onlar “Beş xaçlı” bayrağı rəsmən qəbul ediblər. Qardaş Özbəkistanda Vətən müdafiəçiləri günüdür. Tunisdə iki bayramdır, İnqilab günü və Gənclər günü. Venesuelada bu gün Deva Mariya günüdür, hər kəs Santa-Roza ibadətgahını ziyarətə gedəcək. Tailandda meşələrin mühafizəsi günüdür, bu gün bir adamın ağzı nədir, gedib meşədən bir budaq qoparsın, yaxud bir quş vursun.
Militarlaşdırılmış Rusiyada ayrıca boru-kəmər qoşunları da var ki, bu gün onların günüdür. Şri-Lankada və Hindistanda müvafiq olaraq Ponqal və Makara-sankranti adında məhsul bayramlarıdır. Üstəlik, Hindistanda həm də Hava ilanları festivalı başlayacaq. Yəqin hava ilanı uçuranınız olub. Maraqlı əyləncədir.
Deməyin ki, ABŞ unudulub. Xeyir. Mətbəxsevər amerikalılar bu gün Milli isti pastroma gününü qeyd edəcəklər. Qoyun ətindən olan bu delikatesi amerikalılar yəhudi mətbəxindən götürüblər. Amma sizi əmin edirəm ki, söhbət türk mətbəxindən, bizim basdırma adlandırdığımız yeməkdən gedir.
Lakoon və onun oğulları
1980-ci ilin bu günündə BMT SSRİ-ni Əfqanıstana silahlı müdaxilə etdiyi üçün ittiham etmişdi, dərhal ərazidən çıxmasını tələb etmişdi. Və təbii ki, SSRİ bu çağırışı qulaqardına vurmuşdu.
1953-cü ildə əfsanəvi yuqoslav lider – İosif Tito Yuqoslaviyada ilk kommunist lider kimi hakimiyyətə gəlmişdi.
1814-cü ildə Sankt-Peterburqda imperatrisa 2-ci Yekaterina tərəfindən ilk kütləvi kitabxana yaradılmışdı, hazırda həmin kitabxana Rusiya milli kitabxanası adlanır.
1506-cı ildə Romada tapılaraq Vatikan kilsəsinə “Lakoon və onun oğulları” adlanan heykəltaraşlıq incisi aparılmışdı. Bildiyiniz kimi, bu şedevrin günümüzdə bərpasında Azərbaycan da əhəmiyyətli rol oynayıb.
Xoşbəxt Xoşbəxt müəllim
1965-ci ilin bu günündə əfsanəvi çeçen səhra komandanı, başına ruslar milyonlarla pul qoymuş Şamil Basayev doğulub.
14 yanvar bir çox tanınmış azərbaycanlıların ad günüdür, biləsiniz. Bir neçəsini mütləq qeyd edək. 1960-cı ildə Naxçıvanda Vasif Talıbov dünyaya gəlib. Vasif Talıbov Naxçıvan Ali Məclisinin sədridir. Prezident onu “Şərəf” və “Şöhrət” ordenləri ilə təltif edib.
1951-ci ildə Tovuzda İlham Rəhimov dünyaya gəlib. 1988-ci ildə Leninqrad Dövlət Universitetində doktorluq dissertasiyası müdafiə edərək tarixə postsovet məkanında cinayət hüququ sahəsində ən gənc elmlər doktoru kimi düşmüş, 1996-cı ildə isə professor elmi titulunu almış İlham müəllim həm də “Cinayət və cəzanın fəlsəfəsi” kimi çox dəyərli kitabın müəllifi kimi, üstəlik, Rusiya prezidenti Vladimir Putinin tələbə yoldaşı və yaxın dostu kimi də tanınmaqdadır. Təbrik edirik İlham müəllimi!
Niyə də unudaq? Qorbaçov perestroykası zamanı tarixin ağ ləkələrini üzə çıxaran “Dalğa” verilişinin müəllifi və aparıcısı Nadejda İsmayılova çox məşhur idi, bu gün onun da doğum günüdür, 1936-cı il təvəllüdlü Nadejda xanımın 86 yaşı tamam olur. Gəlin bu tanınmış televiziya və kino mütəxəssisini də təbrik edək.
1930-cu ilin bu günündə isə Azərbaycanın görkəmli neft mütəxəssisi, Dövlət Neft Şirkətinin vitse prezidenti Xoşbəxt Yusifzadə dünyaya gəlib. Xoşbəxt müəllim həm olduqca əvəzedilməz kadr kimi xoşbəxtdir, həm də əməyinə dəyər verildiyi üçün. Onun əməkhaqqı bir neçə rəqəmlə ölçülür, təsəvvür edə bilməzsiniz. 92 yaşı tamam olan Xoşbəxt müəllimi təbrik edək, yüzə bir şey qalmadı, 100 illiyini gözləyək.
Keçək yenidən əcnəbilərə. “Nina Riççi” brendini kim tanımır ki. Xüsusən kübar xanımlar öz qarderoblarında mütləq bu brenddən əntiq bir libasa malik olurlar. 1883-cü ilin bu günündə italyan mənşəli məşhur fransız modelyeri Nina Riççi dünyaya gəlib. 1932-ci ildə onun oğlu ilə açdığı Riççi moda evi hazırda dəbli paltarla yanaşı parfümeriya, kosmetika, aksessuarlar da istehsal edir.
Bizim eradan əvvəl 83-cü ildə isə Roma sərkərdəsi və dövlət xadimi Mark Antoniy dünyaya gəlib.
“Əsir Azərbaycan”
1999-cu ilin bu günündə Azərbaycanın məşhur teatr və kino aktrisası, xalq artisti Barat Şəkinskaya 50 yaşında haqq dünyasına qovuşub, ruhu şad olsun.
1952-ci ildə Türkiyənin Elazığ şəhərində mühacir Azərbaycan şairi, vətənin qırmızı istibdadı ilə sonadək barışa bilməyən istiqlal mücahidi Almas Yıldırım 45 yaşında gözlərini əbədi olaraq yumub.
Könlümə tək Kəbə yapdım səni mən,
Sənsiz nedəm qürbət eldə günü mən,
Sənsiz nedəm Allahı mən, dini mən,
Azərbaycan, mənim tacım, taxtım, oy!
Oyanmazmı kor olası baxtım, oy?!.
“Əsir Azərbaycan” kimi şedevr yaradan Almas Yıldırımın didərgin ruhuna şad olsun deyək.
Və ən nəhayət, 1898-ci ilin 14 yanvarında ingilis riyazıyyatçısı Lyuis Keroll dünyadan köçüb. Amma onun tarixdə qalmasına riyaziyyat yox, ədəbiyyat səbəb olub. Belə ki, bu dahi şəxsiyyət dünyaca məşhur olan “Alisa möcüzələr ölkəsində” əsərinin müəllifidir.
15 yanvar
Vikipediya günü
Internet hələ yaranmamışdan ensiklopediya deyilən bir kitab var idi, orada hər şeydən və hər kəsdən yazırdılar, o vaxtlar bu bahalı kitablara hələm-hələm adamın əli çatmazdı, ona görə də hər kəs və hər yer barədə hər adam xəbərdar ola bilmirdi. Amma indi internet Vikipediya deyilən virtual ensiklopediya yaradıb, 2001-ci ilin 15 yanvarından fəaliyyətdə olan viki-ensiklopediya saytı indi hər kəsə istədiyi məlumatı girib asanca tapmağa imkan yaradır. O cümlədən Azərbaycanda da Vikipediya – çağdaş dövrümüzün ən yeni trendi aktualdır, yüzlərlə fədakar həmyerlimiz yorulmadan tariximiz, görkəmli şəxsiyyətlərimiz barədə məqalələr yazlb onları Vikipediyada yerləşdirir. Viki könüllülərindən ən fəalı fədakar dostumuz, ictimaiyyətçi, vətənpərvər Elnur Eltürkdür. Gəlin onun timsalında Azərbaycanımızın bütün Vikipediya könüllülərini bayramları münasibəti ilə təbrik edək.
Şlyapa, yaxud baş geyimi günü
Dərhal yadıma Azərbaycan kinematoqrafiyasının incilərindən biri olan “Papaq” filmi düşdü, rəhmətlik Kamil Məhərrəmovun canlandırdığı obraz düşdü.
17-ci əsrdə otuzillik müharibə zamanı bütün Avropada qəribə bir baş örtüyü geyinmək dəbi yarandı, yüngül parçadan tikilmiş enli, quş lələyi ilə bəzənən şlyapa adını alacaq həmin nəsnədən Azərbaycanda yalnız 19-cu əsrdə - milli burjuaziya formalaşanda istifadə olunmağa başlanıldı. Amma ümumilikdə baş geyimindən söhbət gedirsə, bizdə papağın məna yükü daha dərindir, papaq – kişilik rəmzi hesab olunur. Qoyun dərisindən, qaragüldən hazırlanan papaq ta ki 20-ci əsrə qədər kişi başının dəyişməz atributu olub, motal papaqlar, şiş papaqlar, qoçu papaqları, şələ papaq, buxara papaq kimi müxtəlif papaq növləri kişiləri bir növ qruplaşdırıb, kimin hansı təbəqədən olmasını ələ verib.
Hazırda yalnız çox az yerlərdə, Xınalıq, Kiş, Qırız, Lahic, Talıstan kimi el adətlərinin qorunub saxlandığı qədim yurd yerlərində kişilərin papaq geymə məcburiyyəti qorunub saxlanılmaqdadır.
Azərbaycanda məşhur bir qarğış var, deyirlər, papağın boş qalsın. Gəlin bu papaq günündə bütün kişilərin papaqlarının boş qalmamasını arzulayaq.
Amerikada bayram bayrama qarışıb
Hindistanda Callikattu günüdür. Motodorla öküzün savaşını görmüsünüz? Təqribən o cür bir tamaşa günüdür. Buynuzuna bayraq keçirilmiş öküz insanların arasına buraxılır, bir neçə nəfər də belindəki donqarlardan yapışmaqla onun qaçmasına, buynuzunu azad etməsinə imkan vermir.
Zambaqlar ölkəsi hansıdır? Əlbəttə ki, Niderland. Bu gün Niderlandda ən əziz bayramlardan biridir, Zanbaq günüdür. İndoneziyada okean, Misirdə ağacəkmə, Kubada elm, Koreyada əlifba, Meksikada bəstəkarlar, Nigeriyada silahlı qüvvələr günüdür.
Amerikada isə Milli çay göbələyi içkisi günüdür. Tək elə bu? Əlbəttə ki yox. Milli çiyələkli dondurma günüdür həm də. Vəssalam? Yenə də yox. Milli yeni çəkilmiş meyvə şirəsi günüdür üstəlik. Kefdədirlər e, vallah.
Pentaqonun və “Le Figaro”nun ad günü
1994-cü ilin 15 yanvarında “demokratiya carçısı” sayılan Türkmənistanda keçirilən “şəffaf“ referendum nəticəsində Türkmənbaşı Saparmurad Niyazovun prezidentlik müddəti 5 ildən 10 ilə artırılıb. 1993-cü ilin 15 yanvarında kişilərin qulağı dincəlib, yazıqlar rahat nəfəs ala biliblər. NBC telekanalı ilə yayımlanan “Santa Barbara” serialının sonuncu – 2137-ci seriyası efirə gedib.
1970-ci ildə Liviyada kral İdrisi devirərək 28 yaşlı polkovnik Muammar Qəddafi hakimiyyətə gəlib. 1943-cü ilin bu günündə Vircinya ştatında Pentaqonun – ABŞ Müdafiə Nazirliyinin binası tikilib istifadəyə verilib. 1920-ci ildə Rusiyada admiral Kolçak həbs edilib. 1892-ci ildə doktor Ceyms Neysmit ABŞ mətbuatında basketbolun qaydalarını açıqlayaraq yeni idman oyununun yaranışını rəsmiləşdirib. 1826-cı ilin bu günündə Fransanın məşhur “Le Figaro” qəzetinin ilk sayı işıq üzü görüb. 1776-cı ildə Lvovda “Gazette de Leopol” adlı Ukrayna ərazisində ilk qəzet işıq üzü görüb. 1759-cu ildə Britaniya muzeyi qapılarını tamaşaçıların üzünə açıb. 1700-cü ildə 1-ci Pyotr dvoryanlara uzun və rahatsız xələtlərini Avropasayağı kostyumlarla əvəzləməyə icazə verib.
Osip Mendelştamın silentiumu
1981-ci ilin 15 yanvarında Pitbull ləqəbli populyar ispan müğənnisi Armando Peres doğulub. 1963-cü ildə ən məşhur Amerika kriptoqrafı Brüs Şneyder, 1945-ci ildə populyar rus bəstəkarı Maksim Dunayevski, 1929-cu ildə qaradərilərin məşhur hüquq müdafiəçisi Martin Lüter Kinq, 1891-ci ildə ən sevdiyim rus şairlərindən biri, yəhudi əsilli Osip Mendelştam (o birisi də, yenə də yəhudi əsilli İosif Brodskidir), 1794-cü ildə məşhur rus yazıçısı, “Ağıldan bəla” əsərini yazmış Sergey Qriboyedov dünyaya gəliblər.
İstədim Mendelştamdan azərbaycanca bir bənd şeir də verim, “Mendelştam” yazıb google-da axtarış verdim, 7 yanvar 2014-cü ildə yazdığım və Kulis portalında dərc edilən yazım çıxdı. Orda belə yazmışam:
“Rus poeziyasında xüsusi yeri və çəkisi olan iki şairi – Osip Mendelştamla İosif Brodskini bir çox şeylər birləşdirir. Ən əsası isə 60 ildən sonra birincinin nisbətən sadə həyat fəlsəfəsi ikinci tərəfindən nisbətən mürəkkəb şəkildə inkişaf etdirilib.
“Soyuq, fənərlərin verdiyi azacıq işığin darıxdırıcı qaranlığı, Yeni il küknarlarını bəzəyən oyuncaq canavarlar, ölü kətanı xatırladan səma, ətrafdakı yad və laqeyd insanlar toplusu, həyatdan öldürücü dərəcədə yorulmaq və şirin həblər udmaq təsəllisi...”
Osip Mendelştamdan.
“Tutqun payız və qış mənzərələrinin daimi növbələşməsi, işığa, hərarətə olan həsrət, çiçəyin üstünün tozu anlamında insanın çiyninin ağırlığı, küləkdən, nəmişlikdən və donmuş dənizin əksindən ibarət natürmort, ərzaq növbəsinə dayanmış qəzəbli və ac insanlar, axının əksinə getmək istəyən su damlası...”
İosif Brodskidən.
Və hər ikisinin daxili üsyanı, harayı, sonra pıçıltıları və son anda susmaları...
Silentium!!!”
“Buhenvald ifritəsi”nin taleyi
2010-cu ilin 15 yanvarında ABŞ biokimyaçısı, genetiki, genetik kodu deşifrə etdiyinə görə Nobel mükafatı qazanmış Nirenberq vəfat edib.
2007-ci ildə Azərbaycan ədəbiyyatı xalq şairi Nəbi Xəzrini itirib. 83 il ömür sürmüş şair 1-ci Fəxri Xiyabanda uyuyur, Allah rəhmət eləsin!
1919-cu ilin 15 yanvarında isə almanların marksizm ideoloqları Roza Lükdemburq və Karl Libknext öldürülüblər.
15 yanvardan danışırıqsa mütləq bir ibrətamiz hadisəyə də toxunmalıyıq. 1951-ci ilin bu günündə faşistlərin məşhur Buhenvald konslagerinin komendantının həyat yoldaşı, “Buhenvald ifritəsi” ləqəbi ilə tanınan, məhbuslara qarşı görünməmiş vəhşiliklər edən, yüzlərlə insanı şəxsən öldürən İlza Kox (belə zərif məxluqmu olar, Tanrım?) məhkəmənin hökmü ilə ömürlük həbs cəzasına məhkum olundu. Sonra həbsxanada bu insan elədiyi günahlara görə vicdan əzabı çəkəcəkdi, rahatlıq tapa bilməyəcəkdi və 16 il keçəndən sonra yataq mələfəsi ilə özünü asıb öldürəcəkdi.
Çoxlarına qan udduran hakimi-mütləq mütləq sonda öz cəzasını almalıdır. Allah zülmkarları cəzasız buraxmır heç zaman.
“Baby Shark” mahnısına çəkilmiş klip Youtube-da 10 milyard baxış toplamış ilk videoçarx oldu
“Baby Shark” (“Balaca köpəkbalıqlarının rəqsi” ) adlı mahnıya çəkilmiş klip Youtube şəbəkəsində 10 milyard baxış toplamış ilk videoçarx olaraq tarixə düşüb.
“Ədəbiyyat və incəsənət” portalı “NTV” telekanalının saytına istinadla xəbər verir ki, animasiya elementləri olan bu videoçarxda balaca oğlan və qız rəqs edə-edə mahnı oxuyur. Bu klipdə digər dəniz canlıları ilə birlikdə yosunlar və mərcanlar arasında yaşayan balaca köpəkbalığının həyatından bəhs edilir.
Videoçarx Cənubi Koreyanın “Pinkfond” şirkətində istehsal edilib. Şirkətin verdiyi məlumata görə, bu klipə dünyada baxış sayı planetmizin əhalisinin sayından çoxdur. Klipin müəlliflərin fikrincə, Yer kürəsinin bütün sakinləri azı bir dəfə “Balaca köpəkbalıqlarının rəqsi” videoçarxına baxıblar.
2016-cı ilin yayında meydana gəlmiş “Baby Shark” kompozisiyası öz melodiyasının yaddaqalan olması sayəsində qısa müddətdə inanılmaz dərəcədə populyarlıq qazanıb, dünya musiqi çartlarına düşüb, hətta Youtube-da ən çox baxılan videoçarx kimi “Ginnesin rekordlar kitabı”na daxil edilib. 2020-ci ilin noyabr ayında bu klipə baxış sayı 7 milyarda çatmışdı.
Xatırladaq ki, Cənubi Koreya öz musiqi hitləri ilə Youtube-da rekordlar qırır. Yadınlzdadırsa, 2019-cu ilin qışında reper PSY-nin “Gangnam Style” klipi ən populyar kliplərin ilk onluğuna 2 milyard baxışla başçılıq edirdi.
“Sotheby's” hərrac evi “İşıq imperiyası” əsərini 60 milyon dollara satışa çıxaracaq
Belçikalı sürrealist rəssam Rene Maqrittin (1898-1967) “İşıq İmperiyası” tablosu 60 milyon dollara hərraca çıxarılacaq.
“Ədəbiyyat və incəsənət” portalı TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə Londonda martın 2-də müasir incəsənət əsərlərinin hərracında bu əsəri təqdim edəcək “Sotheby's” hərrac evi məlumat yayıb.
1961-ci ildə çəkilmiş mənzərə hərrac evində şəxsi əllərdə saxlanılan müasir incəsənətin ən çox arzulanan əsərlərindən biri kimi dəyərləndirilib. Rəsmdə sübh alatoranında malikanə təsvir edilib. Evdə işıq, binanın qarşısında isə parlaq səma ilə ziddiyyətdə olan fənər yandırılıb.
Xatırladaq ki, belçikalı rəssamın heç bir əsərinə indiyə qədər belə yüksək qiymət qoyulmamışdı.
“Mədəniyyət/Culture” jurnalı oxucularla görüşə gəlib
“Mədəniyyət/Culture” dərgisinin ötən il üçün son sayı dəyərli oxucuların ixtiyarına verilib.
“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, 2021-ci ilin “Nizami Gəncəvi İli” elan olunması ilə əlaqədar jurnal əsasən dahi şairin heç zaman dəyərini itirməyən irsinə həsr edilsə də, burada digər aktual mövzulara da yer ayrılıb.
“Türk Dövlətləri Birliyinin yaranması tarixi zərurətdir”, “Özbəkistan deyəndə...”, “Mədəniyyət naminə sülh. Tərəfdaşlar Forumu” sərlövhəli məqalə və reportajlarda Türk dünyasında gedən qlobal proseslərdən bəhs edilir.
“Şuşa diləkli ana və oğul”, “Səhnədən hərb meydanına, yaxud “4.4” Qısa tamaşalar festivalı”, “Ağdama... Lənkəran Dram Teatrının dəvəti ilə getdik...”, “Düşmənə qan udduran iki əmioğlu – biri yerdə, biri göydə...” və digər maraqlı yazılar “Qarabağ Azərbaycandır” rubrikasında yer alıb.
Nəşrin əsas özəyini təşkil edən “Nizami - 880” bölməsi cənab Prezidentin bu barədə Sərəncamı ilə açılır. Görkəmli ədəbiyyatşünas alimlər – Zümrüd Dadaşzadənin “Nizaminin söz qəsrinin musiqi təcəssümü”, Akif Azalpın “Şərq intibahının iki zirvəsi”, Səadət Şıxıyevanın “Nizaminin Səqlab gözəli slavyandırmı?”, Yaşar Qasımbəylinin “Ədəbiyyatın Nizamisi və Nizami ədəbiyyatda”, mərhum Qulamhüseyn Əliyevin “Nizaminin etidal təlimi”, Şəfəq Əlibəylinin “Nizami nəzmində rənglər palitrası”, İmamverdi Həmidovun “Nizami Gəncəvinin “Leyli və Məcnun” poeması ilə Məcnun ləqəbli şair Qeysin şeirlərinin müqayisəli öyrənilməsi”, Nəzakət Məmmədlinin “İsgəndərnamə” əsərində Qafqaz və Azərbaycan: tarixi həqiqətlər və bədii gerçəklik”, Ziyadxan Əliyevin “Nizami poeziyası rənglərin işığında”, İradə Musayevanın “Nizami Gəncəvi klassik və müasir tədqiqlərdə”, Zöhrə S. Əliyeva və Cəmilə Həşimovanın “Nizami yaradıcılığında mistik konsepsiya (“Yeddi gözəl” poeması əsasında)” və digər fundamental yazılar təkcə elmi cameə deyil, geniş oxucu kütləsi tərəfindən də maraqla qarşılanacaq.
Bundan əlavə, “Nizami - 880 dünyada”, “Nizami obrazı səhnədə və ekranda”, “Nizaminin söz mülkü”, “80 yaşlı söz məbədi”, “Heykəltəraşlıqda Nizami Gəncəvi obrazları”, “Bir yubileyin tarixindən”, “Azərbaycan Dövlət Rəsm Qalereyasının fondunda Nizami dünyası”, “Nizami Gəncəvi Muzeyi” və sair qeydlərdə də görkəmli mütəfəkkirin həyat və yaradıcılığına bir daha işıq salınır.
Yavər Neymətlinin “Vüsalə Yusif – Sultan Qabus Universitetində Azərbaycan hərarəti” ilə “Uzaqdakı yaxınlar”, Elnarə Mazandarovanın “Qəlbi Şuşa həsrəti ilə döyünən sənətkar”ı ilə “Bizə yazırlar”, Fəxriyyə Abdullayevanın “Türk xalqlarının ortaq mədəni irsinin təbliği prioritetdir” məqaləsiylə “Mədəni irsimiz” rubrikalarında tanış ola bilərsiniz.
Jurnal öz səhifələrində magistr və tədqiqatçıların elmi araşdırmalarına da geniş yer ayırıb.
Ölkəmiz Beynəlxalq Kitab Sərgisində təmsil olunur
Bu gün Qətərin paytaxtı Doha şəhərində keçirilən Beynəlxalq Kitab Sərgisinin açılışı olub.
AzərTAC xəbər verir ki, Mədəniyyət Nazirliyi və Azərbaycan Milli Kitabxanasının birgə təmsil olunduğu sərgidə Azərbaycana dair ekspozisiya qurulub.
Ekspozisiyada Prezident İlham Əliyevin 2021-ci ili “Nizami Gəncəvi İli” elan etməsi ilə bağlı Sərəncamına müvafiq olaraq nəşr olunmuş dahi şairin “Xəmsə”si, professor Y.Bertelsin “Böyük Azərbaycan şairi Nizami” kitabının ingilis və ərəb dillərindəki nəşrləri, Azərbaycan Dövlət Tərcümə Mərkəzi tərəfindən ərəb dilində nəşr olunmuş kitablar və ölkəmizin tarixinə, mədəniyyətinə, ədəbiyyatına, eləcə də 44 günlük İkinci Qarabağ müharibəsində Azərbaycan Ordusunun qəhrəmanlığına və şücaətinə həsr olunmuş kitablar nümayiş olunur.
10 gün davam edəcək sərginin açılışında Qətərin mədəniyyət naziri və digər rəsmi şəxslər iştirak ediblər.
Ədəbiyyatın Silikon vadisi – Kənan Hacı yazır
“O gün bir miyanə yazıçılardan biri Yazıçılar Birliyindəki tədbirdə Elçin Hüseynbəylini kənara çəkib səksən yaşına nərdivan dirəmiş bir qocanı göstərək, onun Birliyə qəbulu üçün dil-ağız edirdi...”
İnsanın ictimai təzadlar və sivilizasiyaların toqquşması fonunda çaşqın halını təsvir edən yeni ədəbiyyat postmodernizmdən metamodernizmə adlamaqla çoxqütblü məkanda qərarlaşmaqdadır. Ədəbi paradiqmalar universal deyil, unikal sivilizasiyaların qovuşuğunda özünü yeniləyir. Müxtəlif vektorlu dünyagörüşlərinin bir mətn çərçivəsində sintez edilməsi heç də hibrid ədəbiyyatın yaranması demək deyil, əksinə, ədəbi müstəvidə sərhədlərin aradan qalxması anlamına gəlir ki, bu da müxtəlif dillərdə yazılan bədii mətnlərin bir-biriylə qarşılıqlı əlaqəsinə vəsilə olur.
Müxtəlif xalqların ədəbiyyatını oxuyanda çox vaxt problemlərin bir-birinə oxşarlığı adamı heyrətləndirir. İstər amerikalı olsun, istər fransız və ya əfqan, fars, türk – eyni dünyanın insanlarıdırlar və rəqəmsal dünyada onları fərqləndirən çox az nəsnələr mövcuddur. Şərq-Qərb ayrımçılığının vacib komponentləri istisna olmaqla, insanların qayğıları, düşüncələri, yanaşma tərzləri demək olar ki, oxşardır. Fransız yazıçısı Martin Pajın “Yazı və yaşam kitabı”nda gənc yazıçıya məktubların birində belə bir məqama rast gəldim. Müəllif yazır:
“Elə istedadlı və işgüzar yazarlar var ki, cəmiyyətdə özlərinə lazımi mövqe tuta bilmirlər. Bir çoxları (xüsusən gənclər) acınacaqlı vəziyyətdədirlər. Zəka və istedadlı olmalarına rəğmən cəmiyyət onlara yad münasibət bəsləyir. Belələri ya əsasən işsizlikdən, ya da cüzi maaşla işləməyə məcbur olur. Yaradıcılıq qabiliyyəti və təşəbbüs qiymətləndirilmir. Bəzən öz-özümdən bu vəziyyətin nə vaxta qədər davam edəcəyini soruşuram...”
Bu paraqrafı sanki bizim hansısa yazıçımız yazıb. Fransız yazıçısının təsvir etdiyi durumu eynilə bizim ədəbi cameəyə də şamil etmək mümkündür. Vəziyyət eynidir. İstənilən qədər belə misallar çəkmək olar.
XX əsrin fransız filosofu Mişel Fukonun təbirincə desək, insanın dünyanın mərkəzi fiquruna çevrilməsi çağdaş epistemin prinspial xarakteristikasıdır. Bizim oturuşmuş düşüncələrimizi alt-üst edən yeni dünya düzəninin ayaq səslərini hər kəsdən əvvəl Fuko hələ ötən əsrdə eşidibmiş. Yer kürəsi sonsuz ənginlik içində itmiş kiçik bir planetdir və bu planetdə ayrı-ayrı millətlərə bölünmüş bəşəriyyət qlobal dünyanın şərtləri daxilində tədricən eyni çadırın altına toplaşmaqdadır. Silikon vadisi bu təyinata tam uyğun gələn məkandır. Bugünkü ədəbiyyatın Silikon vadisi rəqəmsal dünyadır. Ədəbiyyat uzmanları bu vadidə sərhədsiz dünyanın konspiroloji konturlarını müəyyən etməkdədirlər. Bu konsepsiya mifoloji, ezoterik düşüncəyə də, magik realizmə də, metamodernizmə də, hətta virtual gerçəklik texnologiyasının təkmilləşdirilmiş versiyası hesab olunan metavers sistemə də açıqdır.
Ədəbi mətnlər bu vadidə müxtəlif spektrlərdə araşdırılır. İldırımı təqlid edən elektrik qısaqapanmaları öz oxşarını yaradan molekulları xatırladır. Qədim dövrlərdə əlyazmaların əllə köçürülməsini xatırlayın, bu zaman nə qədər səhvlərə yol verilirdi. Növbəti köçürülmə prosesində bu səhvlər davam edirdi. Bioloji replikatorlarda da eyni proseslər baş verirdi. Səhvlərlə müşayiət olunan təkmilləşmələr bədii düşüncədə müxtəlif yozumlara yol açırdı. Beləliklə, orta əsrlərdə Avropada səmavi kitablardan iqtibas edilən süjetlər o dövrə uyğun sintez edilərək səhnələşdirilirdi. Bu janrda yazılan əsərlər misteriyalar adlanırdı. Onları trubadurlar, müasir dillə desək, ozanlar səsləndirirdi. Yüzillər keçəndən sonra təbdil janrı meydana çıxdı, təbdil hər zaman özündən əvvəlki mətnlərlə mübadilədə olub. Joze Saramaqonun “İsanın İncili” romanını müəyyən mənada İncilə təbdil kimi qavramaq mümkündür. Çünki əsər məhz İncildən qaynaqlanaraq yazılıb.
Beləliklə, ədəbiyyat fasiləsiz olaraq öz oxşarını yaratmaqla bir növ, replikator funksiyasını yerinə yetirib. Görkəmli fransız sənətşünası Jorj Ponti ədəbiyyatda mövzu və süjetlərin cəmi 36 situasiyadan ibarət olduğunu deyirdi. Ondan öncə Şiller də bədii süjetlərin təsnifatını aparmağa cəhd etmişdi, o isə bu süjetlərin sayını 30-a çatdıra bilməmişdi.
Demək, bütün dünya ədəbiyyatı 36 süjetin ətrafında dövr etməkdədir. Homer, Dante, Şekspir, Servantes, Qoqol, Balzak, Tolstoy, Flober, Dostoyevski... Alternativ dünyanın bu nəhəng yaradıcıları nə qədər zəngin təxəyyülə malik olsalar da, Tanrının yaratdığı gerçək dünyanın sərhədlərini aşmaq onlara nəsib olmayıb.
Biz isə virtual dünyanın cırtdanlarıyıq, qlobal istiləşmədə əriyib yoxa çıxma təhlükəsiylə üz-üzəyik. Big data bazasında alternativ dünyaya yer yoxdur, buna görə də belə demək olar ki, biz süjetsiz bir dünyanın astanasındayıq. Gələcək bizə süni intellekt vəd edir. Bu prosesin ilkin simptomları süni qarın yağdırılmasıdır. Süni yağışlar da yağacaq, göy üzündə süni Günəş də, Ay da peyda olacaq. Qulaq günahkarıyam, deyirlər guya roman yazan robotlar peyda olub. Yazıçıların işini asanlaşdıran tutuquşular da ortaya çıxsa, heç təəccüblənmərəm. Hələ bu hay-həşirdə pensiyaya çıxan kimi “yazıçı” olduğunu kəşf edən ağsaqqalları heç başa düşmək olmur.
İşsizliyin adamı yorub əldən saldığı bir zəmanədə vaxtınızı çox almayım. Yazıya bir əlavə də edib qıfılbəndini vururam: O gün bir miyanə yazıçılardan biri Yazıçılar Birliyindəki tədbirdə Elçin Hüseynbəylini kənara çəkib səksən yaşına nərdivan dirəmiş bir qocanı göstərək, onun Birliyə qəbulu üçün dil-ağız edirdi. Elçin bəy üzündəki məşhur təbəssümlə soruşdu ki, kitabı çıxıb? Dostumuz qayıtdı ki, ilk kitabı çapdadır. Belə kuryoz vəziyyətlərdə bilmirsən güləsən, yoxsa ağlayasan. Köhnə kişilər demiş, hardan hara gəlib çıxdıq. Həyat hərdən adamla zarafatlar edir.
Amma vallahi, daha bu boyda zarafat olmaz!
Günün fotosu
BMT Əfqanıstan əhalisinə və qaçqın düşmüş əfqanlara yardım etmək məqsədi ilə 2 proqram hazırlayıb və bu məqsədlə beynəlxalq birliklərdən 5 milyard dollar tələb edir.
Rəsm qalereyası
Sara Almuradlı, “Yanğın”.
(Sara Sumqayıt məktəblisidir, 27 saylı məktəbdə oxuyur, mərhum, görkəmli rejissor Rövşən Almuradlının nəvəsidir)
“Leyli və Məcnun” operası nümayiş edilib
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında “Leyli və Məcnun” operası nümayiş edilib.
AzərTAC xəbər verir ki, səhnə əsərində əsas partiyaları - Məcnun obrazını - Xalq artisti Mənsum İbrahimov, Leyli obrazını isə Əməkdar artist Arzu Əliyeva ifa ediblər. Rejissoru Əməkdar incəsənət xadimi Hafiz Quliyev olan operada digər rolları Əməkdar artistlər Cahangir Qurbanov (Nofəl), Təyyar Bayramov (İbn-Salam), Elnur Zeynalov (Məcnunun atası), Aytən Məhərrəmova (Leylinin anası), Rza Xosrovzadə (Leylinin atası), Afaq Ağayeva (Məcnunun anası) canlandırıblar. Səhnə əsəri Əməkdar incəsənət xadimi Sevil Hacıyeva tərəfindən idarə edilib.
Qeyd edək ki, Müsəlman Şərqinin ilk operası, dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyli tərəfindən yazılan “Leyli və Məcnun” operası 1908-ci il yanvarın 12-də tamaşaya qoyulub.
Orta əsr Azərbaycan şairi Məhəmməd Füzulinin eyniadlı poeması əsasında yazılan “Leyli və Məcnun” operasının rejissoru Hüseyn Ərəblinski, dirijoru Əbdürrəhim bəy Haqverdiyev olub.
Məcnun rolunu ilk dəfə görkəmli teatr və musiqi xadimi Hüseynqulu Sarabski, Leyli rolunu isə Əbdürrəhman Fərəcov ifa edib.
Üzeyir Hacıbəyli musiqisini muğam və təsniflər üzərində qurduğu bu opera ilə musiqi tarixində operanın yeni növünü – “muğam opera”sını yaradıb.
Azərbaycan mədəniyyətinin incilərindən hesab edilən “Leyli və Məcnun” bu günə kimi Azərbaycan səhnələrində oynanılır.
18 yaşlı dünya gözəli koronadan dünyasını itirdi
Gözəllik sevənlər matəmə bürünüblər. Dünyanın ən gözəl xanımlarından hesab edilən braziliyalı 18 yaşlı gənc model Valentina Boskardin Mendez işıqlı dünyaya əlvida edib.
“Ədəbiyyat və incəsənət” portalı Türkiyənin SonDakika xəbər agentliyinə istinadən məlumat verir ki, Valentina Mendez tam vaksinasiya olmasına baxmayaraq, koronavirusdan vəfat edib.
Xatırladaq ki, Avropanın ən əsas kuturyeləri Valentina Mendezi öz defilelərinə dəvət etmək üçün yarışa çıxmışdılar. O podiumda hansı brendin yeni libasını nümayiş etdirirdisə həmin libas üçün zəngin xanımlar uzun növbə yaradardılar.
Qəfil ölüm hər şeyi yarıda qoydu. Razılaşın ki, insanın 18 yaşda dünyadan köçməsi böyük ədalətsizlikdir.